Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

18 Avqust 2021 10:00

Azərbaycan Ordusunun şəxsi heyəti ilə keçirilən ictimai-siyasi hazırlıq dərsi

(İctimai-siyasi hazırlıq dərsinin qrup rəhbərinə kömək)
Mövzu: Dağlıq Qarabağ münaqişəsi - 1992-1994-cü illər - tarixi faktlar.
Suallar:

1. XX əsrin sonlarında Azərbaycanda ictimai-siyasi vəziyyət. Dağlıq Qarabağ münaqişəsi - 1992-1994-cü illər - tarixi faktlar.

2. Milli qurtuluş. Ümummilli lider Heydər Əliyevin yenidən Azərbaycan rəhbərliyinə gətirilməsi. Milli dövlətçiliyə qarşı qəsdlərin qarşısının alınması.

 

XX əsrin sonlarında Azərbaycanda ictimai-siyasi vəziyyət. Dağlıq Qarabağ  münaqişəsi - 1992-1994-cü illər - tarixi faktlar


Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi XX yüzilliyin tarixinə ən faciəli münaqişələrdən biri kimi daxil olub, onun nəticələri milyonlarla azərbaycanlının taleyinə ciddi təsir göstərib. 1980-ci illərin sonlarında Ermənistanın Azərbaycanın tarixi torpaqlarına açıq formada ərazi iddiaları və etnik zəmində təxribatları, terror əməlləri ilə başlamış bu münaqişə Azərbaycana qarşı hərbi təcavüzlə nəticələnib. Sovet İttifaqı rəhbərliyində təmsil olunan ermənilər, Ermənistan SSR rəhbərliyi və xaricdəki erməni diasporu 1980-ci illərin sonlarında Sovet İttifaqının mərkəzi hakimiyyətinin zəifləməsindən istifadə edərək Azərbaycan SSR-in tərkibində 1923-cü ildə yaradılmış Dağlıq Qarabağ Muxtar Vilayətinin (DQMV-nin) ayrılaraq Ermənistan SSR-ə birləşdirilməsi üçün məqsədyönlü hərəkətə keçdilər.  
1987-ci ilin sonlarından Ermənistan SSR-in Qafan rayonunda azərbaycanlıların öz tarixi torpaqlarından qəddarlıqla deportasiya prosesi başladı və 1989-cu illin sonunadək Ermənistanda yaşayan 250 mindən çox azərbaycanlı öz tarixi torpaqlarından zorla qovuldu, onlardan 216 nəfər vəhşicəsinə qətlə yetirildi, 1154 nəfərə isə müxtəlif dərəcədə xəsarətlər yetirildi.
1988-ci il fevralın 20-də DQMV Xalq Deputatları Sovetinin erməni əsilli deputatları vilayətin Ermənistan SSR-ə birləşdirilməsi təklifinin lehinə səs verdilər (azərbaycanlı və digər millətlərdən olan deputatlar iclasda iştirak etməyib). İyunun 14-də Ermənistan SSR Ali Soveti DQMV-nin Ermənistan SSR-in tərkibinə "daxil edilməsi" haqqında qərar qəbul etdi. Azərbaycan SSR Ali Soveti buna etiraz olaraq iyunun 17-də DQMV-nin Azərbaycan SSR-in tərkibində olmasını yenidən təsdiq edib.
1989-cu il dekabrın 1-də Ermənistan SSR Ali Soveti "Ermənistan SSR-in və Dağlıq Qarabağın birləşməsi haqqında" qərar qəbul etdi. Ermənistan SSR Ali Sovetinin qərarları Ermənistanın təcavüzkar mahiyyətini Azərbaycana qarşı ərazi iddiaları təkcə millətçi qruplar tərəfindən deyil, həm də Ermənistanın dövlət strukturları tərəfindən irəli sürülürdü. Ermənistan nəyin bahasına olursa-olsun, Azərbaycan ərazilərini zəbt etmək istəyirdi. 1990-cı ilin mayında Ermənistanda keçirilən parlament seçkilərində Ermənistanda müharibəni təbliğ edən ifrat millətçi və şovinist qüvvələrin hakimiyyətə yiyələnməsi onların təcavüzkar müharibəyə başlamasını daha da sürətləndirdi. Yerevan bütün səylərini qeyri-rəsmi hərbi birləşmələrin yaradılmasına və onların silahlandırılmasına yönəltdi.
