Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

14 Avqust 2021 11:00

İşıqlı gələcəyə yol açan qəhrəmanlar

Qəhrəmanlar yurdu, igidlər məskəni olan Azərbaycan əlverişli coğrafi-strateji mövqeyinə, zəngin təbii sərvətlərinə görə zaman-zaman bədxah qonşuların təcavüzünə məruz qalıb. Lakin xalqımızın mənafeyini hər şeydən üstün tutan oğul və qızlarımız qarşısında duran düşmən qüvvələrini darmadağın edərək Vətənimizin azadlığını və müstəqilliyini qoruyub saxlayıblar. 44 günlük Vətən müharibəsində də vətənpərvər oğullarımız döyüş meydanında qəhrəmanlıq nümunəsi göstərərək, Vətən, Ana sözlərinin bizim üçün nə qədər müqəddəs olduğunu bütün dünyaya bir daha sübut etdilər.
Vətənpərvərliyi ilə seçilən oğullarımızdan biri də Ruslan Əhədovdur. O, 1995-ci il dekabrın 30-da Bakı şəhərində anadan olub. 2002-ci ildə Sabunçu rayonunda yerləşən 271 nömrəli orta məktəbdə, 2006-cı ildən Respublika Olimpiya İdman Liseyində təhsilini davam etdirir. Orta təhsilini başa vuran Ruslan 2013-cü ildə Moskva Maliyyə Sənaye Universitetinin Menecment fakültəsinin qiyabi bölməsinə qəbul olur. 2014-cü ildə ordu sıralarına çağırılan hərbi qulluqçu düşmənlə təmas xəttində yerləşən bölmələrdən birində xidmət edir. Xidmətə gəldiyi ilk gündən nizam-intizamına, bilik və bacarığına görə komandir və silahdaşlarının hörmət və rəğbətini qazanır, mütəmadi olaraq hərbi vərdişlərini təkmilləşdirir. Qəlbi Vətən eşqi ilə döyünən gənc əsgər xidmətini başa vursa da, daim işğalda olan torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərə qatılmaq arzusunda olur.
2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsində əsgər Ruslan Əhədov döyüşlər zamanı qarşıya qoyulan tapşırıqların öhdəsindən layiqincə gəlir və  Laçın rayonunun işğaldan azad edilməsi uğrunda gedən döyüş əməliyyatlarında şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamına əsasən "Laçının azad olunmasına görə" medalı ilə təltif edilib.
Döyüşçü haqqında danışan mayor Əfqan Zeynalov bildirdi ki, sevgi, məhəbbətlə döyüşə yola salınan oğullarımız Vətənimizin ərazi bütövlüyünü böyük fərəhlə bərpa etdilər. "Belə əsgərlərimizdən biri də Ruslan Əhədovdur. O, ordu sıralarına çağırıldığı andan çiyinlərinə düşən məsuliyyəti yaxşı dərk edir, qarşıya qoyulan tapşırıqların öhdəsindən gəlmək üçün əlindən gələni əsirgəmirdi. Ruslan döyüşə qatıldığı minaatan batareyanın tərkibində Xankəndi, Şuşa və Qırmızı Bazar istiqamətində olan yolları nəzarət altında saxlayır, düşmənin canlı qüvvəsini məhv edərək texnikalarının hərəkətini məhdudlaşdırmaq tapşırığını icra edirdi”.
Zabit qeyd etdi ki, döyüşçü, həmçinin Füzuli rayonunun Yuxarı və Aşağı Ayıbasanlı, Xocavənd rayonunun Yuxarı və Aşağı Yağlıvənd, Qarabulaq kəndləri istiqamətində gedən ağır döyüşlərin də iştirakçısıdır. Ruslan Əhədov Füzuli rayonu istiqamətində gedən ağır döyüşlərdə düşmən artilleriyasının atəşi nəticəsində yaralanan hərbi qulluqçuların döyüş meydanından təxliyəsində də fəal iştirak edib.
Vətənini sevən hər bir insanın əsas amalı və arzusu ölkəsinin bütövlüyü, xalqının azadlığıdır. Ana Vətənin azadlığını, doğma diyarın istiqlalını hər şeydən üstün tutan, Vətən müharibəsi iştirakçısı Ruslan Əhədovla həmsöhbət olmaq imkanı qazandıq.
- Azad və müstəqil olmayan Vətəndə azad vətəndaş ola bilməz, - deyə döyüşçü söhbətə başladı.  - Dünyaya göz açdığımız gündən anamızı görürüksə, Vətən torpaqlarına qədəm qoyduğumuz andan Vətən sevgisinin, yurd eşqinin hərarətini daha dərindən hiss edirik. Bu sevgi illər ötdükcə daha da şirinləşir, möhkəmlənir və qırılmaz tellərlə bizi elimizə, obamıza bağlayır. Bu hisslə böyüyən gənclər hər an Vətəninin azadlığı uğrunda canından belə keçməyə hazırdırlar. Bu gün onların sayəsində ölkəmiz müstəqil və suveren dövlətdir. Biz də atalarımızın əmanət qoyduğu bu dövləti qorumalı və gələcək nəsillərə çatdırmalıyıq.
Döyüşlərdən danışan gənc bildirdi ki, Vətən müharibəsi xalqımızın haqq savaşı idi. "2020-ci il sentyabrın 27-də təxribat törətmək istəyən düşmən qarşısında Müzəffər Ali Baş Komandanın ətrafında bir yumruq kimi birləşən Azərbaycan xalqını gördü. Əli silah tutan hər kəs Vətənimizin müdafiəsinə qalxdı. İgid oğullarımız döyüşlərdə yüksək əzmkarlıq göstərərək ölkəmizin ərazi bütövlüyünü bərpa etdilər. Fəxr edirəm ki, mən də torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə iştirak etdim. İllərdir bu günü səbirsizliklə gözləyirdim. Şükürlər olsun ki, ailəmin yanına Qalib Ordunun qalib əsgəri kimi qayıtdım."
- Böyük Qələbənin qazanılmasında şücaətlə vuruşaraq şəhadətə qovuşan silahdaşlarımın payı əvəzsizdir, - Ruslan Əhədov dedi. - Onlar ərazi bütövlüyümüz uğrunda gedən döyüşlərdə son damla qanlarınadək vuruşub tarixi ədaləti bərpa etdilər. Şəhidlik məqamına ucalmaq ən böyük şərəf və qürurdur. Xalqımız torpaqlarımızın bütövlüyü uğrunda döyüşənləri heç vaxt unutmayacaq. Allahdan şəhidlik zirvəsinə ucalan qardaşlarıma rəhmət, əzizlərinə səbir diləyirəm.
Bu gün Azərbaycan xalqı Vətən müharibəsində qazanılan qələbənin qürurunu yaşayır, onu bizlərə yaşadanlarla fəxr edir. İllər keçsə də, hər dəfə döyüşlərdən danışılanda Ruslan Əhədov kimi vətənpərvər döyüşçülərimizi xatırlayacağıq. Onlar düşmənin işğalçı siyasətinə son qoyaraq, işıqlı gələcəyə yol açan qəhrəmanlardır.

Ruslan HƏSƏNZADƏ "Azərbaycan Ordusu"