Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

11 Sentyabr 2021 10:00

Şəhidlik əbədiyyət zirvəsidir

Şəhidlik mənəviyyat, əbədiyyət zirvəsidir. Bəşəriyyət bu zirvəylə qürurlanır. Bəşəri yaşadan bu qürurdur.
Nisgilimizdi, kədərimizdi, ürək ağrımızdı, həm də qürurumuzdu şəhidlər. Vüqarımızdı, fəxrimizdi, ölməzliyimizdi, örnəyimizdi...
Sentyabrın 27-də əks-hücum əməliyyatı ilə başlayan, 44 gün davam edən və işğal altındakı tarixi torpaqlarımızın azad olunması ilə başa çatan Vətən müharibəsi tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının iftixarına  çevrildi. Rəşadətli Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə illər çəkən problemi döyüşlə həll etdi.
Düşünürəm: bəlkə də dünyada yeganə xalqıq ki, o günlərdə döyüş meydanında hər birimizin doğmasının olmasına rəğmən, müharibə xəbərini sevinclə qarşıladıq. Çünki savaşımız haqq savaşı idi. Torpaqlarımızı işğaldan azad etmək üçün illərlə döyüş gününü gözləyirdik. Son damla qanımıza qədər vuruşmağa hazırdıq. Anasının qucağında doğma yurd yuvasından qovulanlar, zorla didərgin salınanlar, Xocalı intiqamıyla böyüyənlər, Qarabağ həsrətini çəkənlər Ali Baş Komandanın əmri ilə yumruq kimi birləşdilər. Müzəffər ordumuzun cəsur igidləri torpaqlarımızın hər qarışını düşməndən azad edərək, xalqımızı Böyük Qələbə ilə müjdələdilər.
Müharibə itkisiz, acısız olmur. Vətən müharibəsində də xalqımızın mərd oğulları düşmən əsarətində olan torpaqlarımız uğrunda canlarından keçdilər.
O günlərdə Vətən, millət, xalq yolunda ali məqama yüksələnlərdən  biri də çavuş Rüfət Vaqif oğlu Sadıqov oldu. O, 13 noyabr 1995-ci ildə Daşkəsən rayonunun Quşçu kəndində anadan olub. 2013-cü ildə Quşçu kənd Əli İsmayılov adına orta məktəbini bitirib. 2014-cü ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. 2015-ci ildə Vətən qarşısında müqəddəs borcunu layiqincə yerinə yetirib. 2016-cı ildə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi "N" hərbi hissəsində xidmətə başlayıb. Xidmət müddətində dəfələrlə Fəxri fərmanlarla təltif olunub.
Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu çavuş Rüfət Sadıqov 2020-ci il oktyabrın 4-də Kəlbəcər uğrunda gedən döyüşlərdə şəhid olub. Nəşi tapılaraq dekabrın 19-da Daşkəsən rayon Şəhidlər xiyabanında dəfn edilib.
Çavuş Rüfət Sadıqov Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət göstərdiyinə görə Prezident İlham Əliyevin Sərəncamı ilə "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif olunub.   
Şəhidlik zirvəsinə yüksələnlərin ömür yolu şərəfli və örnək sayılır. Azərbaycan torpaqları erməni daşnaklarının təcavüzünə məruz qalandan bu günə kimi xalqımızın vətənpərvər övladları, yaşından asılı olmayaraq, ana Vətənin harayına səs verib, ölümün gözünə dik baxıblar.
Bu gün şəhid ağrısı hər birimizin ağrısıdır. Bir gözü qələbənin qüruruyla parlayan xalqın bir gözü şəhidinə ağlayır.
Tərifə ana kövrəkliklə söz açdı şəhid övladından: "Mən oğlumla fəxr edirəm. Vətənimə, xalqıma layiqli övlad böyütmüşəm. Rüfət çox vətənpərvər, torpağını, xalqını sevən qeyrətli bir oğul idi. Əsgəri xidmətini başa vurduqdan sonra ordu sıralarında xidmətini davam etdirmək istədiyini bildirdi. Ailə böyüklərinin xeyir-duası ilə xidmətə başladı. Ən böyük arzusu torpaqlarımızın düşmən tapdağından azad olunmasını, üçrəngli bayrağımızın Qarabağda dalğalanmasını görmək idi. Bu gün balamın ürəyinin üstündə gəzdirdiyi üçrəngli müqəddəs bayrağımız işğaldan azad edilən kəndlərimizdə, şəhərlərimizdə dalğalanır...".
Şanlı Azərbaycan Ordusunun böyük şücaəti, döyüş bacarığı, yenilməzliyi və böyük qalibiyyəti sayəsində indi üçrəngli bayrağımız Qarabağda dalğalanır. Bu, ədalətin bərpası, ordumuzun düşmənə verdiyi ən sarsıdıcı həyat dərsi, düşməndən alınmış ən ağır intiqam oldu.
Rüfət kimi qardaş itirən İradə deyir ki, düşünəndə ki, qardaşım Vətən, torpaq uğrunda şəhid olub, müqəddəs bir məqama yüksələrək ölümsüzlük qazanıb, ürəyimə rahatlıq çökür. Mənim qardaşım vətənpərvər, mehriban, qayğıkeş bir insan idi. Onun kimi igid bir qardaşım olduğu üçün fəxr edirəm.
Bacısı Fəridə də qardaşı ilə bağlı xatirələrindən, onun qorxmazlığından, cəsurluğundan danışaraq bildirdi: "Düzdür, mənim üçün ağırdır, çox çətindir, amma o qədər də qürurlu və şərəflidir. Çünki qardaşım şəhidlik zirvəsinə ucalıb. Qardaşımla fəxr edirəm. O, bu şərəfli ölümü ilə ölümsüzlüyü qazandı. Mənim qardaşım heç zaman ölməyəcək, hər zaman yaşayıb və yaşayacaq".
"Şəhidi olmayan xalqın mənliyi, kimliyi bilinməz, azadlığı canı ilə, qanı ilə qazanmayan xalq hər vaxt kölə kimi gözüqıpıq olar" - deyiblər. Qürurluyuq. Çünki düşmənə layiqli cavab verən igid oğullarla eyni Vətənin vətəndaşıyıq, qalibiyyətini bütün dünyaya bəyan edən bir xalqın nümayəndəsiyik.
Şəhidlik əbədiyyətdir. Hər birimiz şəhidlərimizi əzizimiz bilirik, xatirələrini həmişə ehtiramla yad edirik. Şəhidlərimiz qəlbimizdədir, onlar əbədiyyən ürəklərdə yaşayacaqdır....

Günay TAĞIYEVA "Azərbaycan Ordusu"