Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

2 Oktyabr 2021 10:00

Azərbaycan Ordusunun şəxsi heyəti ilə keçirilən ictimai-siyasi hazırlıq dərsi (İctimai-siyasi hazırlıq dərsinin qrup rəhbərinə kömək)

Mövzu: Vətəni qorumaq şərəfdir. Vətən müharibəsinin qəhrəmanlıq salnaməsi.
İctimai-siyasi hazırlıq qrupunun rəhbəri bu dərsə hazırlaşarkən Vətən müharibəsində tarix yazan hərbi hissənin döyüşçülərinin qəhrəmanlıqlarını dinləyicilərə bir daha xatırlatmalı və mövzunu bölmənin gündəlik həyatı ilə əlaqələndirməlidir.

Suallar:

1. Vətəni qorumaq şərəfdir.

2. Vətən müharibəsinin qəhrəmanlıq salnaməsi.

 

Vətəni qorumaq şərəfdir


Vətən ancaq üzərində gəzdiyimiz, yaşadığımız torpaq parçası deyil. Özünün bayrağı, müstəqilliyi, suverenliyi, milli dövlət himni, sərhədləri olan torpağa Vətən deyilir. Vətən azadlıqdır. Torpağın Vətən olması üçün düşmənlərlə mübarizə aparmaq, onun üzərində zəfər qazanmaq lazımdır. Vətən xalqın müqəddəs dəyərlərindən biridir. Xalq yalnız öz Vətənini qorumaqla gələcəyinə təminat verə bilər. Vətənin müdafiəsi bizim üçün inanc, iman olmalıdır. Vətənə olan sevgimiz bizi ucaldır.
Vətən bir millətin üzərində yaşadığı coğrafiyadır. Torpağı Vətən edən millətin onda yaşadığı tarix, onunla qurduğu mədəniyyət əlaqələridir. Vətən millətin doğulduğu, doyduğu, sığındığı və maddi-mənəvi varlığını davam etdirdiyi yerdir. Vətən millətin evi, millət də Vətəndə yaşayan ailədir. Vətən bizlərin qorumalı olduğumuz anadır. Çünki biz onun sayəsində inkişaf edir və yetkinləşirik. Vətən həyata havasını tənəffüs etməklə başladığımız yerdir. Vətən gözümüzün dünyada ilk gördüyü torpaqdır. Vətən bədənimizin bir parçasıdır. Vətən atalarımızın qəbiristanlığı, övladlarımızın dünyaya gəldiyi yerdir. Vətəni sevmək sadəcə torpağı sevmək deyil, Vətənin daşını, havasını, suyunu sevmək deməkdir.
Vətənə bağlılıq onu sevmək, qorumaq və inkişaf etdirməkdir. Çünki nə Vətənsiz bir millət, nə də millətsiz bir Vətən ola bilər. Vətən əldən gedərsə, o millətin hər cür milli-mənəvi dəyərləri də yox olub gedər. Vətəni qorumaq dövlət və milləti qorumaq, Vətəni sevmək də dövlət və milləti sevməkdir. Vətənə bağlılıq milli-mənəvi dəyərlərə, ailəyə, bayrağa, dilə, tarixə, adət-ənənəyə, dinə, sənətə, milli birlik və bərabərliyə bağlılıqdır. Vətəni sevmək, onu düşmənlərə verməmək, hər cür hücum ehtimalına  qarşı tədbirli olmaq və lazım olduğu zaman onun üçün canını vermək müqəddəs bir vəzifədir. Milli-mənəvi dəyərlərini, haqqı, həqiqəti, namusu, şan-şərəfi sevən bir insan Vətənini də mütləq sevməlidir. Çünki insan Vətənsiz yaşaya bilməz.
