Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

6 Oktyabr 2021 08:39

Qürur duyuram ki...

2020-ci il sentyabrın 27-də düşmən təxribatı nəticəsində başlayan Vətən müharibəsi qəhrəmanlıq tariximizə böyük hərflərlə yazıldı. 44 gün davam edən İkinci Qarabağ müharibəsi qüdrətli Azərbaycan Ordusunun qələbəsi ilə başa çatdı. Ən müasir silahlarla təchiz edilən Azərbaycan Ordusunun zabit və əsgərləri hünər və qəhrəmanlıqları ilə erməni qəsbkarlarını tarixi ərazilərimizdən qovaraq işğala son qoydular. Erməni işğalçıları ilə döyüşlərdə sərgilənən bu igidlik və qəhrəmanlıqlar unudulmayacaq və gələcək nəsillər üçün örnək olacaqdır.
Vətən müharibəsində mərdliklə vuruşanlardan biri də Salmanov Rüstəm Telman oğludur. Rüstəm 5 noyabr 1998-ci ildə Zərdab rayonunun Qaravəlli kəndində dünyaya göz açıb. Orta təhsilini Səməd Vurğun adına orta məktəbdə alıb. Hərbi sahəyə böyük həvəs göstərib. Məktəblilər arasında keçirilən "Şahin", "Cəsurlar" hərbi idman oyunlarında həmişə fəal iştirak edib. Təmsil etdiyi komandanın uğur qazanmasında böyük əzmkarlıq göstərib. Evlərində hərbi sahəyə aid olan əşya, foto, kitab və başqa ləvazimatlardan ibarət guşə düzəldib. Vətənə əsgər olmaq arzusu ilə yaşayıb.
Rüstəm arzusuna 2017-ci ilin yanvarında çatıb. İlk günlərdən silahların və hərbi texnikaların sirlərini dərindən öyrənməyə başlayıb. Keçirilən təlim-məşqlərdə fəal iştirak edib. Təcrübəli zabitlərin əmr və tapşırıqlarını bacarıqla yerinə yetirib. Çalışqanlığı sayəsində qısa müddət ərzində silahların taktiki-texniki xüsusiyyətlərini dərindən mənimsəyib. Atış çalışmalarında müsbət nəticələr göstərib. Vətənə əsgər olduğu müddətdə üzərinə düşən bütün tapşırıqların öhdəsindən bacarıqla gəlib. 2018-ci ilin iyulunda ordu sıralarından tərxis olunub.
Erməni qəsbkarlarının təxribatı nəticəsində Vətən müharibəsi başlanan  günlərdə təcrübəli əsgər kimi Rüstəm də ordu sıralarına çağırılıb. Beləcə, əsgər Salmanov yenidən silaha sarılaraq torpaqlarımızın azadlığı uğrunda gedən müqəddəs savaşa qatılıb. O, Füzuli, Cəbrayıl və Xocavənd rayonları uğrunda vuruşub. 44 gün davam edən Vətən müharibəsindən qalib əsgər kimi ayrılıb.
Söhbət zamanı əsgər Rüstəm Salmanov iştirakçısı olduğu döyüşlərdən söz açdı:
- İlk döyüşümüz Füzuli rayonu uğrunda oldu. Ermənilər illərdən bəri hazırladıqları sığınacaqlarda möhkəmlənərək müqavimət göstərir, geri çəkilmək istəmirdilər. Biz nəyin bahasına olursa-olsun, torpaqlarımızı işğaldan azad etməliydik. Gərgin döyüşlərdən sonra qəsbkarları geri oturtduq. İşğalçıları illərdən bəri möhkəmləndikləri sığınacaqlardan çıxmağa məcbur etdik. Bir müddətdən sonra Cəbrayıl rayonu uğrunda döyüşlərə qatıldım. Həmin günlərdə bu istiqamətdə də gərgin döyüşlər gedirdi. Əlverişli yüksəkliklər uğrunda qanlı döyüşlər gedirdi. Bir neçə gün çəkən savaşdan sonra yüksəklikləri azad etdik. Uğurla başa çatan döyüşlərdə ermənilərdən qənimət kimi xeyli sayda silah-sursat, hərbi texnika götürdük.  Sonra Xocavənd uğrunda gedən döyüşlərə cəlb olunduq. Bu istiqamətdə də əks-hücum əməliyyatları uğurla getdi. Xocavənd rayonunun bir neçə yaşayış məntəqəsini, yüksəkliklərini erməni qəsbkarlarından azad etdik. Qürur duyuram ki, 44 gün davam edən Vətən müharibəsində mən də torpaqlarımızın azadlığı uğrunda vuruşdum.
Döyüş əməliyyatlarında göstəridyi igidliyə və qəhrəmanlığa görə əsgər Rüstəm Salmanov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamları ilə "Füzulinin azad olunmasına görə" və "Xocavəndin azad olunmasına görə" medallarına layiq görülüb.

Vahid MƏHƏRRƏMOV "Azərbaycan Ordusu"