Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

14 Avqust 2021 11:00

“Vətən müharibəsi qəhrəmanlıq tariximizə qızıl hərflərlə yazıldı”

“N” hərbi hissəsinin zabit və əsgərləri də Vətən müharibəsində yaxından iştirak ediblər. Torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə cəsarət və hünərlə vuruşublar. Döyüş meydanlarından hərbi hissəyə qələbələrlə, zəfərlərlə dönüblər. Buna görə də hərbi hissədə həmsöhbət olduğumuz bütün zabit və əsgərlərin üz-gözündən qürur və iftixar yağırdı. Bu da təbii idi. Çünki onlar qalib ordunun qalib əsgər və zabitləri idilər.
- Hərbi hissənin şəxsi heyəti Vətən müharibəsində böyük igidliklə, qəhrəmanlıqla vuruşdu, - deyə zabit Vasif Həsənov bizimlə söhbətə başladı. - Elə buna görə də İkinci Qarabağ müharibəsində düşməni məhv etdik. "Dəmir yumruq" əməliyyatında zabit və əsgərlərimiz üzərlərinə düşən bütün tapşırıqların öhdəsindən bacarıqla gəldilər. 44 gün davam edən Vətən müharibəsində ordumuz ermənilərin 28 illik işğalına son qoydu. Qəsbkarlar işğal dövründə möhkəmləndikləri mövqelərdən geri qovuldular. Döyüşlər zamanı düşmənin çoxlu canlı qüvvəsini məhv etdik, texnikasını vurub sıradan çıxardıq. Onları ağır məğlubiyyətə uğratdıq. Torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə düşmən nə qədər cəhd göstəsə də, gücümüz, qüdrətimiz qarşısında dayana bilmədi. Döyüşlərdən qalib qayıtmış zabit və əsgərlərimiz bu gün yenə də yorulmaq bilmədən təlim keçir, silahların və hərbi texnikanın sirlərinə daha dərindən yiyələnirlər.
Tarixin sınaqlarından çıxmış həqiqətdir ki, həmişə müharibədə döyüş hazırlığı yüksək olanlar rəqibini məğlub edir, zəfər çalır, qələbə sevinci  yaşayır. Vətən müharibəsində ordumuzun zabit və əsgərlərinin döyüş hazırlığı yüksək olduğuna görə erməniləri ağır məğlubiyyətə uğratdılar, yağılara qalib gəldilər, xalqımıza qələbə sevinci yaşatdılar. Bu qələbələrin, zəfərlərin davamlı olması üçün zabit və əsgərlərimiz təsdiq olunmuş döyüş hazırlığı planına uyğun olaraq dərs keçir, bacarıq və peşəkarlıqlarını artırır, daha güclü, daha məğlubedilməz olurlar.
Keçirilən məşğələnin əhəmiyyətindən söz açan mayor İdrak Ağayev dedi ki, bu gün məşğələdə iştirak edən əsgərlərimizin əksəriyyəti Vətən müharibəsinin od-alovundan keçib. Onlar döyüşlər zamanı düşmən hədəflərini dəqiq məhv edərək, qəsbkarlara sarsıdıcı zərbələr vurdular. Məhz belə cəsur əsgərlərin sayəsində torpaqlarımız erməni işğalçılarından azad edildi. Buna görə də hamımız qürur hissi keçirir, əsgərlərimizlə öyünürük. İkinci Qarabağ müharibəsində qazanılan qələbə bizi qürurlandırsa da, arxayınlaşdırmır. Məşğələ prosesində Vətən müharibəsində qazandığımız təcrübədən də istifadə edirik. Elə buna görə də dərslər səmərəli keçir. Gündən-günə əsgərlərimiz "Qrad" qurğusunun sirlərini daha dərindən mənimsəyirlər. Təcrübə və səriştələrini daim artırırlar. Bu gün əsgərlərimiz ixtisas hazırlığına uyğun olaraq döyüş maşınının tuşlanması mövzusunu məşq edirlər. Gördüyünüz kimi, şəxsi heyət tapşırıqların öhdəsindən bacarıqla gəlir, vəzifələrini cəld və çevik hərəkətlərlə yerinə yetirir. Bu, onların döyüş hazırlıqlarının yüksək səviyyədə olduğunu göstərir.
