Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

21 Avqust 2021 11:00

“Vətən sevgisi Böyük Qələbəmizin açarı oldu”

Əbəs yerə deyilmir - sülh istəyirsənsə, döyüşə hər an hazır olmalısan. Təbii ki, hər bir sivil insan sülh istəyir. Necə ki, biz torpaqlarımızın sülh yolu ilə azad olunmasını, regionda əmin-amanlıq və firavanlıq istəyirdik. Ölkə rəhbərliyi humanizm dəyərlərini rəhbər tutaraq, münaqişənin qarşılıqlı kompromis yolu ilə həll olunmasının və qan tökülməməsinin tərəfdarı olub. Buna baxmayaraq danışıqların nəticəsiz qalması, beynəlxalq təşkilatların 30 ilə yaxın müddətdə bu münaqişənin həllində ikili standartlar yürütməsi, həmçinin beynəlxalq qurumların qəbul etdiyi sənədlərin masa üzərində icrasız qalması düşmənin əl-qol açmasına imkan yaratdı. Tez-tez təxribatlara əl atan, atəşkəs rejimini pozaraq bölmələrimizi müxtəlif çaplı silahlardan atəşə tutan düşmənin cavabı hər zaman şanlı ordumuz tərəfindən layiqincə verilirdi. Lakin son təxribat düşmənə elə baha başa gəldi ki, bu dərsi onlar çətin ki, unuda bilsinlər. Düşmənin son təxribatının cavabı xalqımızın çoxdan arzusunda olduğu Böyük Qələbənin carçısı oldu. İgidlər yurdu ölkəmizin qüdrətinin nümunəsi olan Azərbaycan Ordusu Ali Baş Komandanımızın əmri ilə 2020-ci il 27 sentyabr günü düşmənin təxribatına əks-hücum əməliyyatı ilə qarşılıq verdi. Prezident İlham Əliyev döyüşlərin ilk günündən işimizin haqq işi olduğunu, Qarabağın Azərbaycanın tarixi ərazisi olduğunu vurğulaması, hər bir azərbaycanlının qəlbindən xəbər verir, xalqın Zəfərə inamını daha da artırırdı. Xalqımız mavi ekran qarşısında səbirsizliklə Ali Baş Komandanın nitqini gözləyir, işğaldan azad olunan ərazilərimizin adlarını eşitmək istəyirdi. Azərbaycan əsgəri qarış-qarış, addım-addım torpaqlarımızı düşməndən təmizləyirdi, işğaldan azad olunan torpaqlarımızda dalğalanan üçrəngli bayraq hər bir azərbaycanlını sevindirir, qürurlandırırdı. 44 gün davam edən haqq savaşında dünya azərbaycanlılarının ürəyi döyüş meydanında Azərbaycan əsgərinin yanında idi. Ali Baş Komandanın qətiyyətindən, xalqın dəstəyindən güc alan qüdrətli ordumuzun cəsur oğulları 44 gün boyunca hava şəraitindən, ərazinin relyefindən asılı olmayaraq düşmənə qarşı gecə-gündüz vuruşur, yalnız irəli doğru gedirdi. Müharibə təbiidir ki, itkisiz olmur. Müqəddəs missiyanı yerinə yetirərkən şəhidlik zirvəsinə yüksələn igid oğullarımızın xəbərlərinə üzüldük. Şəhidlik Tanrı dərgahında ən ali zirvələrdən biridir və hər kəsə bu şərəfli adı qazanmaq qismət olmur. Onlar müqəddəs amal uğrunda - Vətən uğrunda canlarını fəda etdilər. Onlar bu fədakarlıqla adlarını tarixə qızıl hərflərlə yazmağı bacardılar, vətənpərvərlik nümunəsi göstərdilər. Təəssüf ki, döyüş meydanında ordumuzla bacarmayan erməni silahlı birləşmələri döyüş meydanından kənarda yerləşən mülki obyektlərimizi hədəfə aldılar. Düşmənin bu hərəkətinin qarşısı və şəhidlərimizin qisası artıqlamasıyla alınmalı idi, alındı da. Düşmən döyüş meydanında darmadağın oldu. Ermənilər silahlarını, texnikalarını atıb qaçırdılar. Bunların hamısı düşmənin qarşımızda nə qədər aciz və güclərimiz arasında müqayisəyəgəlməz dərəcədə fərq olduğunun göstəricisi idi. Nəhayət, 44 günün sonunda Ermənistan rəhbərliyi çıxış yolunu kapitulyasiya aktına imza atmaqda gördü. Həmin təqvim tarixi ədalətin bərpası, xeyirin şər üzərində qələbəsi günü kimi tarixləşdi. Qısa müddət ərzində Böyük Qələbə qazanan rəşadətli Azərbaycan Ordusu bu tarixi zəfərlə öz gücünü təkcə düşmənə deyil, bütün dünyaya nümayiş etdirdi. Hər bir azərbaycanlı 44 günlük Vətən müharibəsi ilə tarix boyu qürur duyacaq.