İstər münaqişənin müharibə ərəfəsi mərhələsində, istərsə də sonrakı dövrdə Azərbaycanın mövqeyi SSRİ Konstitusiyası və beynəlxalq hüquq normaları baxımından tam haqlı idi. Lakin o dövrdə Azərbaycan siyasi elitasının durumu, siyasi liderin olmaması vəziyyəti daha da çətinləşdirirdi. Proseslərin gedişini hərtərəfli təhlil etməyi bacaran, məsələlərin həlli üçün dövlətin iradəsinin, prinsipial mövqeyinin vacibliyini başa düşən, uzaqgörən şəxsiyyət, görkəmli dövlət xadimi, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev bu dövrdə məcburi istefada idi. Onun siyasətdən uzaqlaşdırılması münaqişənin ermənilərin istəyinə uyğun olaraq daha da dərinləşməsinə bilavasitə təsir göstərmişdi.
1990-cı il yanvarın 20-də SSRİ qoşunlarının Bakıya yeridilməsi və Qanlı Yanvar faciəsinin törədilməsindən sonra Kreml və şəxsən prezident Mixail Qorbaçov tam nüfuzdan düşdü. Bakıdan sonra sovet qoşunları Neftçala və Lənkəranda mülki şəxsləri qətlə yetirdi. Ümumilikdə, Yanvar hadisələri zamanı ölkə üzrə 150 nəfər öldürüldü. Azərbaycanın kommunist rəhbərləri xalqın milli şüurunda baş verən köklü dəyişiklikləri görmədiyi halda, ümummilli lider Heydər Əliyev yanvarın 21-də Moskvada Azərbaycanın daimi nümayəndəliyinə gedərək SSRİ rəhbərliyinin Azərbaycan xalqına qarşı yürütdüyü qərəzli siyasətə kəskin etirazını bildirib, sovet ordusunun dinc əhaliyə divan tutmasını qətiyyətlə pisləyib və daha sonra Kommunist partiyasının üzvlüyündən imtina edib.
1991-ci il sentyabrın 2-də DQMV və Azərbaycan SSR-in Şaumyan (kənd) rayonu hüdudlarında qondarma "Dağlıq Qarabağ Respublikası" ("DQR") elan edildi, dekabrın 10-da isə "referendum" keçirildi. Buna cavab tədbiri kimi 1991-ci il noyabrın 23-də Azərbaycan Respublikasının Ali Soveti Dağlıq Qarabağın muxtariyyət statusunu ləğv edib. Bu vaxta qədər açıq şəkildə ərazi iddiaları səsləndirən Ermənistan Azərbaycana qarşı müharibə elan etmədən hərbi əməliyyatlara başlayıb. Bununla da, münaqişə yeni "qaynar mərhələ"yə keçib.
Müstəqilliyini elan etmiş Azərbaycan Respublikası ilk günlərdən digər dövlətlərlə münasibətlərini dövlət sərhədlərinin toxunulmazlığı, ərazi bütövlüyü, mübahisəli məsələlərin dinc yolla nizama salınması, başqa dövlətlərin daxili işlərinə qarışmamaq prinsipləri əsasında qurdu. 1991-ci ilin sonunda Rusiya ilə Ermənistan arasında "Dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik haqqında müqavilə"nin bağlanması Rusiyaya Dağlıq Qarabağ ermənilərini Azərbaycana qarşı açıq-aşkar silahlandırmaq imkanı verdi. Ali Sovetin "Azərbaycanın milli özünümüdafiə qüvvələri haqqında" qanununa əsasən 1991-ci ilin noyabrında 22 sərhədyanı bölgədə yerli əhalidən könüllü ərazi özünümüdafiə batalyonları yaradıldı. Döyüş qabiliyyətinə malik olmayan, lazımi silah və sursatla təmin