Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

8 Sentyabr 2021 10:00

Şəhidlər hər birimizin doğmasıdır

Şəmkirdə anadan olmuşdu. Şəmkirdə böyüyüb boya-başa çatmışdı. Cahangir Rüstəmov adına orta məktəbi bitirmişdi. O da uşaqlığından müharibənin nə olduğunu dərk etmişdi. Düşmənin atəşkəsi pozmasını, sərhədlərimizdə təxribatlar törətməsini, ərazilərimizi işğal olunan ərazilərdən də atəşə tutduğunu o da bilirdi. Digər həmyaşıdları kimi bunları ağrılarla yaşayanlardan biriydi Emin. Sonuncu sinifdə oxuyanda Aprel döyüşləri başlamışdı. Yoldaşları kimi o da döyüşlərə getmək istəmişdi. Müəllimləri şagirdlərinin bu istəyini bəyənsələr də demişdilər ki, düşmənin hücumunun qarşısını ordumuz alacaq, siz borcunuzu hərbi xidmət zamanı yerinə yetirərsiniz. Eyni fikirləri onlara Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə rayon şöbəsində də demişdilər.
Ali təhsil almaq istəyi ilə sənədlərini universitetə vermişdi. Qəbul imtahanlarından yığdığı bal qəbul olunmağa imkan vermədi.
Emini də hərbi xidmətə çağırdılar.
Təcrübəli əsgər yoldaşlarının, zabitlərin məsləhətləri ilə hərbi xidmətə alışır, alışa-alışa hərbi xidməti sevirdi. Hərbi xidmətinin onuncu ayında əsgər yoldaşlarına demişdi ki, mən gələcək həyat yolumu müəyyənləşdirdim. Həqiqi hərbi xidmətdən sonra da xidmət edəcəm. Ali Baş Komandanın əmri ilə başlayacaq döyüşlərdə mən də iştirak edəcəm. Şəmkirə qaliblər kimi qayıdacam. O vaxtlar universitetə qəbul oluna bilməyəndə bir qədər təəssüflənmişdim, indi o gün üçün sevinirəm...
Emin Alməmmədov hərbi xidmətdən tərxis edildi. Xidmətini gizir kimi davam etdirdi.
Bütün hərbi qulluqçular kimi Emin Alməmmədov da torpaqalrımızın işğaldan azad edilməsi uğrunda döyüşlərin başlayacağı günün intizarındaydı. Ali Baş Komandanın əmri ilə döyüşəcəkdilər.
2020-ci ilin sentyabrın 27-də Ermənistan silahlı birləşmələri böyk təxribatlar törətmək, yeni ərazilər işğal etmək niyyəti ilə müxtəlif istiqamətlərdən hücuma keçdi. Azərbaycan Ordusunun hissələri düşmənin hücumunun qarşısını qətiyyətlə aldı. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin əmri ilə əks-hücum əməliyyatı başladı. Bu əməliyyat ilkin olaraq düşmənin hücumunun qarşısını almaq idi, Vətən müharibəsi kimi davam etdirildi. Gizir Emin Alməmmədov da döyüşənlərin sırasındaydı...
Murovdağ istiqamətində gərgin döyüş gedirdi. Murovdağ aşırımı Kəlbəcərə aparacaq döyüş yolunun başlanğıcı idi. Döyüşçülər Kəlbəcərə aparacaq bu yolların sonunda qələbə olacağını bilir və bu qələbəni tezləşdirmək üçün döyüşürdülər.
Vətən müharibəsinin ilk günü idi. Ağır döyüş gedirdi...
Emin Alməmmədova müharibənin gecəsini görmək qismət olmadı; Emin Alməmmədov şəhid oldu...
Vətən müharibəsi Zəfərlə başa çatdı. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamları ilə Emin Alməmmədov "Hərbi xidmətlərə görə", "Vətən uğrunda" və "Kəlbəcərin azad olunmasına görə" medalları ilə təltif edildi...
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Xocəsəndə şəhid ailələri və müharibə əlillərinə mənzil və avtomobillərin verilməsi mərasimində çıxışında dedi: "Birinci və İkinci Qarabağ müharibələrinin şəhidlərinin qisasını döyüş meydanında aldıq və bununla fəxr edə bilərik. Öz yaxınlarını itirmiş insanlar, hesab edirəm, bununla təsəlli tapa bilərlər. Çünki onların qəhrəmanlığı, onların şücaəti və fədakarlığı torpaqlarımızın azad olunmasına xidmət etdi. Məhz onların qanı bahasına biz torpaqları almışıq, geri qaytarmışıq". Ölkə başçısının  minnətdarlığı bütün şəhidlərimizə ünvanlanıb...
Şəhidlər hər birimizin doğmasıdır...

Mübariz MUSAYEV "Azərbaycan Ordusu"