Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

28 Avqust 2021 11:00

Türkiyə, Zəfər bayramın mübarək!

Türkiyə Cümhuriyyətinin ordu tarixi zəfərlərlə zəngindir. Bütün zəfərlər Türkiyə hərb tarixində özünəməxsus önəmliliyi, əhəmiyyəti ilə xüsusi yer alıb.
30 avqust 1922-ci il Zəfəri türk millətinin XX yüzillikdə dünya tarixində yazdığı qəhrəmanlıq səhifəsidir. Bu səhifələri vərəqlədikcə qəhrəman türk millətinin yurd, torpaq sevgisi ilə alışıb-yandığına, vətənpərvərliyinə, döyüşkənliyinə bir daha şahid olursan…
Birinci Dünya müharibəsində Osmanlı Türkiyəsi də bütün qüvvələrini səfərbər edərək müharibəyə qoşuldu. Bu qanlı müharibə Türkiyəni zəif saldı. Antanta dövlətləri Osmanlını bu savaşda tam məğlubiyyətə uğratdı. 1918-ci il oktyabrın 30-da qalib dövlətlərlə Türkiyə arasında "Mudros" adlı təslimçi barışıq sazişi imzalandı. Bu anlaşmaya əsasən, Türkiyə parçalanırdı. Bununla da işğalçı ölkələr istədiyi şəkildə böyük türk torpaqlarında hegemonluq edə bilərdi. Ölkənin şərqində Ermənistan dövləti yaratmaq da bu plana daxil idi. Bu planları həyata keçirmək üçün Yunanıstan istilasından bəhrələnirdilər. 1919-cu il mayın 15-də yunan qoşunları imperialist ölkələrin hərbi gəmilərinin köməyi ilə İzmiri işğal etdi. İngilis qoşunları isə İstanbulun içərilərinə doğru irəliləyirdi.
İzmirin işğalından sonra işğalçı dövlətlərin Türkiyəni parçalamaq siyasətinə qarşı ölkədə milli azadlıq hərəkatı başladı. Artıq müharibədən yorulmuş Osmanlı türkləri yenidən özlərində güc taparaq düşmənə müqavimət göstərirdi. Beləliklə, Mustafa Kamal Paşanın rəhbərliyi ilə  1919-cu il mayın 19-da Türkiyənin milli qurtuluş savaşı başladı.
Mustafa Kamal Paşa Osmanlı ordusunun ən istedadlı generallarından biri idi. Onun rəhbərliyi altında birləşən müqavimət qüvvələri 1920-ci il aprelin 23-də Ankarada Türkiyə Böyük Millət Məclisinə  toplanırlar. Mustafa Kamal Paşa məclisin sədri seçilir. Bundan sonra parlament Milli Qurtuluş Savaşının başlanmasını elan edir. Bu ağır və çətin günlərdə ümumi səfərbərlik elan olunur. Qadın, gənc, uşaq, yaşlı demədən hər kəs könüllü olaraq ordu sıralarına yazılır, vətəninin, torpağının  xilasına tələsirdi. Amma içəridən bu hərəkata mane olan düşmənlərin də sayı az deyildi. Belələri xəyanətdən və yunan tərəfə keçməkdən çəkinmirdilər ki, bu da Atatürkün planlarına mane olurdu. Buna baxmayaraq, həmin günlərdə Mustafa Kamal Paşa üzünü xalqına tutaraq bəyan etdi: "Efendiler! Dahilde ve hariçteki düşmanlarımız ister çok, ister az olsun, faaliyetlerinin genişliği ne olursa-olsun, kesin başarı, son başarı meşru bir amaç izleyenler olacaktır".
1921-ci ildə Sakarya müharibəsi zamanı "Xətti-müdafiə yoxdur, səthi-müdafiə vardır". O "Səth bütün vətəndir" deyir böyük sərkərdə Atatürk və hərb tarixinə yeni bir məfhum gətirir.
Mustafa Kamal Paşa 1922-ci il avqustun 6-da orduya məxfi olaraq savaşmaq üçün hazırlanma tapşırığı verir. Özü isə Akşehirə gələrək komandanları bir araya toplayır. Həmin toplantıda müharibənin başlanacağı günü avqustun 26-na təyin edir.
