Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

29 Sentyabr 2021 15:55

Şəhid övladları daim diqqət mərkəzindədir

Vətən müharibəsi Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusunun şücaəti, qəhrəmanlığı sayəsində Böyük Qələbə ilə başa çatdı. Bu müqəddəs yolda şəhadətə qovuşan şəhidlərimizin Vətən sevgisi xalqımıza ölçüyəgəlməz qürur, fəxr hissi yaşatmaqdadır. Azərbaycan xalqı daim milli kimliyinə sadiqliyi və vətənpərvərliyi ilə seçilib. Daxildə yaranan bu sevgini  hər bir insan əməlləri və gördüyü işlərlə də sübut etməlidir. Xalqımıza məxsus vətənsevərlik, xeyirxahlıq, mərhəmətlilik kimi ali keyfiyyətləri, saf mənəvi dəyərləri şəxsiyyətlərində cəmləyən bu vətəndaşlarımızın əməlləri heç zaman unudulmayacaq.
Müdafiə Nazirliyinin rəhbərliyinin tapşırığına əsasən hərbi hissələrin şəxsi heyəti yeni tədris ilinin başlanması ilə əlaqədar şəhid ailələrinə baş çəkib və görüş zamanı şəhidlərin məktəbli övladlarına dərs ləvazimatları hədiyyə olunub.  
Polkovnik-leytenant Ramazan Orucov bildirdi ki, şəhidlər heç zaman ölmür, onların ruhu əbədi olaraq xalqın qəlbində yaşayır. İnsan ilk növbədə Vətən üçün yaşayıb nəcib hisslər, gözəl arzular, yüksək məslək və amallar uğrunda mübarizə aparmalıdır. Özünü Vətəninə, xalqına, millətinə borclu bilməyən adamlar mənasız bir həyat yaşayırlar. Məsləksiz, amalsız bir həyat əsl insan ömrü sayıla bilməz. Bu baxımdan şəhidlərimizin qısa, amma şərəfli ömür yolu hər kəsə örnəkdir. Vətəndaşlıq borcunu dərindən dərk edənlər, bu borcu ürəklərində əbədi bir amal kimi yaşadanlar həmişə həyat mübarizəsindən şərəflə çıxır, əməlləri ilə ürəklərdə yaşayır, ölümlərindən sonra da ölümsüzlüyə, əbədiyyətə qovuşurlar.
Polkovnik-leytenant Ramazan Orucov qeyd edib ki, düşmən qarşısında mərdliklə dayanıb, Vətənimizi, torpaqlarımızı azad edərkən şəhid olan igid oğullarımızın övladlarını öz balalarımız kimi sinəmizə çəkmək, onların qayğısına qalmaq hər bir azərbaycanlının borcudur.
Zabit R.Orucov məktəbliləri yeni tədris ilinə başlamaları münasibətilə təbrik edib, onlara dərslərində uğurlar diləyib.
Mayor Elmar İsmayılov, kapitan Hilal Eminov şəhid övladlarının atalarının igidliklərinə görə qürur duymalı olduqlarını, Azərbaycan xalqının hər zaman onların qəhrəmanlıqlarını ehtiramla xatırlayacağını vurğulayıblar.
Şəhid ailələri göstərilən diqqətə görə dövlət başçısına, Müdafiə Nazirliyinin rəhbərliyinə təşəkkürlərini bildiriblər.


Günay TAĞIYEVA

"Azərbaycan Ordusu"