Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

25 Avqust 2021 15:05

“Qarabağ və Şərqi Zəngəzur Azərbaycandır!”

Azərbaycan xalqı, Azərbaycan dövləti 30 ilə yaxın Ermənistan silahlı birləşmələri tərəfindən işğal altında saxlanılan torpaqlarını azad etməklə haqq savaşında Zəfər çaldı. İşğalçı erməni faşistləri torpaqlarımızdan qovuldu. Düşmənin növbəti təxribatlarına qarşı başlanan Qurtuluş savaşı Müzəffər Ali Baş Komandanın sərkərdəliyi, müdrik, uzaqgörən siyasəti, yüksək diplomatik bacarığı, qətiyyətli addımları və şanlı ordumuzun gücü sayəsində Böyük Qələbə ilə başa çatdı. Xalqımız qalibiyyət bayrağını başı üzərində dalğalandırdı. Azərbaycanımızın ərazi bütövlüyü təmin olundu. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyənin "SNN Türk" televiziya kanalına müsahibəsi zamanı dediyi bir fikri xatırlatmaq yerinə düşər: "Azərbaycan Qurtuluş savaşına başlayaraq öz tarixi torpaqlarını işğalçılardan azad etdi, tarixi ədaləti bərpa etdi, işğalçıları bizim torpaqlardan qovdu və öz ərazi bütövlüyünü, torpaq bütövlüyünü bərpa etdi."
Vətən müharibəsində qazanılan tarixi qələbədən sonra Zəngəzur dəhlizinin də açılması zərurəti yarandı. Bildiyimiz kimi, hazırda bu istiqamətdə genişmiqyaslı işlər aparılır və tezliklə tarixi torpaqlarımız olan Zəngəzurda regionun iqtisadi mənzərəsinin dəyişəcəyinə şahidlik edəcəyik. Belə ki, iyulun 7-də ölkə rəhbərinin imzaladığı Fərman əsasında Qarabağ iqtisadi zonası ilə yanaşı, Şərqi Zəngəzur iqtisadi zonası da yaradıldı.
Avqustun 17-də Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Kəlbəcər və Laçın rayonlarında səfərdə olarkən dövlət başçısı çıxışında Şərqi Zəngəzurla bağlı bəzi məqamları xatırladaraq dedi: "Bildiyiniz kimi, mənim Sərəncamımla 14 iqtisadi rayon yaradıldı. Onların arasında iki iqtisadi rayonunun yaradılması diqqət çəkdi - Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları yaradıldı. Hesab edirəm ki, bu da çox düzgün addımdır. Bu, həm  tarixə əsaslanır, eyni zamanda gələcəyə əsaslanır. Çünki həm Qarabağ, həm də Zəngəzur bizim tarixi dədə-baba torpağımızdır. Qarabağ iqtisadi rayonunda bütün Qarabağ bölgəsinə aid olan rayonlar birləşdi. Şərqi Zəngəzur iqtisadi rayonunda Şərqi Zəngəzura aid olan rayonlar birləşdi. Qərbi Zəngəzur isə hazırda Ermənistanın nəzarəti altındadır. Ancaq Zəngəzur dəhlizinin çəkilişi nəticəsində əlbəttə ki, biz bu dəhlizdən istifadə edib öz vətəndaşlarımızı dədə-baba torpaqlarımıza qaytaracağıq. Belə planlar var və bu da təbiidir. Çünki bizim vətəndaşlar indiki Ermənistan ərazisindən, təkcə Zəngəzur mahalından yox, Göyçə  mahalından da, - bura ilə həmsərhəddir, - zorla qovulmuşlar və onların tam haqqı var ki, gedib öz dədə-baba torpaqlarında yaşasınlar. Biz bunu sonrakı mərhələyə saxlayırıq."
Kəlbəcər və Laçın rayonlarına səfəri çərçivəsində Azərbaycan Respublikasının Prezidenti geniş çıxışında, eyni zamanda,  xüsusi olaraq bəyan etdi: "Şərqi Zəngəzurun gələcək inkişafı ilə bağlı bütün işlər plan üzrə gedəcək və biz istəyimizə nail olacağıq. Qarabağ və Şərqi Zəngəzur Azərbaycandır!