Qalib ordunun qalib əsgərlərinin növbəti məşğələsini izlədik. Döyüş maşınının komandiri əsgər Rahib Zeynalov sıranın qarşısında dayanaraq məşğələnin mövzusunu heyət nəfərlərinə ətraflı izah edir, qurğuda hissə və detalları göstərir”.
Döyüş maşınının komandiri dərsin mövzusunu şəxsi heyətə ətraflı izah etdikdən sonra heyət nəfərlərinə suallar verdi, keçdiyi dərsi onlardan soruşdu. Əsgərlər çətinlik çəkmədən verilən sualları cavablandırdılar. Bütün bunlar bir daha sübut etdi ki, onlar dərsə maraqla qulaq asır, mövzuları dərindən mənimsəyirlər. Döyüş hazırlıqlarını artırmaq üçün məşğələdə fəal iştirak edirlər.
Arada yaranmış vaxtdan istifadə edib əsgər Rahib Zeynalovla söhbət etdik. Əsgər dedi ki, hərbi hissəmizin şəxsi heyəti Vətən müharibəsində böyük hünər və qəhrəmanlıq göstərdi. “Müharibənin elə ilk günlərindən ermənilərə bir-birindən sarsıdıcı zərbələr vurduq. Həm torpaqlarımızı azad etdik, həm də işğalçılardan şəhidlərimizin qisasını, intiqamını aldıq. Erməni qəsbkarlarının işğalçılıq planlarını alt-üst etdik. Xalqımıza böyük sevinc bəxş edən qələbənin qazanılmasında hamının payı var. Vətən müharibəsində qazanılan qələbə bizi çox sevindirir, amma arxayınlaşdırmır. Məşğələ üçün ayrılmış vaxtın hər dəqiqəsindən səmərəli istifadə edərək hərbi bilik və döyüş vərdişlərini daha dərindən mənimsəyirik. Biz Vətənin əsgərləriyik, ona görə də hər dəqiqə, hər an döyüşə, yurdumuzu qorumağa hazır olmalıyıq. Döyüşlərə hazır olmaq üçün isə daim məşq edir, hərbi sirlərə dərindən yiyələnirik. Yaxşı bilirik ki, döyüş hazırlığı yüksək olan əsgərləri həmişə uğur və qələbələr gözləyir”.
- İxtisasım tuşlayıcıdır. Döyüşlərdə tuşlayıcının üzərinə böyük vəzifələr düşür, - deyə əsgər Vadim Bakiyev söhbətimizə qoşuldu. - İlk günlərdən Vətən müharibəsində iştirak etdim. İxtisasımı dərindən bildiyimə görə heç bir çətinlik çəkmirdim. Düşmənin həm canlı, həm də atəş nöqtələrini   dəqiq hədəfə götürürdüm. Atəşimiz dəqiq olduğundan düşməni ağır itkilərə məruz qoyduq.  Vətən müharibəsində göstərdiyimiz igidlik, cəsurluq bir daha sübut etdi ki, Azərbaycan əsgərinin, Azərbaycan zabitinin döyüş hazırlığı yüksək səviyyədədir. İkinci Qarabağ müharibəsində Azərbaycan Ordusunun şəxsi heyəti ermənilərə sarsıdıcı zərbələr vurdu. Vətən müharibəsi qəhrəmanlıq tariximizə qızıl hərflərlə yazıldı. Azərbaycan Ordusu Vətən müharibəsində qəti addım ataraq 44 gün ərzində işğala son qoydu. Bir daha dünyaya göstərdi ki, Azərbaycan Ordusu yenilməzdir, məğlubedilməzdir.
Heyət nəfərlərindən Nurlan Atakişiyev, Pənah Hüseynov, Valeh Bağırov və başqaları ilə də söhbət etdik, onların ürək sözlərini dinlədik. Əsgərlərdən eşitdiyimiz xoş sözlər ürəyimizi qürurla doldurdu. Onların cəld və çevik hərəkətlərini gördükcə bir daha əmin olduq ki, şəxsi heyət hər zaman məqsəd və məramına mütləq nail olacaq.

Vahid MƏHƏRRƏMOV "Azərbaycan Ordusu"