Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

1 Sentyabr 2021 14:57

Lənkəranda şəhid zabitin xatirəsinə abidə-bulaq kompleksinin açılışı oldu

Müdafiə Nazirliyi və Lənkəran rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Vətən müharibəsi şəhidi baş leytenant Həsənağa Abdullazadənin xatirəsinə Lənkəran şəhərində adını daşıdığı küçədə abidə-bulaq kompleksinin açılış mərasimi oldu.
Açılış mərasimində şəhidin ailə üzvləri, Müdafiə Nazirliyinin hərbi qulluqçuları, Lənkəran şəhər İcra Hakimiyyətinin rəhbərliyi, millət vəkili, təhsil aldığı orta məktəbin bir qrup müəllimi, məktəblilər, şəhidin döyüş yoldaşları, kütləvi informasiya vasitələrinin nümayəndələri və digər qonaqlar iştirak edirdilər.
Şəhər rəhbərliyinin və ictimaiyyət nümayəndələrinin iştirakı ilə abidə-bulaq kompleksinin  qırmızı lenti fəxri qarovul və hərbi orkestrin müşayiəti ilə kəsildi.
Sonra aparıcı mərasimi açıq elan edərək  iştirakçıları xalqımızın ümummilli lideri Heydər Əliyevin və  Azərbaycanın  suverenliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsini bir dəqiqəlik sükutla yad etməyə dəvət etdi.
Hərbi orkestrin müşayiətilə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.
Tədbirdə çıxış edən Müdafiə Nazirliyinin zabiti polkovnik-leytenant  Rüfət Məmmədov Müzəffər Ali Baş Komandan  İlham Əliyevin sərkərdəliyi ilə Vətən müharibəsində  Azərbaycan Ordusunun qazandığı Böyük Zəfərdən danışdı. "Bu Zəfərin qazanılmasında Vətənimizin igid oğulları böyük qəhrəmanlıqlar göstərdilər. Döyüş meydanında bunların canlı şahidiyəm. Ordumuzun yüksək döyüş və mənəvi-psixoloji hazırlıqlı əsgər və zabitləri 44 günlük Vətən müharibəsində xalq, ordu, dövlət birliyindən güc alaraq  işğal olunmuş torpaqlarımızı azad etdilər. Həsənağa kimi qəhrəman oğullar Azərbaycanımızın üçrəngli bayrağını azad olunmuş torpaqlarımızda ucaltdılar. Ölkə rəhbərinin "Qarabağ Azərbaycandır!" kəlməsini döyüşlərdə də təsdiqlədilər".
Millət vəkili Rüfət Quliyev çıxışında bildirdi ki, şəhid və qazilərin Vətən qarşısında xidmətləri dövlətimiz və xalqımız tərəfindən yüksək dəyərləndirilir. "Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıqlarına, sərəncamlarına uyğun olaraq onların sosial-məişət şəraitinin gücləndirilməsi məqsədilə çox ciddi işlər həyata keçirilir. Lənkəranlılar torpaqlarımızın azad olunmasında övladlarının, qardaşlarının, atalarının, doğmalarının göstərdikləri əvəzsiz xidmətləri ilə qürur duyurlar.  Lənkəranlılar Birinci Qarabağ müharibəsində də ölkəmizin suverenliyi, ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə fəal iştirak ediblər. Xalqımız heç zaman şəhid övladlarını unutmur, onların adları  təhsil aldıqları məktəblərdə, parklarda və digər ictimai yerlərdə əbədiləşdirilir".    Tədbirdə çıxış edən Lənkəran rayon İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ötən il sentyabrın 27-də başlanan və Zəfərlə başa çatan 44 günlük Vətən müharibəsində qazanılan qələbənin böyük əhəmiyyətindən, dövlətimizin, ölkə rəhbərliyinin şəhid ailələrinə göstərdiyi yüksək diqqət və qayğısından danışdı və qeyd etdi ki, Həsənağa Abdullazadənin peşəkarlığı, vətənpərvərliyi ilə hər bir lənkəranlı fəxr edir. "Vətənə belə qorxmaz, mərd, əsl hərbçi oğul böyüdüb boya-başa çatdırdıqlarına görə onun valideynlərinə minnətdarlığımı bildirirəm. Bütün şəhid ailələrinə səbir diləyirəm, yaralılarımıza şəfa arzulayıram".
Sonra şəhid zabitin anası göstərilən yüksək diqqət və qayğıya görə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, Müdafiə Nazirliyinin rəhbərliyinə və abidə-bulaq kompleksinin açılışında  böyük zəhməti olan Lənkəran rayon İcra Hakimiyyətinin rəhbərliyinə minnətdarlığını bildirdi. "Bu gün Həsənağa tək lənkəranlıların deyil, bütün Azərbaycanın oğludur. Bizim oğlumuz Vətən, torpaq uğrunda canından keçdi. Oğul övladı Vətən, torpaq üçün doğulur. Həsənağa Vətən uğrunda şəhid oldu. Bütün şəhid analarına səbir diləyirəm".   
Sonra Vətən müharibəsinin şəhid zabiti Həsənağa Abdullazadənin şərəfli döyüş yolu  barədə məlumat mərasim iştirakçılarının diqqətinə çatdırıldı. Bildirildi ki, şanlı döyüş yolu keçən baş leytenant H.Abdullazadə və onun kimi qəhrəman şəhidlərin əziz xatirəsini xalqımız heç bir zaman unutmayacaq, onların adları daima qəlblərdə yaşayacaq.
Qeyd edildi ki, baş leytenant Həsənağa Abdullazadə göstərdiyi şücaətlərə görə (ölümündən sonra) 3-cü dərəcəli Rəşadət ordeni, "Vətən uğrunda" və "Kəlbəcərin azad olunmasına görə" medalları ilə təltif olunub. H.Abdullazadə Bakı şəhərində İkinci Fəxri xiyabanda dəfn edilib.
Tədbirdə şəhidin döyüşçü yoldaşları və orta məktəb müəllimləri onunla bağlı xatirələrindən söhbət açdılar.
Mərasim şəhid zabitin xatirəsinə həsr edilən "Həsənağa imzası var" ədəbi-bədii kompozisiyanın nümayişi və məktəblilərin ifasında şeirlərin səsləndirilməsi ilə başa çatdı.

Lalə HÜSEYNOVA "Azərbaycan Ordusu"