Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

2 Oktyabr 2021 10:00

Müdrik rəhbər və əzmkar xalq tandeminin qələbəsi

Hər kəsə məlumdur ki, bu gün ən gərgin iş rejimində çalışan dövlət başçılarından biri də möhtərəm Prezident cənab İlham Əliyevdir. Təbii ki, bu ölkə rəhbərində olan Vətən və xalq sevgisindən irəli gəlir. Bunun nəticəsidir ki, xalq da öz liderinə sonsuz məhəbbət bəsləyir, onun ətrafında sıx birləşir və hər bir vətəndaş öz üzərinə düşən vəzifələrə məsuliyyətlə yanaşır. Qəti əminliklə söyləmək olar ki, daxili milli-vətəndaş birliyi, dövlətin yürütdüyü siyasətin xalq tərəfindən dəstəklənməsi əsasında bərqərar olmuş möhkəm ictimai-siyasi sabitlik əmsalına görə Azərbaycan postsovet məkanında birinci yerdə dayanır. Bu birliyin, eləcə də cənab Prezidentin müdrik siyasətinin, yorulmaz fəaliyyətinin və xalqın əzmkarlığının məntiqi nəticəsi olaraq Azərbaycan ardıcıl uğurlar əldə edərək daha da qüdrətlənir.
Belə ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin müdrik və zamanı önləyən siyasətini dövrün tələbləri ilə uzlaşdıraraq uğurla davam etdirən möhtərəm Prezident cənab İlham Əliyevin mükəmməl siyasi strategiyası ilə xalqın əzmkarlığının sıx birliyi sayəsində ölkəmizdə ictimai-siyasi sabitlik hökm sürür, iqtisadiyyat güclənir, müxtəlif sahələrdə ardıcıl uğurlar əldə edilir və vətənimiz Azərbaycan dünya ölkələri sırasında tutduğu layiqli mövqeyini daha da möhkəmləndirir. Planetimizin üzləşdiyi çoxsaylı qlobal çətinliklərə, ümumbəşəri ciddi və mürəkkəb problemlərə, eləcə də bütün dünyanı bürüyən koronavirus (COVID-19) pandemiyasına rəğmən, dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən mükəmməl daxili və xarici siyasət sayəsində ölkəmiz hazırda da eyni templə inkişaf edir. Möhtərəm Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə nəhəng layihələr reallaşdırılır, qeyri-neft məhsullarının istehsalının və ixracının artırılması üzrə kompleks stimullaşdırıcı tədbirlər görülür, dövlət-sahibkar münasibətlərinin və biznes-investisiya mühitinin daha da sağlamlaşdırılması, özəl sektorda təşviq alətlərinin tətbiqi nəzarətdə saxlanılır, aqrar sektora, kiçik və orta sahibkarlığa daim dövlət dəstəyi göstərilir. Qlobal enerji və nəqliyyat-kommunikasiya layihələrinin uğurla gerçəkləşdirilməsi, neft strategiyasının milli mənafelərə uyğun davam etdirilməsi, eyni zamanda qeyri-neft sektorunun ümumi daxili məhsuldakı çəkisinin yüksəldilməsi, əhalinin sosial müdafiəsi tədbirlərinin gücləndirilməsi dövlət başçısının iqtisadi siyasətinin əsas qayəsini təşkil edir. Demokratikləşmə və vətəndaş cəmiyyəti quruculuğu prosesi, liberal iqtisadi-siyasi mühitin, habelə ölkədə güclü insan kapitalının formalaşdırılmasına xidmət edən milli maarifçilik hərəkatının başlanması, cəmiyyətdə müasir informasiya-kommunikasiya texnologiyalarının geniş tətbiqi və digər zəruri məsələlər ölkə başçısının xüsusi diqqət mərkəzində saxlanılır. Milli iqtisadiyyat və onun əsas sektorları üzrə strateji yol xəritələri, konsepsiyalar və digər dövlət proqramları çərçivəsində müəyyən olunmuş tədbirlərin icrası uğurla həyata keçirilir. Təsadüfi deyil ki, ən nüfuzlu aparıcı beynəlxalq qurumlardan biri olan Dünya Bankının "Doing Business" proqramında Azərbaycan 190 ölkə arasında 28-ci yeri tutmuşdur. Bundan əlavə, Respublikamız 10 ən islahatçı dövlət sırasına daxil edilmişdir. Dünyanın bir nömrəli forumu olan Davos Ümumdünya İqtisadi Forumunun hesabatına əsasən, inkişaf etməkdə olan 74 ölkə arasında dövlətimiz əhalinin elektrik təchizatı səviyyəsinə görə 2-ci yerdə, inklüziv inkişaf indeksi üzrə 3-cü yerdə, hökumətin dəyişməyə cavabdehliyi, yəni, islahatçı obrazı əmsalına görə 5-ci yerdə, hökumətin uzunmüddətli strategiyasına görə 10-cu yerdə, hökumətin siyasi sabitliyi təmin etməsinə görə 11-ci yerdə, infrastruktur layihələri ilə bağlı dəmir yolu xidmətlərinin səmərəliliyinə görə 11-ci yerdə, hava yolları xidmətlərinin səmərəliliyinə görə 12-ci yerdə, avtomobil yollarının keyfiyyətinə görə 24-27-ci yerdə qərarlaşmaqla dünyanın bir çox ölkələrini geridə qoymuşdur.
