Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

25 Avqust 2021 15:05

“Mən də tarix yazacam” demişdi…

Şəmkir rayonunun Mahmudlu kəndində anadan olmuşdu. 1996-cı ildə. Şəhid Yaşar Əsgərov adına orta məktəbdə oxuyanda o da valideynlərindən, müəllimlərindən Ermənistanın torpaqlarımıza hücumlar etdiyini, rayonlarımızın işğal olunduğunu, Meşəlidə, Bağanıs Ayrımda, Ağdabanda, Xocalıda faciələr törətdiyini eşidirdi. Onun da qəlbi gizildəyirdi. Daha tez böyüməyi, hərbi xidmətə getməyi, Ali Baş Komandanın əmri ilə torpaqlarımızın işğaldan azad edilməsi uğrunda döyüşlərdə iştirak etməyi arzulayırdı.
Orta məktəbi 2013-cü ildə bitirdi. Hələ ali təhsil almaq fikrində deyildi. Sonralar ondan "Niyə ali təhsil almaq istəmədin?" sualına gülümsünərdi, "Hər şeyin öz vaxtı var", - deyərdi.  
Hərbi xidmətə çağırıldı. Ön xətdə xidmət edirdi.  
Hərbi and içəndə ata-anasına deyibmiş: Buradan döyüşə daha yaxın olacaq.
Hərbi nizamnamələrin tələblərinə ciddi əməl edirdi, zabitlərin əmr və göstərişlərini məsuliyyətlə yerinə yetirirdi İsmət.
Artilleriyaçıydı. Topçuydu. Bilik və bacarıqlarını təlimlərdə daha da təkmilləşdirirdi. Komandirinin dediklərini unutmurdu; komandirindən eşitmişdi: "Təlimdə tər töksən, döyüşdə qan tökməzsən". Döyüşü isə böyük istəklərlə gözləyənlərdən biri də əsgər İsmət Namazov idi...
Ordu sıralarından tərxis edildi. Yoldaşları ilə yenidən görüşmək ümidi ilə sağollaşdı...
2020-ci ilin payızıydı. Ermənilər Azərbaycanın ərazilərinə bütün istiqamətlərdən hücum etmişdi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə ölkədə qismən səfərbərlik elan edildi.
Anası xatırlayır ki, həmin gün İsmət işdən elə bil "quş qanadında" gəldi, görüşüb yola düşəndə, "Mən də tarix yazan oğulların sırasında olacam, ay ana. Siz də, oğlum Tunar da, qızım İnci də qürurlanacaqsınız...", - dedi...
İsmət Namazov Vətən müharibəsinə çağırıldı. Füzuli istiqamətində gedən döyüşlərdə iştirak etdi.
Düşmən Füzuli istiqamətində olduqca güclü müdafiə səddi yaratmışdı. Digər işğal olunmuş ərazilərimizdə olduğu kimi, burada da "Ohanyan səddi", eləcə də digər mühəndis-istehkam qurğuları ordu hissələrimizin hücuma keçməsini çətinləşdirirdi. Komandanlığın əmri ilə artilleriya silahları işə düşdü.
Mərmilər düşmənin atəş nöqtələrini, komanda məntəqələrini, döyüş texnikalarını, canlı qüvvəsini dağıdırdı. Düşmənin müqaviməti getdikcə zəifləyirdi. Komandir döyüşçülərə bu haqda danışanda hamısının yumruqları düyünləndi, daha çılğınlıqla atışmağa başladılar...
Strateji yüksəkliklər, yaşayış məntəqələri düşməndən azad edildikcə inanırdılar ki, qələbə ərəfəsindədirlər. Komandirləri belə demişdi: Yaxın vaxtlarda işğalın sonu olacaq, xalq sizi qalib əsgər kimi qarşılayacaq!..
Oktyabrın 26-sı idi. Ağır döyüş gedirdi. Düşmənin koordinatları verilmiş mövqeləri məhv edilməliydi ki, `mühüm strateji ərazi işğaldan azad edilsin, piyada bölmələrimizin hücumuna şərait yaradılsın. Əmr vaxtında və dəqiq yerinə yetirildi. Düşmən mövqelərdən qaçmağa məcbur oldu...
Belə uğurlu əməliyyatlar sonralar da oldu. Komandir əsgər İsmət Namazova yüksək döyüş bacarıqlarına görə təşəkkür etdi...
Gərgin gedən döyüşlərdən birində əsgər İsmət Namazov şəhid oldu.
Şəhid İsmət Namazov Şəmkir rayonunun Mahmudlu kəndində dəfn edilib. Yeniyetmələr də, gənclər də, qazilər də onu ziyarət edəndə ruhən "Qəlbimizdə yaşayırlar Vətən, sənin şəhidlərin!" deyirlər...
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamları ilə İsmət Namazov ölümündən sonra "Vətən uğrunda", "Döyüşdə fərqlənməyə görə", "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.
 
Mübariz MUSAYEV "Azərbaycan Ordusu"