Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

2 Oktyabr 2021 10:00

Xidmətimiz ərazi bütövlüyümüzün qorunması üçündür

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Vətən müharibəsi zamanı xalqa müraciətində dedi: "Bizim davamız ədalətli davadır və əminəm ki, bu müharibədə biz istədiyimizə nail olacağıq, haqq-ədalət öz yerini tapacaq və Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək". Ölkə başçısının bu inamı xalqın inamını kükrətdi. Xalq ruhən döyüşənlərin sırasındaydı...
Vətən müharibəsi zəfərlə başa çatdı, torpaqlarımız işğaldan azad edildi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Vətən müharibəsində qazanılan Zəfəri xalqın qələbəsi kimi dəyərləndirərək dedi: "Biz nəinki XXI əsrin müharibəsini nümayiş etdirmişik, biz dünyada heç vaxt olmayan Qələbəni qazanmışıq. Çətin relyef şəraitində düşmənin bir neçə istehkamının qarşısında biz peşəkarlıq, məharət, güc, hərbi elm qoyduq və düşməni torpaqlarımızdan qovduq". Belə dəyərli qələbə bu gün hərbi xidmətdə olanların da, çağırışçıların da, yeniyetmələrin də yaddaşına həkk olundu, yəni tarixləşdi. Tarixi yaşadarlar, biz bu tarixi sevə-sevə yaşadacağıq, yaşada-yaşada sevəcəyik.
Hərbi hissəmiz Vətən müharibəsi başlayandan döyüşlərə cəlb olundu. Ali Baş Komandanın əmri ilə başlayan əks-hücum əməliyyatının ilk günündə aldığımız döyüş əmrini əsgərlərimiz hansı duyğu ilə yaşadı? - əsgərlərimiz bu suala birmənalı olaraq deyirlər ki, ancaq qələbə haqqında düşünürdük. Döyüşlər əsgərlərimizin döyüş ruhu və yüksək mənəvi-psixoloji hazırlığa malik olduğunu təsdiqlədi. Biz bu baza  müstəvisində əsgərlərimizin mənəvi-psixoloji hazırlığını daha da artırırıq.
Hərbi hissəmizdə şəxsi heyətin döyüş hazırlığı təlimlərdə təkmilləşdirilirdi. Hər əsgər hərbi ixtisasına müvafiq bilikləri öyrənir, terminləri, praktiki vərdişləri mənimsəyirdi. İctimai-siyasi dərslərdə asudə vaxtlarda təşkil edilən müxtəlif məzmunlu söhbətlərdə şəxsi heyətin mənəvi-psixoloji hazırlığı da yüksəldilirdi. Bütün bunlar əsgərlərimizin döyüş əzmini də, qələbə ruhunu da arzulanan səviyyəyə çatdırmışdı. Hamısı Ali Baş Komandanın əmri ilə başlayacaq Vətən müharibəsini - torpaqlarımızı işğaldan azad edəcək döyüşləri gözləyirdi, xidmətini bu istəklə davam edirdi. Hərbi hissənin döyüşlərdə böyük məsuliyyətlə, qələbə qətiyyətiylə iştirak edəcəyinə biz də əmin idik, yuxarı komandanlıq da....
Hərbi hissəmiz Füzuli, Xocavənd, Zəngilan, Cəbrayıl istiqamətində gedən döyüşlərdə iştirak etdi, yuxarı komandanlığın bütün döyüş əmrlərini yerinə yetirdi. Hərbi hissəmizin şəxsi heyəti döyüşlərdə artilleriya dəstəyi verməklə istər mövqe qələbələrinin, istərsə də bütöv zəfərin qazanılmasında əsl hərbçi dəqiqliyi, məsuliyyəti ilə iştirak etdi.
Mən də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə “Azərbaycan Bayrağı” ordeni və döyüşdüyümüz rayonların işğaldan azad edilməsi medallarına layiq görüldüm.
Döyüşlərdə şəhid olan hərbi qulluqçularımızın xatirəsini əbədiləşdirmək üçün hərbi hissənin yerləşdiyi rayonda xiyaban yaradılıb. Bu xiyaban həm xidmətdə olan hərbi qulluqçularımızın, həm də yaxın ərazilərdə yaşayan çağırışçıların vətənpərvərlik duyğularının dönməzliyində olduqca əhəmiyyətli olacaq. Bu xiyaban mahiyyət etibarilə ehtiramın təzahürüdür, həm Birinci Qarabağ müharibəsində, həm də Vətən müharibəsində şəhid olanlara ehtiramın...
Hər birimizin xidməti də Zəfər üçündür, Zəfərdən sonra ərazi bütövlüyümüzün toxunulmazlığını təmin etmək üçündür.
Vətən müharibəsində qazanılan Zəfər tarixən yaşadılacaq...

Vasif HƏSƏNOV

"N" hərbi hissəsi