Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

14 Avqust 2021 11:00

“Bürünc medal qazandığıma görə çox qürurluyam”

Tokio-2020 Yay Olimpiya Oyunları artıq tarixə qovuşdu. Bu günlərdə bütün dünya idman sevərlərinin diqqəti yarışlara ev sahibliyi edən Yaponiyaya yönəlmişdi. Yay Olimpiya Oyunlarında iştirak edən idmançılarımız gərgin mübarizə apararaq uğurlar qazandılar və ölkəmizi beynəlxalq idman arenasında layiqincə təmsil etdilər. Güclərini, bacarıqlarını bir daha nümayiş etdirdilər.
Hamımızın böyük maraqla izlədiyi gərgin mübarizə şəraitində keçən yarışlarda idmançılarımız 3 gümüş, 4 bürünc medal qazandılar. Müdafiə Nazirliyi Mərkəzi Ordu İdman Klubunun zabiti baş leytenant Rafiq Hüseynov da Tokio-2020 Yay Olimpiya Oyunlarında ölkəmizin idman şərəfini layiqincə qorudu. Bu mötəbər yarışda dörd görüş keçirən təcrübəli yunan-Roma güləşçimiz turnirdə bürünc medal qazandı.
Yaponiyadan geri dönən idmançılarımız Heydər Əliyev adına beynəlxalq hava limanında böyük coşqu ilə qarşılandılar. Müdafiə Nazirliyi Mərkəzi Ordu İdman Klubunun rəhbərliyi və şəxsi heyəti onları qarşılayanların arasında idi.
Yay Olimpiya Oyunlarında bürünc medal qazanmış güləşçimiz Rafiq Hüseynovla qısa da olsa, söhbət edə bildik. Bacarığı və peşəkarlığı ilə ölkəmizə bürünc medal qazandıran idmançı yarış təəssüratlarını bizimlə bölüşərək dedi ki, Tokio-2020 Yay Olimpiya Oyunlarında medal qazanmaq, respublikamızın idman şərəfini yarışlarda layiqincə təmsil etmək üçün getmişdik. “Məqsədimizə qismən nail olduq. Yarışlara qələbə əzmi ilə başladım. Dörd görüş keçirdim, dörd rəqiblə qarşılaşdım, dörd dəfə həyəcanlı anlar yaşadım. Zəfər qazanmaq asanlıqla başa gəlmir. Mübarizə aparmaq, qalib gəlmək həmişə çətin olur. Amma bütün bacarığımla mübarizə apararaq bu çətinliyi dəf etdim. Olimpiya Oyunlarına yola düşəndə arzulayırdım ki, nəyin bahasına olursa-olsun, qızıl medal qazanım. Amma təəssüflər olsun ki, dördüncü görüşdə uğur qazana bilmədim. Heç də hər şey arzuladığım və istədiyim kimi olmadı. Qarşılaşdığım rəqiblərdən biri erməni Karapet Çalyan idi. Düzdür, idmançı üçün rəqibinin hansı millətdən olmasının fərqi yoxdur. Buna baxmayaraq, mən mütləq ona qalib gəlməliydim. Qalib gəldim də! Medal mənə təqdim olunan anlarda gözlərim qarşısında illərdən bəri məşq etdiyim günlər, çəkdiyim əzab-əziyyət canlandı. Həmin dəqiqələrdə fikirləşirdim ki, insan əziyyət çəkib məşq etməsə, istəyinə nail ola bilməz. Əziyyətinin bəhrəsini görəndə isə çox sevinir. Qazandığım bu uğur illərdən bəri məşqlərdə topladığım təcrübənin nəticəsi idi. Bürünc medal qazandığıma görə çox qürurluyam, iftixar hissləri keçirirəm. Əminəm ki, bu qürur, bu iftixar gələcək yarışlarda məni daha da möhtəşəm qələbələrə, zəfərlərə qovuşduracaq. Belə təntənə ilə qarşılanmağımız isə, sözün həqiqi mənasında, sevincimizi daha da artırır. Qələbəmlə, zəfərimlə xalqıma sevinc bəxş etdiyimdən çox məmnunam”.
Tokio-2020 Yay Olimpiya Oyunlarından geri dönən idmançıların üz-gözündən sevinc və bəxtəvərlik yağırdı. İnanırıq ki, onlar gələcək yarışlarda daha böyük uğurlar qazanacaqlar. Ona da inanırıq ki, yunan-Roma güləşçimiz Rafiq Hüseynov 2024-cü ildə Parisdə keçiriləcək Olimpiya Oyunlarında da qaliblər sırasında olacaq. Yeni-yeni zəfərləri ilə xalqımızı sevindirəcək.
Tokio-2020 Yay Olimpiya Oyunlarında medal qazanan idmançılara dövlət tərəfindən pul mükafatı verilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu barədə sərəncam imzalayıb. Dövlət başçısının digər bir sərəncamı ilə olimpiadada qazandığı yüksək nailiyyətlərə və Azərbaycan idmanının inkişafındakı xidmətlərə görə bir qrup məşqçi və idmançı müxtəlif orden və medallarla təltif olunub. Olimpiadada bürünc medal qazanmış Hüseynov Rafiq Radik oğlu da 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib. Bütün bunlar dövlətin və dövlət başçısının idmana verdiyi qiymətin ən bariz nümunəsidir.

Vahid MƏHƏRRƏMOV "Azərbaycan Ordusu"