olunmayan və müdafiə taktikası seçməyə məcbur olan özünümüdafiə batalyonları rus və erməni silahlı qüvvələrinin hücumlarının qarşısını ala bilmirdilər. Belə bir şəraitdə ermənilər rusların köməyi ilə 1992-ci ilin yanvarında Kərkicahan, fevralında Malıbəyli, Quşçular kəndlərini ələ keçirib Xocalı və Şuşanı mühasirəyə aldılar. Şuşanı mühasirədən çıxartmaq üçün aparılan "Daşaltı" əməliyyatı uğursuz oldu. Qeyri-bərabər döyüşdə erməni terrorçuları Qarabağlı kəndini ələ keçirib 150-yə yaxın müdafiəçini və kənd sakinini vəhşicəsinə qətlə yetirərək, meyitləri silos quyularına atdılar. Fevralın 25-də axşam saat 9-da erməni silahlı qüvvələri, Xankəndindəki Rusiyaya məxsus 366-cı alayın və muzdlu quldurların köməyi ilə Xocalıya hücum edərək şəhəri işğal etdilər. Xocalı soyqırımında 613 nəfər öldürüldü, 487 nəfər yaralandı, 1275 nəfər əsir götürüldü, 8 ailə bütünlüklə məhv edildi, şəhər yandırıldı.
Xocalı faciəsindən sonra xalqın tələbi ilə Ali Sovetin fövqəladə sessiyasında A.Mütəllibov istefa verməyə məcbur oldu. 1992-ci ilin martında Şuşa artıq mühasirədə idi. 1500 nəfər döyüşçüsü olan Şuşa batalyonunda qalan 500 döyüşçü şəhərə hücuma keçmiş 366-cı alayın köməyi ilə 6000 düşmən əsgəri, 72 tankla qeyri-bərabər döyüşə girdi. Döyüş zamanı 155 nəfər şəhid oldu, 167 nəfər yaralandı, 20 nəfər itkin düşdü. Mayın 9-da Şuşa süqut etdi.
Moskvanın dəstəyi ilə A.Mütəllibovun tərəfdarları Ali Sovetin 1992-ci il 14 may tarixli sessiyasında onu yenidən hakimiyyətə gətirdilər. AXC tərəfdarları və cəbhədən geri çağırdığı hərbi qüvvələrin köməyi ilə Parlament binasını, Prezident sarayını və digər dövlət əhəmiyyətli məntəqələri ələ keçirdi. Silahlı qüvvələrin Laçından çıxarılmasından istifadə edən düşmən mayın 18-də Laçını işğal etdi. Dağlıq Qarabağ ilə Ermənistan arasında dəhliz yarandı.
1992-ci il iyunun 7-də keçirilən prezident seçkilərində AXC-nin sədri Əbülfəz Elçibəy Prezident seçildi. Xalq Cəbhəsi-Müsavat cütlüyü dövründə Respublikada siyasi və iqtisadi böhran dərinləşdi. 1992-ci il mayın 15-də SSRİ hərbi əmlakının bölüşdürülməsi haqqıda Daşkənd müqaviləsinə əsasən, Azərbaycana verilən silah və hərbi sursat əsasında ordunun təchizatı qismən yaxşılaşmışdı. Lakin Azərbaycana verilən texnikalar qəsdən sıradan çıxarılmış, işlək cihazlar sökülüb aparılmışdı. 1992-ci ilin yayında Azərbaycan Ordusunun Ağdərə əməliyyatı nəticəsində Goranboy bölgəsinin işğal edilmiş torpaqları azad edildi. Xocavənd istiqamətində gedən döyüşlərdə də düşmən ciddi tələfata uğradı.
Müxtəlif siyasi qüvvələrin döyüş bölgələrindəki təxribatları nəticəsində 23 iyul 1993-cü ildə Ağdam şəhəri, 18 avqust 1993-cü ildə Cəbrayıl rayonu, 18 avqust 1993-cü ildə Füzuli rayonu, 31 avqust 1993-cü ildə Qubadlı rayonu və 29 oktyabr 1993-cü ildə Zəngilan şəhəri işğal edildi. BMT Təhlükəsizlik Şurası tərəfindən Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal çıxarılmasını tələb edən 4 qətnamə qəbul edilsə də Ermənistan tərəfindən icra olunmadı.

