Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

9 Oktyabr 2021 10:48

Azərbaycan Ordusunun şəxsi heyəti ilə keçirilən ictimai-siyasi hazırlıq dərsi (İctimai-siyasi hazırlıq dərsinin qrup rəhbərinə kömək)

Mövzu: Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun zəfər yürüşü.

Suallar:

1. Qələbəyə aparan liderlik keyfiyyətləri.

2. Diplomatik mübarizənin şanlı zəfər yürüşündə rolu.

3. Ordu quruculuğundakı nailiyyətlərin məntiqi nəticəsi.

4. Azərbaycanın Vətən müharibəsindəki qələbəsinin tarixi-siyasi əhəmiyyəti.

 

Qələbəyə aparan liderlik keyfiyyətləri


Xalqların dünyada nüfuzunu artıran yalnız onların maddi-mədəni sərvətləri deyil, həm də mütərəqqi ideyaları ilə tarixi proseslərə mühüm təsir göstərən şəxsiyyətləridir. Onların seçdiyi yol milli inkişaf strategiyasının əsasında dayanır və təmsil etdikləri ölkələrin dünya birliyində özünə layiqli yer tutmasını təmin edir. Belə şəxsiyyətlərdən biri müstəqil Azərbaycan dövlətinin banisi, ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi kursu layiqincə davam etdirən Prezident cənab İlham Əliyevdir.
Onun məqsədyönlü və qətiyyətli siyasəti nəticəsində 18 il ərzində Azərbaycan dövlətinin bütün sahələrində əldə etdiyi uğurlar "Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm", - deyən ümummilli lider Heydər Əliyev dühasının müdrikliyini və uzaqgörənliyini sübut edir.
Hər bir xalqın genetik yaddaşını möhkəmləndirmək, mənəvi irsini və əxlaqi dəyərlərini qoruyub saxlayaraq gələcək nəsillərə ötürmək kimi çətin missiyanın yerinə yetirilməsi uzaqgörən liderlərin fəaliyyəti ilə sıx şəkildə bağlıdır. Onlar həmişə ali məqsədlər uğrunda mübarizənin önündə gedərək, göstərdikləri tarixi fəaliyyətlə rəhbərlik etdikləri dövlətlərin mütərəqqi yolla inkişafına nail olurlar. Bu baxımdan Prezident cənab İlham Əliyev xalqımızın milli-mənəvi bütövlüyünün təmin olunmasında özünəməxsus yer tutan milli şüurun inkişafını daim diqqət mərkəzində saxlayır ki, bu da təsadüfi deyildir. Çünki milli şüur hər bir insanın mənsub olduğu xalqa bağlılıq hisslərini möhkəmləndirməklə milli özünüdərketmədə ciddi rol oynayır. Prezident cənab İlham Əliyev xalqımızın mənəvi tərəqqisinə, milli özünüdərkin və qürur hissinin güclənməsinə Azərbaycanın inkişaf strategiyasının tərkib hissəsi kimi yanaşır.
Prezident cənab İlham Əliyev bütün fəaliyyətini Azərbaycanın inkişafına və möhkəmlənməsinə həsr edən lider kimi xalqımızın böyük rəğbətini qazanıb. Onun dünyada gedən geosiyasi və geoiqtisadi proseslərə müdrik liderə məxsus böyük uzaqgörənliklə yanaşması apardığı siyasətin əsas cəhətlərindən biridir. Azərbaycan Prezidenti sübut edir ki, liderin malik olduğu nüfuz özündə şəxsi keyfiyyətlərin, siyasi dəyərlərin və prinsiplərin vəhdətini birləşdirir. Dövlət başçısının xalqın qəhrəmanı, hərbi sərkərdəsi olması onun intellektual potensialından və səriştəli idarəetmə bacarığından irəli gəlir.
Prezident İlham Əliyevin səmərəli iş qabiliyyəti, fəallıq və təşəbbüskarlıq kimi keyfiyyətlərə malik olması, ortaya çıxan problemlərin obyektiv və subyektiv səbəblərini dərindən, hərtərəfli araşdırmasında, ölkənin inkişafını nəzərdə tutan proqramlar hazırlayaraq həyata keçirməsində mühüm əhəmiyyət daşıyır. Ölkəmizin dövlət müstəqilliyinin möhkəmlənməsi sahəsində Azərbaycan Prezidentinin apardığı milli inkişaf siyasəti intellektual düşüncəyə əsaslanır. Onun qəbul etdiyi qərarların, yerinə yetirdiyi vəzifələrin milli və qlobal əhəmiyyəti həm yerli, həm də beynəlxalq ictimai rəydə yüksək qiymətləndirilir.

