Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

7 Avqust 2021 14:00

Azərbaycan Ordusunun şəxsi heyəti ilə keçirilən ictimai-siyasi hazırlıq dərsi

(İctimai-siyasi hazırlıq dərsinin qrup rəhbərinə kömək)

Mövzu: Döyüş hazırlığında, döyüş növbətçiliyində təhlükəsizlik qaydalarına riayət edilməsi, hərbi xidmətin təhlükəsizliyinin təmin olunması.

İctimai-siyasi hazırlıq qrupunun rəhbəri bu məşğələyə hazırlaşarkən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Nizamnamə və təlimatlarının, Müdafiə nazirinin əmr və sərəncamlarının tələblərini diqqətlə öyrənməli və məşğələyə hazırlaşarkən öz bölməsinin tapşırıqlarını, xüsusiyyətlərini, xidmət şəraitini nəzərə alaraq mövzunu bölmənin gündəlik həyatı ilə bağlamalıdır.

Suallar:
1. Döyüş növbətçiliyinin təşkili və aparılması zamanı əsas təhlükəsizlik tələbləri.
2. Hərbi xidmətin təhlükəsizliyinin təmin olunması.

 

Döyüş növbətçiliyinin təşkili və aparılması zamanı əsas təhlükəsizlik tələbləri


Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Nizamnamə və təlimatlarının, Müdafiə nazirinin əmrlərinin, eləcə də bilavasitə rəislərin əmr və sərəncamlarının tələblərinə müvafiq olaraq, birləşmə və hissələrdə təhlükəsizlik tədbirlərinin təşkili, onların kecirilməsinə rəhbərlik və nəzarət edilməsi komandirlərə və digər vəzifəli şəxslərə həvalə olunur. Onlar döyüş hazırlığı məşğələlərini təşkil edərkən və bu məşğələlərin gedişində təhlükəsizliyin təmin olunmasına dair tədbirlərin işlənib hazırlanmasını həyata keçirirlər.
Döyüş növbətçiliyi "Döyüş növbətçiliyinin təşkili və aparılmasına dair Təlimat"a uyğun və düşmənin qəfil hücumunun vaxtında aşkar edilməsi və dəf olunması, həmçinin müdafiənin dayanıqlığını və keçilməzliyini təmin etmək məqsədi ilə təşkil olunur. Silahlarla, döyüş texnikasıyla, digər texnika və cihazlarla işlədikdə, marş, təlim, döyüş atışları, uçuş, gəmi səfərləri, xüsusi məşğələlər aparıldıqda, qarovul və daxili xidmət növbətçiliyi zamanı komandir (rəis) adları çəkilən hallar üçün zəruri təhlükəsizlik tədbirlərini müəyyənləşdirib, tabeliyində olanlara çatdırmalı və bu tədbirlərin ciddi surətdə yerinə yetirilməsini tələb etməlidir.
Döyüş növbətçiliyinin təşkili və aparılması zamanı postlarda (döyüş mövqelərində) aşağıdakı təhlükəsizlik qaydalarına əməl edilməlidir:
-  Ehtiyac olmadan patronu patron yuvasına yeritməmək;
- Silahı doldurma-boşaltma yerində ancaq post (mövqe) başçısının nəzarəti altında silahı doldurmaq (boşaltmaq);
-  Daraq taxılandan sonra silahı qoruyucuda saxlamaq;
- Doldurulmuş silahla (qoruyucuda olsa belə) davranış qaydalarını pozmamaq (zarafat etməmək, silahla oynamaq və s.);
- İçərisində mərmi (patron) olub-olmamasından asılı olmayaraq, silahı şəxsi heyətə, əsgər sığınacağına, yaşayış məntəqəsinə tərəf yönəltməmək;
-  Silaha boş daraq taxarkən patronun olub-olmamasına nəzarət etmək;
- Səngərdə durarkən başını qaldırmamalı, qarşı tərəfi (düşməni) ancaq müşahidə məntəqəsindən müşahidə etməli, zirehli jileti çıxarmamalı və silahı əlindən qoymamalıdır;
- Gecə vaxtı tonqalların qalanmasına, maşınların qarşı tərəfin (düşmənin) müşahidəsi altında olan sahələrdə qoşulmuş faralarla hərəkətinə yol verməmək;
Döyüş növbətçiliyində olarkən silahı sökməməli, qarşı tərəflə (düşmənlə) heç bir halda əlaqəyə girməməli, döyüş növbətçiliyinin yerini (postu) post (mövqe) başçısının icazəsi olmadan tərk etməməli və deyilən tələbləri yerinə yetirməyən əsgər yoldaşı barədə dərhal post (mövqe) başçısına məruzə edilməlidir.
