Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

25 Avqust 2021 15:05

Təcrübə döyüşdə qələbəni sürətləndirən amildir

Azərbaycan Ordusunun inkişafı və müasir ordu quruculuğu prosesi ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra əsas prioritetlərdən biri oldu. Ordunun inkişaf etdirilməsini, onun dünya standartlarına uyğun formalaşdırılmasını, həmçinin hərbi kadrların dövrün tələbini nəzərə alaraq yetişdirilməsini Əbədiyaşar Komandanımız hər zaman xüsusi vurğulayıb. Görülən işlərin məntiqi nəticəsidir ki, bu gün ümummilli lider Heydər Əliyev kursunun layiqli davamçısı Müzəffər Ali Baş Komandanımız tərəfindən ölkəmizdə aparılan məqsədyönlü tədbirlər sayəsində ordu quruculuğu sahəsində də mühüm nailiyyətlər əldə olunub. 44 günlük Vətən müharibəsində qazanılan Zəfər bu istiqamətin nə qədər düzgün və uzaqgörən seçildiyinin, ordumuzun müasir tələblər əsasında qurulduğunun bariz nümunəsidir. Dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən layihələr ölkəmizin təhlükəsizliyinin qarantı olan ordumuzun hərbi potensialına inanılmaz dərəcədə müsbət təkan verib.
Bu gün Azərbaycan Ordusunun qarşıya qoyulan istənilən döyüş tapşırığını layiqincə yerinə yetirməyə qadir bir qüvvə kimi formalaşması məhz hərbi qüdrətimizin göstəricisi olan silahlı qüvvələrimizə ayrılan diqqət və qayğının göstəricisidir.
Təcrübə hər bir işin vacib şərtidir. Hərb sahəsi insandan böyük məsuliyyətlə yanaşı, yüksək təcrübə də tələb etdiyindən ordumuzun döyüş qabiliyyətinin və müdafiə məharətinin artırılması istiqamətində kompleks tədbirlər həyata keçirilir. Yeni hərbi texnikalar, silah-sursatlar arsenalımıza daxil edilməklə yanaşı, sərəncamda olan silah və texnikaların modernləşdirilməsi istiqamətində mühüm addımlar atılır. Məlumdur ki, tədris prosesi, həmçinin müxtəlif miqyaslı təlimlər ordunun döyüş hazırlığının mühüm tərkib hissəsidir. Belə ki, ordumuzun şəxsi heyəti günün nizam qaydalarına uyğun olaraq təşkil olunan dərslər və təsdiq olunmuş plana əsasən, keçirilən müxtəlif miqyaslı təlimlər zamanı qazanılmış nəzəri və praktiki biliklərini uğurla icra edir. Döyüş hazırlığı bölmələrin əməliyyat zamanı düşmənə üstün gəlməsi üçün lazım olan vərdişlərin yaranmasına xidmət edən amildir. "Dəmir yumruq" əməliyyatı zamanı məmləkətimizin "Mədəniyyət beşiyi" olan Şuşamızın azad olunması tapşırığının necə uğurla icra olunduğuna nəzər salsaq yetər. Görərik ki, cəsur oğullarımız ağır texnika və silahlardan istifadə etməyərək yüksək döyüş əhval-ruhiyyəsi ilə necə şanlı Zəfər salnaməsi yazıblar.
"N" hərbi hissəsinə səfərimiz yeni tədris dövrünün başladığı dövrə təsadüf edirdi. Zabit Rüfət Quliyevlə söhbət zamanı qeyd etdi ki, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin ordumuzun komplektləşdirilməsi sahəsində qarşıya qoyduğu tapşırıqlara əsasən, ölkəmizin hərbi potensialı artmaqda davam edir. "Tədris dövrü ordumuzda lazımi səviyyədə təşkil olunur. Bunun bariz göstəricisidir ki, təsdiq olunmuş döyüş hazırlığı planına əsasən, Azərbaycan Ordusunun birlik, birləşmə, həmçinin müxtəlif qoşun növlərində yeni tədris dövrünün başlaması prosesi bizim hərbi hissədə də uğurla təşkil olunur. Belə ki, təşkil olunan tədbirlərdə Müdafiə nazirinin əmr və tələbləri, tədris dövrünün əsas məqsəd və vəzifələri, həmçinin qarşıya qoyulan tapşırıqların icra qaydaları şəxsi heyətin diqqətinə çatdırılır. Hərbi hissəmizin şəxsi heyəti tədris proqramları, silah və texnikaların effektiv istifadəsi, tədris prosesinin düzgün təşkili üzrə digər məsələlərlə tanış olur.