Artıq müharibə geridə qalıb və qalib Azərbaycan Ordusunda bu gün də quruculuq və modernizasiya prosesi uğurla həyata keçirilir. Döyüşlərin ilk günündən son gününədək yanımızda olan, bizə mənəvi dəstək verən ölkələrlə (Türkiyə, Pakistan və s.) və dünyanın digər güclü ordularına sahib ölkələrlə qarşılıqlı əməkdaşlıq çərçivəsində hərbçilərimiz müxtəlif kurslarda iştirak edir, hərbi biliklərini daha da təkmilləşdirirlər. Kurslarda iştirak edən hərbi qulluqçularımız arsenalımıza yeni daxil edilən silahlardan istifadə qaydalarını öyrənir, nəzəri və praktiki biliklərini artırırlar. "N" hərbi hissəsində olmağımız hərbçilərimizin Türkiyədə keçirilən təlimdən yenicə qayıtdığı ərəfəyə təsadüf edirdi.
44 günlük Vətən müharibəsi zamanı düşmənin qorxulu yuxusuna çevrilən PUA bölməsinin şəxsi heyəti ilə tanış olduq. Bölmənin hərbi qulluqçularının bir qismi Türkiyədə keçirilən təlimdən yenicə qayıtmışdı. İlk həmsöhbətimiz zabit Səməd Muradov bildirdi ki, müasir Azərbaycan Ordusunda günümüzün tələblərinə cavab verən innovativ yeniliklər tətbiq olunur, bunun sayəsində hərbi qüdrətimiz daha da möhkəmlənir. "44 günlük Vətən müharibəsi zamanı hər bir azərbaycanlının səbirsizliklə gözlədiyi, düşmənin başına zərbə endirən pilotsuz uçuş aparatlarından çəkilən görüntülər də Zəfər tariximizin bir səhifəsidir. Bu gün Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında ordu quruculuğu işləri müasir standartlara uyğun təşkil olunur. Ölkənin hərbi qüdrətinin artırılmasının, ordunun modern əsasda formalaşdırılmasının təmin edilməsi məsələlərini prioritet elan edən ölkə başçısı ordu rəhbərliyi qarşısında vacib tapşırıqlar qoyur. Bu tapşırıqların məntiqi nəticəsidir ki, Azərbaycan Ordusunda bu gün təkmilləşmə və modernləşmə yönündə mühüm işlər görülür.