 

Milli qurtuluş. Ümummilli lider Heydər Əliyevin yenidən Azərbaycan rəhbərliyinə gətirilməsi. Milli dövlətçiliyə qarşı qəsdlərin qarşısının alınması


Müstəqilliyimizin ilk illərində ölkə hakimiyyətində siyasi böhran davam edirdi. Erməni vandallarının Azərbaycana qarşı yeritdiyi ərazi iddiaları zaman ötdükcə daha da dərinləşməyə başladı. Bədnam ermənilər xarici havadarlarının dəstəyi ilə silahlanmış quldur dəstələrinin təxribatı nəticəsində tarixi torpaqlarımızı işğal edirdi. Naşı, səriştəsiz hakimiyyət ölkəni daha da dərin uçuruma doğru aparırdı. Düşməndən müdafiə olunmaq üçün yaradılan özünümüdafiə dəstələri ilk vaxtlarda erməni  silahlı quldur dəstələrinə qarşı fəal döyüşsələr də, sonradan pərakəndə vəziyyətdə öz "ağa"larının qanunsuz əməllərini icra etməyə başladılar. Həmin silahlı dəstələr vahid ordu rəhbərliyinə tabe olmaqdan müxtəlif yollarla imtina edirdilər. Gənc respublikada rəhbərliyə yiyələnmək üçün ayrı-ayrı şəxslər və qruplar arasında mübarizə gedirdi. 1993-cü il iyunun 4-də Gəncədə polkovnik Surət Hüseynovun nəzarəti altında olan hərbi hissənin hakimiyyətə itaətsizliyi ölkəni tamamilə xaosa sürükləmişdi. Belə böhranlı və ağır vəziyyətdə ölkə vətəndaşları yeganə çıxış yolunu yenə də müdrik rəhbərinin hakimiyyət sükanı arxasına keçməsində gördü. Bu taleyüklü sınaq anında xalqın çağırışına səs verən, dövlətin gələcək taleyinə biganə qalmayan böyük strateq ümummilli lider Heydər Əliyev Bakıya dönərək respublikada yaranmış hakimiyyət böhranının aradan qaldırılması istiqamətində əməli fəaliyyətə başladı. Ümummilli Liderin bir qrup ziyalı ilə Gəncəyə səfər etməsi və heç bir riskdən çəkinməyərək silahlanmış qüvvələrlə danışıqlar aparması vətəndaş müharibəsi təhlükəsinin qarşısının alınmasında mühüm addım oldu. Bundan bir neçə gün sonra isə Ulu Öndər parlamentdə səslənən təkidli xahişləri, ən əsası xalqın istəyini nəzərə alaraq o zamankı Azərbaycan Respublikası Ali Sovetinin sədri vəzifəsinə seçilməsinə razılıq verdi. 1993-cü il iyunun 15-də ümummilli lider Heydər Əliyev Ali Sovetin sədri seçildi və həmin gün tariximizə "Milli Qurtuluş Günü" kimi daxil oldu. Bu tarixi hadisə respublika həyatında xaos və anarxiyadan qurtuluşa doğru yeni mərhələnin başlanğıcı oldu.  