İndi gedəcəyimiz bölmənin şəxsi heyəti təcrübəli zabitlərin rəhbərliyi altında keçirilən təlimlərdə qarşıya qoyulan tapşırıqları yüksək dəqiqliklə və operativ surətdə icra edir. Artıq bütün dünya bilir ki, Azərbaycanın hərbi potensialı daha da genişlənib və  Azərbaycan ordusu regionda mobil və yüksək döyüş hazırlığına malik bir qüvvə kimi formalaşıb. Hərbi hissəmiz yarandığı gündən üzərinə düşən müqəddəs missiyanı böyük fədakarlıqla yerinə yetirməyi bacarıb. Necə ki, 44 günlük Vətən müharibəsi zamanı hərbi hissəmizin bölmələri qarşıya qoyulan vəzifələrin öhdəsindən uğurla gəlməyi bacardı. Tədris prosesinə cəlb olunan bu bölməmizin də şəxsi heyəti döyüşlərdə üzərinə düşən vəzifəni layiqincə icra edən hərbi qulluqçularımızdan təşkil olunub".
"Həyəcan" siqnalı ilə bölmədə aktivlik müşahidə olundu. Hər kəs çevikliklə formasını geyindikdən sonra silah otağından lazımı təchizatını alaraq, əvvəlcədən nəzərdə tutulmuş ərazidə komandirlərin növbəti tapşırığını gözlədi. Komandirlərin tapşırığı ilə aktiv şəkildə maşınlara minən şəxsi heyət təlim yerinə  doğru hərəkətə başladı. Həmsöhbətimiz baş leytenant Yusif Abdullayev yerinə yetiriləcək fəaliyyətin mövzusu ilə bizləri tanış etdi. "Tədris planına uyğun olaraq keçirilən sinif və çöl dərslərində bölmənin şəxsi heyəti motoatıcı ixtisasına aid biliklərini artırır, silahdan istifadə qaydalarını öyrənir, həmçinin silahın taktiki-texniki xüsusiyyətlərini dərindən mənimsəyir. Bir sözlə, bölməmizin şəxsi heyəti ona təhkim olunan cihazla yaxından tanış olur". Taktiki hazırlıq məşğələsinin bugünkü mövzusunu diqqətimizə çatdıran zabit əlavə etdi ki, hərbi qulluqçular dərs zamanı qarşıya qoyulan tapşırıqları qəbul olunmuş normativlər əsasında yerinə yetirməyi məşq edəcəklər. "Baş tutan təlimlərdə şəxsi heyət öz nəzəri biliklərindən əlavə, praktiki vərdişlərini də artırır, qarşıya qoyulan tapşırığı uğurla icra edir. İkinci Qarabağ müharibəsi zamanı da bölməmiz aktiv döyüşlərdə iştirak edərək qarşıya qoyulan tapşırıqları uğurla icra etdi. Döyüşdə qələbəni sürətləndirən amil, təcrübədir. Təcrübəni dərslərdə, təlimlərdə qazanaraq özünü daha da təkmilləşdirirsən. Savaşın xeyrimizə başa çatması heç də hərbi hazırlığımızın başa çatması demək deyil. Bundan sonra da tabeliyimizdəki şəxsi heyətin bir döyüşçü kimi formalaşmasında əlimizdən gələni əsirgəməyəcəyik."
Şəxsi heyətin fəaliyyətini izlədik. Nəzəriyyədə öyrənilənlərin təcrübədə uğurla tətbiqi bölmədəki döyüş hazırlığının yüksək səviyyədə təşkilindən xəbər verirdi. Əmin olduq ki, fəaliyyətini izlədiyimiz motoatıcı bölmənin şəxsi heyəti hərbi vərdiş və bilikləri kifayət qədər mənimsəyiblər. Bir sözlə, bölmənin hərbi qulluqçuları mənimsədiyi mövzunu  təcrübədə uğurla sınaqdan çıxartdı. Bu da təsdiq edir ki, şəxsi heyət dərslərdə və təlimlərdə fəal iştirak edərək qarşıya qoyulan tapşırıqların öhdəsindən layiqincə gəlməyi bacarır.

Fuad CƏFƏROV "Azərbaycan Ordusu"