Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

4 Sentyabr 2021 10:00

Vətən müharibəsindəki qələbəmiz şəhid ailələri üçün təsəllidir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin işğaldan azad edilmiş ərazilərə səfərləri də, qazilərə, şəhid ailələrinə dövlət səviyyəsində diqqət və qayğısı da ictimaiyyətin dövlətə, dövlətçiliyə sədaqətini dönməzləşdirir. İşğaldan azad olunmuş ərazilərdə başlayan quruculuq işlərinin mahiyyəti Zəfərin davamıdır, qazilərə, şəhid ailələrinə qayğı dövlətin daxili siyasətinin tərkib hissələrindəndir. Hər ikisi Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsini, dünyəviliyinin təkmilləşdirilməsini, vətəndaş-dövlət münasibətlərinin aliliyini təmin etməkdədir.
İşğalın sonu olan Zəfər azad edilmiş ərazilərimizdə quruculuq işlərinin başlanğıcıdır. Quruculuq işləri mərhələlərlə yerinə yetirilir. Hər bir vətəndaş bu prosesin iştirakçısıdır; quruculuqda bilavasitə iştirak edənlər də, çalışdığı sahədə vəzifə borcunu məsuliyyətlə yerinə yetirənlər də.
Ermənistanın işğalçılığına son qoyuldu. Azərbaycan Ordusu Ermənistan ordusunu darmadağın etdi. Üçtərəfli (Azərbaycan, Ermənistan, Rusiya) bəyanat Ermənistanın rəsmi məğlubiyyət sənədi idi. Lakin ermənilik xisləti razılaşmanın müddəalarının tam bitkinliyi ilə yerinə yetirilməsinə imkan vermir. Bu, təkcə məğlub dövlətin məğlubiyyətə görə yaşadıqlarının nəticəsi deyil, həm də dövlətdaxili ermənilik sindromlarının tərpənişidir. İşğaldan azad edilmiş ərazilərimizdə Ermənistan silahlı birləşmələrinin razılaşmaları pozması da üçtərəfli bəyanatın bütün şərtlərinə əməl edilmədiyini göstərir. Ancaq qarşı tərəfdən fərqli olaraq Azərbaycan üzərinə götürdüyü öhdəlikləri, bəyannamənin müddəalarını yerinə yetirir və beynəlxalq qurumlar tərəfindən tanınmış sərhədləri çərçivəsində quruculuq işlərini həyata keçirir, ermənilərin talan və viran etdiyi ərazilərimizdə hərbi, mülki infrastrukturların bərpası ilə məşğuldur. Bütün bunlar 30 ilə yaxın yurd həsrətilə yaşayan vətəndaşlarımızın ata-baba yurdlarına qayıtmasını təmin etmək məqsədilə həyata keçirilir.
"CNN Türk" kanalına müsahibəsində ölkə başçımız bu məqama da münasibətini bildirdi: "Ümid edirik ki, Rusiya bundan sonra da bu bölgənin təhlükəsizliyi üçün öz səylərini əsirgəməsin və uzunmüddətli sülhü təmin etmək üçün addımlar atsın. Eyni zamanda, bizim gözləntimiz odur ki, Rusiya Ermənistanı silahlandırmasın. Biz bu məsələni Rusiya tərəfinə çatdırmışıq. Bu, bizi narahat edir. Müharibə başa çatıb. Yəni, erməni xalqı da bu vəziyyətlə barışıb. Erməni rəhbərliyi də məğlubiyyətlə barışıb..."
Azərbaycan Respublikasının Prezidenti İham Əliyevin Kəlbəcər və Laçın rayonlarına gəlişi də yüksək ovqat yaşatdı. Bu ovqat Vətən müharibəsi qəhrəmanlarının da, şəhid ailələrinin də Vətənə sevgisini kükrətdi. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının yaradılmasının həm siyasi, həm də iqtisadi əhəmiyyətə malik olduğunu onlar da bilir və buna bir ürək tutumunca sevinir. Ölkə başçısı Kəlbəcərə və Laçına səfərində çıxışında dedi: "...Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları yaradıldı. Hesab edirəm ki, bu da çox düzgün addımdır. Bu, həm tarixə əsaslanır, eyni zamanda, gələcəyə əsaslanır. Çünki həm Qarabağ, həm də Zəngəzur bizim tarixi dədə-baba torpağımızdır. Qarabağ iqtisadi rayonunda bütün Qarabağ bölgəsinə aid olan rayonlar birləşdi. Şərqi Zəngəzur iqtisadi rayonunda Şərqi Zəngəzura aid olan rayonlar birləşdi...". İndi dünya qalib Azərbaycan dövlətinin qüdrətinin konturlarını daha əhatəli görür. Görür ki, Qarabağ dünyanı, tarixi bütöv Qarabağ kimi salamlayır. Bu bütövlük dünyanı Zəfərdən sonra daha böyük bir həqiqətin etirafına yönəldir.
İctimaiyyət ölkə başçısının işğaldan azad edilmiş ərazilərə səfərlərini qayıdışa hazırlıq, qayıdışa zəmanət bilir. Bu səfərlər illərin həsrətini yaşamışlara bir ürək tutumunca ümiddir, gerçək ümid, gerçəkliyin adaşı ümid. İctimaiyyət ölkə başçısının bu səfərlərini də, səfərlərdə çıxışlarını da böyük coşqu ilə qarşılayır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bir kəlamını xatırlayıram: "...Bütün dağılmış şəhərləri, kəndləri yenidən quracağıq, həyat qayıdacaq, insanlar qayıdacaq və biz bütün dünyaya bir daha xalqımızın böyüklüyünü göstərəcəyik". Dövlət başçımızın işğaldan azad edilmiş ərazilərdə çıxışlarını, dediyi fikirləri xalq "böyük qayıdış" üçün tikintilərə, infrastrukturların yaradılmasına başlanğıc bilir və bu başlanğıcın sevincini Zəfərin davamı kimi yaşayır.