Dövlət başçısının müdrik siyasətinin gerçəkləşməsində, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Yeni Azərbaycan Partiyasının sədr müavini, Heydər Əliyev Fondunun və Azərbaycan Mədəniyyət Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın zəhməti və fəaliyyəti misilsizdir. Qürurverici və sevindiricidir ki, vaxtilə Mehriban xanımın xarici və daxili siyasətdə apardığı və bütün dünyada etiraf olunan fəaliyyəti hazırda yeni statusda daha yüksək səmərəliliklə davam edir, bu da öz növbəsində xalqımızın və dövlətimizin uğurlarını şərtləndirir. Azərbaycanın birinci xanımının müstəsna əhəmiyyətli fəaliyyəti ölkə hüdudları ilə məhdudlaşmayıb ümumbəşəri mahiyyəti ilə də diqqəti cəlb edir. Koronavirus (COVID-19) pandemiyasına qarşı uğurlu mübarizədə də Birinci vitse-prezidentin ali insanpərvər və xeyirxah missiyası, amalı növbəti dəfə mühüm rol oynadı. Ölkənin birinci xanımı xalqa müraciət edərək hamını "gözəgörünməz düşmən"lə mübarizədə birlik, həmrəylik nümayiş etdirməyə səslədi. Xalqa bir övlad, bir ana və nənə olaraq müraciət edən Mehriban xanım hər kəsi evdə qalmağa, bir-birini qorumağa səslədi. Birinci vitse-prezidentin "Evdə qal, sağlam qal!" şüarı dillər əzbəri oldu və hamı ona riayət edərək, zərurət olmadığı təqdirdə evdən çıxmadı, bu da koronavirus infeksiyasına qarşı mübarizəyə öz müsbət təsirini göstərdi. Mehriban Əliyevanın hər zaman ehtiyaclı insanların yanında olması, onlara diqqət və qayğı göstərməsi böyükqəlbli şəxsiyyətin insanpərvərliyinin təsdiqidir. Onun Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva ilə birlikdə uşaq evlərinin sakinləri, internat məktəblərinin şagirdləri, xüsusi qayğıya ehtiyacı olan uşaq və yeniyetmələr, eləcə də şəhid ailələrindən olan uşaqlar üçün keçirilən şənliklərdə mütəmadi olaraq iştirak etməsi, bu zümrədən olan insanlara öz doğma övladları qədər məhəbbət bəsləməsinin əyani göstəricisidir.
Ölkəmizin uğurlarından, dövlətimizin qüdrətindən danışarkən, böyük fəxr və sevinc hissləri ilə xüsusi vurğulanmalıdır ki, ötən il nəinki həmin ilin, müasir Azərbaycan tarixinin ən önəmli hadisəsi baş vermişdir. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə şanlı tarix yazan ordumuz düşmən üzərində parlaq qələbə qazanmış, nəticədə hərbi və siyasi yolla 30 ilə yaxın işğal altında olan dədə-baba torpaqlarımız azad olunaraq, ərazi bütövlüyümüz bərpa edilmişdir.
Bütün dünyaya məlumdur ki, Ermənistan uzun müddət ərzində Azərbaycanın 20 faiz ərazisini, beynəlxalq səviyyədə tanınmış tarixi torpaqlarını - Dağlıq Qarabağı və ölkəmizin digər 7 rayonunu işğal altında saxlayırdı. 1993-cü ildə BMT Təhlükəsizlik Şurasının Azərbaycanın işğal olunmuş ərazilərinin dərhal, qeyd-şərtsiz və tamamilə qaytarılmasını nəzərdə tutan müddəaları özündə əks etdirən 822, 853, 874 və 884 saylı dörd qətnaməsinin qəbul olunmasına baxmayaraq, həmin qətnamələr icra olunmur, bununla əlaqədar aidiyyəti beynəlxalq təşkilatlar heç bir tədbir görmür və sözügedən məsələyə biganə münasibət bəsləyirdilər. Ermənistan da bu illər ərzində mövcud vəziyyətdən istifadə edərək qeyd olunan qətnamələri yerinə yetirmir, hər vəchlə münaqişəni mümkün qədər çox və daha uzun müddətə dondurmağa çalışır və status-kvonun qəbuledilməz və dəyişdirilməli olması barədə beynəlxalq ictimaiyyətin, o cümlədən ATƏT-in Minsk qrupunun həmsədrləri olan ölkələrin bütün çağırışlarına məhəl qoymayaraq onları cavabsız qoyurdu. Buna görə də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev hər dəfə mötəbər kürsülərdən deyirdi ki: "...Əgər bu məsələ sülh yolu ilə həll olunmasa, bunu hərbi yolla həll edəcəyik...".
