Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

8 Sentyabr 2021 10:00

Azərbaycanın ərazi bütövlüyü göz bəbəyi kimi qorunur

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev ordu quruculuğunu diqqət mərkəzində saxladığını çıxışlarında dəfələrlə vurğulayıb. Ölkə rəhbərliyinin qarşıya qoyduğu əsas vəzifələrdən biri ordunun gücləndirilməsi və ölkənin hərbi qüdrətinin yüksəldilməsi olub. Azərbaycan Ordusunun döyüş qabiliyyətinin artırılması, modernləşməsi və ən son hərbi texnologiyalara yiyələnməsi istiqamətində zəruri addımlar atıb. Ötən ilin 27 sentyabrında başlayan və 44 gün davam edən "Dəmir yumruq" əməliyyatı Azərbaycan əsgərinin döyüş hazırlığı ilə yanaşı, Vətən sevgisini də dünyaya nümayiş etdirdi. Göstərdi ki, mərd oğullarımız Vətəni göz bəbəyi kimi qorumağa və onun yolunda canını fəda etməyə hər zaman hazırdır.
Müzəffər Ali Baş Komandanın sərkərdəliyindən, xalqın sonsuz dəstəyindən güc alan rəşadətli Azərbaycan Ordusu haqq savaşı ilə ölkəmizin Zəfər salnaməsini yazdı. Vətənin müdafiəsini özünə müqəddəs vəzifə bilən oğullarımız düşməni döyüş meydanında darmadağın etdi. Düşmənin 30 il ərzində yaratdığı "məğlubedilməzlik mifi"ni dağıtmaq üçün 44 gün kifayət etdi Azərbaycan əsgərinə. Vətən müharibəsilə xalqın ordusuna inamı bir daha öz təsdiqini tapdı və torpaqlarımız işğaldan azad olundu, tarixi ədalət bərpa edildi. Dövlət başçımızın iradəsi, xalqımızın həmrəyliyi, ordumuzun şücaəti haqq döyüşümüzün Böyük Qələbə ilə sonlanmasında əsas rol oynadı. 2020-ci il 8 noyabr təqvimi tariximizə qızıl hərflərlə həkk olundu, uzun illər həsrətində olduğumuz torpaqlar öz sahiblərinə qayıtdı. Bu gün dədə-baba torpaqlarımızda günəş yenə  həqiqi sakinləri üçün doğur.
Günəşin bizlər üçün doğduğu bu yerlərdə Vətənin müdafiəsində duran oğulların görüşünə gəlmişik. İlk müsahibim müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Cəlal Orucov oldu. "Sülh danışıqlarının baş tutmayacağı təqdirdə müharibə qaçılmaz idi. Separatçı qüvvələrin son zamanlar təxribatlara əl atması haqq savaşımızın başlanmasında qığılcım oldu. Çoxdan gözlənilən zaman artıq yetişmişdi, Azərbaycan əsgərinin öz tarixi və müqəddəs missiyasını layiqincə yerinə yetirəcəyinə heç kimin zərrə qədər şübhəsi yox idi. Qısa müddət ərzində bizlər sayəsində torpaqlarımız işğaldan azad olundu, ərazi bütövlüyümüz bərpa edildi. Rəşadətli ordumuz hünər meydanında tarixi ədaləti bərqərar etdi. Hərbçi olaraq xidmət etdiyim dövrdə hər zaman torpaqlarımızın işğaldan azad olunması üçün Ali Baş Komandanımızdan gələcək döyüş əmrini gözləyirdim. Ali Baş Komandanın əmrilə əks-hücum əməliyyatı başladı. Döyüşənlərin sırasındayam...
Bu döyüşlərdə ordu da, xalq da Vətən qarşısında vətəndaşlıq borcunu layiqincə ödəmək üçün hər kəs səfərbər olmuşdu. Xalqın orduya inam və dəstəyi bütün dünyaya, sözün həqiqi mənasında, birlik və həmrəyliyimizi nümayiş etdirdi. Azərbaycan xalqı göstərdi ki, onun qələbə əzmini heç nə qıra bilməz. Azərbaycan əsgəri xalqın və Ali Baş Komandanının ona olan etimadını layiqincə doğrultmağı bacardı. Bu gün tam əminliklə deyə bilərik ki, ordumuzun güclü olmasının başlıca səbəbi Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin son illərdə apardığı "güclü dövlət, güclü ordu" strategiyasıdır. Qələbəni xalqa bəxş etmək üçün canlarından keçən şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə şəfa diləyirəm. Şəhid valideynlərinin qarşısında baş əyirəm. Övladları Vətən uğrunda canlarını qurban verdilər. Şəhidlərimizin adı, əziz xatirəsi Azərbaycan xalqının qəlbində hər zaman yaşayacaq".