Azərbaycanda işğaldan azad edilmiş şəhərlər, qəsəbələr, kəndlər tezliklə yenidən qurulacaq! Bakının Binəqədi rayonunun Xocasən qəsəbəsində şəhid ailələri və müharibə əlillərinə mənzillərin və avtomobillərin təqdim olunması mərasimi belə ovqat yaşayanlara böyük sosial stimul oldu. Onlar mərasimə bu ovqatla gəlmişdilər.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərasimdə çıxışında qürurla bildirdi ki, Vətən müharibəsində qazandığımız Zəfər dünyanın aparıcı dövlətlərinin diqqət mərkəzindədir: "Təsadüfi deyil ki, bu gün dünyanın aparıcı ölkələrinin hərbi məktəblərində bizim müharibəmiz, İkinci Qarabağ müharibəsi öyrənilir".
İştirakçılar mənzilə görə, avtomobilə görə sevindiklərindən, məmnun olduqlarından daha  çox çılğınlıqla bu fikirlərə sevindilər. Bu sevinc bu gün yaşanılan, sabahlar üçün yaşanılan qürur idi.
Mərasimdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ermənistanın işğalçı dövlət olduğunu bir daha xatırladaraq dedi ki, "Onlar bütün strateji yüksəkliklərə sahib idilər. Əlbəttə ki, 30 il ərzində onların qurduqları istehkamlar, 6 müdafiə xətti və mühəndislik işləri onlara böyük üstünlük verirdi. Onlar hesab edirdilər ki, bu müdafiə xəttini, bu istehkamları, bu dağları biz heç vaxt keçə bilmərik. Amma onlar yanıldılar, böyük yanlışlığa, səhvə yol verdilər. Onlar bilmirdilər ki, Azərbaycan xalqı bu 30 il ərzində bir amalla yaşayır: nəyin bahasına olursa-olsun, torpaqlarımızı işğalçılardan azad edək. Biz bu amalla yaşamışıq. Bizi qələbəyə aparan təkcə hərbçilərimizin peşəkarlığı, qəhrəmanlığı, hərbi texnikamız yox, bizi qələbəyə aparan Vətən sevgisi idi. Ən başlıca faktor, ən başlıca amil Vətən sevgisi idi". Vətən sevgisi Azərbaycan Ordusunun şəxsi heyətinin malik olduğu mənəvi dəyərlər sırasındadır. Azərbaycan Ordusunun şəxsi heyətinin yüksək döyüş hazırlığını yüksək mənəvi-psixoloji hazırlıq tamamlayır. Bu vəhdət ordunun gücü deməkdir. Ordumuz güclüdür. Bu güc Vətən müharibəsində nəyə qadirliyini qətiyyətlə təsdiqlədi.
Şəhid ailələrinə qayğı dövlət üçün prioritet məsələlərdən biridir. Şəhid ailələri bütün istiqamətlərdə dövlət səviyyəsində qayğılarla əhatələnib. Bu, gənc nəslin vətənpərvərlik tərbiyəsində olduqca əhəmiyyətlidir. Vətənpərvərlik elm kimi, fənn kimi tədris edilmir, vətənpərvərlik milli-mənəvi dəyərlərdən biri kimi müxtəlif üsul və vasitələrlə aşılanır.  
Vətən müharibəsində şəhid olanlar böyük ehtiramla dəfn edildilər, adları əbədiləşdirilir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakının Binəqədi rayonunun Xocasən qəsəbəsində şəhid ailələri və müharibə əlillərinə mənzillərin və avtomobillərin təqdim olunması mərasimində çıxışında şəhidliyin bəşərilik olduğunu vurğulayaraq dedi: "Hər bir insanın həyatdan getməsi böyük faciədir - həm onun ailəsi üçün, yaxınları üçün, qohumları üçün, həm də cəmiyyət üçün. Ancaq bizim şəhidlərimiz haqq yolunda həlak olublar, Vətən uğrunda həlak olublar. Onların qəhrəmanlığı bu gün bütün dünyada artıq gerçək kimi qəbul olunur. Onların qəhrəmanlığı nəticəsində bu gün bizim bayrağımız azad edilmiş torpaqlarda ucaldılır. Onların qəhrəmanlığı nəticəsində xalqımız, dövlətimiz müzəffər dövlət, müzəffər xalq kimi yaşayır və bundan sonra da əbədi yaşayacaq. Bu, şəhid ailələri üçün təsəlli ola bilər".
Torpaqlarımızın işğaldan azad edilməsi bütün şəhid analarına, şəhidlərin övladlarına, şəhidləri doğması bilənlərə ən böyük təsəllidir. Əminik ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin xalqa müraciətində dediyi kəlamların gerçəkləşəcəyi günə də az qalıb: "...Biz azərbaycanlılar bundan sonra öz dədə-baba torpaqlarımızda əbədi yaşayacağıq. Bütün dağılmış şəhərləri, kəndləri yenidən quracağıq, həyat qayıdacaq, insanlar qayıdacaq və biz bütün dünyaya bir daha xalqımızın böyüklüyünü göstərəcəyik". Dünyəvi təsəllimiz həmin gün olacaq...

Məhəmməd NƏSİRLİ "Azərbaycan Ordusu"