Vətənə hücum varlığımıza, birlik-bərabərliyimizə, azadlığımıza edilən hücumdur. Buna görə Vətən düşmənlərinə qarşı ayıq-sayıq olmaq, onlarla mübarizə etmək ən böyük və ümdə vəzifəmizdir. Bu vəzifəni yerinə yetirərkən ölmək həyatdan şərəflə ayrılmaq, şəhid olub ən uca mərtəbələrə çatmaqdır, yaralanmaq isə şərəflə dönməkdir, qazilikdir. Vətəni sevmək təhlükə anında Vətənin imdadına yetişmək, lazım olduğunda canını sevə-sevə verə bilməkdir. Sülh zamanında isə onun abadlığına çalışmaq, maddi-mənəvi inkişaf və yüksəlməsini hədəf və məqsəd seçməkdir. Xeyirli olan işləri yaymaq, vətəndaşlara kömək etmək, Vətənin səadəti üçün səy göstərmək, onun möhkəmliyini və əmin-amanlığını təmin etməyə çalışmaqdır.
Azərbaycan strateji cəhətdən əlverişli mövqedə yerləşməklə yanaşı, iri həcmdə təbii sərvətlər ehtiyatına sahibdir. Buna görə ölkəmizi ələ keçirməyə çalışan qüvvələr həmişə fürsət axtarırlar. Tarixin ayrı-ayrı dönəmlərində ölkəmiz həmişə yadellilərin hücumlarına məruz qalıb. Lakin torpaqlarının müdafiəsini hər şeydən üstün bilən atalarımız Vətənlərini canları bahasına qoruyub bizə əmanət ediblər. Verilən vədə əməl etmək lazımdır, bu, bizim dinimiz, inancımız, insanlığımız gərəyi üzərimizə yüklədiyimiz ən ali və müqəddəs vəzifə olmalıdır. Çünki min illərdir hakimiyyətimizi davam etdirdiyimiz bu torpaqları gələcəyə aparmaq lazımdır, onu başqa xalqların əsarəti altına atmaq insanlığa sığmaz. Heç bir halda Vətənin müdafiəsindən geri çəkilməməliyik, ən çətin anlarda belə bayrağımızı yüksəkliklərə qaldırmalı, ölkəmizin adının ən yaxşılar sırasında çəkilməsi naminə ən ağır şəraitlərdə belə çalışmaqdan geri durmamalıyıq. Hər birimiz bu Vətənin  könüllü əsgərləriyik. Biz Vətənə xidmət borcunu bu torpağa olan mənəvi borc kimi verməliyik. Biz həyatımızın sonuna kimi Vətənimizə borcluyuq. Azərbaycan bizim qürur yerimizdir. Öz Vətənini düşünən hər bir insan üçün vətənpərvərlik bir ideologiya olmalıdır. Milli şüura sahib olmaq Vətənə məhəbbətdən qaynaqlanır.
Əcdadlarımızın mirasına sahib çıxaraq 44 günlük Vətən müharibəsində bütün dünyaya birliyimizi, Vətən sevgisini göstərdik. Vətən sevgisindən mayalanmış igidliklə region üçün təhlükə mənbəyi olan Qarabağ münaqişəsinin uğurla və ədalətlə həll edilməsi cahana Azərbaycan adlı məmləkəti tanıtdı.  
Ümummilli lider Heydər Əliyev deyirdi: "Gənclərimiz bizim tariximizi yaxşı bilməlidir, keçmişi yaxşı bilməlidir, dilimizi yaxşı bilməlidir, milli dəyərlərimizi də yaxşı bilməlidir. Milli dəyərlərimizi, milli ənənələrimizi yaxşı bilməyən, tarixi yaxşı bilməyən gənc vətənpərvər ola bilməz. Hər bir gənc vətənpərvər olmalıdır. Vətənpərvərlik, sadəcə, orduda xidmət deyil, Vətənə sadiq olmaq, Vətəni sevmək, torpağa bağlı olmaq - budur vətənpərvərlik". Bəli, Azərbaycanın gələcək varlığı naminə nəinki gənclər, hər birimiz vətənpərvər olmalıyıq. Çünki borcumuzun olduğu bu Vətəni qorumaq bizim ən ümdə amalımızdır.

 

