Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

22 Sentyabr 2021 08:56

Şəhid qanıyla vətənləşən torpaqlar

Sübh tezdəndir. Dan yeri zülmətin pəncəsindən çətinliklə qopur. Yaxınlıqda yerləşən məscidin minarəsindən ucalan azan səsi, nəinki evin içinə, hətta bütün ruhuma, varlığıma daxil olur və yuxudan oyanıram... Bu nə möcüzədir, bu nə ilahi səsdir belə. Bu müqəddəs səsi hər gün eşidirsən, lakin ilk dəfəymiş kimi təsirlənirsən. Məncə insan ruhuna bu qədər hökm edən, bəsləyən, müsbət-əxlaqi duyğulara qərq edən ikinci bir səs ola bilməz...
Səhər yeməyini yeyib, hərbi mundirimi geyinib, günəşin doğuşu ilə yola düşürəm. Redaksiyamızın foto müxbiri ilə əsgərlərimizin görüşünə tələsirik. İstiqamət ötən il rəşadətli ordumuzun azad etdiyi ərazilərimizədir. Günəş başımızın üstünü kəssə də, qızmarlığı o qədər də təsiredici deyil. Çünki gah isti yayı xatırladan, hərdən də soyuqluğu ilə şaxtalı qışa muştuluq olduğunu söyləyən payız fəsli gəlir. Ağacları əlvan rəngə boyayan rəssamdır sanki payız. "Qızıl payız" bizə bağların bəhrəsini, buz bulaqların sərinliyini, dağların əzəmət və vüqarını, ana təbiətin gözəlliyini gətirir. Son bahar olan payız fəslinə "güz" də deyirlər. Dədə Qorqud dastanında da deyildiyi kimi "Güz almasına  bənzər al yanaqlım", yəni payız almasına bənzər al yanaqlım. Hətta payızda otlaqlarda cücərən otlara "güzdək" deyirlər.
...Bu il isə payız fəsli bir başqa ab-hava ilə gəlir. Çünki ötən ilin payızı hər ildəkindən fərqli keçdi, yaddaşlara bir başqa həkk olundu. 2020-ci ilin son baharı bəhrəsi, bolluğu ilə yanaşı ayrılıq, həzin duyğular fəsli oldu. Eyni zamanda torpaq həsrətinə son qoydu keçənilki payız. O son bahar, minlərlə oğullarımızın, ürəklərdə çiçəkləyən arzularının, diləklərinin, sevgilərinin son baharı, güzü oldu. Adaxlısının yolunu gözləyən neçə-neçə güz almasına bənzər al yanaqlının, övlad yolu gözləyən anaların, ata yolu gözləyən uşaqların həyatında kədərli iz, silinməz yara qoydu o payız. Yolu gözlənənlər Vətən uğrunda döyüşlərə atılmışdı. Şəhid olmuşdu, qazi olmuşdu. Onların ailələri üçün artıq çayların da, bulaqların da axarında bir kədər, qüssə, qəm, tənhalıq var. Saralıb ağaclardan ələnən yarpaqlar kimi onların da gözlərindən yaşlar süzülür, axan bulaqlar vida nəğməsi olur. Kədərli notları ilə yanaşı, qürurla, fəxrlə xatırlanır yaşanan o günlər, xoş xatirələr. Həmin qəhrəmanların valideynləri, doğmaları onların şəhidliyindən "Vətən sağ olsun!", deyərək qürurlanırlar. Onlar yarpaqlarını tökməsinə baxmayaraq torpağın üstündə dim-dik dayanan ağaclar kimi məğrur dayanırlar...
Ötən payız həm də otuz ilə yaxındır işğalda olan torpaqlarımızdan ayrı keçirdiyimiz son bahar oldu. Öz kədəri, qəm-qüssəsi ilə yanaşı yeni qəhrəmanlıq, qələbə dastanının ilk sətirlərinin yazıldığı günlər  oldu qızıl payız. Qızıl payızda düşmən üzərinə əks-hücuma keçən Azərbaycan oğulları tarixə qızıl hərflərlə həkk olunan şanlı zəfər qazandılar. Sentyabrın 27-də Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun başladığı  əks-hücum əməliyyatları 44 günün sonunda Böyük Qələbə ilə başa çatdı. Artıq payıza digər bənzətmələrdən daha gözəl yaraşan bir  ad vermək olar - qələbə fəsli... bundan sonrakı qələbə fəsillərində otlaqlardakı güzdəklər öz həqiqi sahibləri üçün boy atacaq.