 

Diplomatik mübarizənin şanlı zəfər yürüşündə rolu


Vətən müharibəsində qələbənin əldə olunması Prezident cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu xarici siyasət və "Dağlıq Qarabağ" münaqişəsinin həlli istiqamətində apardığı ardıcıl, qətiyyətli diplomatik mübarizə ilə sıx şəkildə bağlıdır. Ötən illər ərzində Azərbaycanın dövlət müstəqilliyinin möhkəmlənməsi və milli maraqlarının təmin olunması sahəsində Prezident cənab İlham Əliyevin həyata keçirdiyi xarici siyasət kursu ölkəmizə beynəlxalq aləmdə çoxlu dost dövlətlər və etibarlı tərəfdaşlar qazandırıb. Azərbaycanın Cənubi Qafqazın aparıcı dövləti kimi dünya birliyində mövqeyi daha da möhkəmlənib. Digər ölkələrin suverenliyinə, ərazi bütövlüyünə və daxili işlərinə qarışmamaq Prezident cənab İlham Əliyevin siyasətinin əsas prinsiplərindən birini təşkil edir. Bu siyasətin nəticəsində ölkəmizlə dünya dövlətləri arasında qarşılıqlı faydalı və bərabərhüquqlu əməkdaşlıq möhkəmlənir, Azərbaycan vətəndaşlarının firavan və təhlükəsiz şəraitdə yaşayışı təmin olunur.
Prezident cənab İlham Əliyevin apardığı xarici siyasət ölkəmizi dünya dövlətləri ilə ikitərəfli və çoxtərəfli münasibətlərdə vacib tərəfdaş kimi tanıdır, onun BMT, Avropa Birliyi, ATƏT, MDB, İƏT, Qoşulmama Hərəkatı kimi təşkilatlarla əlaqələrini möhkəmləndirir. 2011-ci il oktyabrın 24-də 155 dövlətin dəstəyi ilə Azərbaycanın BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi xalqımızın tarixində mühüm hadisədir. Bununla yanaşı, nüfuzlu beynəlxalq tədbirlərə ev sahibliyi etməsi Azərbaycanın uğurlu diplomatiyasının göstəricisidir. Milli maraqlara əsaslanan xarici siyasətin aparılması beynəlxalq ictimaiyyətdə Azərbaycana böyük inam və etimad qazandırır.
Ermənistan-Azərbaycan münaqişəsinin həllinə nail olmaq üçün ötən illər ərzində fəal və çevik xarici siyasət həyata keçirilib. "Dağlıq Qarabağ"ın tarixi ilə bağlı dünya ictimaiyyətinə dolğun məlumatlar çatdırılıb, Ermənistanın yalançı təbliğatı ildən-ilə fiaskoya uğrayıb. Prezident cənab İlham Əliyev "Dağlıq Qarabağ" münaqişəsinin beynəlxalq hüquqi normalar çərçivəsində nizamlanmasına çalışıb, Azərbaycanın prinsipial mövqeyini dəfələrlə BMT, ATƏT, NATO, Avropa Şurası, Avropa İttifaqı, İslam Əməkdaşlıq Təşkilatı, Müstəqil Dövlətlər Birliyi kimi beynəlxalq və regional təşkilatların tribunalarından səsləndirib, Ermənistanı işğalçılıq siyasətindən əl çəkməyə, dünya dövlətlərini isə problemin aradan qaldırılması üçün fəallıq göstərməyə çağırıb.
2020-ci il sentyabrın 27-də Ermənistanın Azərbaycana qarşı hərbi təxribatı nəticəsində başlayan müharibədə xalqımız Prezident cənab İlham Əliyevin müzəffər komandan kimi hərbi sərkərdəlik keyfiyyətlərinin, prinsipial və qətiyyətli mövqeyinin, ən ekstremal şəraitdə belə uğurlu diplomatiya yürütdüyünün bir daha şahidi oldu.