Ulu Öndərin siyasi hakimiyyətə qayıdışından sonra ölkədə mövcud olan gərginlik tədricən aradan qalxmağa başladı. Dağlıq Qarabağda və Ermənistanla sərhədboyu ərazilərdə gedən gərgin döyüşlər daha da intensivləşdi. Ulu Öndər cəbhədəki vəziyyətin ağırlığını görüb qəti, prinsipial mövqe ortaya qoyaraq 2 noyabr 1993-cü ildə radio və televiziya vasitəsilə xalqa müraciət etdi. Ölkə rəhbərinin bu müraciətindən sonra xalqın, torpağın təəssübünü çəkən minlərlə qeyrətli oğul və qızımız Şəhidlər xiyabanında and içərək "Vətən uğrunda!", "Heydər baba yolunda!" şüarları altında Qarabağa, döyüşə yola düşdülər. Ulu Öndərin tez-tez ön cəbhəyə getməsi, döyüşən Azərbaycan əsgərləri ilə yanaşı, səngərlərdə olması, onların qayğı və ehtiyacları ilə maraqlanması, döyüşdə fərqlənənləri yerindəcə mükafatlandırması, döyüşçülərin qayğıları ilə yaşaması onlara yeni ruh yüksəkliyi verdi və bunun məntiqi nəticəsi olaraq qəhrəman döyüşçülərimiz məkrli düşmənin hücumlarının qarşısını alaraq cəbhədə əks-hücum əməliyyatları həyata keçirdilər. Horadiz qəsəbəsi və 22 kəndi, Cəbrayıl və Kəlbəcər rayonlarının bir sıra yaşayış məntəqəsi azad edildi. Qarabağ bölgəsində gedən döyüşlərdə Azərbaycan Ordusunun əldə etdiyi uğurlar müsbət təsirini göstərdi və düşmən 1994-cü il mayın 12-də atəşkəs imzalamağa məcbur oldu. Bu da ölkədə sabitliyin davam etməsi üçün mühüm şərt idi.
Müstəqil Azərbaycan dövlətinin qurucusu kimi milli dövlətçiliyimizin ideya əsasını məhz ulu öndər Heydər Əliyev yaradıb. Zaman keçdikcə onun necə uzaqgörən, müdrik rəhbər olduğunu görürük. 12 may 1994-cü ildə Ermənistanla cəbhədə uzun sürən atəşkəs elan etməklə Qarabağ məsələsinin sülh, diplomatik yolla həll edilməsinin tərəfdarı olduğunu bildirmişdir. Ermənistan tərəfindən işğal edilən torpaqlar beynəlxalq aləmdə Azərbaycan ərazisi kimi tanınırdı. O zaman dəfələrlə ümummilli lider Heydər Əliyev Ermənistan rəhbərləri ilə görüşlər keçirərək diplomatik yolla torpaqlarımızdan düşmən qoşunlarının çıxarılmasını tələb edirdi. Azərbaycan xalqının və hakimiyyətin heç vaxt işğalçılıq siyasəti ilə barışmayacağını qeyd edir və müharibənin qaçılmaz olduğunu Ermənistan rəhbərliyinə bildirirdi. Atəşkəs dövründə Azərbaycan Ordusu döyüş hazırlığını artırmaqla yanaşı, müasir silah və sursatla da təchiz olunurdu. Şübhəsiz ki, Ulu Öndərin apardığı müdrik siyasət nəticəsində müstəqilliyimiz qorunub, dövlətlə xalqın birliyi təmin edilib. Bu gün Azərbaycan qalib ölkə olaraq dünyadakı nüfuzunu daha da artırıbsa, 44 günlük Vətən müharibəsində 30 ilə yaxın işğal altında qalan torpaqlarını düşmən tapdağından azad edibsə, bu uğurların təməlində Heydər Əliyev məktəbinin, uzaqgörənliyinin əsasları dayanmaqdadır. Bu əsaslar Azərbaycanın ötən onilliklərdə güclənməsinə, iqtisadi, diplomatik, hərbi sahədə irəliləməsinə şərait yaratdı və əlbəttə ki, Ulu Öndərin siyasət mücəssəməsi məhz bu günlər yaşadığımız Zəfər tariximizə hesablanmış uzun, çətin bir yolun keçidi idi.

İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsi