Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

11 Avqust 2021 09:49

Böyük Xalqın Şanlı Zəfərində ölkəsini sevən hər kəsin payı var

Qələbəmizdə payı olan hər kəs qürur duydu, fəxr etdi. Şanlı Zəfərimizdə payı olanlardan biri də böyük arzularla böyüyən balaca Toğruldur.
Fikrimcə tarix sübut edir ki, xalqın böyüklüyü təkcə onun əhalisinin çoxluğu, ərazisinin böyüklüyü ilə deyil, eyni zamanda, bəşəriyyətə bəxş etdiyi böyük insanlarla da ölçülür. Xalqımızın tarixinə nəzər salsaq görərik ki, bununla bağlı nümunələr yetərincədir.
Düşünürəm ki, xalqın böyüklüyü həm də bu xalqın yaşca, boyca balaca olmasına baxmayaraq böyük ürəyə sahib olan mərd övladları ilə də ölçülür. Böyük ürəkli insanlar mərd olurlar və onlar daima xalqın, dövlətin maraqlarını şəxsi maraqlarından üstün tutur, öz uğurlarından Vətənin uğurları naminə vaz keçməyi bacarır, arzularını ölkəsinin istiqbalına qurban verməyə qadir olurlar. Yəni, əsl Vətəndaş olmağı bacarırlar.
Ali Baş Komandana, şəhidlərimizə, qazilərə və bu Qələbədə əməyi olan bütün insanlara dərin minnətdarlıq hissi ilə anılacaq bu tarix də, bu Zəfər günü də belə Vətən övladlarının Azərbaycanda daim olacağına əyani sübutdur.
Xüsusi qeyd etmək istərdim ki, Vətən müharibəsinin qələbə ilə sona çatması da böyük ürəkli mərd insanların, xalqa, Vətənə bağlı əsl AZƏRBAYCAN övladlarının yetərincə mövcud olmasının nəticəsidir. Xalqımızın 44 günlük Vətən müharibəsində nümayiş etdirdiyi həmrəylik, əzm, iradə və Ali Baş Komandanın ətrafında sıx birləşməsi, ölkə Prezidentinin qətiyyətli mövqeyi "Dəmir yumruq" əməliyyatının uğurla nəticələnməsi, Ermənistan silahlı qüvvələrinin darmadağın edilərək ərazilərimizdən çıxarılması, ulu yurd yerimiz füsunkar Qarabağımızın işğaldan azad edilməsi Şanlı Zəfərimizin əldə olunmasında həlledici rol oynayan əsas amillərdəndir.
Torpaqlarımızın işğaldan azad edilməsi, ərazi bütövlüyümüzün təmin olunması naminə misli görünməmiş həmrəylik, rəşadət və fədakarlıq nümayiş etdirən insanlarımız ölkə Prezidenti, Ali Baş Komandanın xalqa müraciətindən sonra bir nəfər kimi ayağa qalxdı və dövlətimizin, ordumuzun arxasında əzəmətlə durdu. Döyüş əməliyyatları gedən dövrdə istər ön cəbhədə, istərsə də arxa cəbhədə ictimaiyyət, eləcə də dünyanın harasında yaşamasından asılı olmayaraq soydaşlarımız dövlətimizə, ordumuza ümumxalq sevgisi nümayiş etdirdi. Xalqımızın dövlətinə, ordusuna inamı, eləcə də həyata keçirilən ümumazərbaycan dəstəyi, ümumxalq yardımı hər kəsdə qürur hissi, coşqu doğurdu, qələbəmizə əminliyi "Dəmir yumruğa" çevirdi. Vətən müharibəsinin ilk günlərindən hər kəs əlindən gələni etdi, imkanı daxilində hərbçilərimizə köməyə, yardıma tələsdi. Əsgərimizə maşınlarla sovqatlar yollayan şirkətlər, pulsuz siqaret, su verən dükan sahibləri, öz qazancına şəxsi avtomobili ilə cəbhəyə pay çatdıran cavan oğlan, şəhidin böyüdülmüş portretini dəfninə pulsuz aparmaqla savab qazanmaq istəyən taksi sürücüsü, döyüşləri, qəhrəmanlıqları, qələbələrimizi işıqlandıran media mənsubları, əsgərə öz inamını, etibarını sevgi ilə dolu məktublar yazmaqla bildirən məktəblilər də bu Şanlı Qələbəmizdə az da olsun payı, əməyi olsun deyə fəxrlə addımlar atdılar və bundan fərəhləndilər, qürurlandılar.  