 

Ordu quruculuğundakı nailiyyətlərin məntiqi nəticəsi


Azərbaycan Ordusunun maddi-texniki bazasının gücləndirilməsinin, zabit-əsgər heyətinin yüksək hərbi hazırlığa və vətənpərvərlik əhvali-ruhiyyəsinə malik olmasının nəticələri özünü Vətən müharibəsində parlaq şəkildə göstərdi. Şanlı ordumuz Azərbaycanın işğal olunmuş ərazilərini erməni qəsbkarlarından azad etdi. Sübut olundu ki, Azərbaycan müasir tələblərə tam cavab verən, yüksək mənəvi-psixoloji hazırlıqlı, istənilən döyüş tapşırığını ən yüksək səviyyədə yerinə yetirməyə qadir olan Silahlı Qüvvələrə malikdir.
Müharibə dövründə xalqımız Prezident cənab İlham Əliyevin apardığı siyasətlə bağlı həmrəylik nümayiş etdirdi. Doğma vətənini sevən hər bir azərbaycanlı həmrəylik göstərərək torpaqlarımızın Ermənistanın işğalından azad olunması üçün Prezident cənab İlham Əliyevin apardığı siyasəti dəstəklədi. Vətən müharibəsindən əvvəl də ermənilərin hərbi təxribatlarının qarşısının alınması üçün Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətlə bağlı xalqımız dəfələrlə həmrəylik nümayiş etdirib. Buna nümunə olaraq 2016-cı ilin Aprel döyüşlərini göstərmək olar. Azərbaycanın düşmənlə təmas xəttində yerləşən mövqeləri və yaşayış məntəqələri Ermənistan silahlı qüvvələrinin intensiv atəşinə məruz qalanda Azərbaycan Ordusu əks-hücum əməliyyatı ilə düşmənin təxribatlarının qarşısını aldı. Həmin döyüşlərdə mühüm nailiyyətlər əldə olundu, bir neçə yüksəklik və müəyyən ərazilər Ermənistanın işğalından azad olundu, əldə edilmiş qələbə vətəndaş birliyini daha da möhkəmləndirdi. Əvvəllər ermənilər dünyaya ordularının yenilməz, güclü olması haqqında yalan məlumat yayırdılar. Lakin Vətən müharibəsindəki döyüşlər ermənilərin bu cür iddialarının cəfəngiyat olduğunu sübut etdi və qısa müddət ərzində Azərbaycan Ordusu Ermənistan silahlı qüvvələrini məhv etməklə öz qüdrətini bütün dünyaya nümayiş etdirdi. 44 günlük müharibə dövründə dünyanın nüfuzlu telekanallarına verdiyi müsahibələrində Prezident cənab İlham Əliyevin Azərbaycanla bağlı həqiqətləri beynəlxalq aləmin diqqətinə yüksək diplomatik peşəkarlıqla çatdırması dövlətimizin informasiya müharibəsində də qələbəsini təmin etdi.

 