Dünyanın aparıcı orduları ilə (qardaş Türkiyə Silahlı Qüvvələri başda olmaqla) qarşılıqlı əməkdaşlıq və tərəfdaşlıq çərçivəsində təşkil olunan müxtəlif kurs və təlimlərdə iştirak edən hərbi qulluqçularımızın təcrübələri artır, hərbi bilikləri daha da təkmilləşir. Təlim hərbçinin bir döyüşçü kimi formalaşmasında mühüm rol oynayır. Belə ki, hərbi qulluqçunun xidməti dövründə öyrəndiyi nəzəri və praktiki biliklər məhz təlim zamanı sınaqdan keçir. Bir komandir olaraq, tabeliyimdəki şəxsi heyətin hərbi bilikləri ilə yanaşı, mənəvi-psixoloji hazırlığının da yüksək olmasına hər zaman önəm verirəm. Bölməmizin hərbi qulluqçusu olmaq dəqiqlik, səbir, operativlik və dözüm tələb edir. Azərbaycan Ordusu İkinci Qarabağ müharibəsi zamanı apardığı döyüş əməliyyatları ilə dünyanın hərb sənətinə yeni nəfəs gətirdi. Müasir silahların tətbiqi günümüzün tələblərinə uyğun olaraq başa düşüləndir, lakin Azərbaycanımızın incisi olan Şuşa şəhərinin qəhrəman oğullarımız tərəfindən heç bir ağır texnika və müasir silahdan istifadə etmədən azad edilməsi, Azərbaycan əsgərinin Vətən sevgisi, torpaq sevgisinin təzahürü idi. Azərbaycan əsgəri yamacları aşaraq, dağlara dırmanaraq mədəniyyət beşiyimiz Şuşaya üçrəngli bayrağımızı sancdı. Bu gün qürurluyam ki, bu tarixi döyüşün iştirakçısı olmuşam, tarixi ədalətin bərpasında bizim bölmənin də əməyi oldu. Lakin şəhidlərimizi və qazilərimizi unutmamalıyıq. Tarixi qanı ilə yazan oğulların borcları heç nə ilə ödənməz. Hər birimiz şəhidlərimizin xatirəsini daim uca tutmalı, onların xatirəsini əbədi yaşatmalıyıq. Bu bizim qardaşlıq və vətəndaşlıq borcumuzdur. Torpaqlarımızın bütövlüyü, ölkəmizin müstəqilliyi uğrunda canından keçən hər bir şəhidimizə Allahdan rəhmət, qazilərimizə isə şəfa diləyirəm. Onların və digər Vətən oğullarımızın sayəsində bu gün torpaqlarımız azaddır. Qarabağımız azaddır. Qarabağ Azərbaycandır!".
Gənc zabit Həmid Rizazadə isə qeyd etdi ki, Vətən müharibəsində qələbənin qazanılmasında döyüş ruhu və qələbə əzmindən savayı keçirilən təlimlərin də mühüm rolu oldu. "Özüm 2009-2012-ci illərdə Cəmşid Naxçıvanski adına hərbi liseydə təhsil almışam, daha sonra bir neçə xarici ölkədə təhsilimi müvəffəqiyyətlə davam etdirmişəm. Keçirilən kurslar və təlimlərdə ixtisasımın incəliklərinə dərindən yiyələnmişəm. 44 günlük Vətən müharibəsinə nəzər salsaq görərik ki, hərbi qulluqçularımız qarşıya qoyulan tapşırıqların öhdəsindən layiqincə gəlməyi bacardılar. Bu peşəkarlıq bizə Böyük Qələbəni gətirdi. Təlim və kurslarda iştirak edən hərbi qulluqçularımızın öyrəndiyi praktiki və nəzəri biliklər sayəsində istifadəmizdə olan müasir texnikalardan uğurla istifadə olundu və qələbənin qazanılmasında həlledici amillərdən biri məhz təcrübə oldu. İkinci Qarabağ müharibəsi zamanı bölməmizin təminatında olan PUA-lardan uğurla istifadə edilməsi qarşıya qoyulan tapşırıqların qısa müddətdə yerinə yetirilməsində yardımçı oldu. Pilotsuz uçuş aparatları idarəetmə məntəqəsindən idarə olunaraq düşmənin fəaliyyətini izləyir və onun məhv edilməsində birbaşa və yaxud bilavasitə iştirak edir. Bölməmiz modern pilotsuz uçuş aparatlarının sayəsində düşmənin hava hücumundan müdafiə qurğularının, zirehli texnikaların, orta və yaxınmənzilli raketlərin və çoxlu sayda müxtəlif təyinatlı hərbi obyektlərin, o cümlədən, xeyli canlı qüvvənin məhv edilməsinə yönələn əhəmiyyətli tapşırıqlar icra edilib. Bu gün təkcə düşmən deyil, bütün dünya bilir ki, müasir silah və hərbi texnika ilə təchiz edilmiş, yüksək döyüş hazırlığına malik ordumuz var. Ordumuz ölkəmizin iqtisadi gücü hesabına qurulub, təkmilləşdirilib və bu proses bu gün də uğurla davam etdirilir. Şübhəsizdir ki, iqtisadiyyatımızda əldə olunan nailiyyətlər ordumuzun maddi-texniki təminatını xeyli yaxşılaşdırıb. Ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin və Müdafiə naziri general-polkovnik Zakir Həsənovun ordumuza göstərdikləri diqqət və qayğını hər addımda hiss edirik. Bu gün qalib ordunun nümayəndəsi adını daşıdığım üçün sevincliyəm. Bu qələbəni bizə öz canı bahasına bəxş edən şəhidlərimizin ruhları qarşısında baş əyirəm. Allah bütün şəhidlərimizə rəhmət eləsin".