Növbəni təhvil verən əsgər Həsənağa Hüseynovla da söhbətləşdik. "Tarixən bu torpaq igid oğullar məskəni olub, bu gün də tarixi qəhrəmanlıq ənənələrimiz layiqincə yaşadılır. 2020-ci il sentyabrın 27-də başlayan haqq savaşımızın tarixi Zəfərlə sonlanması Azərbaycan əsgərinin dəmir iradəsi, Ali Baş Komandanın yenilməz qətiyyəti və xalqın birliyinin məhsuldar nəticəsidir. Hər kəs bu günü çoxdan gözləyirdi. Azərbaycan əsgəri ona olan inamdan güc alaraq tarix yazdı. Bu tarix əsrlər boyu yaddaşlarda qalacaq. Şanlı ordumuz qısa müddət ərzində böyük uğurlara imza ataraq düşmənin uzun illər "möhkəmləndiyi" istehkamları yerlə yeksan etdi. Bu gün işğaldan azad olunan tarixi torpaqlarımızda xidmət edirəm. Hərbi sirlərə dərindən yiyələnməyə çalışır, komandirlərin tövsiyələrini diqqətlə dinləyirəm. Hərbi xidmət mətinlik, dözümlülük, qorxmazlıq keyfiyyətlərimi artırmaqla yanaşı, Vətən sevgisinin də nə demək olduğunu mənə dərindən öyrədir. Bizlər də qəhrəman oğullarımızın canı və qanı bahasına azad olunan və bizə əmanət edilən torpaqları göz bəbəyi kimi qorumalıyıq". Həsənağayla söhbət əsnasında öyrəndik ki, idmanın kikboksinq növü ilə məşğul olub və yaşının az olmasına baxmayaraq müxtəlif miqyaslı turnirlərdə nailiyyətlər qazanıb. "Uşaq yaşlarımdan kikboksinqlə məşğul oluram. Bir neçə dəfə Avropa və Respublika birincisi adını qazanmışam. Avropa birinciliyinin finalında rəqibim erməni idi. Birinci raundun ilk dəqiqəsində rəqibimi yerə sərməyi bacardım. Sevincimin həddi-hüdudu yox idi. Bu gün də Vətəni müdafiə edən biri kimi, torpağıma əl uzadanın əllərini qırmağa hazıram".
Əsgər Xanlar Xanlarov isə hərbi xidmətin bu torpaqda boya-başa çatan hər kəs üçün övladlıq borcu olduğunu qeyd edərək söhbətə başladı. "Hərbi xidmət övladlıq borcudur. Bu torpaqda böyüyüb boya-başa çatan hər kəs bu torpağın suyu və havası ilə yaşayır. Bunun üçün də Vətəni yaşatmağa borcludur və onu müdafiə edərək kənar qüvvələrdən qorumağa hər zaman hazır olmalıdır. İşğalda olan torpaqlarımız və doğma yurdundan didərgin salınan insanlar haqqında valideynlərimdən və müəllimlərimdən çox eşitmişəm. Xocalı hadisələri, Birinci Qarabağ müharibəsi dövründə əsirlərimizə işgəncələrin verilməsi düşmənə nifrətimi son həddə çatdırmışdı. Hərbi mundir geyinib ordu sıralarına qatılacağım günün həsrəti ilə alışıb-yanırdım. Qismət elə gətirdi ki, döyüşlərin birbaşa iştirakçısı olmasam da, işğaldan azad olunan tarixi torpağımızda Vətənimi müdafiə edirəm. Böyük fəxr hissi ilə deyirəm ki, 44 günlük Vətən müharibəsi Azərbaycan əsgərinin istər döyüş hazırlığının, istərsə də vətənpərvərlik ruhunun yüksək olmasını sübut etdi. Bu keyfiyyətləri üstün olan əsgər qarşısıalınmazdır. Xalqın mənəvi dəstəyindən, Ali Baş Komandanının qətiyyətindən güc alan Azərbaycan Ordusu düşmənin layiqli cavabını verdi, onu məğlubiyyətə məhkum etdi. Bu gün fəxr edirəm ki, haqq savaşımızda iştirak edən hərbi hissədə xidmət edirəm və komandirlərim də bu döyüşlərə qatılmış təcrübəli zabitlərdir. Xidmətimizin qalan hissəsində də komandirlərimizin təcrübələrindən faydalanacaq, əsl döyüşçü kimi formalaşmağım üçün əlimdən gələni edəcəyəm. Gördüyümüz işin müqəddəsliyini dərk edirəm. Bundan sonra da Azərbaycan əsgəri olaraq xalqımızın və Ali Baş Komandanımızın bizlərə olan inamını və etimadını layiqincə doğruldacağam".
Əsgərlər Elməddin Babayev, Ehtibar Əmrahov və Orxan Məmmədovun torpaqlarımızın keşiyində durmaqdan fəxarət hissi keçirdiklərinin şahidi olduqca, əmin oldum ki, rəşadətli ordumuz vətənpərvər, qorxmaz, cəsur oğullardan ibarətdir. O cəsur oğullar ki, haqq savaşımızda geriyə bir addım atmadı, döyüş meydanında yaralansa da silahdaşlarını tək qoymadı, ancaq irəlilədi. Qazanılan Böyük Qələbə cəmiyyətimizin xoş ovqatını daha da artırdı, şəhidlərimizin ruhunu rahatlatdı, onların ailələrinin təsəllisi oldu. İkinci Qarabağ müharibəsi ordumuzda aparılan quruculuğun və modernləşmənin nəticələrinin döyüş meydanında praktiki isbatı oldu. Bu gün həm vətənpərvər oğullarımıza, həm də müasir standartlara cavab verən arsenalımıza arxalanaraq qətiyyətlə deyə bilərik ki, Azərbaycanın ərazi bütövlüyü göz bəbəyi kimi qorunur, müstəqilliyimiz əmin əllərdədir. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!

Fuad CƏFƏROV "Azərbaycan Ordusu"