Uzun yolun sonunda mənzil başına çatırıq. Zabit Səbuhi Qasımovla görüşürük. Səbuhi də qələbə fəslini sevinc və nikbin hisslərlə qarşılayanlardandır. Söhbətimizin əsas mövzusu "Dəmir yumruq" əks-hücum əməliyyatlarının başlamasından bir il ötməsi olur. Zabit həmin günlərdən danışır, danışdıqca qürurdan sinəsi qabarır, kədərdən gözləri dolur. Bu müqəddəs yolda silahdaşlarını, yaxın dostlarını itirdiyini bildirir. İkinci Qarabağ müharibəsinin iştirakçısı olan zabit qarışıq hisslərini sözlərlə ifadə edir. "Bu qələbənin 30 ilə yaxındır arzusunda olmuşuq. Torpaq həsrəti, erməni işğalının və  təcavüzünün qurbanı olan soydaşlarımızın qisas hissi ilə alışıb yanmışıq. Düşmən təxribatının qarşısını almaq üçün əks-hücum əmri gələndə,  üzlərdəki o sevinci, qüruru, qətiyyəti sözlə ifadə etmək çətindi. Hamı silahına sarılıb mətinliklə döyüşə atıldı. Prezidentimizin siyasi gücü, xalqımızın mənəvi dəstəyi ilə bütünləşdik. Düşməni əzəli torpaqlarımızdan qovmağa başladıq. Kəndlərimizin azad olunduğu xəbərini aldıqca daha da ruhlandıq. Ruhlandıqca döyüşə-döyüşə irəli atılır, qələbə gününə tələsirdik. Şükürlər olsun ki, döyüşləri zəfərlə başa vurduq və illərdir həsrətlə baxdığımız ərazilərdə bizim əsgərlərimiz xidmət aparır. Azərbaycan gənci və zabiti kimi çox qürurlanıram ki, Vətən müharibəsinin iştirakçısı oldum. Bu tarixi zəfərin qürurunu yaşayanlardan biri kimi dövlətimizlə və ordumuzla fəxr edirəm. Lakin qələbə sevinci ilə yanaşı müharibənin kədərli, ağrılı-acılı günlərini də unutmuram. Bu müqəddəs yolda şəhid olan bütün silahdaşlarımızın əziz xatirəsini daim yad edir, Allahdan onlara rəhmət, yaxınlarına səbir diləyirəm".
...Allah rəhmət eləsin igidlərimizə. Onlar öz qanlarıyla, canlarıyla zəfər tarixi yazdılar, tarixə yazıldılar. Necə deyirlər "torpaq uğrunda ölən varsa, Vətəndir". Hal-hazırda üzərində gəzdiyimiz bu  torpaqlar da şəhidlərimizin qanları  ilə vətənləşib.  
Artıq işğaldan azad olunan ərazilərdəyik. Zabitin xatirələri hər ikimizi elə ağuşuna aldı ki, yolun necə keçdiyinin fərqinə varmadıq. Buranın gözoxşayan təbiəti insanı valeh edir. Kənd uca dağların əhatəsindədir. Hər yer yaşıllıqdır, gur axan suyun səsi kəndin girişindən eşidilir. Kanalın mənbəyi kəndə füsunkar gözəllik vərən dağların arasındakı su anbarıdır.
Bu yerlərdə ötən il döyüşlər gedən zaman da tez-tələsik addımlamışdıq. Xeyli dəyişilib. Qısa müddətdə sürətli abadlıq və quruculuq işləri görülüb. Şəxsi heyətin xidmətini uğurla davam etdirməsi üçün yüksək şərait yaradılıb.
