Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

4 Sentyabr 2021 10:00

“Döyüşlərdən alınan xəbərlər xalqımızı sevindirirdi”

Vətən müharibəsi iştirakçısı olan zabit və əsgərlərlə söhbət etdikcə istər-istəməz ürəyimiz açılır, qəlbimiz qürur və sevinclə dolur. Onların danışdıqlarına qulaq asdıqca gözlərimiz qarşısında döyüş səhnələri canlanır. Bu səhnələrdə Azərbaycan zabitini, Azərbaycan əsgərini igid, məğrur və cəsur görürük.
Həmsöhbət olduğum kapitan Qənbər Fətəliyev də Vətən müharibəsinin iştirakçısıdır. Danışdıqlarından hiss olunur ki, çoxları kimi o da 44 gün ərzində döyüşənlərin sırasında Vətənin hər qarış torpağının azadlığına can atıb. Şükürlər olsun ki, bu Qənbər kimi mərd oğullarımızın haqq savaşı zəfərlə, qələbə ilə tamamlanıb.
Söhbət zamanı öyrəndim ki, kapitan Qənbər Fətəliyev Cəbrayıl rayonunun Sirik kəndində anadan olub. Uşaqlıq çağlarının ən gözəl günlərində - altı yaşında doğma yurd-yuvasından didərgin düşüb. Erməni qəsbkarları isti yay günlərinin birində Cəbrayıl rayonunun başqa yaşayış məntəqələri kimi Sirik kəndini də işğal ediblər. Zabitin uşaqlıq dövrü çətinliklər içində keçib. Kiçik yaşlarından düşmənə nifrət hissi ilə böyüyən Qənbər orta təhsilini başa vurduqdan sonra zabit olmaq arzusu ilə sənədlərini Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə verib. İlk addımı uğurlu alınıb, gələcəyin zabiti arzusuna çatıb. Qənbər Fətəliyev hərbi təhsil ocağında artilleriya ixtisasına yiyələnib. 2010-cu ildə ali hərbi məktəbi başa vurub. 2011-ci ildə Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində “Zabit ixtisasartırma kursu” keçib. Elə həmin ildən də gənc zabit kimi "N" hərbi hissəsində xidmətə başlayıb.
- 27 sentyabr 2020-ci ildə Ermənistan silahlı qüvvələrinin təxribatları nəticəsində Vətən müharibəsi başlandı, - deyə kapitan Qənbər Fətəliyev bizimlə söhbətə körpü saldı. - Əks-hücum əməliyyatlarının ilk günündən ordumuzun hissələri işğalçılara sarsıdıcı zərbələr vurdu. Nəticədə bir neçə kəndimiz ermənilərdən azad olundu. Düşmənlə baş verən ilk qarşılaşmadan, ilk döyüşdən hiss olundu ki, Azərbaycan Ordusu  illərdən bəri işğal altında qalmış torpaqlarımızı düşməndən azad etməyə hazır və qadirdir. Müharibə davam etdikcə yaşayış məntəqələrimiz bir-birinin ardınca qəsbkarlardan azad edilirdi. Cəbhənin müxtəlif istiqamətlərindən alınan şad xəbərlər xalqımızı sevindirirdi. Ordumuzun zabit və əsgərləri döyüşlərdə böyük hünər və qəhrəmanlıq göstərirdilər. Azərbaycan Ordusundan güclü zərbələr alan düşmən ağır itkilər verərək geri çəkilirdi. Addım-addım torpaqlarımız işğalçılardan təmizlənirdi. 44 gün davam edən müharibə zamanı başqa şəhər və kəndlərimiz kimi mənim doğulduğum Cəbrayıl rayonunun Sirik kəndi də erməni işğalçılarından azad olundu. 28 ildən sonra böyük sevinclə ata-baba ocağına qayıtdım. Uşaqlığım keçən doğma yurdumuzu qarış-qarış gəzdim. O yerlərin təmiz havasını uddum, suyundan içdim. Şükürlər olsun ki, evlərimizi, kəndlərimizi erməni işğalçılarından azad gördüm. Gözəl günlər, gözəl anlar yaşadıq. Ürəyimiz açıldı, qəlbimiz sevindi. İnanıram ki, ordumuzun azad etdiyi bu yerlər yaxın zamanlarda yenə də doğma sakinlərini qoynuna alacaq. Qürurluyam ki, torpaqlarımızın azad olunması uğrunda gedən döyüşlərdə zabit kimi mən də üzərimə düşən tapşırıqların öhdəsindən gəldim.
Kapitan Qənbər Fətəliyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə "Cəbrayılın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə", "Şuşanın azad olunmasına görə" və "Şücaətə görə" medallarına layiq görülüb.

Vahid MƏHƏRRƏMOV "Azərbaycan Ordusu"