Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

22 Sentyabr 2021 09:02

“Vətən, sənin əsgərinəm!”

Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənovun hərbi hissələrdə əsgər və zabitlərlə hər görüşü şəxsi heyətdə böyük ruh yüksəkliyi yaradır. Bu yüksəliş mənəvi-psixoloji hazırlığın səviyyəsinin artmasında olduqca əhəmiyyətlidir.
Bu yaxınlarda Müdafiə naziri hərbi hissələrin birində xidmətdə fərqlənən hərbi qulluqçuları təltif edib.

Baş gizir Möhləddin Əmənov:

- Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənovun işğaldan azad edilmiş ərazilərdə xidmət edən əsgər və zabitlərlə görüşü şəxsi heyətin mənəvi-psixoloji hazırlığında əhəmiyyətlidir. Ordumuza göstərilən qayğı və bizə olan etimad hər birimizə böyük mənəvi qürur verir. Cənab nazir işğaldan azad edilmiş ərazidə yeni inşa edilmiş və əsaslı təmirdən çıxmış hərbi hissəmizdə qayğı və problemlərimizlə maraqlandı, bölməmizdə döyüş hazırlığının vəziyyətini yoxladı və komandirlər qarşısında zəruri tapşırıqlar qoydu.  
Uzun illərdir ki, xidmətdəyəm. 2016-cı ilin Aprel döyüşlərində şəhid general-mayor Polad Həşimovun komandirliyi altında vuruşmuşam. 44 günlük Vətən müharibəsində də döyüşənlərin sırasındaydım. Torpaqlarımızı qarış-qarış işğalçılardan azad edərək tarix yazdıq. Həqiqətən də, hər bir azərbaycanlı üçün Vətən müharibəsi şanlı tarix oldu. Bu tarix əsrlər boyu yaddaşlardan silinməyəcək.
Haqq savaşımızın iştirakçısı olaraq Azərbaycan Respublikasının Prezidenti tərəfindən "Cəsur döyüşçü" medalı ilə təltif olundum. Bu təltif Ali Baş Komandanın Azərbaycan Ordusunun hər bir əsgəri kimi məni qürurlandırdı.
Xalqın güvənc yeri, dövlətin varlığının qarantı onun ordusudur. Bu gün xalqımızın rəşadətli ordumuza inamı böyükdür, ordumuzun isə xalqımıza sədaqəti sonsuzdur. İşğaldan azad etdiyimiz əzəli torpaqlarımızda xidmətimizi davam etdiririk. Cənab nazirimiz tərəfindən hədiyyə ilə mükafatlandırılmağım sevincimi və məsuliyyətimi daha da artırdı. Sevincimi ikiqat artıran hədiyyəni işğaldan azad etdiyimiz ərazidə almağım oldu. Bu hədiyyə göstərir ki, komandanlığın və xalqımızın bizə olan inamını layiqincə doğrultmağa borcluyuq. Bu, bizim həm xidməti, həm də vətəndaşlıq borcumuzdur.
Hərbi xidmət hər birimizə daha məsuliyyətli olmağı aşılayıb. Vətəndaşlıq borcu bu məsuliyyətin mahiyyətini zənginləşdirir. Zənginləşən, zənginləşdirilən mahiyyət vətənsevərlikdir. Yəni, hərbi xidmət birmənalı şəkildə, Vətən sevgisi deməkdir. Vətən sevgisini hərbi xidmətimizin başlıca qayəsi bilir və bu amalla xidmət edirik.
Şəhidlərin hər birinin adı şərəf tariximizə əbədiyyən həkk olundu.
Oğlum Nihad da gələcəkdə hərbçi olmaq istəyir. Hər valideyn üçün övladını hərbi mundirdə görmək qürurverici və sevindiricidir. Yaşının az olmasına baxmayaraq, övladımın hərbi formaya olan sevgisini daim hiss edirəm.

Əsgər Sinan Çıraqov:
- Müdafiə naziri general-polkovnik Zakir Həsənov tərəfindən mükafatlandırılanlardan biri də mən oldum. Bu hədiyyənin mənim üçün hər zaman özünəməxsus yeri olacaq. Layiq görüldüyüm bu qiymətli hədiyyə unudulmaz və əvəzedilməzdir. Xidmətim müddətində ən yaddaqalan hadisələrdən birini yaşadım. Cənab nazir qalib ordunun əsgəri olaraq bundan sonra da nümunəvi xidmətlə fərqlənməyimizin, işğaldan azad etdiyimiz torpaqlarda ayıq-sayıq xidmət aparmağımızın zəruriliyini xüsusi qeyd etdi, xidmətin düzgün təşkili ilə bağlı müvafiq tapşırıqlarını verdi. Xidmətim boyu çalışacağam ki, göstərilən etimada layiq olum.
Ordumuz beynəlxalq hüquqla tanınan qanuni torpaqlarımızı işğaldan azad etmək üçün 44 günlük haqq savaşında qalib gəldi. Düşməni darmadağın etdi. Hər birimiz qürurluyuq. Qürurluyuq ki, Vətən müharibəsi iştirakçısı kimi tarixi bir hadisənin iştirakçısı və şahidi olan bir nəslin nümayəndəsi olduq. Ali Baş Komandanımızın əmri ilə 2020-ci ilin 27 sentyabrı  tarix oldu - Vətən müharibəsinin başlanğıcı kimi. 44 gün davam edən döyüşlərdə Azərbaycan əsgəri tarixi ədaləti bərpa etdi. Düşməni döyüş meydanında məğlubiyyətə uğratdı.  
Vətəni qorumaq və bu yolda böyük fədakarlıqlar göstərmək hər bir vətənpərvər gəncin qarşısında duran vəzifələrdəndir. Azərbaycan əsgəri hər zaman Ali Baş Komandanına və xalqına sadiq olub, onların etimadına hər zaman layiq olmağa çalışıb. Bu gün işğaldan azad etdiyimiz ərazilərdə şəxsi heyət üçün nümunəvi sosial-məişət şəraiti yaradılır. Azərbaycan Ordusunun əsgəri olaraq dövlətimiz və xalqımız qarşısında müqəddəs borcumuzu daha inamla yerinə yetiririk.
Bu gün xidmətdəyik. Biz də ordu sıralarından tərxis olunacağıq. Ordu sıralarından tərxis olunduqdan sonra da özümüzü Vətənin əsgəri biləcəyik. Biz vətəndaşlıq borcumuzu da əsl hərbçi sədaqəti ilə yerinə yetirəcəyik. Onda da qürurla deyəcəyik ki, Vətən, sənin əsgərinəm.

Fuad CƏFƏROV "Azərbaycan Ordusu"