44 günlük Vətən müharibəsi günlərində əsgərlərimizin qələbələrindən sevinərək ordumuza yardım edənlərin sırasında bu il iyulun 22-də 10 yaşını qeyd edən məktəbli Toğrul Rəşad oğlu Əzizli də vardır.
Həmin gün həmişə olduğu kimi, sübh tezdən xidmətə yollanmaq üçün oyananlardan biri də mən idim. Bu səhər yerimdən qalxanda içimdə bir ayrı hiss, ayrı həvəs, ayrı bir enerji hiss etdim. Bir anlıq bunun səbəbini düşündüm və daxilimdəki bu fərqli durumun səbəbini həmən xatırladım. Bu coşqunun səbəbi 29 il sonra yenidən mənim Ağdama getməyimə səbəbkar olan, böyük arzularla böyüyən böyük ürəkli balaca Toğrul Əzizli idi. Bəli, məhz 29 il əvvəl 1992-ci ilin yayında mən həyatımda ilk dəfə Ağdam rayonunda olmuşdum. Yenidən Ağdama getmək üçün bizlərə bu imkanı yaradan Ali Baş Komandanımıza, dövlətimizə və ordumuza minnətdarlıq hissi ilə günə başladım.  
Ordumuzun qələbələrindən, cəsur əsgərlərimizin, fədakar zabitlərimizin qələbələrindən ruhlanan və ata-baba yurdu Ağdama gedə biləcəyi xəbərindən sevinən məktəbli Toğrul balaca yaşı, kiçik qəlbi ilə böyük bir addım atmaq qərarına gəlir. Bu barədə valideynləri ilə danışanda, təbii olaraq ona sual olunur ki, axı sən hələ balacasan, sən nə ilə ordumuza kömək edə bilərsən? Balaca Toğrulun cavabı Əzizovlar ailəsinin böyük qüruruna, Ağdam sakini olan babasının və nənəsinin isə sevinc dolu göz yaşlarına səbəb olub. Valideynləri ilə məsləhətləşəndən sonra atasının köməyi ilə ad günü üçün hədiyyə almaq məqsədilə bir il yarım ərzində topladığı 660 manat məbləğində pul vəsaitini (26 oktyabr 2020-ci il tarixədək) ianə olaraq Azərbaycan Ordusuna yardım fondunun hesabına köçürür. Eyni zamanda, əsgərlərə ünvanladığı məktubda onlara uğurlar, qələbələr diləyib, onlarla fəxr etdiyini dilə gətirib. Məktubunda balaca Toğrul yazıb ki, onun həyatda 3 böyük arzusundan biri də məhz müharibənin qələbəmizlə bitməsi və ata yurdu Ağdamın azad edilməsidir. Müdafiə Nazirliyindən xahiş edib ki, qələbədən sonra ona işğaldan azad olunmuş Ağdama gedərək babasının evini ziyarət etməyə köməklik edilsin.
Ordumuza yardımlarla bağlı məlumatlar və daxil olan elektron müraciətlər təhlil edilərkən bu qürurverici fakt və balaca Toğrulun yazdığı məktub Müdafiə Nazirliyinin rəhbərliyinə məruzə edilib. Böyük ürəkli, böyük arzularla böyüyən balaca Toğrulun əsl vətəndaş, əsl azərbaycanlı olaraq atdığı addım hərbi qulluqçular tərəfindən fəxrlə, qürur hissi ilə qarşılandı. Müdafiə naziri general-polkovnik Zakir Həsənovun göstərişinə əsasən, 10 yaşlı Toğrulun ad günü münasibətilə qiymətli hədiyyə alınması və valideynləri ilə birlikdə ata-baba yurdu olan Ağdama səfərin təşkil edilməsi məqsədilə işlər başladı. Lakin onu gözləyən sürprizdən - ad günü hədiyyəsindən nə Toğrulun, nə də valideynlərinin xəbəri yox idi. Bu məlumat hərbçilər tərəfindən "bir sirr, məxfi məlumat olaraq ciddi şəkildə qorunurdu".
Müdafiə nazirinin tapşırığı ilə hədiyyə alındıqdan və səfərlə bağlı hazırlıqlar tamamlandıqdan sonra Toğrulun ailəsi ilə əlaqə saxlanıldı. Yaxın günlərdə onun Ağdama getməsinə şərait yaradılacağı xəbəri Əzizovlar ailəsi tərəfindən böyük sevinc hissi ilə qarşılandı. Xüsusən də Toğrulun babası və nənəsi daha çox sevindilər. Toğrulu yola salanda, hələlik, özlərinin Ağdama getmələrinə imkan olmadığından nəvələrindən rayondan onlar üçün bir neçə ovuc torpaq gətirməsini də xahiş etdilər.
Balaca Toğrulun bu vətənpərvər addımını işıqlandırmaq üçün müraciət edilən Xəzər televiziyasının rəhbərliyi də məmnuniyyətlə bir nəfər jurnalist və operator təyin edilməsinə göstəriş verdi. Jurnalist Ülkər Qasımqızı və operator Ağa Sultanov Toğrulun bu addımını lentə alacaq, tarixləşdirəcəkdi.
Səhər tezdən Toğrul Əzizlini və atası Rəşad Əzizovu Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş idarəsinin həyətində qarşılayarkən hər ikisinin sevinci, həyəcanı üzlərindən hiss olunurdu. Bu səfərdə balaca qəhrəmanımıza yol yoldaşlığı edəcək hər kəs toplandıqdan sonra, Müdafiə Nazirliyi tərəfindən ayrılan avtobus Ağdama yola düşür. Deyirlər yol yoldaşlığı insanı tanımaq üçün ən gözəl vasitədir. Bizim də yol boyu balaca qəhrəmanımızı və onu böyüdən ailəni yaxından tanımaq imkanımız oldu. Ağdama çatanadək söhbətlərimizin qayəsi Vətən müharibəsi, döyüşlərdə qəhrəmanlıq göstərən igidlərimiz, Ali Baş Komandanın qətiyyəti və ordumuzun qüdrəti sayəsində əldə etdiyimiz qələbə, azad edilmiş torpaqlarımız oldu. Toğrulun atası Rəşad Əzizovu dinlədikcə, fikirlərini eşitdikcə bir daha əmin olduq ki, məhz belə ailələrdə Toğrul kimi vətənpərvər, vətənsevər, yurda bağlı, böyük ürəkli Vətən övladları yetişir.
Bizləri aparan avtobusla artıq Ağdama daxil oluruq. Dağılmış evləri, viran qoyulmuş yaşayış məntəqələrimizi sakitcə seyr edən Toğrul fikirlidir. Jurnalist Ülkər xanım Toğrulu fikirdən ayıraraq nə düşündüyünü soruşur. O isə cavabında fikirləşirəm ki, bu dağılmış evlərin hansı babamgilin evidir. Bütün evlərin dağıdılmasına, tanınmaz hala salınmasına baxmayaraq Ağdamın azad edilməsinə hədsiz dərəcədə sevindiyini də deyir böyük ürəkli balaca Toğrul. "Atam söhbətində bildirdi ki, Ağdam bərpa ediləcək, əvvəlkindən də gözəl yaraşıqlı şəhər olacaq və biz yenə də ailəmizlə babamı, nənəmi öz evlərində görməyə gələcəyik". Həqiqətən də, Prezident İlham Əliyevin təməlqoyma mərasimində iştirakından sonra Ağdamda başlanan quruculuq işləri tam əminliklə deməyə əsas verir ki, Toğrulun bu arzusunun da çin olacağına şahidlik edəcəyik. Ağdamın kəndlərini, dağıdılmış yaşayış məntəqələrini ürək ağrısı ilə, işğalçıya nifrət hissi ilə seyr edərək keçirik. Nəhayət, viran qoyulmuş şəhərdə yeganə dağıdılmamış bina olan Ağdamın Cümə Məscidinin qarşısında avtobusdan düşürük. Vətənimizin azadlığı və ərazi bütövlüyü naminə canlarından keçənlərin və ulu xalqımızın böyük övladlarının ruhuna dualar etdikdən sonra məscidin minarəsinə qalxırıq. Qarşımızda bizlərə ikili hisslər yaşadan bir mənzərə açılır. Minarədən baxdıqda gördüyümüz mənzərə ürək ağrıtsa da, dörd bir yanda ordumuzun işğaldan azad etdiyi ucsuz-bucaqsız Vətən torpaqlarını gördükcə təsəlli tapır, fərəh hissi keçirir və bu ərazilərdə yenidən həyatın qaynaması, rayon, şəhər və kəndlərimizin çiçəklənməsi, inkişaf etməsi, dirçəlməsi əminliyi ilə Toğrulla birlikdə Ağdamı seyr edirik. Toğrulun bu səfərini foto və videokameranın yaddaşına köçürə-köçürə Xəzər Televiziyasının əməkdaşı Ülkər xanım Toğrulla söhbət edir, onu sorğu-suala tutur, xəyallarını, arzularını öyrənməyə çalışır. Heyranlıq hissini gizlətməyən Toğrul və atası babalarına məxsus, dağıdılmış evin yerini təyin etməyə çalışırlar. Evin yerini təxmini təyin etdikdən sonra ata-oğul nəzərlərini uzun-uzadı həmin istiqamətə zilləyirlər. Toğrul sanki babasının və nənəsinin söhbətlərində eşitdiyi Ağdamı təsəvvür etməyə çalışır. Ülkər xanımla söhbətində də Toğrul deyir ki, babam mənə Ağdam haqqında çox gözəl şeylər danışıb, təəssüf ki, hər yer dağıdılıb.