Ümumiyyətlə "Zəngəzur" deyəndə, tarixi-coğrafi baxımdan nə anlaşılır, məxəzlərdə, mənbələrdə daşlaşmış tarixi faktlar, tarixi həqiqətlər hansılardır, bu ərazilər hansı torpaqları əhatə edib və necə oldu ki, onun hüdudları dəyişdi? Qərbi və Şərqi Zəngəzur anlayışlarının yaranmasının tarixi kökləri nəyə bağlıdır?
Suallara aydınlıq gətirməzdən öncə  bir tarixi məqamı da xatırlayaq. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2011-ci il 5 iyul tarixində keçirilən Dünya azərbaycanlılarının III qurultayındakı möhtəşəm nitqində  dediyi fikirlər Qarabağla, Zəngəzurla bağlı tarixi həqiqəti dolğun və düzgün əks etdirir, tarixi olduğu kimi dünya azərbaycanlılarına çatdırırdı: "Tarix tarixdir. 1978-ci ildə Qarabağda məskunlaşmalarının 150 illiyini qeyd edən ermənilər yaxşı bilirlər ki, onlar bu torpaqlara qonaq kimi gəlmişlər. Nəinki Dağlıq Qarabağ, bugünkü Ermənistan tarixi Azərbaycan torpaqlarında formalaşıbdır. İrəvan xanlığı, Zəngəzur mahalı bizim tarixi ərazimizdir. Xəritəyə baxsaq görərik ki, vaxtilə Zəngəzuru Azərbaycandan ayırıb Ermənistana vermək nəticəsində böyük türk dünyası coğrafi cəhətdən parçalandı. Yəni, Zəngəzurun Ermənistana verilməsinin çox böyük mənfi mənası var idi."   
Bəli, Zəngəzur mahalı qədim Azərbaycan torpaqlarını özündə birləşdirən bir ərazi, coğrafi məkan olub. Eyni zamanda, Zəngəzur elləri ən qədim dövrlərdən Azərbaycan ərazilərində yaranan dövlətlərin tərkibində mövcud olub. Adlar yerin, torpağın danışan dilidir, əcdadlarımızın ən etibarlı, uzunömürlü ünvanlarıdır. Zəngəzur ərazisindəki türk mənşəli toponimik adların çoxluğu da fikirlərimizi tam təsdiqləyir. Bu istiqamətdə tədqiqatlarını dərinləşdirən bir çox alimlərin fikrincə, toponimin adındakı "zəngi" leksik vahidi də türk tayfa adıdır. Türkdilli respublikalarda və o cümlədən, ölkəmizin çoxlu yer adlarında bu oğuz-türk tayfasının izləri yaşamaqdadır. Zəngiçay, Zəngitəpə, Zəngərik, Zəngişamlı, Zəngənə, Zəngilan, Zəngəran, Zəngişalı, Zəngidərə çayı, Zəngibasar, Zəngilər, Zəncan, Zəndilli adlarını çəkmək olar.
Mahmud Kaşğarinin, Fəzlullah Rəşidəddinin, Əbdülqazinin, Abbasqulu ağa Bakıxanovun əsərlərində, çoxlu sayda yazılı mənbələrdə oğuz-türk tayfasından biri olan "zəngi" tayfasının adı çəkilir. Zəngi tayfaları Azərbaycanda Atabəylər və Səfəvi dövlətlərinin, hakimiyyətlərinin əsas sütunlarından biri olub.
Zəngəzurun coğrafi adındakı ikinci leksem qədim türk dillərindən bu günə qədər dilimizdə işlənən "sır" sözü fonetik dəyişikliyə uğrayaraq, s-z-yə çevrilib. Yəni dağlıq, daşlıq, sırsıralı, qayalıq yer, təbii hasar, qala, bürc anlamını verir. Bu iki sözün birləşməsi ərazinin relyefini doğru, düzgün səciyyələndirir: zəngilərin yaşadığı dağlıq yer. Zəngəzur ərazisindəki adların əksər çoxluğunda sır-sur-zur-zor sanki daşlaşıb qalıb. "Zor" sözü Qafqaz və Anadolu türklərinin dilində əsrlərin daş yaddaşından keçərək bu gün də çox yaxşı, böyük, gözəl mənasında da geniş işlənir: güclü, qüvvətli, zor yer, zor adam.