Hərbi hissənin simulyasiya sinfində zabit Taleh Fezullayevlə tanış olduq və onun 44 günlük şanlı tariximiz haqqında təəssüratlarını öyrəndik. "30 ilə yaxın labüd müharibə şəraitində yaşayan ölkə üçün güclü orduya malik olmaq hərbi təhlükəsizliyin təmin olunması baxımından mühüm əhəmiyyət kəsb edir. Hakimiyyətdə olduğu dövrdə ulu öndər Heydər Əliyev müasir ordu quruculuğu prosesinə xüsusi önəm verdi. Bu prosesin məntiqi nəticəsi idi ki, Ümummilli Liderin layiqli davamçısı İlham Əliyevin Ali Baş Komandanlığı altında Azərbaycan Ordusu tarixi salnamə yazdı. 44 günlük Vətən müharibəsi və İkinci Qarabağ müharibəsi adı ilə tarixə həkk olunan müqəddəs savaş rəşadətli ordumuzun qələbəsi ilə başa çatdı. Bu döyüş həm də Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərkərdəliyini, rəşadətli ordumuzun məğlubedilməzliyini düşmənə nümayiş etdirdi. İşğal edilmiş torpaqlarımızın azad olunması çoxdan gözlənilən idi. Çünki uzun illər danışıqların nəticəsiz, qəbul edilmiş qətnamələrin icrasız qalması, düşmənin son zamanlar tez-tez təxribatlara əl atması döyüşü qaçılmaz edirdi. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 sentyabrda verdiyi tarixi qərarı yaşından, vəzifəsindən, rütbəsindən asılı olmayaraq bütün hərbi qulluqçular gözləyirdi. Döyüşün ilk günündən düşmənin mühüm hava hücumundan müdafiə sistemlərinin məhv edilməsi qarşımıza qoyulan əsas tapşırıqlardan biri idi ki, döyüşləri yaxından izləyən hər kəs bilir, düşmənə elə ilk günlərdən çox sarsıdıcı zərbələr vuruldu. Ordumuzun digər qoşunlarının hərəkət yolunda rastlaşdığı maneə və hərbi obyektlərin məhvi habelə onların zərərsizləşdirilməsi tapşırıqlarını icra edirdik. Maneələr aradan qalxdıqca Azərbaycan əsgəri zəfər soraqlı mətin addımlarla irəlilədi. Düşməni pilotsuz uçuş aparatlarımız lərzəyə salmışdı. Azərbaycan əsgəri düşməni döyüş meydanında məhvə məhkum etmişdi. Burnu ovulan qəsbkarlar itki verərək geri çəkilirdilər. Düşmənin uzun illər təşkil etdiyi müdafiə sistemləri, maneələr ordumuz tərəfindən yerlə-yeksan olundu. Bununla da ermənilərin uydurduqları "keçilməz sədd" mifi də Azərbaycan Ordusu tərəfindən məhv edildi. Bir sözlə, döyüşçülərimiz işğalçılara uzun müddət unutmayacaqları dərs verdilər. Azərbaycan əsgəri döyüşün ilk günündən son gününə qədər qələbəyə köklənmişdi, yenilməz və məğrur döyüşçü olaraq düşməni tarixi ərazilərimizdən iti qovan kimi qovurdu. Vətən savaşında minlərlə vətənpərvər, hünərli, cəsur oğullarımız yeni qəhrəmanlıq salnaməsi yazdı, tarixdə silinməz bir iz qoydu. Bu tarixi döyüş uzun illər xatırlanacaq, nəsillər dəyişdikcə qazanılan Böyük Qələbədə əməyi olan oğullarımızın hər birinin xatirəsi ehtiramla anılacaq. Çünki döyüşlərdə qanı ilə Vətən torpaqlarını bütünləşdirən oğullarımızın hər biri xalqımızın yüksək ehtiramına layiqdir. Döyüşlərdə şəhidlik zirvəsinə yüksələn oğullarımıza rəhmət diləyir, qazilərimizə şəfa arzu edirəm. Bu müqəddəs döyüşlə 30 illik həsrətə son qoyuldu, ərazi bütövlüyümüz təmin olundu. Artıq "iyirmi faiz torpaqların işğal altında olması" məfhumu geridə qaldı. Artıq "Qarabağ Azərbaycandır!” - məfhumu var. Yaşasın Azərbaycan!"
