Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

14 Avqust 2021 11:00

Mən əsgərəm, ata!

Uşaqlıqda da, yeniyetməlikdə də hər birimiz ata nəsihəti, ata öyüdü eşitmişik. Məktəbdə müəllimlərimizin dedikləri də eşitdiklərimizin davamı oldu. Vətən kəlməsinin müqəddəsliyini həmin vaxtlardan dərk etmişik. Biz də bu ruhla boya-başa çatmışıq.
2016-cı ilin Aprel döyüşlərində uşaq idik. Cəbhədə nə olduğunu ata-anamızdan, qonşulardan eşidirdik. Qələbə qazanılanda biz də sevinci aşıb-daşan, kükrəyən yaşlılara, yeniyetmələrə qoşulduq. İndi də yadımdadır, ağsaqqalardan biri kövrəkliklə dedi:
- Bu qələbə başlanğıcdı, əsl qələbə torpaqlarımız işğaldan azad ediləndə olacaq.
Dedi və baxışları uzaqlara dikildi. Sonralar bildim ki, ağsaqqal Laçın rayonundandır, o anlarda Laçına sarı baxırmış...
Vətən müharibəsi başlayanda tələbəydim. Yoldaşlarım kimi, mən də döyüşlərə getmək istədim. Dedilər ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə qismən səfərbərlik elan edilib, siz gedə bilməzsiniz. Təəssüfləndik, biz də qazanılacaq qələbənin əsgəri olmaq istəyirdik. Ancaq ruhən bizə elə gəlirdi ki, düşmənlə döyüşən əsgərlərin sırasındayıq...
Qazanılan hər qələbə bizim də ürəyimizi sevinclə silələyirdi. Biz də inanırdıq ki, ordumuz qalib gələcək. Suqovuşan ermənilərdən təmizlənəndə biz də duyduq ki, Zəfər günü uzaqda deyil...
Bu sevinci Azərbaycan Dövlət Dənizçilik Akademiyasının tələbəsi kimi tələbə yoldaşlarımla böyük duyğusallıqla bölüşdüm...
Ordumuz qələbə qazandı. Noyabrın 8-də Şuşa işğaldan azad edildi. Torpaqlarımız işğaldan azad olundu. Bu sevinc təkcə Azərbaycanda deyil, azərbaycanlılar yaşayan bütün ölkələrdə böyük coşqu ilə yaşanıldı...
İndi hərbi xidmətdəyəm.
Bu günlərdə mən də Hərbi and içdim. Zəfərdən sonra xidmətə başlayan gənc əsgər kimi mən də komandirlərimi, valideynlərimi, ictimaiyyətin nümayəndələrini əmin etdim ki, nümunəvi xidmət edəcək, komandirlərimizin bütün əmrlərini məsuliyyətlə yerinə yetirəcəyəm.
Atam dənizçidir. Böyük qardaşım magistraturada təhsil alır. Onlar da inanır ki, mən nümunəvi əsgər olacam. Zəfər qazananların yolunu mən də Vətənə sonsuz sevgimlə davam etdirəcəm.
Qürurla deyirəm: Mən əsgərəm, ata!

Samir CƏBRAYILOV "N" hərbi hissəsi