Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

6 Oktyabr 2021 08:41

“Orduda keçirilən yarışlar şəxsi heyətin döyüş hazırlığını artırır”

Azərbaycan Ordusunda hərbi qulluqçular arasında keçirilən növbəti səmti müəyyənetmə birinciliyi keçirildi. Ayrı-ayrı qoşun növlərindən yarışlara cəlb edilən qalib komandaların fikirlərini öyrənmək məqsədilə onlarla həmsöhbət olduq. Əvvəlcə Müdafiə Nazirliyinin zabiti polkovnik-leytenant Fariz Qəhrəmanov Azərbaycan Ordusunda keçirilən yarışlardan danışdı.
- Hər il ordumuzda müxtəlif idman növləri üzrə yarışlar keçirilir. Bu günlərdə isə növbəti səmti müəyyənetmə birinciliyi başa çatdı. Əminliklə deyə bilərəm ki, orduda  keçirilən bütün yarışlar gərgin mübarizə şəraitində keçir. Bu sevindirici haldır. Yaxşı nəticələr göstərdikləri və yüksək səviyyədə hazırlandıqları üçün yarış iştirakçılarının hər birinə təşəkkür edirəm. Bizlərə köməklik göstərən Səmti Müəyyənetmə İdman Federasiyasının hakimlərinə də dərin minnətdarlığımı bildirirəm. Onların köməkliyi və səyi nəticəsində müsabiqə beynəlxalq standartlara uyğun olaraq keçirildi.
- Səmti müəyyənetmə hərbi yönümlü idman növüdür, - deyə zabit sözünə davam etdi. - Yarışda  iştirak edən hərbi qulluqçuların fiziki cəhətdən möhkəm, güclü olması mühüm əhəmiyyət kəsb edir. Çünki iştirakçılar müəyyən vaxt ərzində bir neçə kilometr məsafədə qaçış edərək nəzarət nöqtələrini tapırlar. Bu isə fiziki sağlamlıq tələb edir. Orduda keçirilən belə yarışlar şəxsi heyətin döyüş hazırlığını artırır.
Sonda zabit Vətən müharibəsində torpaqlarımızın azad edilməsi uğrunda gedən əməliyyatlar zamanı şəhidlik zirvəsinə yüksələn hərbi qulluqçularımıza Allahdan rəhmət dilədi. "Şəhidlərimizin arasında dəfələrlə səmti müəyyənetmə yarışlarında iştirak edən hərbçilərimiz var. Onları aramızda görə bilməmək hər birimizi üzür".
Hakimlər kollegiyasının yekun nəticələrinə əsasən, Quru Qoşunlarının yığma komandası hər kəsi geridə qoyaraq, yarışın kubokunu qazandı. Komandanın rəhbəri polkovnik-leytenant Elman Hadıyevin düşüncələrini öyrənmək üçün həmsöhbət olduq. Zabit yarışlarda iştirak edən komandaların hazırlığının yüksək səviyyədə olduğunu vurğuladı. "Bildiyiniz kimi bizim komanda ilk dəfədir ki, bu birinciliyə qatılır. Lakin buna baxmayaraq yüksək nəticə əldə edərək, kuboku qazandıq. Əlbəttə, bu, sevindirici haldır. Qələbə hissini bizə yaşadan komandamızın hər bir üzvünə təşəkkür edirəm. Biz bu qələbəni etdiyimiz məşqlərin sayəsində qazandıq. Mütəmadi olaraq çalışdıq və bəhrəsini gördük. Bir daha öz komandamız da daxil olmaqla iştirak edən hər bir komandaya göstərdikləri layiqli yarışa görə minnətdarlığımı bildirirəm".
Hərbi Hava Qüvvələrinin "N" hərbi hissəsi isə yarışda ikinci yerə layiq görülüb. Yığma komandanın rəhbəri polkovnik-leytenant Zal Nəbiyev bildirdi ki, qələbə uğrunda gərgin mübarizə gedirdi. "İştirakçılar kilometrlərlə məsafə qət edərək, idman xəritəsi və kompasın köməyi ilə müəyyən yerdə yerləşən nəzarət nöqtələrini aşkar etdilər. Obyektlərin təsvir olunması üçün xəritədə xüsusi şərti işarələr işlənilir və bu işarələri əzbərləmək lazımdır. Beləliklə, tapşırıqların öhdəsindən layigincə gələn, qısa müddət ərzində bütün nəzarət nöqtələrini tapan komandamız ikinci yerə layiq görüldü. Əlbəttə, komanda rəhbəri olaraq mənim üçün bu, qürurverici hissdir. Onların hər biri tam gücü və iradəsi ilə yarışıb bizə sevinc yaşatdılar. Onu da qeyd edim ki, iştirakçıların hər biri çox güclü idi. Komandalar son anadək mübarizə apardı. Bu il keçirilən birincilikdə sıralarımızda olmayanlar da var. Onlar Vətən müharibəsində ərazi bütövlüyümüzün bərpası uğrunda gedən əməliyyatlarda qəhrəmanlıq nümayiş etdirərək şəhidlik zirvəsinə yüksəliblər. Vətən uğrunda şəhid olanlara Allahdan rəhmət diləyirəm, qarşılarında baş əyirəm".
Hakimlərin qərarına əsasən, yarışda üçüncü yerə layiq görülən Hərbi Polisin yığma komandasının rəhbəri baş leytenant Ərəstun Ramazanlı da yarışlar barəsində fikirlərini bölüşdü. Söhbətimiz zamanı Ərəstun bildirdi ki, ordu sıralarında keçirilən bu birincilik hərbi qulluqçularımızın topoqrafik biliklərini təkmilləşdirir, fiziki hazırlıqlarını və düşünmə qabiliyyətlərini artırır. "Hər il olduğu kimi bu il də keçirilən birincilikdə çox güclü komandalar var idi. Yalnız buna baxmayaraq bu çətin yarışda bizim komanda üçüncü yerə layiq görüldü. Qalibiyyəti gətirən hər bir iştirakçımıza minnətdarlığımı bildirirəm. Belə güclü komandalar arasında üçüncü yerdə qərarlaşmaq sevindirici haldır. Quru Qoşunları və Hərbi Hava Qüvvələrinin "N" hərbi hissəsinin yığma komandalarını səmimi-qəlbdən təbrik edirəm. Digər komandalara layiqli mübarizəyə görə minnətdarlığımı bildirirəm. Sonda isə Ali Baş Komandanımızın rəhbərliyi altında başa çatan Vətən müharibəsi dövründə sinəsini düşmən gülləsinə sipər edib, şəhidlik zirvəsinə yüksələn soydaşlarımıza Allahdan rəhmət diləyirəm. Onlar bizə doğma torpaqlarımızı canları bahasına geri qaytardılar. Bütün şəhidlərimizin qarşısında baş əyirəm, ailələrinə başsağlığı diləyirəm".
Müdafiə Nazirliyi rəhbərliyinin müvafiq əmrinə əsasən, Azərbaycan Ordusunda keçirilən səmti müəyyənetmə birinciliyinin iştirakçıları ilə söhbətləşmə xoş təəssüratlar bəxş etdi. Bu hissi bizlərə yaşadan komandalara təşəkkürümüzü bildirir və gələcək yarışlarda uğurlar arzulayırıq.

Orxan HÜSEYNLİ "Azərbaycan Ordusu"