Bu ərazilərdə xidmət aparan bölmələrdən birinə gəlirik. Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Yusif Xanlarlı bizi qarşılayır. Yusif Tərtər rayonunda anadan olub. Müddətli həqiqi hərbi xidmətini başa vurduqdan sonra könüllü olaraq hərbi xidmətini davam etdirib. "Ordu sıralarına öz arzumla və istəyimlə qatıldım. Döyüşlər zamanı seçimimlə bir daha qürur duydum. Yaxşı ki, bu şərəfli peşənin mənsubu olaraq Vətən mübaribəsinin iştirakçısı oldum. Talış kəndinin və Suqovuşanın azad olunması uğrunda gedən döyüşlərdə iştirak etdim. Bu yerlərdə xidmət aparmağın məna yükü mənim üçün bir başqadır. Ötən il bu ərazilərin azad olunması üçün mərdliklə döyüşürdük. Neçə-neçə igid silahdaşım şəhid oldu. Onların qanı ilə sulanan torpaqlarımızda xidmət aparmaq mənim üçün müqəddəsdir. Əlbəttə, onlar bizim aramızdadır, qəlbimizdədir və xatirələri daim bizimlə yaşayır. Otuz ildən sonra buranın ilk sakinləri olmağın sevincini qürurla yaşayırıq. Bu hiss bizi hərbi xidmətə daha da ruhlandırır, qürurlandırır. Düzdür, itkilərimizə görə üzülürük, lakin qələbə qazanmağımıza sevinirik ki, şəhid qardaşlarımızın qanı yerdə qalmadı. Qisaslarını alaraq Böyük Qələbə qazandıq, torpaqlarımızı azad etdik."
Ali Baş Komandanın müvafiq Sərəncamı ilə "Suqovşanın azad olunmasına görə" medalı ilə təltif olunan Yusiflə söhbətimizi başa vurub bölmənin digər heyəti ilə tanış oluruq. Müşahidə postunda növbədən qayıdan əsgər Həsənağa Hüseynov əslən Salyan rayonundandır. Vətən müharibəsinin iştirakçısı olub. Talış kəndi və Suqovuşanın azad olunması uğrunda gedən döyüşlərdə iştirak edib. "Şanslı gənclərdənəm ki, əsgəri xidmətim Vətən müharibəsinə təsadüf etdi. Məncə bu hər bir gəncin arzusu idi. Hərbi xidmətə gələn gündən bir amalla xidmət edirdik, döyüş əmri olsun torpaqlarımızı işğaldan azad edək. Xalqımızın da dəstəyi ilə buna nail olduq. İnamlı qələbə qazandıq. Əzəli torpaqlarımızdan düşməni qovduq. Ötən il həsrətlə baxdığımız işğalda olan bu gözəl yerlər azaddır və artıq biz burada xidmət edirik. Bu bir başqa xoşbəxtlikdir, sevincdir. Qalib ordunun, qalib əsgəri kimi xidmətimi uğurla və layiqincə davam etdirirəm. Verilən tapşırıqların öhdəsindən məsuliyyətlə gələrək nümunəvi əsgər olmağa səy göstərirəm".
Əsgər Etibar Əmrahov da Həsənağa ilə eyni hissləri bölüşür. Bu ərazilərin işğaldan azad olunmasında o da mərdliklə döyüşüb. Xidmətinin son günlərini yaşayır. Tərxis olunmağına sayılı günlər qalan Etibar duyğularını belə ifadə edir. "Hərbi xidmətə gələndə heç düşünməzdim ki, xidmətimi bu hisslərlə başa vuracam. Düzdür, düşməndən qisas almaq, torpaqlarımızı azad etmək hər zaman arzumuz olub. Lakin bu şərəfli işin kimə qismət olacağını heç kim bilmirdi. Xoşbəxtəm ki, Vətən müharibəsi mənim də xidmət vaxtıma təsadüf etdi və tarixi zəfərimizdə minlərlə qəhrəman silahdaşımla çiyin-çiyinə döyüşdüm. Həmin günlər bir ömür boyu xatırlanacaq və gələcək nəsillərə qürurla danışılacaq xatirələrlə yaddaşımıza həkk olundu".