Söhbətimizə körpü salan leytenant Adil Yaqubov bildirdi ki, Vətən sevgisi - 44 günlük Vətən müharibəsində qazandığımız Böyük Qələbənin açarı oldu. "Vətən sevgisi Ana sevgisi ilə bir tutulur. Vətənə xidmət etməyi özümə həm övladlıq, həm də vətəndaşlıq borcu bilirəm. Vətənpərvər, qəlbi yurd eşqi ilə döyünən hər bir şəxs üçün torpaq məfhumu böyük məna daşıyır. Doğulub boya-başa çatdığımız, havasını içimizə çəkdiyimiz, üzərində yürüdüyümüz məkan Vətəndir. Vətən bizə ata-babalarımızın əmanətidir. Bu səbəbdən də Vətənə canı və qanı ilə bağlı olmaq gərək. Necə ki, Vətən oğullarımız işğalda olan torpaqlarımızın azad olunması uğrunda keçirilən "Dəmir yumruq" əməliyyatı zamanı qısa müddətdə tarix yazmağı bacardı. - Torpaq qan ilə suvarıldıqda Vətənləşir - deyirlər. Qəlbi Vətən eşqi ilə döyünən şəxs üçün ən ümdə vəzifə Vətəni, onun ərazi bütövlüyünü qorumaq, mənafeyini uca tutmaq, bayrağını daim yüksəklərdə dalğalandırmaqdır. Bir vaxtlar işğalda olan tarixi torpaqlarımız bu gün Vətən torpaqlarına birləşdirilib. Azərbaycan əsgəri Vətən sevgisindən ilhamlanaraq, Ali Baş Komandanının və xalqının dəstəyindən güc alaraq buna nail olub. Müqəddəs amal uğrunda döyüşlərə atılanlar sırasında biz də var idik. Düşmənin strateji əhəmiyyətli yüksəkliklərinin, mühüm təyinatlı obyektlərinin və texnikalarının məhv edilməsində şəxsi heyətimiz də iştirak edib. Təbii ki, hər birimiz bu günü çoxdan gözləyirdik. Torpaqlarımızı düşməndən azad edəcəyimiz döyüşlərin iştirakçısı olmağı arzulayırdıq. Qalib ordumuz ötən ilin 27 sentyabrında işğalçı qüvvələrə qarşı başlatdığı əks-həmlə əməliyyatı zamanı qazandığı qələbə ilə təkcə regionda deyil, bütün dünyada öz adından bəhs etdirməyi bacardı. Azərbaycan əsgəri düşməni hər sahədə məğlub etdi. İstər döyüş ruhu, istər arsenalındakı müasir texnikalar baxımından, istərsə də vətənpərvərlik hissi nöqteyi-nəzərdən düşməndən qat-qat üstün idik. Noyabrın 10-u Azərbaycanın ayrılmaz hissəsi olan tarixi ərazilərimiz birdəfəlik işğaldan azad olundu və Azərbaycanın Böyük Qələbəsi, düşmənin rüsvayçı məğlubiyyəti kimi tarixləşdi".
