Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

8 Sentyabr 2021 10:00

“Məsuliyyətlə xidmət edirik, məsuliyyətli vətəndaş olacağıq”

"Elin o başı, bu başı olmur". El deyimlərindəndir. Bu düşündürücü deyimi "Vətənin o başı, bu başı olmur" kimi də deyə bilərik; Vətən sərhədlərlə əhatələnmiş ərazi olduğuna görə, hər tərəfi ruhumuzun ad göstəricisi olduğuna görə. Ata Laçındandı, köçkün düşüb, Şəkidə məskunlaşıb. Evlənib, oğlu olub. Rauf şəkilidirmi, laçınlıdırmı? "Şəkini də sevirəm, uşaqlığım, yeniyetməliyim orada keçib. Atamın söhbətlərini hər xatırlayanda Laçına dönəcəyimiz günün həsrətiylə necə yaşadığını heç zaman unutmaram, unuda bilmərəm", - əsgər Rauf Həsənli belə dedi. Bu fikirləri onun düşüncələrinin mahiyyəti kimi dinlədim.
Hərbi hissənin zabiti Sənan Cəlilov onun nümunəvi xidmət etdiyini, Nizamnamələrin tələblərini məsuliyyətlə yerinə yetirdiyini dedi:
- Əsgər Rauf Həsənli Azərbaycan Dövlət İqtisad Universitetinin məzunudur. Hərbi hissədə keçirilən bütün tədbirlərdə fəal iştirak edir. Ailədə valideynlərindən, məktəbdə müəllimlərindən eşitdikləri, şagird olanda da, tələbə olanda da mütaliəsi onun dünyagörüşünün formalaşmasında müstəsna rol oynayıb. O, həm də əsgər dostluğunu arzulanan səviyyədə yaşatmağı bacarır.
Rauf uşaqlıq illərindən söz açır.
- Aprel döyüşləri zamanı orta məktəbdə oxuyurdum. Sinif yoldaşlarım kimi mən də yaşımızın azlığına görə döyüşlərə gedə bilməzdik. Aprel döyüşləri haqqında oxuduqlarımız, eşitdiklərimiz ordumuzun torpaqlarımızı işğaldan azad edəcəyi inamımıza döndü. Tez böyümək, hərbi xidmətə getmək istəyirdik. Onu da arzulayırdıq ki, kaş torpaqlarımızın işğaldan azad edilməsi üçün döyüşlər biz əsgər olanda başlayaydı..., - Rauf belə dedi.
Vətən müharibəsindən danışdıq, torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdən, qəhrəmanlıqlardan, qəhrəmanlardan danışdıq. "Laçının işğaldan azad edildiyini eşidəndə atamın yaşadığı duyğular mənim Vətən anlayışımı kükrətdi. Atamın kövrəldiyini ilk dəfə onda gördüm. Bir daha anladım ki, Vətən ruhumuzun beşiyidi...", - nümunəvi xidmət edən əsgərin düşüncələrini də bəyəndim.
Söhbətləşəndə əsgər Rauf Həsənli onu da dedi ki, əsgərin döyüş hazırlığı ordunun döyüş hazırlığı deməkdir. Buna görə də hər əsgər təkcə özünün deyil, həm də ordunun döyüş hazırlığının yüksəldilməsinə məsuliyyət daşıyır. Həm hərbi məsuliyyət, həm də mənəvi məsuliyyət. Bu hazırlıq Vətən müharibəsində qalibiyyəti təmin etdi. Ordumuzun şəxsi heyəti bundan sonra da yüksək döyüş hazırlığıyla fərqlənəcək, bundan sonra da dünyanın ən güclü ordularından biri kimi tanınacaq...
Söhbətimizin əvvəlində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Dünyada heç bir qüvvə bizi haqq yolundan döndərə bilməz. Dünyada heç bir ölkə bizim iradəmizə təsir edə bilməz. Biz haqq yolundayıq. Biz qalib gəlirik. Biz zəfər çalırıq və biz öz torpaqlarımızı geri alacağıq, ərazi bütövlüyümüzü bərpa edəcəyik" fikirlərini xatırladan əsgər Azərbaycan vətəndaşlarının, Azərbaycanı sevənlərin Zəfərdən sonrakı mənəvi vəzifələrindən danışdı, fikrini ölkə başçısının "Bu gün buraya bu torpaqların sahibləri kimi qayıtmışıq, azad edilmiş bütün torpaqlarda Azərbaycan bayrağı dalğalanır. Bu gün mən Müzəffər Ordumuzun Ali Baş Komandanı kimi Hadrut qəsəbəsində milli bayrağımızı qaldırdım. Bu bayraq burada əbədi dalğalanacaq. Biz azərbaycanlılar bundan sonra öz dədə-baba torpaqlarımızda əbədi yaşayacağıq. Bütün dağılmış şəhərləri, kəndləri yenidən quracağıq, həyat qayıdacaq, insanlar qayıdacaq və biz bütün dünyaya bir daha xalqımızın böyüklüyünü göstərəcəyik" fikri ilə tamamladı.
Əsgər Babək Əliyev deyir ki, Raufla eyni universitetin məzunuyuq. Tələbəlik illərində hərbi xidmət, hərbi xidmətə getmək haqqında düşünərdik. İndi əsgərik. Rauf da, mən də, digər əsgər yoldaşlarımız da bütün əmr və göstərişləri məsuliyyətlə yerinə yetiririk.
- İqtisadçıyam. Hərbi xidmətdən sonra işğaldan azad edilmiş ərazilərimizdə işləmək niyyətindəyəm. Vətən müharibəsində iştirak etmədik, Zəfərdən sonra quruculuq işlərində iştirak edəcəyik...
Əsgər Rauf Həsənlinin düşüncələri  bizə bir həqiqəti əminliklə yaşatdı: Azərbaycan əsgəri torpağını məsuliyyətlə, sevgilərlə qoruyur da, hərbi xidmətdən sonra işğaldan azad edilmiş ərazilərimizdə quruculuq işlərində eyni sevgilərlə iştirak edəcək də...
 
Rəşid HÜSEYNOV "Azərbaycan Ordusu"