Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

11 Avqust 2021 09:49

“Vətəni qorumaq amalımızdır”

Güclü ordu dövlətin də, xalqın da təhlükəsizliyini etibarlı şəkildə qoruyur. Düşmən üzərində parlaq qələbə qazandıqdan sonra da Azərbaycan Ordusu döyüş qabiliyyətini daim artırır.
Vətən müharibəsində qazanılan təcrübə təsdiqlədi ki, artilleriyanın döyüşdə mühüm yeri var. Döyüşlərdə artilleriyaçılarımız düşmənə dəqiq zərbələr endirərək onun canlı qüvvə və döyüş texnikasını məhv etdilər.
"N" hərbi hissəsində bölmə döyüş hazırlığı məşğələsi ilə məşğul olurdu. Artilleriyaçılar dərs cədvəlinə uyğun olaraq müxtəlif döyüş tapşırıqlarını məşq edirdilər. Təlim meydanında canlanma var idi. Təlimlərlə döyüş hazırlığını artıran topçularımız müəyyən olunmuş müxtəlif döyüş tapşırıqlarını məşq edir, təcrübə və səriştələrini artırırlar. Şəxsi heyətə təlim keçən top komandiri kiçik çavuş Nəcməddin Baxşıyev bildirdi ki, hazırda batareya müdafiədə tapşırıqlarını icra edir. Şəxsi heyət topun “döyüş” və “səfər” vəziyyətinə gətirilməsi, hədəflərə tuşlama normativlərini yerinə yetirir. "Ordumuzda aparılan islahatlar nəticəsində hərbi təlim, döyüş hazırlığı özünün bütün parametrləri ilə daha çox əhəmiyyət daşımaqla xüsusi diqqət mərkəzində dayanır. Döyüşdə hazırlıqlı hərbi qulluqçu döyüş əmrini daha operativ, daha məsuliyyətli yerinə yetirir. Əsgərlərin istər fiziki, istərsə də mənəvi hazırlığında döyüş hazırlığı dərsləri xüsusi rol oynayır".
Heyət nəfəri əsgər Nurlan Məmmədov qeyd etdi ki, döyüşün növündən asılı olmayaraq düşmənə atəşlə zərərvurmanın əsas atəş tapşırıqları raket və artilleriya qoşunlarının üzərinə düşür. “Müharibə zamanı düşmənin döyüş potensialının zəiflədilməsi məqsədilə müxtəlif növ artilleriya silahlarından onun qoşunlarına və obyektlərinə təyin olunmuş qaydada atəş aparılır. Burada əsas məqsəd döyüşün gedişində üstünlüyə nail olmaq və piyadaların hərəkətinə şərait yaratmaqdır. Vətən müharibəsi bir daha sübut etdi ki, artilleriyanın döyüşdə əhəmiyyəti əvəzedilməzdir”.
Əsgər Amil Qurbanlı vurğuladı ki, ordu quruculuğunda silah və texnika ilə yanaşı, şəxsi heyət amili və onun mənəvi-psixoloji durumu da əhəmiyyətlidir. Azərbaycan Ordusu Vətənini sevən, komandirlərinin sayəsində fiziki cəhətdən güclü, sağlam, mənən zəngin, yüksək döyüş qabiliyyətli şəxsi heyətə malikdir.
"Şəxsi heyət Mübariz İbrahimov, Fərid Əhmədov, Cəbrayıl Dövlətzadə, Xudayar Yusifzadə, Çingiz Qurbanov, Raquf Orucov... kimi oğullarımızın qəhrəmanlığından mənəvi güc alaraq torpaqların keşiyində dayanır", - deyə əsgər Məğrur Kərimov əsgər yoldaşının fikrinin davamı olaraq bildirdi. - Onlar Azərbaycan əsgərinin mərdlik, cəsarət, qorxmazlıq, igidlik simvoluna  çevriliblər. Bunun bir səbəbi Vətən sevgisidir, digər səbəb vətənpərvərlik örnəyidir. Torpaqlarımızın işğaldan azad edilməsi üçün canlarından keçən şəhidlərimizin hünəri bizlərə örnəkdir. Hər birimiz onların keçdiyi həyat və döyüş yolundan çox şey öyrənirik. Torpaqlarımızın qorunması, Vətənimizin müdafiəsi uğrunda şəhid olanlar heç zaman unudulmayacaqlar.
"Vətən sevgisi, Vətənə məhəbbət insanın daxilindən, qanından, genindən gəlir", - deyə əsgər Faiq Quliyev dostunun sözünü təsdiqlədi. -  Vətən sevgisi ana sevgisi qədər müqəddəsdir. İnsan qəlbinin ən böyük nəğməsi Vətən nəğməsidir. Əsgərlərimiz öz Vətənini qəlbi ilə, canı və qanı ilə sevir.
Tarixin ayrı-ayrı dönəmlərində ölkəmiz həmişə yadellilərin hücumlarına məruz qalıb. Lakin babalarımız torpaqların müdafiəsini hər şeydən üstün bilib. Bu, bu gün də belədir. Vətən müharibəsində neçə-neçə igid oğullarımız şəhid oldu. Torpaqlarımızı göz bəbəyi kimi qorumaq ən ali və müqəddəs vəzifəmizdir. Çünki min illərdir üzərində yaşadığımız bu torpaqları gələcəyə aparmaq lazımdır. Heç bir halda Vətənin müdafiəsindən geri çəkilməyəcəyik, ən çətin anlarda belə bayrağımızı yüksəkliklərə qaldıracağıq, ölkəmizin adının ən yaxşılar sırasında çəkilməsi naminə ən ağır şəraitlərdə belə çalışmaqdan geri durmayacağıq. Bəli, Azərbaycan gəncləri, hərbi qulluqçular, bu sıradan əsgərlər Azərbaycanı bütün varlığıyla qoruyur.

Oruc MUSTAFAYEV  fotolar Rəşad ƏMRAHOVUNDUR "Azərbaycan Ordusu"