Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

18 Sentyabr 2021 09:56

“Azərbaycan əsgəri haqq-ədaləti bərpa etdi”

Ötən ilin sentyabrında Ermənistan ordusunun həyata keçirdiyi genişmiqyaslı təxribatlar nəticəsində bütün cəbhəboyu mövqelərimiz və yaşayış məntəqələrimiz iriçaplı silah, minaatan və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutuldu. Təxribatın qarşısını almaq və mülki əhalinin təhlükəsizliyini təmin etmək üçün Ali Baş Komandanın döyüş əmri ilə Azərbaycan Ordusu əks-hücum əməliyyatına başladı. Döyüşlərin ilk günündən etibarən ordumuz inamla irəliləyərək, düşməni təlaş içində saxladı. İllərdir işğalda qalan tarixi torpaqlarımızı cəsur döyüşçülərimiz ard-arda azad etdi. Bu irəliləyiş xain düşməni geri çəkilmək məcburiyyətində qoydu. Mərd oğullarımız sinəsini düşmən gülləsinə sipər edərək, torpaq uğrunda, Vətən uğrunda düşmənin üzərinə şığıdı. Yüksək döyüş hazırlığına malik olan əsgərlərimiz düşmənin canlı qüvvəsini, hərbi obyektlərini, mövqelərini və döyüş texnikalarını aşkar edərək məhv edirdilər. Qəlbi Vətən eşqi ilə döyünən oğullarımızın qorxmazlığı nəticəsində torpaqlarımız erməni vandallarından təmizləndi. Beləliklə, cəmi 44 gün ərzində Azərbaycanın 28 illik həsrətinə son qoyuldu və xalqımızın tarixi-mədəni irsində xüsusi yeri olan Şuşa şəhəri, eləcə də işğalda olan digər ərazilərimiz azad edildi. Xalqımızın ümummilli lideri Heydər Əliyev 6 may 1996-cı il tarixində Şuşa və Laçın rayonlarının sakinləri ilə görüşdə çıxış edərək demişdir: "...Mən bütün həyatımı xalqa xidmət etməyə həsr etmişəm, bundan sonra da bu yolla gedəcəyəm. Başqa yolum yoxdur. Vətənə, millətimə, xalqıma məhəbbət, müstəqil Azərbaycan dövlətinə, Azərbaycan Respublikasına hədsiz məhəbbət mənim həyatımın mənasıdır, məzmunudur. Buna tam arxayın ola bilərsiniz. Arxayın ola bilərsiniz ki, bütün bu problemlərin, xüsusən Laçın, Şuşa probleminin həll olunması üçün mən bundan sonra da öz səylərimi əsirgəməyəcəyəm...". Ulu Öndərin bu vədi Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə baş tutan “Dəmir yumruq” əməliyyatı zamanı öz məntiqi təsdiqini tapdı. Ali Baş Komandanın Şuşa şəhəri azad olunanda dediyi “Xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim” ifadəsi Qarabağın Azərbaycan üçün əhəmiyyətini bir daha göstərdi.
Bu fikirlərin ağuşunda Vətən müharibəsi dövründə Ali Baş Komandanın əmrlərini ləyaqətlə yerinə yetirən və hər zaman torpaqlarımızın keşiyində ayıq-sayıq dayanan, bunun üçün canından belə keçməyə hazır olan əsgərlərimizin görüşünə gəldik. Xeyli yol qət etdikdən sonra mənzil başına çatırıq. Burada bizi gizir Elnur Səlimov salamladı. Söhbət zamanı Elnurun uzun illərdir ordu sıralarında xidmət etdiyini, Tovuz döyüşləri və Vətən müharibəsinin iştirakçısı olduğunu öyrəndik. Hər zaman hərbçi olmaq istədiyini deyən gizir söhbətə başladı. "Uşaq vaxtımdan hərbi geyimli adamları çox görürdüm. Onların uca səslə komanda vermələrini, şux addımlarla hərəkət etmələrini, əynindəki formaya hörmətlə yanaşıb səliqə-sahmanla gəzdirmələrini və bir çox keyfiyyətləri gördükdən sonra bu peşəyə olan marağım daha da artdı. Bu səbəbdən mən də hərbçi olmaq, şərəfli peşə mundirini əynimdə gəzdirmək, xalqıma, dövlətimə xidmət etmək və Vətən torpaqlarımızı düşməndən müdafiə etmək qərarına gəldim".
