Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

9 Oktyabr 2021 11:13

“Qarabağımız azaddır”

Tariximizin səhifələrinə nəzər salsaq görərik ki, neçə-neçə cəsur oğullarımız qorxu bilmədən düşmən üzərinə atılıb, əcdadlarımızdan bizlərə əmanət olan Vətən torpaqlarını göz bəbəyi kimi qoruyublar. Bu amil bir daha onu göstərir ki, Azərbaycan xalqı qəhrəman xalqdır. Qəhrəmanlığımızı qoruyub saxlayan isə hər birimizin qəlbində olan vətənpərvərlik hissidir. Vətənpərvərlik hər bir insanda fədakarlıq, qəhrəmanlıq və məğlubedilməzlik hissi formalaşdıraraq, apardığı mübarizədə onun inamını gücləndirir. Tarix boyu xalqımız öz Vətənini göz bəbəyi kimi qorumağa hər an hazır olan igid oğullar böyüdüb.
2020-ci il sentyabrın 27-də başlanan və 44 gün davam edən Vətən müharibəsi zamanı canlarını ölkəmizin  ərazi bütövlüyü uğrunda fəda edən qəhrəman oğullarımız bunu bir daha sübut etdilər. Belə oğullardan biri də tibb məntəqəsinin rəisi gizir Nicat Süleymanlıdır. Beyləqan rayonunda dünyaya göz açan Nicat 2010-cu ildə Kimya-biologiya təmayüllü Respublika liseyini bitirib. Vaxtı ilə düşmənlə təmas xəttində olan hərbi hissələrdən birində müddətli həqiqi hərbi xidmətdə olan Nicat hərbçi olmaq qərarına gəlir. Əsgəri xidmətini başa vurduqdan sonra Nicat Süleymanlı Azərbaycan Tibb Universitetinin Hərbi Tibb Fakültəsində Hərbi feldşer işi ixtisası üzrə təhsil alır. 2015-ci ildə tibb fakültəsini müvəffəqiyyətlə bitirərək, gizir hərbi rütbəsi ilə xidmətə başlayıb. Vətən müharibəsində Füzuli, daha sonra Cəbrayıl və Xocavənd rayonlarının azadlığlı uğrunda gedən döyüşlərdə iştirak edib. Gizir Nicat Süleymanlı döyüş meydanından yaralı zabit və əsgərləri təxliyə edərək onlara ilkin tibbi yardım göstərib. Bilik bə bacarığı sayəsində neçə-neçə döyüşçümüzün həyatını xilas edib. Gizir söhbət zamanı bildirdi ki, illərdir bu günlərin həsrəti ilə yaşayıb.
- Döyüş əmri verildiyi an sevincimin həddi-hüdudu yox idi. Mən də hər bir azərbaycanlı kimi torpaqlarımızın azadlığı uğrunda başlayacaq döyüşləri səbirsizliklə gözləyirdim. Döyüşlər başladığı andan düşməndən şəhidlərimizin qisasını alır, qəsbkarları doğma torpaqlarımızdan qovub çıxarırdıq. Yağıların illərlə işğal etdiyi əzəli yurdlarımızı rəşadətli Azərbaycan Ordusu Ali Baş Komandanımızın rəhbərliyi altında 44 gün ərzində tamamilə azad etdi. Döyüşçülərimizin peşəkarlığı nəticəsində düşmən tamamilə məhv edildi. İşğalçıların döyüş meydanından qaçmaqdan başqa çıxış yolu qalmadı. Şükürlər olsun ki, biz müzəffər Ali Baş Komandanımızın rəhbərliyi altında doğma torpaqlarımızı qəsbkarladan azad etdik. Artıq Qarabağımız azaddır, - dedi gizir Süleymanlı.
Daha sonra döyüşçü yoldaşlarından söz açaraq dedi ki, bölmə komandiri mayor Elçin Allahverdiyev, mayor Orxan Şirinov, mayor Əli Əsədov, baş leytenant Şaməddin Mehmanlı, kapitan Elçin Pirəliyev, gizir Yavər Abdullayev və digərləri ilə doğma şəhər, rayon və qəsəbələrimizin azadlığı uğrunda çiyin-çiyinə döyüşmüşəm. Nicat sanitar təlimatçı müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu çavuş Həzərxan Nəsirlidən də ağızdolusu danışdı. Vurğuladı ki, Həzərxan döyüşlər zamanı həmişə yanımda olub, yaralı və şəhidlərin döyüş meydanından çıxarılmasına kömək edib. Füzuli rayonu istiqamətində gedən döyüşlər zamanı Nicat düşmənin açdığı atəş nəticəsində kəllə-beyin travması, baş beyin silkələnməsi, barotravma və sağ ayağından yerdəyişməyən sınıq alıb.
Polkovnik-leytenant Ruslan Əbilov gizir Nicat Süleymanlı haqqında danışaraq bildirdi ki, gizir döyüşlər ərzində bölmənin yanından ayrılmayıb, daim şəxsi heyətlə birlikdə olub. "O, əlində silah düşmənlə döyüşüb, yaralıları ən təhlükəli yerlərdən çıxarıb. Nicat üzərinə düşən döyüş tapşırıqlarının öhdəsindən layigincə gəlib. Özünün travma almasına baxmayaraq, daim bölmənin yanında olub. İtkin düşən hərbçilərimizin axtarışında da böyük qəhrəmanlıq göstərib".
Gizir Nicat Süleymanlı Vətən müharibəsində ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib.

Orxan HÜSEYNLİ, "Azərbaycan Ordusu"