Bütün türk dünyasının yazılı sənət abidəsi "Kitabi-Dədə Qorqud" dastanının X boyunda yazılır: "Oğuz igidi Usun oğlu Əkrək dədə-baba, el yolu, yəni Gorus-Əngələyüz-Dərəşam yolu ilə atını üç gün üç gecə yortaraq Əlincə qalaya çatdı..." Zəngəzurun mərkəzi sayılan Gorus "us", "uş" tayfasının yaşayış yeri, yurdu, əcdadlarının uyuduğu məkan olub. Qafqaz Albaniyasının tərkibində mövcud olmuş Sünik knyazlığı  da əsasən Zəngəzurun Sisian və Gorus bölgələrini əhatə edirdi. Zəngəzurun 20 yurd yeri, dağ-dərə, el-oba adı "Kitabi-Dədə Qorqud"da çəkilən adlarla eynidir. Sisianın adı ilkin yazılı mənbələrdə "Sisakan"dır. Sisakan toponimində həm də türk-oğuz mənşəli arxaik söz daşlaşıb qalıb. "Kan" hündür dağ silsiləsi, dağ yeri anlamını verməklə, Sisakan sisak nəslinin yaşadığı dağlıq yer mənasında işlədilir. Bütün bunlar islamiyyətdən əvvəlki alban mənşəli yer adlarıdır. "Sünik" toponimi sak türkdilli tayfa adı ilə bağlıdır.
Zəngəzurun digər bölgəsi Laçın, Mığrı-Meğri adlarında da türk tayfalarının izi qalıb. Meğri rayonunun Nüvədi kəndindəki  Qarqar yazıları öz qədimliyi, mükəmməlliyi, ümumtürk tarixi üçün əhəmiyyəti ilə "Orxon-Yenisey" abidələrindən geridə qalmırdı. Bərgüşad çayı və ərazi adında atəşpərəstlərin inandığı Bərqu peyğəmbərin adı qalıb. Zəngəzur mahalına daxil olan ən böyük şəhər Qafan - qaf etnosunun Qacaran-qacar tayfalarının yurd yerləri olmuşdur. "An" əski türkcəmizdə cəmlik, çoxluq bildirir.
Qədim və erkən orta əsrlərdə türk etnoslarının məskən qurduğu və  Azərbaycan ərazisində yerləşən çoxlu sayda türk dövlətləri Sünik-Zəngəzuru  da əhatə etmişdi. Bu dövlətlər mövcud olanda ermənilərin bu ərazilərdə heç bir izi olmayıb.
Zəngəzur Cavidan, Babək dövründə xürrəmilər hərəkatının, ərəblərə qarşı aparılan müharibələrin əsas mərkəzi, 30 ildən artıq sürən qanlı döyüşlərin son məkanı olub. Həm də ona görə ki, atəşpərəstliyin ən məşhur məbədgahları  bu yerlərdə idi və neçə-neçə abidədə izləri yaşamaqda davam edirdi. Ərəblər məhz Arazı keçərək Naxçıvan-Biçənək-Gorus-Laçın-Bərdə istiqaməti ilə hərəkət edib Alban, Arran adlanan Şimali Azərbaycanı zəbt etmişdilər.
Azərbaycan tarixindən o da bəllidir ki, 1065-ci ildə Səlcuq-türk imperiyasının şanlı hökmdarı Alp Arslanın başçılığı ilə 150 il davam edən səlcuqlu hökmranlığı Zəngəzur ərazisində türk-islam nüfuzunu daha da genişləndirdi. 1236-cı ildə isə  Zəngəzur monqol-tatarların işğalına məruz qaldı. Bu dövrlərə  aid olan yazılı məxəzlərdə də Zəngəzurdakı türk-oğuz mənşəli yer, yurd adlarının adı çəkilir.
Bütün bu araşdırmalar  sübut edir ki, Zəngəzur mahalı   Azərbaycan torpağının ən qədim yurd yeri və  əcdadlarımızın yaşayış məskənlərindən biri olub. Ölkə Prezidentinin bəyan etdiyi kimi "...Zəngəzur mahalı bizim tarixi ərazimizdir..."  