Gizir Hümmət Məcidov qeyd etdi ki, haqq savaşımızda kəndimiz 7 şəhid verdi. "Şəhidlik ən uca zirvədir, onlar Vətən üçün canlarını sipər edərək, əbədiyyətə qovuşdular. Tariximizin səhifələrinə adlarını əbədi həkk etdilər. Şiddətli döyüşlərdə şəhid olan Vətən oğullarından ikisi əmioğullarım Qoşqar və Elvin Ömərovlardır. Əmioğullarımla Vətənə sevgi, torpağa bağlılıq, xalqa sədaqət mühitində böyümüşdük. Bütün şəhidlərimizlə qürur duyuram. Onlar bu xalqın başının tacıdır. Qədirbilən xalqımız onları heç zaman unutmayacaq, xatirəsini daim yaşadacaq, gələcək nəsillərə layiqincə tanıdacaq. Əmioğullarımla döyüşlər vaxtı fərqli bölmələrin tərkibində savaşsaq da, ürəyimiz bir-birimizin yanında idi. Ali Baş Komandanımızın döyüş əmrini səbirsizliklə gözləyirdik. Çünki torpaqları işğaldan azad etmək hər bir azərbaycanlının qəlbində qubara çevrilmişdi. Yurdundan illərdir tərkidiyar olan həmyerlilərimizin artıq 30 illik həsrətinə son qoymaq vaxtı gəlib çatmışdı. Təqvimdə 2020-ci il sentyabrın 27-si Zəfər yürüşümüzün başladığı gün kimi tarixə həkk olundu. Düşmənin illərdir möhkəmləndiyi müdafiə səddi Azərbaycan əsgəri tərəfindən yarıldı və düşmənin "məğlubedilməzlik" mifi darmadağın edildi. Bizim bölmə də döyüşlərdə düşmənə sarsıdıcı zərbələr vurdu. Döyüşlər sübut etdi ki, Azərbaycan Ordusu sözdə deyil, əməldə güclü ordudur. İllərdir zəbt olunan torpaqlarımız cəsur ordumuz tərəfindən 44 günə azad olundu. Döyüş meydanında rüsvay olan erməni yaraqlıları tək çıxış yolunu qaçmaqda görürdü. Hünərli oğullarımız ərazi bütövlüyümüzü bərpa edərək, xalqımızın 30 illik həsrətinə son qoydular. Qarış-qarış, addım-addım torpaqlarımız işğaldan azad olundu. Bu gün əzəli torpaqlarımızda şanlı bayrağımız dalğalanır. Qürurlanırıq. Şəhidlərimizin ruhlarını ehtiramla anırıq. Bu gün bütün şəhidlərimizin ruhu rahatdır. Qisas alınıb. Azərbaycan əsgəri düşməndən qisas aldı, Böyük Qələbəni xalqımıza bəxş etdi. Mən də bu döyüşdə pay sahibi olduğum üçün fəxarət hissi keçirirəm. Ədalət bərqərar oldu. Azərbaycan əsgəri Ali Baş Komandanımızın və xalqımızın etimadını bundan sonra da layiqincə doğruldacaq".
Bölmənin digər hərbi qulluqçuları leytenant Hüseyn Mahmudov və gizir Fərid Zərbalıyevlə də kəlmələşdik. Onların hər biri Azərbaycan Ordusunun yazdığı tarixi zəfərdən ağızdolusu danışdılar və bu əlamətdar tarixin bir parçası olmaqdan qürur duyduqlarını ifadə etdilər. Onlar bildirdilər ki, Ali Baş Komandan-xalq-ordu birliyi möhkəm olduğu müddətdə xalqımız məğlubedilməz olacaq. Bu gün ən qürurverici hadisə şübhəsiz ki, tarixi torpaqlarımızın düşməndən təmizlənməsi və gələcəkdə öz yurdundan didərgin düşən soydaşlarımızın ata-baba ocağına qayıtması hadisəsidir. Şəhidlərimizin qanı axıdılmış torpaq bu gün Vətən torpaqlarına birləşib ki, bundan sonra ona yad əli uzana bilməz. Bundan sonra hər bir azərbaycanlının üzərinə düşən ən ümdə vəzifə Vətənimizin hər qarışını göz bəbəyi kimi qoruyub onu tam şəkildə gələcək nəsillərə əmanət etmək, şəhidlərimizin ruhunu daim uca tutub onları gələcək nəsillərə Vətənpərvərlik nümunəsi göstərmək və ölkəmizi dünyada layiqincə təmsil edib, üçrəngli bayrağımızı daim yüksəklərdə dalğalandırmaqdır. Yaşasın Azərbaycan!

Fuad CƏFƏROV "Azərbaycan Ordusu"