Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

1 Sentyabr 2021 14:57

Şəhidlərin əziz xatirəsi xalqımızın qəlbində daim yaşayacaq

Azərbaycan xalqı gənc nəslin Vətənə məhəbbət, xalqa, elinə və obasına bağlılıq və hörmət, soykökünə, ata-babalarının ənənələrinə sədaqət ruhunda tərbiyə olunmasına həmişə böyük məsuliyyətlə yanaşıb və ona həyati əhəmiyyətli məsələ kimi baxıb. Bu bir həqiqətdir ki, vətənpərvərlik insanın fədakarlıq, qəhrəmanlıq və məğlubedilməzlik hisslərini formalaşdırır. Bu baxımdan sentyabrın 27-dən noyabrın 9-dək davam edən Vətən müharibəsi qəhrəmanlıq nümunəsinə çevrildi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusunun qazandığı Qələbə xalqımızın yenilməzliyini bütün dünyaya nümayiş etdirdi. Torpaqlarımızın düşməndən azad edilməsi, ölkəmizin ərazi bütövlüyünün bərpa olunması uğrunda şəhid olmuş Vətən övladları bu müqəddəs savaşın əbədiyyətədək yaşayacaq qəhrəmanlarıdır. Belə oğullardan biri də yaşadığı torpağa, Vətənə bağlı olan gizir Cahan Saleh oğlu Məmmədzadə idi.
Yaşasaydı, Cahanın 27 yaşı olacaqdı.
Cahan Məmmədzadə 1994-cü il avqustun 24-də Sumqayıt şəhərində anadan olub. 2000-2011-ci illərdə İsmayıllı rayonunun Mirzağa Əzimov adına Təzəkənd kənd tam orta məktəbində təhsil alıb. 2012-2014-cü illərdə hərbi xidmətdə olub. 2015-ci ildə Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinin "Gizir hazırlığı kursu"nu bitirib.
Gizir Cahan Məmmədzadə 2016-cı ildə Aprel döyüşlərində də fəal iştirak edib.  44 günlük Vətən müharibəsində Cəbrayıl və Füzuli rayonlarının işğaldan azad edilməsində fəal iştirak edərək noyabrın 5-də Şuşa şəhəri istiqamətində gedən döyüşlərdə şəhid olub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə Cahan Məmmədzadə ölümündən sonra "Vətən uğrunda", "Hərbi xidmətlərə görə", "Şuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.
Torpaqlarımızın bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olan gizir Məmmədzadə Cahan Saleh oğlunun doğum günü xidmət etdiyi "N" hərbi hissənin bir qrup hərbi qulluqçusu tərəfindən Təzəkənd kənd qəbiristanlığında məzarı ziyarət olunaraq qeyd edilib.
Şəhidin valideynləri ilə görüşən hərbi qulluqçular qeyd ediblər ki, biz Vətən müharibəsində güclü həmrəyliyin, yenilməz ruhun bir daha şahidi olduq. “Cahan kimi oğullarımızın sayəsində Vətən müharibəsində Azərbaycan gəncliyi vətənpərvərliyini, əzmini bütün dünyaya nümayiş etdirdi. Vətənpərvərlik qəhrəmanlığın əsasını qoyan amildir. Biz şanlı tariximizlə, əfsanəvi qəhrəmanlarımızla həmişə fəxr edirik. İgid və cəsur sərkərdələrimizin şəxsi nümunəsi təsdiqləyir ki, Azərbaycan xalqı qəhrəman xalqdır, öz Vətənini göz bəbəyi kimi qorumağa hazır olan mətin gənclər yetirib. Ermənilərə qarşı ölüm-dirim savaşında həlak olmuş qəhrəmanlarımızın həyatı, şəxsi nümunəsi hərbi vətənpərvərlik tərbiyəsi işində daim diqqət mərkəzində olub".
Şəhidin atası Saleh Məmmədov bildirib ki, oğlu ilə fəxr edir. "Vətənin bütövləşməsində oğlumun da iştirakı ilə qürur duyuram. Onun ruhuna hörmət əlaməti olaraq evimizə gələn hər bir qonağa, Şəhidlər xiyabanına və məzarlığa baş çəkən rayon sakinlərinə təşəkkür edirəm. Şəhidlərimizin əziz xatirələrini ehtiramla yad etmələri şəhidlərə olan böyük ehtiramdan xəbər verir. Bunlar şəhidlərimizin daim qəlblərdə yaşaması deməkdir."
Şəhidin anası İlhamə xanım Məmmədova qeyd edib ki, Cahan qisas hissi ilə yaşayırdı. "Bir dəfə mənə “Səni şəhid anası edəcəyəm”, demişdi. Oğlum buna əməl etdi. Mən oğlumla fəxr edirəm. Kədərliyəm ki, yeganə oğlumu itirdim, qürurluyam ki, şəhid anasıyam".
Şəhidin valideynləri Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun Vətən müharibəsindəki şanlı qələbəsindən danışdılar, ailələrinə göstərilən diqqət və qayğıya görə dövlət başçısına və Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildirdilər. Canı bahasına şanlı tariximizi yazan əsgərlərimizlə fəxr etdiklərini, şəhidlərin əziz xatirəsinin xalqımızın qəlbində daim yaşayacağını dedilər.

Məhəmməd ƏLİYEV "Azərbaycan Ordusu"