Lakin tarixin sərt, amansız dönəmlərində bu torpaqlarımız da zaman-zaman parçalanmağa və bölünməyə məcbur edilib. Zəngəzurla bağlı digər tarixi faktlara da nəzər yetirək. Çar Rusiyası dövründə həmin  tarixi Azərbaycan ərazilərində  1867-ci ildə Zəngəzur qəzası yaradılıb. Qəza Yelizavetpol (indiki Gəncə şəhəri) quberniyasının tərkibinə daxil olub. Zəngəzur qəzasına indiki Qafan, Gorus, Mehri, Qarakilsə (Sisian), Laçın, Qubadlı və Zəngilan rayonları daxil idi. Gorus qəsəbəsi isə mərkəzi hissə adlanıb. Ermənilərin azərbaycanlılara qarşı 1905-1907 və 1914-1920-ci illərdə törətdiyi soyqırımları nəticəsində Zəngəzur mahalında təxminən yarım milyon yerli əhali öldürülüb. Həmin illərdə Zəngəzurda 115 müsəlman kəndi yer üzündən silindi. 4472 qadın və uşaq erməni silahlı dəstələri tərəfindən vəhşiliklə qətlə yetirildi. Mudros müqaviləsi əsasında Osmanlı qoşunları Azərbaycanı tərk etdikdən sonra ingilislər Azərbaycan Xalq Cümhuriyyəti tərkibində yaradılan Qarabağ general-qubernatorluğunu tanıdılar.  Şuşa, Cavanşir, Cəbrayıl qəzaları ilə birlikdə Zəngəzur qəzası da Qarabağ general-qubernatorluğuna daxil idi. Xalq Cümhuriyyəti hökuməti  ölkənin ərazi bütövlüyünü təmin etmək məqsədilə Zəngəzura qoşun hissələrinin göndərilməsini qərara aldı. Xankəndidən Zəngəzura doğru hərəkət etməyə başlayan milli ordu bölmələri strateji əhəmiyyətli ərazidən erməni silahlı qüvvələrinin təmizlənməsini uğurla təşkil etsələr də, onu əldə saxlamaq mümkün olmadı...
Azərbaycan bolşeviklər tərəfindən işğal ediləndə  (28 aprel 1920) Zəngəzur bölgəsinin böyük hissəsi erməni silahlı qüvvələrinin nəzarəti altında idi.  Eləcə də, Qarabağın dağlıq hissəsində erməni daşnaklarının hücumları davam edirdi. Azərbaycanda yaradılan Müvəqqəti İnqilab Komitəsi 1920-ci il 30 aprel tarixli notasında Ermənistandan Zəngəzur və Qarabağdan qoşunlarının çıxarılmasını tələb edirdi.
1920-ci il avqustun 10-da Rusiya Kommunist Partiyasının Qafqaz Bürosu Azərbaycanın bolşevik rəhbərliyinin heç bir razılığı olmadan Naxçıvanın Şərur-Dərələyəz bölgəsini Ermənistana vermək barədə qərar qəbul etdi. Qarabağ və Zəngəzur isə Azərbaycanla Ermənistan arasında "mübahisəli ərazilər" elan olundu. 1920-ci il noyabrın 29-da Ermənistanda sovet hakimiyyətinin qurulmasının elan olunmasından bir gün sonra noyabrın 30-da keçirilən Azərbaycan KP MK Siyasi və Təşkilat bürolarının birgə iclasının qəbul etdiyi qərarı ilə Zəngəzurun Ermənistana verilməsi məsələsi həll olundu. Qərarda Zəngəzur bölgəsini iki yerə - Qərbi və Şərqi Zəngəzur qəzalarına bölmək təklif edilirdi. Nəticədə qədim Azərbaycan torpağının bir parçası olan Zəngəzur qəzasının 6.742 kv. verstlik ərazisindən 3.105 kv. versti Azərbaycan SSR tərkibində qaldı.  3.637 kv. verstlik hissəsi isə Ermənistana "bağışlandı".  
Azərbaycan xalqı 30 ilə yaxın erməni faşistlərinin işğalında olan torpaqlarımız uğrunda  Qurtuluş Savaşına, haqq mübarizəsinə qalxaraq tarixi ədaləti bərpa etdi. Bu gün torpaq, yurd, el-oba həsrətlisi olan həmvətənlərimiz öz ata-baba yurdlarına, əcdadlarının uyuduğu tarixi torpaqlarına qayıdır. Erməni vəhşilərinin viranə qoyduğu yurd yerlərimizi yenidən qurmağa, gözəlliklər yaratmağa, talan edilmiş, yandırılmış torpaqlarımızı, Qarabağımızı, Şərqi Zəngəzurumuzu  dirçəltməyə qayıdır.  

Lalə HÜSEYNOVA "Azərbaycan Ordusu"