Vətən müharibəsinin qəhrəmanlıq salnaməsi


XX əsrin sonlarında, bir zamanlar ermənilərin yaşaması üçün köçürüldükləri əzəli Azərbaycan torpağı olan Qarabağa sahib olmaq üçün bu mənfurlar ölkəmizə qarşı hərbi təcavüzə başlamış, etnik təmizləmə siyasəti apararaq soyqırımlar törətmiş, minlərlə dinc əhalini qətlə yetirmiş, bir milyondan artıq azərbaycanlını öz doğma yurd-yuvasından didərgin salmışdırlar.  Azərbaycana qarşı hərbi təcavüzün nəticələrinin aradan qaldırılması və BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən dərhal çıxarılmasını tələb edən 4 qətnaməsi 27 il kağız üzərində qalmış və icra olunmamışdır.
2016-cı ilin əvvəlində münaqişənin həlli ilə əlaqədar konkret planlar müzakirə olunduğu vaxtda Ermənistan hərbi təxribata əl ataraq, apreldə təmas xətti boyunca əhalinin sıx məskunlaşdığı əraziləri, o cümlədən məktəblər, xəstəxanalar və ibadət yerlərini ağır silahlardan atəşə tutdu. Azərbaycan Silahlı Qüvvələrinin əks-həmləsi nəticəsində düşmənə layiqli cavab verilərək, Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının işğal altında olan ərazilərinin müəyyən hissəsi azad edildi. Bu döyüşlərdə Şükür Həmidov, Murad Mirzəyev, Samid İmanov kimi xalqımızın igid övladlarının göstərdikləri qəhrəmanlıqları və şücaətləri Azərbaycan xalqının heç vaxt erməni işğalı ilə barışmayacağını göstərdi.
2020-ci ilin iyulunda dövlət sərhədinin Tovuz rayonu istiqamətində baş verən hərbi əməliyyatlar isə Azərbaycanın taleyində ciddi dönüş nöqtəsi oldu. Vətən sevgisi döyüş meydanında generalı əsgərdən ayırmadı. Qaraqayada şəhid olan general-mayor Polad Həşimovun cəsarəti, vətənpərvərliyi, qorxmazlığı və ən nəhayət düşmənə sonsuz nifrəti 27 sentyabrda əks-hücum əməliyyatı ilə başlanan Vətən müharibəsinin qəhrəmanlıq simvoluna çevrildi.  Onun vəzifə borcunu qəhrəmanlıqla yerinə yetirərək şəhadətə qovuşması Azərbaycan Ordusunun Vətən müharibəsində rəşadət göstərməsinə gətirib çıxardı.
2020-ci ilin iyul, avqust və sentyabr aylarında ardıcıl baş verən təxribatlar nəticəsində yenidən atəşkəs pozuldu, mülki əhaliyə kəşfiyyat-diversiya qrupları tərəfindən hücumlar edildi. 2020-ci ilin 27 sentyabrında Azərbaycanın şəhər və kəndlərinin ağır artilleriyadan bombardmana tutulması Azərbaycan Ordusunun Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyevin rəhbərliyi altında uğurlu "Dəmir yumruq" əməliyyatına başlamasına səbəb oldu. Ölümdən tək zərrə qədər qorxmayaraq Qarabağımızı geri qaytarmaq üçün canlarını heçə saymağa razı olduqlarını göstərən bu yurdun minlərlə igid övladları, Xocalı soyqırımı qurbanlarının, mənfur düşməni tanımayan Zəhranın, Aysunun, Mədinənin və neçə belə körpənin intiqamının alınması üçün könüllü cəbhəyə yazıldı. 44 günlük Vətən müharibəsi erməni silahlı qüvvələri və Qarabağda formalaşan terror qruplaşmalarının darmadağın edilməsi və Azərbaycanın parlaq qələbəsi ilə başa çatdı. Torpaqlarımız qəhrəman əsgər və zabitlərimizin, şəhidlərimizin qanı və canı bahasına azad edildi. Ulu əcdadlarımızın zəngin dövlətçilik və hərb tarixindən ilhamlanan Azərbaycan xalqı daha bir şanlı qəhrəmanlıq salnaməsi yazaraq, özünün qalib xalq olduğunu bütün dünyaya sübut etdi və düşmən üzərində tarixi zəfər çaldı. 