Azərbaycanın Vətən müharibəsindəki qələbəsinin tarixi-siyasi əhəmiyyət


Ermənistan silahlı qüvvələrinin atəşkəs rejimini kobud şəkildə pozması nəticəsində baş verən müharibədə Azərbaycan Ordusu düşmənin hərbi qüvvələrini darmadağın etməklə həm də onun işğalçılıq siyasətini iflasa uğratdı. Bu qələbə münasibətilə Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev demişdir: "Azərbaycan xalqı bu günü 30 ilə yaxın müddət ərzində gözləyirdi, 30 ilə yaxın müddət ərzində Ali Baş Komandanın əmrini gözləyirdi. Mən dəfələrlə Azərbaycan xalqına müraciət edərkən deyirdim ki, biz daha güclü olmalıyıq və nəyi nə vaxt, necə etmək lazımdır, biz bilirik. Həyat göstərdi ki, vaxtında addımlar atdıq, bütün gücümüzü səfərbər edərək bir dəmir yumruq yaradıb düşmənin başını əzdik. Müharibə dövründə mən deyirdim ki, bizim dəmir yumruğumuz həm birliyimizi, həm də gücümüzü təcəssüm etdirir. Bu dəmir yumruq düşmənin belini qırdı, düşmənin başını əzdi. Bu gün biz qəhrəman xalq kimi bu bayramı qeyd edirik. Azərbaycanın müzəffər ordusu öz tarixi missiyasını yerinə yetirdi, Ermənistanı məğlub etdi. Ermənistan ordusu demək olar ki, yoxdur, məhv edilib. Bundan sonra əgər erməni faşizmi bir daha baş qaldırsa, nəticə eyni olacaq. Yenə Azərbaycanın dəmir yumruğu onların belini qıracaq".
Prezident cənab İlham Əliyevə olan yüksək inamın nəticəsi idi ki, xalqımızın vətənpərvər övladları onun çağırışına səs verərək torpaqlarımızın işğaldan azad edilməsi uğrunda səfərbər olub silaha sarıldılar. Rəşadətli Azərbaycan Ordusu "Dəmir yumruq" əməliyyatında böyük şücaət göstərərək xalqımızın tarixinə parlaq səhifələr yazdı. Vətən müharibəsinin ilk günlərindən başlayaraq Ali Baş Komandan cənab İlham Əliyev əsgərlərimizin qəhrəmanlığı ilə fəxr etdiyini, qürur duyduğunu bildirib: "Bu gün bizim əldə etdiyimiz qələbə və apardığımız hərbi əməliyyatlar həm texniki imkanlar baxımından, eyni zamanda operativ addımlar, əməliyyatların hazırlanması və icra edilməsi baxımından bütün dünyada öyrənilir. Bu, yeni nəsil müharibə üsuludur, hansı ki, planlaşdırma, texniki təchizat, texnologiyaların tətbiqi, əməliyyatların düzgün planlaşdırılması və həyata keçirilməsi, hərbçilərimizin döyüş qabiliyyəti və mənəvi ruh birləşir, vəhdət təşkil edir. Ancaq mən bunu artıq bir neçə dəfə demişəm, bu qələbəni qazanan bizim texniki vasitələr yox, əsgər və zabitlərimizdir. Onlar torpağımızı düşməndən qarış-qarış azad edə-edə bu Qələbəni, bu Zəfəri xalqımıza nəsib etdilər. Ona görə bu qələbənin birinci qəhrəmanı Azərbaycan əsgəridir, Azərbaycan zabitidir və hər kəs bunu bilməlidir".
Azərbaycan dövləti erməni işğalçılarını torpaqlarımızdan qovmaqla bölgədə yeni reallıq yaratdı və BMT Təhlükəsizlik Şurasının 27 il ərzində kağız üzərində qalan məlum dörd qətnaməsinin tələblərini yerinə yetirdi. Şanlı qələbədən sonra Prezident cənab İlham Əliyevin dediyi kimi, "Bizim ölkəmiz üçün yeni dövr başlayır. Yeni quruculuq dövrü, inkişaf dövrü, azad edilmiş ərazilərimizin bərpası dövrü. Mən tam əminəm ki, Azərbaycan xalqı bu dövrdə də birlik, həmrəylik göstərəcək, güclü iradə göstərəcək. Azərbaycan xalqı yenə də birləşərək dağıdılmış bu şəhərləri, kəndləri bərpa etmək üçün əlindən gələni edəcəkdir. Biz bundan sonra böyük və qürurlu xalq kimi yaşayacağıq. Beynəlxalq müstəvidə öz sözümüzü demişik, bölgədə öz sözümüzü demişik. İstədiyimizə nail olmuşuq və əminəm ki, bundan sonra bizim xalqımızı təhlükəsiz və xoşbəxt həyat gözləyir". Vətən müharibəsində qazanılmış möhtəşəm qələbə Ali Baş Komandan cənab İlham Əliyevin sərkərdəlik məharəti və Azərbaycan Ordusunun igid, mərd, qorxubilməz döyüşçülərinin qəhrəmanlığı nəticəsində reallaşdı.
Dekabrın 10-da Bakının Azadlıq meydanında Vətən müharibəsində qələbəyə həsr olunmuş Zəfər paradı Azərbaycan Ordusunun gücünü və qüdrətini bütün dünyaya göstərdi. İşğal olunmuş torpaqlarda dalğalanan qələbə bayrağımız da bu möhtəşəm tədbirə gətirildi, 3000 nəfərdən artıq şəxsi heyət, 150-dək hərbi texnika, o cümlədən silahlanmaya yeni qəbul edilmiş müasir hərbi texnika, raket və artilleriya qurğuları, hava hücumundan müdafiə sistemləri, eləcə də hərbi gəmi və katerlər nümayiş etdirildi. Paradda, həmçinin Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun darmadağın etdiyi, düşməndən ələ keçirdiyi hərbi qənimətlərin bir qismi də nümayiş etdirildi.
Vətən müharibəsindəki qələbə ilə Azərbaycan bütün dünyaya öz gücünü və haqq-ədalət uğrunda qətiyyətli mübarizəsini nümayiş etdirdi. Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin müdrikliyi, Silahlı Qüvvələrin gücü, cəmiyyətdəki vətəndaş həmrəyliyi nəticəsində əldə olunmuş möhtəşəm qələbə ilə Azərbaycanın ərazi bütövlüyünü bərpa edən lider kimi adını əbədi olaraq tarixə yazdırdı, Azərbaycan xalqının qəhrəmanlıq salnaməsini yaratdı və 44 günlük Vətən müharibəsinin əsl qəhrəmanına çevrildi.


İdeoloji İş və Mənəvi-Psixoloji  Təminat İdarəsi