Minarədən yerə enirik. Böyük arzularla yaşayan, böyüyən Toğrulun 3 arzusu var idi. O, Vətən müharibəsi zamanı əsgərlərə yazdığı məktubunda bu arzularından bəhs etmişdi. Ağdamın işğaldan azad olunması, pandemiyanın bitməsi və pul yığaraq ad gününə özünə oyun qurğusu almaq idi onun arzuları. Məsciddə dua edərkən ən böyük arzusunun yerinə yetdiyinə, Ağdamın azad olunduğuna görə Allaha və əsgərlərimizə minnətdar olduğunu deyən Toğrul onu gözləyən hədiyyədən, yəni, ikinci arzusunun da yerinə yetəcəyindən xəbərsiz idi. Artıq gözlənilən an gəlib çatdı və Nazirliyin əməkdaşı polkovnik-leytenant Anar Eyvazov Müdafiə Nazirliyi adından alınan oyun qurğusunu ad günü hədiyyəsi olaraq balaca qəhrəmanımıza, böyük ürəkli Toğrula təqdim edir. Bu gözlənilməz hadisədən qəhərlənən, göz yaşlarını saxlaya bilməyən Toğrul gözləmədiyi anda bu hədiyyəni almasına sevindiyini deyir çətinliklə. Bizlər də hamılıqla balaca Toğrulu təbrik edir və bildiririk ki, nə qədər belə böyük ürəyə və belə böyük arzulara sahib Vətən övladları var, Azərbaycan daim qalib, qüdrətli, çiçəklənən və övladlarımızın arzularının yerinə yetiriləcəyi bir ölkə olacaqdır.
Səfər başa çatır. Babasının xahişi ilə Toğrul bir neçə ovuc torpaq da götürdükdən sonra Ağdamla sağollaşır. Yenidən görüşmək ümidilə Bakıya yola düşürük. Səfərdən məmnun qalan balaca Toğrul və atası yaradılan bu imkan, diqqət və qayğıya görə dərin minnətdarlıqlarını ifadə edirlər.
Toğrul yenə də pəncərədən dağılmış evləri, viran qoyulan yurd yerlərini seyr edə-edə fikrə dalıb. Düşünürəm ki, bu dəfə onun arzusu bütün rayonlarımızla birlikdə, Ağdamın da bərpa olunmasından sonra yenə də baba yurdunda olmaqdır. Bu tək onun yox, Azərbaycanı qəlbən sevən, qələbəsi ilə fəxr edən, yurd yerlərinin azad olunmasına və həmin yerlərə qayıdacağına sevinən hər kəsin arzusudur! Arzularımız çin olsun. Böyük arzularla yaşayan, böyük ürəkli, mərd insanları daima var olan böyük Azərbaycan xalqı!
Böyük Xalqımın Şanlı Zəfərinin səbəblərindən biri olan böyük ürəkli mərd övladların Azərbaycanda daim var olması arzusu ilə...

İsa İSMAYILOV Hərbi jurnalist, Müdafiə Nazirliyi Mətbuat Xidmətinin əməkdaşı, Azərbaycan Jurnalistlər Birliyinin üzvü,
Bakı-Ağdam-Bakı