Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

4 Sentyabr 2021 10:00

“Bu gün üçün atama minnətdaram...”

Ermənistan silahlı birləşmələri 2016-cı ilin aprelində irimiqyaslı təxribat törətmək məqsədi ilə müxtəlif təyinatlı atıcı silahlardan istifadə etməklə Azərbaycanın ərazilərinə hücum etdi. Azərbaycan Ordusunun hissələri hücumun qarşısını aldı, əks-hücumla düşməni geri çəkilməyə məcbur etdi. Bu döyüşlər Azərbaycan Ordusunun torpaqlarını işğaldan azad etməyə qadir olduğunu təsdiqlədi. Düşmən bunu etiraf etmədi. Etiraf etsəydi, təklif olunan sülh danışıqları ilə razılaşardı. Ancaq işğalçılıq niyyəti bəşəri duyğuları nəinki korşaldır, həm də şikəst edir. Ermənistanın xarici siyasəti də bu vəziyyətə düşmüşdü. 2020-ci ilin iyulunda Ermənistan silahlı qüvvələri Tovuz rayonu ərazisindən hücuma keçdi. Bu hücumun da qarşısı qətiyyətlə alındı...
Ermənistan silahlı birləşmələri 2020-ci il sentyabrın 27-də müxtəlif istiqamətlərdən ərazilərimizə yenidən hücum etdi. Ali Baş Komandanın əmri ilə əks-hücum əməliyyatı başladı. Bu əməliyyatın davamı Vətən müharibəsi oldu.   
Rəcəbəli Mirzəzadə Lənkəranın Nərimanabad kəndindəndir. Nərimanabad məktəbini, sonra Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbini bitirib. Vətən müharibəsi ərəfəsində ön xətdə xidmət edirdi. Rəcəbəlinin xidmət etdiyi hərbi hissə də döyüşə cəlb olundu.
Baş leytenant Rəcəbəli Mirzəzadə də komandanlığın döyüş tapşırıqlarını məsuliyyətlə, diqqətlə yerinə yetirirdi. Barmaqları tətiyi sıxanda ona elə gəlirdi ki, qələbə bir atış müddətincə tezləşəcək.
Döyüşçülərlə döyüşqabağı Vətən müharibəsinə qədər aparılan söhbətlərin mahiyyətini tamamlayan söhbətlər etmişdi. Müharibələr tarixindən maraqlı faktlar danışmışdı. Qələbənin təkcə döyüş texnikalarının, silah-sursatın hesabına qazanılmadığını da demişdi. Demişdi ki, qələbəni əsgər qazanır. Müharibədə əsgər döyüşçüdü, indi siz də döyüşçü olursunuz. Sizin də cəsarətlə, qətiyyətlə döyüşəcəyinizə inanıram. Komandanlıq da inanır. İnanırıq ki, Vətən  sizi qalib əsgər kimi alqışlayacaq. Bu söhbət böyük coşqu yaratmışdı.
Müxtəlif döyüş əmrləri olurdu. Müharibədə bəzən belə əmrlər az qala bir-birini saniyələrcə izləyirdi. Yəni, bəzən əmrin biri yerinə yetirilər-yetirilməz digəri verilir. Belə məqamlarda zabitlər də, əsgərlər də əmrləri həm məsuliyyətlə, həm də təmkinlə yerinə yetirməyin döyüş şəraitinə hansı səviyyədə təsiri olacağını yaxşı bilirdi. Təkcə nəzəriyyəyə görə deyil, həm də Birinci Qarabağ müharibəsinin təcrübələrinə görə.
Füzuli rayonu istiqamətində gərgin döyüşlər gedirdi. Düşmən ciddi müdafiə olunurdu. Xeyli canlı qüvvə itirsə də müdafiə olunurdu. Komandanlığın əmri ilə düşmənin əsas diqqəti məhz bu istiqamətə cəmləşdirilməli idi ki, sol cinahdan əlverişli hücum şəraiti yaransın, döyüşçülərimiz düşmənin müdafiə səddini yarsın.
Baş leytenant Rəcəbəli Mirzəzadəyə məruzə edildi ki, iki tank yaxınlaşır. Hansı duyğuların təsiriyləsə onları sıradan çıxartmağı öz üzərinə götürdü. Döyüşdüyü yerdən beş-altı addım aralananda hiss etdi ki, buradan uyarlı yer çətin olsun. Dayandı. Nəfəsini dərib qarşı tərəfi izlədi. Tankların ikisini də aydınlığıyla görürdü. Nişan aldı. Əvvəl biri, sonra digəri məhv edildi.
Baş leytenant Rəcəbəli Mirzəzadə sonrakı döyüşlərdə də düşmənə xeyli tələfat verdi, həm döyüş texnikalarını, həm də canlı qüvvəsini sıradan çıxartdı.
Təsadüfən düşmənin bir pilotsuz uçuş aparatını müşahidə etdi. Belə məqamlarda hər saniyənin öz hökmü olduğunu bilirdi; bir qədər əlverişli mövqe seçdi. Onu təkcə gözləriylə deyil, ürəyiylə də müşahidə edirdi. Bir anlığa gözdən itdi. Ürəyinin döyüntülərinin çılğınlığını sakitləşdirməyə çətinlik çəkdiyi anlarda düşmənin pilotsuz uçuş aparatı yenidən göründü. Saniyələr ötüşüncə PUA nişangahda idi. Saniyələr ötüşüncə PUA alışdı...
Cəsarətli zabitin iki-üç addımlığına düşən mərminin qəlpələrindən ciddi xəsarət almamasını döyüşçülər möcüzə adlandırıblar, xoş bir möcüzə...
Baş leytenant Rəcəbəli Mirzəzadə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamları ilə "Cəbrayılın azad olunmasına görə", "Qubadlının azad olunmasına görə" və "Laçının azad olunmasına görə" medalları ilə təltif olunub.
"İnsan özünə minnətdar ola bilərsə, buna haqqı çatarsa, mən özümə də minnətdaram, atama da. Mən 2010-cu ildə orta məktəbi bitirəndə hərbçi olmağa son qərarımı bildirəndə atam mənə xeyir-dua verdi. O qərarım olmasaydı, kim bilir, Vətən müharibəsində iştirak edə biləcəkdimmi...", - baş leytenant Rəcəbəli Mirzəzadə belə dedi. Qürurlandım...

Rəşid HÜSEYNOV "Azərbaycan Ordusu"