44 gün davam edən hərbi əməliyyatlar nəticəsində müzəffər Azərbaycan Ordusunun mərdliyi, qəhrəmanlığı, fədakarlığı sayəsində işğal altında olan ərazilərimiz, o cümlədən rayon, şəhər və digər 300-dən çox yaşayış məntəqəsi, həmçinin Murovdağ istiqamətlərində mühüm strateji yüksəkliklər azad edildi. Xüsusi Təyinatlılarımız fövqəladə qəhrəmanlıq göstərdilər.  Onlar öz yaralılarını və şəhidlərini döyüş meydanında buraxmayaraq qayalardan dırmaşaraq Şuşada möhkəmlənmiş üç mindən çox erməni elit hərbi hissələrinin canlı qüvvəsini, döyüş texnikalarını qoyaraq qaçmağa məcbur etdilər. Təbii coğrafi istehkam olan Şuşanı bir neçə gün ərzində az itkilərlə və şəhərə böyük zərər vurmadan atıcı silahlarla azad edilməsi dünya tarixində görünməmiş döyüş nümünələrindən biridir. Şuşanın düşmən əsarətindən qurtarılması müharibənin taleyində həlledici rol oynadı, Ermənistanın öz məğlubiyyətini etiraf etməsi və kapitulyasiyası ilə nəticələndi, Ermənistanı Kəlbəcər, Ağdam və Laçın rayonlarını Azərbaycana qaytarmağa məcbur etdi. Qəhrəman Azərbaycan əsgərləri kiçik qüvvə ilə Zəngilanı azad etdi, Cəbrayılda erməni zabitləri Azərbaycan Ordusunun mübarizə əzminin qarşısında aciz qalaraq öz əsgərlərinə döyüşməyin mənasız olduğunu deyərək qaçmışdılar. Hadrutda 30 nəfərlik xüsusi təyinatlı dəstəmiz 1500 nəfər erməni muzdlusunu qaçmağa məcbur etmişdir.  
Biz bu Vətən müharibəsində oğullarımızın qəhrəman ruhunu gördük. Onların qəhrəmanlıqları dillərə dastan oldu, silinməz mürəkkəblə tarixə yazıldı. Çiynində yaralı əsgəri daşıya-daşıya irəliyə addımlayan, irəliyə köklənən, öz qanını Vətən torpağı uğrunda axıdan bu igidlər şücaəti, dönməzliyi, müzəffərliyi ilə bizə bu qələbəni yaşatdılar. Məhz onlar Mübariz, Fərid kimi igidlərin yenə də ordumuzun sıralarında yetərincə olduğunu bütün dünyaya sübut etdilər. Məhz onlar kimi minlərlə igid bir əlində silah, bir əlində bayraq sinəsini düşmənə sipər edərək, öz nəfəslərini kəsərək Azərbaycanımıza - Qarabağamıza nəfəs verdilər. Onlara bu dərəcədə böyük cəsarəti, qorxmazlığı verən Vətən eşqi olub. Onlar bizim birlik nişanəmiz, Vətən sevdamız, Azadlıq qələbəmizdir. Prezident İlham Əliyevin dediyi kimi: "Bizim ordumuzda minlərlə, on minlərlə Mübariz kimi, Fərid kimi Vətən uğrunda canından keçməyə hazır olan qəhrəmanlarımız var!".
Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması zamanı hərbi əməliyyatlarda iştirak edərək şücaət nümayiş etdirmiş, vəzifə borcunu ləyaqətlə və vicdanla, döyüş tapşırıqlarını uğurla yerinə yetirmiş Silahlı Qüvvələrin 83 nəfər hərbi qulluqçusuna (onlardan 39 nəfərinə ölümündən sonra) Müzəffər Ali Baş Komandan İlham Əliyevin Sərəncamına əsasən "Vətən Müharibəsin Qəhrəmanı" adı verilmişdir.
Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq Prezident İlham Əliyev 27 sentyabrı - Vətən müharibəsinin başladığı günü Azərbaycan Respublikasında "Anım Günü" kimi qeyd olunması ilə bağlı Sərəncam imzalamışdır. Bu addım şəhid ruhlarına, şəhidlərin doğmalarına ali ehtiramın göstəricisidir.
Ümummilli lider Heydər Əliyev Azərbaycan Ordusunu yaratdı, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev isə onu dünyanın ən güclüləri sırasına çıxartdı. Bu ordu qarşısında duran tarixi missiyanı, yaradıcısı olan ümummilli lider Heydər Əliyevin arzusunu və vəsiyyətini yerinə yetirdi. Odur ki, bu gün ümummilli lider Heydər Əliyevin ruhu rahatdır və bu qələbə həm də Ulu Öndərin ideyalarının təntənəsidir. Azərbaycan xalqı zəfər çalaraq şanlı qəhrəmanlıq salnaməsi yazdı.

İdeoloji İş və Mənəvi-Psixoloji  Təminat İdarəsi