"Bizim müqəddəs borcumuz Vətən torpaqlarımızı qorumaqdır", - deyərək gizir Elnur Səlimov söhbətinə davam etdi. "İstənilən an düşmən təxribata əl ata bilər. Lakin biz buna heç bir zaman yol verməyəcəyik. Çünki peşəkar komandirlərimiz sayəsində doyüş hazırlığımız yüksək səviyyədədir. Keçən il baş verən və şanlı qələbəmizlə yekunlaşan Vətən müharibəsi bunun bariz nümunəsidir. Döyüşlər zamanı düşmən geri çəkilmək məcburiyyətində qaldı. Biz onların bölmə, mövqe, hərbi texnika və obyektlərini məhv etdik. Döyüşçülərimizin qarşısında tab gətirə bilməyən erməni əsgəri isə döyüş meydanından qaçmaqdan başqa çıxış yolu tapa bilmədi. Beləliklə, Ali Baş Komandanımızın rəhbərliyi altında doğma Qarabağımız yağılardan azad edildi".
Əslən Tovuz rayonundan olan müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu baş əsgər Samir Tağıyev də söhbətimizə qoşulur. "Ordu sıralarında xidmət etməyin məsuliyyətini və müqəddəsliyini yaxşı dərk edirəm. Bilirəm ki, düşmən heç bir zaman məkirli niyyətindən əl çəkməyəcək. Buna görə üzərimə düşən vəzifəyə məsuliyyətlə yanaşıram. Komandirlərimizin verdiyi əmr və tapşırıqları vaxtlı-vaxtında yerinə yetirirəm". Vətən müharibəsindən də söz açan Samir qüdrətli ordumuzun xain düşmənə layiqli dərs verdiyini dedi. - Döyüşlər zamanı hər kəs öz vəzifə borcunu şərəflə yerinə yetirirdi. Artilleriyaçılarımız dəqiq hesablamalar apararaq düşmən hədəflərini sərrast atəş nəticəsində məhv etdilər. Kəşfiyyatçılarımız inamla irəliləyərək düşmənin kabusuna çevrildilər. Hərbi pilotlarımız xüsusi peşəkarlıq nümayiş etdirərək, bütün hədəflərə dəqiq aviasiya zərbələri endirdilər. Cəsur oğullarımız üçün minalanmış ərazidə cığır açan mühəndislərimiz də qarşıya qoyulan tapşırıqların öhdəsindən layiqincə gəldilər. Rəşadətli ordumuzun inamlı irəliləməsi nəticəsində Zəfər qazandıq. Azərbaycan əsgəri haqq-ədaləti bərpa etdi. Sevinirəm ki, xalqımızın bizə olan etimadını doğrultduq.
Ucar rayonunda dünyaya göz açan əsgər Musavi Beydullayevlə tanış olduq. Söhbətimiz zamanı öyrəndik ki, onun əmisi Kərim Beydullayev Birinci Qarabağ döyüşlərində şəhidlik zirvəsinə yüksəlib. "Söz verdiyimiz kimi biz torpaqlarımız uğrunda şəhidlik zirvəsinə yüksələn hər bir soydaşımızın qisasını aldıq. Onların qanını yerdə qoymadıq. Mənfur düşməni torpaqlarımızdan qovub çıxartdıq".
"Bildiyiniz kimi düşmən mütəmadi olaraq döyüş mövqelərimizə hücum cəhdi edib, dinc əhalimizi atəşə tuturdu", - dedi əsgər Səyyad Salahlı. "Lakin ötən ilin sentyabr ayında həyata keçirdikləri təxribat artıq səbrimizin son damlası oldu. Cəbhəboyu əks-hücum əməliyyatı başladı. Döyüşlərin ilk günündən etibarən peşəkar ordumuz düşmənin silah və sursat anbarlarını, hərbi hissələrini və şəxsi heyətini məhv etdi. İllərdir işğalda qalan rayon və kəndlərimiz azad edildi. Şəhidlərimizin qisası alındı. Bununla da bütün dünya bildi ki, ordumuzun qarşısında heç bir güc dura bilməz. O torpaqlar hər zaman bizim olub, bizimdir və bizim olacaq!"
Əsgərlər Xanlar Osmanlı, Elcan Babazadə, İslam Hüseynov və digərləri söhbətə qatılaraq müzəffər ordumuzun əldə etdiyi qələbədən, Zəfərdən söz açdılar. Məğrur və igid döyüşçü kimi formalaşan əsgərlərimiz hər zaman Vətənin keşiyində durmaqdan qürur duyduqlarını bildirdilər. Neçə-neçə qəhrəmanlarımızın cəng yeri olan barıt qoxulu səngərlərdə onların miras qoyduğu Vətən torpağını canları, qanları bahasına qoruyacaqlarına söz verdilər.
Sözümüz söz, andımız Vətən torpağı deyərək əsgərlərlə xoş düşüncələr ağuşunda vidalaşırıq...
Allah sizləri, Azərbaycan əsgərini qorusun.

Orxan HÜSEYNLİ "Azərbaycan Ordusu"