27 sentyabr 2020-ci il tarixdə səhər saatlarında Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrini iri çaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutdu. Ordumuz düşmənin hücumunun qarşısını qətiyyətlə aldı, əks-hücum əməliyyatları həyata keçirtdi və bununla da İkinci Qarabağ müharibəsi başladı. Hamı Vətən müharibəsinin qələbə ilə başa çatması üçün əlindən gələni əsirgəmədi. Dövlət başçısı cənab İlham Əliyevin "Biz birlikdə güclüyük!" şüarı dillərdə əzbər olmaqla xalqı öz liderinin ətrafında daha da sıx birləşdirərək mülki vətəndaşlarda mübarizə əzmi, hərbçilərimizdə böyük qələbə ruhu yaratdı. 44 günlük döyüşlərdə müdrik və qətiyyətli Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun şəxsi heyətinin şücaəti hərb tariximizin qəhrəmanlıq salnaməsini yaradaraq ölkəmizə möhtəşəm qələbə qazandırdı. Elə ilk günlərdən düşmənə sarsıdıcı zərbələr vuran ordumuzun qısa zamanda ardıcıl zəfərlər qazanmaqla kəndlərimizi, qəsəbələrimizi,  şəhərlərimizi - 4 oktyabrda Cəbrayıl, 17 oktyabrda Füzuli, 20 oktyabrda Zəngilan, 25 oktyabrda Qubadlı və nəhayət 8 noyabrda Şuşa şəhərini işğaldan azad etməsi Ermənistanı sülhə sövq etdi və bu, düşmənin kapitulyasiya aktını imzalaması ilə nəticələndi. Bununla da, haqq mübarizəsi hərbi-siyasi qələbəmizlə başa çatdı. Ardınca 20 noyabrda Ağdam, 25 noyabrda Kəlbəcər və 1 dekabrda isə Laçın nəinki şəhid verilmədən, ümumiyyətlə qan tökülmədən azad olundu.
Hər zaman xalqının yanında olmaqla sevinci də, kədəri də birlikdə bölüşən dövlət başçısı  cənab İlham Əliyev qısa müddət sonra bütün mövcud riskləri gözə alaraq, xanımı ilə birlikdə möhtəşəm qələbəmizin sevincini bir daha azad olunmuş ərazilərdə xalqımızla paylaşmaq üçün tarixi sahiblərinə qaytarılmış torpaqlara səfər etdi. Bu, əsl dövlət-xalq birliyinin, Azərbaycan xalqı ilə Prezidenti, Birinci vitse-prezidenti arasında olan qarşılıqlı sevgisinin növbəti bariz təzahürü idi. Qürurverici haldır ki, işğaldan azad edilmiş torpaqlarımızda icrasına başlanmış ilk layihə məhz Füzuli-Şuşa yolu oldu. Təbii ki, bu yolun həm  müstəsna əhəmiyyəti həm də rəmzi mənası vardır. Çünki Şuşa mədəniyyət beşiyimiz və qürur mənbəyimizdir. Cənab Prezident İlham Əliyevin Füzuli rayonunda sakinlərlə görüşü zamanı çıxışında dediyi kimi, məhz Şuşa işğaldan azad olunandan sonra artıq düşmən dərk etdi ki, bundan sonra bizə qarşı müqavimət göstərmək heç bir əhəmiyyət kəsb etməyəcək.
Dövlət başçısı cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın işğaldan azad edilmiş Füzuli və Cəbrayıl rayonlarına səfərləri zamanı Müzəffər Ali Baş Komandanın Füzuli şəhərində, Xudafərin körpüsündə, Cəbrayıl şəhərində və digər tarixi ərazilərimizdə üçrəngli şanlı Azərbaycan bayrağını göylərə ucaltması özgə bir qürurverici mənzərə idi. Xüsusi vurğulanmalıdır ki, bu görüntülər Azərbaycanın müasir tarixinin ən şanlı səhifələrindən biri idi.
Göründüyü kimi, bu gün Azərbaycanımız müdrik liderimiz cənab İlham Əliyevin rəhbərliyi ilə hərtərəfli uğurlar qazanır və qüdrətlənir ki, bu da ölkəmizin, xalqımızın daha parlaq gələcəyindən xəbər verir.

Səməd ƏLİYEV

Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Hüquqi təminat və

insan hüquqları məsələləri şöbəsinin rəisi