Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

18 Avqust 2021 10:00

Dövlətçilik tariximizin öyrənilməsi vacibdir

Azərbaycan Hərb Tarixi Muzeyinin kollektivinin iştirakı ilə hərbi hissələrimizdə silsilə tədbirlər keçirilib.
Qədim tarixə malik Azərbaycan dövlətçiliyi bu gün özünün yüksək inkişaf dövrünü yaşayır. Vətən müharibəsində işğal edilmiş ərazilərimizi 44 gün ərzində azad etməyi bacaran şanlı ordumuz müstəqil dövlətimizin müdafiəsində ayıq-sayıq dayanır. Dövlətçilik tariximizin dərindən öyrənilməsi, ordu gənclərinin vətənpərvərlik duyğularının daha da gücləndirilməsi, onların mənəvi-psixoloji hazırlığının yüksəldilməsində zəruri amillərdəndir.
Bu günlərdə Azərbaycan Hərb Tarixi Muzeyinin kollektivi Müdafiə Nazirliyinin ayrı-ayrı hərbi hissələrində olub, "Dövlətçilik tariximizi öyrənək və təbliğ edək" mövzusunda silsilə tədbirlər keçirib.
Tədbirlər zamanı ümummilli lider Heydər Əliyevin və Vətənimizin ərazi bütövlüyü naminə canından keçən oğul və qızlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Muzeyin rəisi ehtiyatda olan polkovnik Əzizağa Qənizadə Azərbaycan dövlətçiliyinin tarixinə həsr edilmiş məruzə ilə çıxış edib. Azərbaycan xalqının qədim dövlətçilik tarixinə və zəngin dövlətçilik ənənələrinə malik olduğunu vurğulayan polkovnik Ə.Qənizadə qeyd edib ki, Azərbaycan dövlətləri bütün regionun hərbi-siyasi tarixində mühüm rol oynayıblar.
Keçmiş Sovetlər Birliyinin süqutu nəticəsində 1991-ci ildə xalqımız dövlət müstəqilliyini yenidən bərpa etməyi bacardı. Ancaq həmin dövrdə Azərbaycan bir sıra ağır xarici və daxili təhdidlərlə üzləşdi.
Muzey rəisinin sözlərinə görə, o zaman Ermənistanın ölkəmizə qarşı ərazi iddiaları, elan edilməmiş müharibəyə başlaması Azərbaycanın müstəqilliyini sual altında qoydu. Xalqımızın təkidli tələbilə zəmanəmizin böyük dövlət xadimi ümummilli lider Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra ölkədə siyasi və iqtisadi sabitlik yarandı. Böyük iqtisadi layihələrin gerçəkləşdirilməsi Azərbaycan üçün taleyüklü sahə olan ordu quruculuğunda ciddi islahatlar üçün əsas oldu.
Ümummilli liderin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyilə ordu quruculuğu sahəsində atılan addımlar Azərbaycan Silahlı Qüvvələrinin daha da güclənməsinə, dünyanın ən güclü orduları sırasında yer almasına təkan verdi. Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində Ermənistan ordusuna ağır zərbələr endirdi, bu ölkəni kapitulyasiyaya məcbur etdi, işğal edilmiş ərazilərimizi düşməndən təmizlədi. Bu tarixi Zəfər Azərbaycan dövlətçiliyi tarixinə qızıl hərflərlə yazıldı.
Qədim dövrlərdən günümüzədək Azərbaycan dövlətçiliyi tarixinə həsr olunmuş sənədli film hərbçilər tərəfindən maraqla izləndi.
Azərbaycan Təhsil İnstitutunun şöbə müdiri, pedaqogika üzrə elmlər doktoru, professor İntiqam Cəbrayılov, tariximizin tədqiqatçıları Pərviz Ağalarov, Qoşqar Salmanlı şərəfli tariximizin müəyyən aspektləri barədə maraqlı çıxışları ilə yadda qaldılar.
Gənc aktrisa Günel Babayevanın səsləndirdiyi şeirlər, müğənnilər Rəşad Mikayılov, Şamil Kərimov və Aysu Cəbrayılovanın ifa etdiyi vətənpərvərlik mahnıları tədbir iştirakçılarının alqışlarını qazandı.
Hərbi hissələrin komandir heyəti maraqlı tədbirə görə  Azərbaycan Hərb Tarixi Muzeyinin kollektivinə minnətdarlıq ifadə etdilər.

Əbülfət QASIMOV Azərbaycan Hərb Tarixi Muzeyi