Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

11 Sentyabr 2021 10:00

Ali Baş Komandan İlham ƏLİYEV: “Heç bir qüvvə bizi dayandıra bilməz”

Ermənistan işğalçı dövlət kimi tanınsa da onu diplomatik vasitələrlə qınayan dövlətlər az olmuşdu. Belə vəziyyət işğalın sonlanmasında siyasi təsir vasitəsi ola bilmədi. BMT Təhlükəsizlik Şurasının, ATƏT-in Minsk qrupuna daxil olan dövlətlərin 28 ilə həll edə bilmədiyi münaqişəni Azərbaycan Ordusu döyüşlə 44 günə həll etdi.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Vətən müharibəsində xalqa müraciətində belə demişdi: "Heç bir qüvvə bizi dayandıra bilməz". Qadir ordumuz Ali Baş Komandanın qətiyyətlə dediklərini yerinə yetirdi. Dünya ictimaiyyəti də, Azərbaycanın ədalətli müharibəsinə bəşəri niyyətlə baxan dövlətlər də, işğalı, işğalçını gizlin-aşkar dəstəkləyən dövlətlər də gördülər ki, məqamında Azərbaycanın "hər daşından alov dilli ox olur". Məqam 2020-ci ilin 27 sentyabrı oldu.
Vətən müharibəsi Zəfərlə başa çatandan az sonra işğaldan azad edilmiş ərazilərimizdə söhbətləşdiyim əsgərlərdən biri demişdi ki, daha heç bir dövlət cəsarət edib bizim ərazilərimizə göz dikə bilməz. Başqa hərbi hissədə xidmət edən əsgərlərin düşüncələri də həmin əsgərin düşüncələrinin eyni idi. Əvvəllər də, indi də yaşadığımız qürurun Vətən sevgisinə söykəndiyini bilirik. Zabitlərin əsgərlərə sevgi bildiyimiz kəlmələrinə görə də qürurlanırıq. Bu qürurun eynini zabit Pərviz İbrahimovun "Şuşada döyüşçülərin təbrikləşməsi mənim də ürəyimi dağa döndərdi. Həm qələbəyə görə, həm qələbə qazananların arasında olduğuma görə, həm də qaliblərin bir-birini bu səviyyədə doğması bildiyinə görə..." kəlmələrindən sonra da yaşamışdım...
Vətən müharibəsindən əvvəl ön xətdə, səngərlərdə əsgərlərin döyüş əzmini, qələbə ruhunu Ali Baş Komandanın döyüş əmrinin əsgəri bilmişdim. Həmin vaxtlarda döyüş növbətçiliyindən qayıtmış əsgər Samir Əkbərov demişdi ki, sıra hazırlığı da, nizamnamələri öyrənmək də, hərbi bilikləri mənimsəmək də, öyrəndiklərini təlimlərdə möhkəmləndirmək də, döyüş növbətçiliyi də, torpaqlarımızın işğaldan azad edilməsi də qələbə üçündü. Ali Baş Komandanın döyüş əmri ilə döyüşəcəyik, qələbə qazanacağıq, torpaqlarımızı işğaldan azad edəcəyik.
Əsgərin dedikləri ətrafdakı əsgərlərin də baxışlarını qarşı yaxaya yönəltmişdi. Mənim baxışlarım əsgərlərin dönməz baxışlarına sarılmışdı. Onda zabit Cabir Muradov demişdi ki, atam Birinci Qarabağ müharibəsi iştirakçısıdı. Onun müharibə xatirələri ilə cavanlaşmışdıq. Bu xatirələr orta məktəbi bitirəndə də peşə seçimimdə gərəkli oldu. Hərbçi olmaq istədiyimi bildirəndə atam bir anlığa üzümə baxdı, sonra divardakı şəkilə. "Onların əvəzindən sən döyüşərsən, oğul. Onların döyüş yolunu sədaqətlə davam etdirərsən...", - dedi və davamlı baxışları üzümə dikildi. Bu baxışları həm xeyir-dua bildim, həm də şəhidlərə ehtiram. Bu kəlmələşməni əsgərlərimizə də danışmışam. Onlar da Ali Baş Komandanın əmri ilə başlayacaq döyüşlərdə şəhidlərin ruhunu da döyüşənlərin sırasında biləcəklər. Onların da əvəzindən döyüşəcəklərini deyirlər...". Bu söhbətdən az sonra Vətən müharibəsi başladı. Zabit Cabir Muradovla döyüşlərdə də görüşdük. Həmin söhbəti xatırlatdım. Gülümsündü. Əlini xəyalları uzaqları dolaşan əsgərin çiyninə qoydu. "Vətən müharibəsindən əvvəl bu əsgər məndən eşitdiyi həmin söhbəti xatırlatmadan dedi ki, mən də, əsgər yoldaşlarım da təkcə öz əvəzimizdən deyil, həm də şəhidlərin əvəzindən döyüşəcəyik...". Bu kəlmələri Azərbaycanın haqq savaşına əsgər qətiyyəti bildim. Onda əsgər Kərim Mirzəyevin dediyi kəlmələr də bizə könül xoşluğu verdi: Biz hərb istəmirik, hərbə hazırıq! Yəni Azərbaycanımız tolerant dövlətdir, müharibə istəmir. Ancaq ərazilərimizə tamahlananları susdurmağa qətiyyətimiz də var, gücümüz də.
Azərbaycan Ordusu döyüşürdü. Bu döyüş vətənpərvərliyin işğalçılıqla döyüşüydü. Müharibələr tarixi təsdiqləyir ki, işğalçılıq müvəqqəti qələbə qazana bilər, ancaq qəti qələbə vətənpərvərliyindir.
Vətən müahribəsindən az sonra işğaldan azad edilmiş ərazimizdə zabit Ruslan Novruzovla söhbətləşəndə demişdi:
- Əsgərlərimiz indi də döyüş növbətçiliyi aparırlar. Bu növbətçilik Vətən müharibəsindən əvvəlki döyüş növbətçiliyindən fərqlənir. Əvvəllər bu növbətçiliyin mahiyyəti Ali Baş Komandanın əmri ilə döyüş növbətçiliyindən döyüşə səngərdən getməyə niyyəti idi. Ermənilik səbəbindən başlayan müharibəyə görə 2020-ci il sentyabrın 27-dən noyabrın 10-na kimi döyüş növbətçiliyi olmadı. Zəfərdən sonra aparılan döyüş növbətçiliyinin mahiyyəti ərazi bütövlüyümüzü qorumaqdı.
Vətən müharibəsi başlayanda dünya dövlətlərinin əksəriyyəti bu müharibənin işğalı sonlandırmaq üçün aparılıdığına haqq qazandırdı, bəziləri müharibənin dayandırılmasını israr etməklə işğalı qeyri-rəsmi dəstəklədi.
Vətən müharibəsi ərəfəsində Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar dedi: "Dağlıq Qarabağı işğal edən Ermənistana qarşı Azərbaycanın yanındayıq. Azərbaycan tək deyil". Bu dünyəvi fikir, dövlətlərarası münasibətlərdə bu səmimi münasibət dünya dövlətlərinin diqqətini Azərbaycanın xarici siyasətini müəyyənləşdirən qətiyyətə yönəltdi. Dünya dövlətləri gördü ki, "Zülmün topu var, gülləsi var, qəlpəsi varsa, Haqqın da bükülməz qolu, dönməz üzü vardır" (Tofiq Fikrət). Onu da dərk etdi ki, işğalın sonuna az qalıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciətində dedi: "Dünyada heç bir qüvvə bizi haqq yolundan döndərə bilməz. Dünyada heç bir ölkə bizim iradəmizə təsir edə bilməz. Biz haqq yolundayıq. Biz qalib gəlirik. Biz zəfər çalırıq və biz öz torpaqlarımızı geri alacağıq, ərazi bütövlüyümüzü bərpa edəcəyik". Bu əminlik ordunun şəxsi heyətinin döyüş əzmini, qələbə ruhunu da kükrətdi. Vətən müharibəsi başlayanda ürəyində təpər, dizində taqət olanların hamısı döyüşlərə getmək istəyirdi; Vətən müharibəsi xalqın müharibəsi kimi başlamışdı, xalqın müharibəsi kimi davam edirdi. Xalq "Dünyada heç bir qüvvə bizi haqq yolundan döndərə bilməz" kəlamının əsgəri idi. Vətən müharibəsi başlayanda Birinci Qarabağ müharibəsinin iştirakçısı olmuş ata hərbi xidmətdən ötən il tərxis olunmuş oğlu ilə birlikdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə rayon şöbəsinə müraciət edib: "Kiçik oğlum hərbi xidmətdədi. Yəqin ki, o da döyüşlərdədi. Biz müharibəni evdən izləyə bilmərik. Biz də döyüşlərə getməliyik...". Ata da, oğul da döyüşlərə cəlb olunub. Hər üçü Vətən müharibəsinin sonuna kimi döyüşüb. Hər üçü Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə müxtəlif medallarla təltif edilib.
Neçə il əvvəl Azərbaycanın Milli Qəhrəmanı Çingiz Qurbanov adına postdaydıq. Salman kişi bir vaxtlar oğlunun döyüş növbətçiliyi apardığı postdan qarşı tərəfi müşahidə etmişdi, sonra yüksək rütbəli zabitlərdən birinə müraciətlə, "Ali Baş Komandan döyüş əmri verəndə oğlumun əvəzinə mən də döyüşəcəm. Xahiş edirəm, murazımı gözümdə qoymayın...", - demişdi. Əsgərlərdən biri zabitdən icazə alaraq Salman kişinin Çingizin barelyefinə tərəf uzalı qalmış əlini əlində isitmişdi, "Çingizin əvəzindən atası deyil, biz qardaşları vuruşacaq. Qələbədən sonra burada Çingizin ruhuna gözaydınlığı verərik...". Salman kişinin baxışları əsgərin baxışlarına qarışmışdı. Belə doğmalıq hamımıza könül xoşluğu vermişdi...
2016-cı ilin aprelində Azərbaycan Ordusunun qazandığı qələbə çağırışçıların da, yeniyetmələrin də qürurunun təntənəsi oldu. Bu günün əsgərləri onda məktəbliydi, 6-cı, 7-ci sinifdə oxuyurdular. Döyüşənlər haqqında, qəhrəmanlar haqqında məqalələr, kitablar oxuya-oxuya, televiziyada verilişlərə baxa-baxa mətinləşirdilər. Bu mətinləşmə əsgərləşməyə hazırlıq imiş. Onlara elə gəlirdi ki, günlər ləng ötüşür. Vətən müharibəsi başlayanda hərbi xidmətdəydilər. Hamısı bir-birinə, komandirləri hamısına "Məqam həmin məqamdı, Azərbaycan əsgəri!" deyirdi. Kəlmələr ana öyüdüydü sanki, Ana Vətənin tapşırığıydı, min illərin o üzündən dikələn dövlətçilik Azərbaycan əsgərinin Vətən sevgisini kükrətmişdi. Bu kükrəyiş döyüş sədası oldu...
Ermənistan işğal etdiyi ərazilərdə mühəndis-istehkam sistemi yaratmışdı, işğal müddətində onu möhkəmləndirirdi, təkmilləşdirirdi. Əks-hücum əməliyyatı kimi başlayan, Vətən müharibəsi kimi davam edən döyüşlərdə ordumuz düşmənin bu sistemini darmadağın etdi.
Vətən müharibəsində işğaldan azad edilmiş mövqelərdə döyüşlərarası fasilədə döyüşçülərlə söhbətlər müddət baxımından uzun çəkmirdi. Çox şey öyrənmək, öyrəndiklərimizin məğzini ictimailəşdirmək  istəsəm də buna vaxt olmurdu. Müharibədə əsasən baxışlar danışır. Belə mükalimələşmələr qısa suallarla qısa cavabların mükalimələşməsi olurdu. Onda "Qələbədən sonra indi döyüşlər gedən ərazilər də əkilib-becəriləcək, müharibənin izi torpaqda deyil, tarixdə qalacaq...", - demişdim. Əsgərlərdən biri qətiyyətlə, "Vətən müharibəsi həmin günü tezləşdirəcək..." - demişdi və döyüşçü yoldaşlarına baxmışdı. Baxışların doğmalığından sezdiklərim Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təkcə Ermənistana deyil, ona havadarlıq edən dövlətlərə də ünvanlanan fikirlərinin işığı idi. Bu işıq həm də döyüşlər gedən səmti kifayət qədər səxavətlə işıqlandırırdı. Onda bir daha əmin olmuşdum ki, torpaqlarımıın işğaldan qurtuluşuna az qalıb...
Bu günlərdə işğaldan azad edilmiş ərazimizdə əsgərlərlə söhbətləşəndə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin xalqa müraciətində dediyi bir fikri də xatırladıq: "Bu gün buraya bu torpaqların sahibləri kimi qayıtmışıq, azad edilmiş bütün torpaqlarda Azərbaycan bayrağı dalğalanır. Bu gün mən Müzəffər Ordumuzun Ali Baş Komandanı kimi Hadrut qəsəbəsində milli bayrağımızı qaldırdım. Bu bayraq burada əbədi dalğalanacaq. Biz azərbaycanlılar bundan sonra öz dədə-baba torpaqlarımızda əbədi yaşayacağıq. Bütün dağılmış şəhərləri, kəndləri yenidən quracağıq, həyat qayıdacaq, insanlar qayıdacaq və biz bütün dünyaya bir daha xalqımızın böyüklüyünü göstərəcəyik".
Onda əsgərlərdən biri qürurla, əminliklə dedi ki, Zəfər təkcə işğalı sonlandırmadı. Zəfər həm də görk oldu: heç bir dövlət cəsarət edib Azərbaycanla müharibəyə başlamaz. Əsgərin dedikləri həm də "Heç bir qüvvə bizi dayandıra bilməz" fikrindən barınırdı... Azərbycan Ordusunun işğaldan azad etdiyi ərazilərdə quruculuq işləri böyük məsuliyyətlə, böyük sevgilərlə davam edir...
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şuşada Vaqif Poeziya Günlərində çıxışında dedi: "... ədalətə nail olmaq üçün çalışmaq lazımdır. Hədəfə doğru getmək lazımdır. Ədaləti bərpa etmək üçün fədakarlıq lazımdır. Bu gün biz hamımız ürəyimizdə deyirik və açıq deyirik ki, bəli, ədalət var, ədalət bərpa edildi, biz bu gün Şuşadayıq və bundan sonra Şuşada əbədi yaşayacağıq".
İctimaiyyət bu kəlamları "Heç bir qüvvə bizi dayandıra bilməz" fikrinin davamı kimi yaşadı...

Rəşid HÜSEYNOV "Azərbaycan Ordusu"