Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

4 Sentyabr 2021 10:00

Təlimdə tər, döyüşdə zəfər...

Vətən müharibəsində qazanılan qələbələrdən fərəhlənən zabit və əsgərlərimiz bu gün təlim-məşqlərdə daha böyük həvəslə, xidmətdə yeni-yeni uğurlar əldə etmək amalı ilə iştirak edirlər. Şəxsi heyət təlimlərdə döyüş hazırlığını durmadan artırır, daim zəfər ovqatına köklənir. Bu isə zabit və əsgərlərimizin sabahkı uğurlarından xəbər verir.
"N" hərbi hissəsində zabit Emil Əmiraslanovla görüşüb söhbət etdik. O istehkamçıların Vətən müharibəsində üzərlərinə düşən vəzifə və tapşırıqları bacarıqla yerinə yetirmələrindən, döyüşlərdə iştirak edən zabit və əsgərlərin göstərdikləri igidlik və qəhrəmanlıqdan ətraflı danışdı.
Söhbət zamanı Emil Əmiraslanov onu da bildirdi ki, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbini bitirən gənc zabitlər, sabahın istehkamçıları praktiki məşğələlərdə fəal iştirak edərək peşəkarlıq səviyyələrini daha da artırır, mühəndis maneələrinin qurulması, texniki hazırlıq, mühəndis kəşfiyyatı, ərazilərin minalardan təmizlənməsi, həmçinin yeni-yeni bilik və vərdişlərə yiyələnirlər. Bir neçə gün əvvəl gənc zabitlərə Türkiyə ordusunun peşəkar zabit heyəti məşğələ keçdi. Bu məşğələ prosesində gənc zabitlərimiz bilik və bacarıqlarını təkmilləşdirməklə yanaşı, qardaş ölkənin təcrübəsindən də bəhrələndilər. Əminliklə deyə bilərəm ki, səmərəli keçən məşğələlərdə sabahkı uğurların əsası qoyulur. Necə deyərlər təlimdə tər, döyüşdə zəfər...
Qısa söhbətdən sonra gənc zabitlərin məşğələ keçdiyi əraziyə yollandıq. Məqsədimiz onların dərslərini yaxından izləmək idi. Məşğələ öz axarı ilə davam edirdi. Onlar dərsin mövzusuna uyğun olaraq zabitin verdiyi tapşırıqları səhvə yol vermədən yerinə yetirir, ərazidə şərti düşmənin basdırdığı minaları axtarırdılar. Zabit onların bütün hərəkətlərini diqqətlə izləyir, bəzi məqamlarda zəruri göstəriş və tapşırıqlar verirdi.
Məşğələdə fasilə elan olunanda zabit Surxay Rəhimov dərslərin gedişindən söz açaraq dedi ki, zabit ixtisasartırma kursunun mühəndis ixtisaslı zabit qrupuna mühəndis hazırlığı məşğələsi keçirik. Bir qayda olaraq, çalışırıq ki, məşğələlərimiz  səmərəli olsun. Zabitlər bu məşğələlərdə yeni vərdişlərə yiyələnərək, biliklərini daha da təkmilləşdirsinlər. Zəfərlə başa çatan Vətən müharibəsindən sonra istehkamçıların da qarşısında böyük vəzifələr dayanır. Ən ümdə və başlıca vəzifələrdən biri də erməni işğalçılarından azad edilən ərazilərimizin partlamamış sursatlardan və minalardan tam təmizlənməsidir. Hazırda bu istiqamətdə çox böyük işlər görülür. Bacarıqlı, peşəkar istehkamçılarımız azad olunan ərazilərimizi hər gün addım-addım minalardan təmizləyirlər. Biz istehkamçı gənc zabitlərə bu ixtisası dərindən öyrətməyə çalışırıq ki, onlar sabahkı xidmətlərində heç bir çətinlik çəkməsinlər. Qarşılarında dayanan vəzifələri peşəkarlıqla yerinə yetirsinlər. Məşğələlərimiz çox səmərəli keçir. Mövzular gənc zabitlərə ətraflı izah olunur, praktiki göstərilir. Onlar da məşğələlərdə fəal iştirak edərək hərbi bilik və vərdişlərə dərindən yiyələnirlər. Tam əminliklə deyə bilərəm ki, zabitlərin döyüş hazırlığı, peşəkarlığı və vətənpərvərliyi yüksək səviyyədədir. Onlar xidmətləri zamanı üzərlərinə düşən tapşırıqların öhdəsindən bacarıqla gələcək, həmişə uğur qazanacaqlar. Bacarıqları ilə çoxlarına nümunə olacaqlar. Həmişə onlardan xoş soraqlar alacağıq.
Sabahımızın bacarıqlı mühəndis istehkamçıları olacaq gənc zabitlərdən Murad Hacıyevlə, Natiq Həmidovla, Fariz Məmmədovla və başqaları ilə görüşüb söhbət etdik. Onlar bildirdilər ki, səmərəli keçən məşğələlərdə ən müasir bilik və vərdişlərə yiyələnir, daim döyüş hazırlıqlarını artırırlar. Bu gün gənc zabitlər qarşılarında dayanan bütün vəzifə və tapşırıqlarının öhdəsindən bacarıqla gəlməyə qadir və hazırdırlar.

Vahid MƏHƏRRƏMOV "Azərbaycan Ordusu"