26 avqust 1922-ci il tarixdə sabah erkəndən, saat 05.30-da topçuların atəşiylə Kocatəpədən Meydan Savaşı başlayır. Savaşı Başkomandan Mustafa Kamal Paşa idarə edirdi. Qəhrəman türk Ordusu  güneydən, quzeydən hərəkət edərək qısa zamanda irəliləyir, yunanların müdafiə xətti yarılır. 26-27 avqust gecəsi yunanların silah-sursatı ələ keçirilir. Qısa müddət ərzində Afyon işğaldan azad edilir. Dumlupınara doğru geri çəkilən düşmən və bütün yunan ordusu tamamilə məğlub edilir. Savaşın sonlarına az qalmış yunan Başkomandan Trikopis əsir alınır. Bu arada Kütahya da düşməndan təmizlənir. Savaşı Başkomandan Mustafa Kamal Paşa idarə etdiyi üçün bu savaş "Meydan Savaşı" adını alır. Minlərlə türk əsgəri, gənci, qadını, qocası şəhid olur bu savaşda. Amma bir qarış torpaq düşmənə güzəştə gedilmir.
Türkiyənin böyük qurbanlar və dağıntılar bahasına siyasi müstəqilliyini əldə etməsi onun çoxəsrlik tarixində dönüş nöqtəsi oldu. Türk xalqının milli müstəqillik uğrunda apardığı azadlıq mübarizəsi və imperialist dövlətlər üzərindəki tarixi qələbəsi ilə milli-dünyəvi, müstəqil türk dövləti təşəkkül tapdı. Bu hadisə Şərq xalqlarının milli-azadlıq hərəkatına da güclü təkan oldu. 1922-ci ilin yayında Atatürk demişdi: "Türkiyənin bugünkü mübarizəsi yalnız özünün azadlığı naminə olsaydı, bəlkə daha qısa və daha az qanlı olar və tez də qurtarardı. Türkiyə qəti və ciddi səylər sərf edir. Çünki apardığı mübarizə məzlum millətlərin, bütün Şərqin mübarizəsidir".
Azərbaycan o ağır illərdə də maddi və mənəvi yardımını qardaş Türkiyədən əsirgəmədi. Bu dönəmin tədqiqatçıları yazırlar ki, Mustafa Kamal Paşa 1921-ci il martın 17-də, yəni 2-ci İnönü savaşından öncə Nəriman Nərimanova məktub ünvanlayaraq, maliyyə dəstəyinə böyük ehtiyac duyulduğunu bildirmişdi. N.Nərimanov dərhal büdcədə olan 500 kiloqram qızılı Ankaraya, xeyli miqdarda silah-sursatı da Anadoluya göndərir.
Bütün bunlar qardaşın qardaşa köməyi, vəfa borcu idi. Görkəmli dövlət xadimi Nəriman Nərimanovun bu barədə 1921-ci il martın 23-də Mustafa Kamal Atatürkə yazdığı məktubunda izahı daha gözəl verilir. N.Nərimanov yazırdı: "Paşam, türk millətinin bir ənənəsi vardır: qardaş qardaşa borc verməz. Qardaş qardaşın əlindən tutar, biz qardaş xalqlarıq. Hər zaman və hər şəraitdə bir-birimizin əlindən tutacağıq. 1918-ci ildə siz bizim əlimizdən tutdunuz. Bizi ölümdən qurtardınız. Bu gün biz sizin qardaşınız olaraq əlinizdən tutmağa çalışırıq. İmkanımız çatdığı qədər pul göndərəcəyik. Bu gün sizin üçün etmək istədiyimiz bir qardaşın, başqa bir qardaşı üçün etmək istədiyindən başqa bir şey deyil".
Türk dünyasının əvəzsiz liderləri sayılan Mustafa Kamal Atatürkün və Heydər Əliyevin müdrik kəlamları tarixin hər dönəmində müasirdir, unudulmazdır. Atatürkün "Azərbaycanın kədəri bizim kədərimiz, sevinci bizim sevincimizdir", Ulu Öndərin "Bir millət, iki dövlət" müdrik kəlamları sanki bu gün üçün deyilib.
Dar gündə qardaşın qardaşa vəfa borcunu yerinə yetirən Türkiyə 44 günlük Vətən savaşında da Azərbaycanın yanında oldu, xalqımıza böyük dəstəyini əsirgəmədi. Ötən illərdə Türkiyənin 30 avqust Zəfər bayramına həsr olunan yazılarımdan birində qeyd etmişdim: "Türk milləti Meydan Savaşında əbədi azadlığına qovuşdu. Hər il 30 avqust Zəfər bayramı respublikamızda da qeyd olunur. Əminik ki, tezliklə Azərbaycan Ordusu torpaqlarımızı düşmən tapdağından tamamilə azad etdikdən sonra bütün türk dünyası daha bir Zəfər bayramını da qeyd edəcək". Bəli, Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərkərdəliyi ilə qüdrətli Azərbaycan Ordusu Vətənimizin ərazi bütövlüyünü bərpa etdi. Bu gün bütün türk dünyası Azərbaycanın 44 günlük Vətən savaşında qazandığı Böyük Zəfəri bayram edir.
 
Lalə HÜSEYNOVA "Azərbaycan Ordusu"