Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

28 Avqust 2021 11:00

“Əsgərlərimizlə fəxr edirik”

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin diqqət və qayğısının nəticəsində ordumuzun bütün bölmələrində sosial-məişət şəraiti yüksək səviyyədədir. Bu gün rəşadətli ordumuz tərəfindən düşmən işğalından azad edilən ərazilərimizdə hərbi qulluqçuların xidmətinin düzgün təşkili üçün hər cür şəraitin yaradılması üzrə işlər sürətlə davam edir. Yerləşdiyi ərazidən, relyefdən asılı olmayaraq doğma torpaqlarımızda yeni hərbi hissələr, o cümlədən yeməkxanalar, yataqxanalar, hamam və camaşırxanalar istifadəyə verilir. Azərbaycan əsgərinə göstərilən diqqət və qayğı, yaradılan yüksək məişət şəraiti, şəxsi heyətin daha böyük uğurları üçün zəmin yaradır. Azərbaycan Ordusunda hər bir gənc rahat şəraitdə, çətinlik çəkmədən inamla xidmət edir.
“N” hərbi hissəsində zabit Murad Nəcəfovun müşayiəti ilə hərbi hissənin ən son avadanlıqlarla təmin olunmuş hamam-camaşırxana kompleksi ilə tanış oluruq. Bizi qarşılayan çamaşırxana rəisi baş çavuş Asif Əlisultanov burada yaradılan şəraitdən söz açdı. O bildirdi ki, yüksək məişət şəraiti əsgərlərə sağlam mənəvi-psixoloji ruh aşılayır, onların döyüş əzmini daha da artırır. "Belə şəraitdə xidmət edən əsgərlərimizi yalnız bir məsələ düşündürür - döyüş vərdişlərini möhkəmləndirmək, komandanlıq tərəfindən verilən bütün tapşırıqların öhdəsindən dərhal gəlmək".
Bir neçə hissədən ibarət olan hamam-camaşırxana sisteminin xarici görünüşü kimi daxili də ürəkaçandır. Çirkli camaşırların qəbulu, yuyulub-ütülənməsi prosesi və təmizlənmiş camaşırların saxlanc otaqları ilə tanış olduq. Səliqəli geyim formasında xidməti vəzifələrini yerinə yetirən qadın operatorlar bütün işləri avtomatlaşdırılmış rejimdə görürlər və əl əməyindən demək olar ki, istifadə etmirlər. Burada təmizlik, səliqə-sahman göz oxşayır. Operatorlara yaxınlaşaraq, gördükləri işlər haqqında məlumat vermələrini xahiş etdik. Xurma Mirzəhmədova bu binanın iki hissədən ibarət olduğunu bildirərək dedi ki, indi olduğumuz yer camaşırxana hissəsi sayılır. "Burada hər həftə bölmələrdən çirkli camaşırlar qəbul olunur, yuyulur, sonra ütülənərək çeşidlənib anbara yığılır. Hər həftənin şənbə günü anbardan bölmələrə təhvil verilir. Yeni avadanlıqlar işimizin səmərəsini daha da artırır və camaşırların tez zamanda yuyulub təhvil verilməsinə zəmin yaradır".
Operator Qərənfil Quliyeva da qeyd etdi ki, ən müasir paltar yuma, qurutma və ütüləmə avadanlıqları ilə təchiz edilmiş camaşırxana əsgərlərimizin geyim formalarının səliqəli, təmiz və təravətli saxlanılmasını təmin edir. "Hərbi hissəmizdə camaşırxananın olması bir çox üstünlüklər əldə etməyə imkan verir. Müasir standartlara cavab verən irihəcmli paltaryuyan maşınların texnoloji prosesi üç mərhələdə aparılır: yuma, qurutma, ütüləmə. Camaşırxanamız isə yuxarı komandanlığın diqqət və qayğısı nəticəsində bütün üç mərhələ üçün müxtəlif növ müasir avadanlıqlarla təmin edilib. Təmizlənməyə gətirilən ləvazimatlar çeşidlərinə görə seçilir və ayrılır. Yüksək keyfiyyətli və təkmilləşdirilmiş ən son yuyucu məhsullardan istifadə edərək müxtəlif çirklənmələri müasir aparatlar vasitəsilə tez bir zamanda təmizləyirik. Keyfiyyətli yuyucu vasitələrdən istifadə edilməsi camaşırların gigiyenik baxımdan maksimum təmiz olmasına, həmçinin uzun müddətli parıltılı və təravətli qalmasına da imkan verir. Yuyulub qurudulduqdan sonra ütüləmə prosesi də xüsusi masada həyata keçirilir". Söhbət zamanı öyrəndik ki, Qərənfil xanımın həyat yoldaşı da hərbçidir. O, bir hərbçi yoldaşı olduğundan və əsgərlərimizə xidmət etdiyindən qürur hissi keçirdiyini bildirdi.
Operator Şəlalə Rəsulova da əsgərlərimizin təmiz və təravətli camaşırlarla təmin edilməsindən məmnunluğunu bildirdi. "Bütün bölmələr ən yeni avadanlıqlarla təchiz edilib və biz üzərimizə düşən vəzifəni vaxtında, keyfiyyətlə yerinə yetiririk. Əsgərlərin hər biri bizim övladlarımızdır. Torpaqlarımızın müdafiəsində dayanan, bizlərə Qələbə xoşbəxtliyini yaşadan hərbçilərimizə qulluq etmək hər birimiz üçün sevindiricidir. Otuz illik Qarabağ həsrətinə son qoyan əsgərlərimizlə fəxr edirik, onlara xidmət etməkdən qürurlanırıq".
 

Oruc MUSTAFAYEV "Azərbaycan Ordusu"

fotolar Rəşad ƏMRAHOVUNDUR