Bəli, Azərbaycan Ordusu elə bir qəhrəmanlıq dastanı yazdı ki, bütün dünya əsrlər boyu bundan danışacaq. İkinci Qarabağ müharibəsi qəhrəman xalq olduğumuzun bir daha sübutu oldu. Azərbaycanın mərd oğulları döyüş meydanında vətənpərvərlik, şücaət, mübarizlik, əzmkarlıq, dözümlülük... saymaqla bitməyən əsl qəhrəmanlara xas xüsusiyyətlər nümayiş etdirdilər. Bu qəhrəmanlıq müasir silahlarla, güclü maddi-texniki bazayla, yüksək döyüş hazırlığı ilə  bütünləşərək ordumuzun yenilməzliyini təmin etdi. Yeni zəfər tarixi yazıldı...
Bölmənin digər əsgərləri Orxan Məmmədov və Elməddin Babayev də bu zəfərin qazanılmasında  iştirakçı olub. Döyüşlərdən söhbət açanda digər əsgərlər kimi onların da simasından fərqli duyğular oxunur. Qürur, həyəcan, kədər... qarışıq hisslər. "Hər əsgər kimi biz də xalqımıza zəfər sevinci yaşatmağın qürurunu yaşayırıq", - deyərək hisslərini ifadə edirlər. "Döyüşlərin bir ilinə az qalır. Lakin dünən kimi yaddaşımızdadır. Hal-hazırda xidmət etdiyimiz yerlərin hər qarışı uğrunda qızğın döyüşlər gedib. Ərazilərimizi azad etdikcə yaşadığmız sevinci, silahdaşlarımız şəhid olanda keçirtdiyimiz kədəri heç vaxt unutmuruq. Burada xidmət aparmaq artıq ikiqat əhəmiyyətli və məsuliyyətlidir. Xidmətimizi düzgün təşkil edib, torpaqlarımızı göz bəbəyi kimi qorumaq bizim mənəvi borcumuzdur".
Bölmənin əsgərləri Sənan Xudiyev və Tural Mustafayev bir il bundan öncə hələ hərbi xidmətə yeni çağırılmışdılar. Döyüşlərdə iştirak etmək onlara qismət olmasa da azad olunan ərazilərimizdə ilk xidmət edən əsgərlər olmağın sevincini yaşayırlar. Yüksək əhval-ruhiyyə ilə xidmət edir, torpaqlarımızın keşiyində layiqincə dayanırlar. "Vətən müharibəsində iştirak edə bilmədiyimiz üçün çox üzülmüşdük. Hər gün komandirlərin əmrini gözləyirdik ki, biz də döyüşlərə qatılaq. Hərbi hissədə özümüzə yer tapa bilmir, gecələri belə yuxusuz qalırdıq. Hər an cəbhədən gələcək şad xəbərləri gözləyirdik.  Təəssüf ki, həmin günlərin qürurunu, sevincini döyüş meydanında yaşamaq bizə nəsib olmadı. Bu gün isə otuz ildən sonra azad olunan ərazilərin ilk sakini olmağın sevincini yaşayırıq. Hər gün əsgər yoldaşlarımızın  döyüş xatirələrinə qulaq asır, onlarla bir daha fərəhlənirik. Xoşbəxt gənclərik ki, qalib ordunun əsgəri, qalib dövlətin vətəndaşlarıyıq", - deyir Sənan və Tural.
Xalqımız da sizin kimi əsgərləri, rəşadətli ordusu ilə qürurlanır. Bölmədə müşahidə etdiyim sağlam mühit, səmimi münasibətlər, yüksək mənəvi-psixoloji vəziyyət və təminatın qaydasında olması xoş təəssürat yaradır. İşğaldan azad olunan ərazilərimizdə əsgərlərlə görüşə gəlmək, söhbətləşmək, məqalələr hazırlamaq bizi də qürurlandırır. Bir vaxtlar bu günlərin arzusunda, xəyalında idik. Müzəffər Ali Baş Komandan və rəşadətli Azərbaycan Ordusu arzularımızı çin etdi. "Belə reportajları Şuşada, Laçında, Kəlbəcərdə, Ağdamda... hazırlayaq" arzuları keçən ilin son baharında kamına çatdı. Zəfərimizlə arzularımıza, xəyallarımıza, tariximizə və misralarımıza yeni baharlar gəldi.

Mahmud MÖHBALIYEV "Azərbaycan Ordusu"

fotolar Namiq PƏNAHOVUNDUR