Hər bir hərbi qulluqçu şəxsi və ictimai gigiyena qaydalarına ciddi riayət etməli, ərazidə tanınmayan bitki və meyvələri yeməməli, həşaratlara yaxın durmamalı və öz orqanizmini gündəlik möhkəmləndirməli, tərli-tərli su içməməli, kəsici, deşici əşyalarla zarafat etməməli və həkimin məsləhəti olmadan dərman qəbul etməməlidir. Yoxlanılmamış su hövzələrindən su içməməli. Ancaq qaynadılmış suyu içmək məsləhət görülür. Soyuq vaxtlarda hərbi qulluqçuların orqanizminin həddindən artıq soyumasının və donmasının, isti vaxtlarda isə həddindən artıq qızmasının, gün yanıqları və istilikvurma hallarının qarşısını alan tədbirlərin görülməsi xüsusi əhəmiyyət kəsb edir. Hava şəraitindən asılı olaraq ildırım vurma, donvurma və qar uçqunlarından qorunma tədbirlərinə ciddi riayət etmək lazımdır.  
Əhvalı pozulmuş, hər hansı bir psixoloji və ailə problemi olan əsgər yoldaşı barədə dərhal post (mövqe) başçısına məruzə edilməlidir. Çünki, belə hallar intihara gətirib çıxara bilər. Vaxtında edilmiş məruzə və komandanlıq tərəfindən həyata keçiriləcək müvafiq tədbirlərlə intihar hallarının qarşısı alına bilər.
Atış çalışmalarının, döyüş atışlarının və döyüş atışlı taktiki təlimlərin keçirilməsi zamanı təhlükəsizlik tədbirləri:
- Atışda təhlükəsizlik, atışların düzgün təşkili, "Atış kursu"nda qoyulmuş qayda və təhlükəsizlik tədbirlərinə dəqiq riayət etməklə, bütün hərbi qulluqçuların yüksək intizamı ilə təmin olunur. Atış keçirilən hər bir obyektdə, onun xüsusiyyətlərini, ərazi şəraitini nəzərə alaraq təhlükəsizlik tədbirləri üzrə təlimat hazırlanır və onu atışa çıxarılmış bölmələrin şəxsi heyəti bilməlidir. Təhlükəsizlik tədbirlərini mənimsəməmiş şəxsi heyət atışa buraxılmır.
- Hərbi hissə və bölmə komandirləri onlara tabe olan şəxsi heyətin təhlükəsizlik tədbirlərinə dəqiq riayət etmələrinə tam məsuliyyət daşıyırlar.
- Atışdan əvvəl hədəf meydanı yoxlanılmalıdır və atış ərazisindən insanlar, heyvanlar və maşınlar çıxarılmalıdır. Atış obyektində hərəkətə yalnız təlim mərkəzi rəisinin göstərdiyi yollarda və rayonlarda icazə verilir.
- Partlamamış mərmilər, minalar, bombalar, partladıcılar və partlama təhlükəli maddələr olan sahələrə girmək (maşınla) və onlara toxunmaq qadağandır. Belə sahələrdə müvafiq nişanlı və xəbərdarlıq yazılı göstəricilər qoyulmalıdır.    
- Atəş açan döyüş maşınları ekipajlarının atış rəhbəri ilə rabitəsi olmayanda (itəndə) atəş açmaq və aparmaq qadağandır. Hədəf meydanında, uçuş məkanında yanğın əmələ gəldikdə, atəş açan döyüş maşınlarının ekipajları səmti itirdikdə və qoşunlardan 100 metrdən çox geridə qaldıqda da atəş dərhal dayandırılır. Atışı dayandırma siqnalları və "Dur", "Atəşi dayandır" komandaları ilə döyüş maşınları (atıcılar) dayanır, atəşi dayandırır, silahları boşaldır və qoruyucuya qoyurlar (elektrik tətiyi açılır).
- Döyüş maşınları ilkin vəziyyətə qayıdana kimi ("Maşınlara" komandası verilənə qədər) lukları açmaq və döyüş maşınlarından çıxmaq qadağandır.
- Əl döyüş qumbaraları atılanda zapal yalnız qumbaranı atmazdan əvvəl rəhbərin komandası ilə qoyulur. Döyüş əl qumbaralarını qumbara çantasından kənarda daşımaq qadağandır. Daldalanacaqdan müdafiə və tank əleyhinə qumbaralar partlayandan 10 saniyədən az olmayaraq keçəndən sonra çıxmaq olar. Əgər doldurulmuş döyüş qumbarası atılmayıbsa (qoruyucu mil çıxarılmayıb), onun boşaldılması yalnız bilavasitə rəhbərin müşahidəsi altında və komanda ilə yerinə yetirilir.
- Uçuş vaxtı vertolyotdan və trenajordan (vertolyot maketi) atışda silahın doldurulmasını, atışı, boşaltmanı və yoxlamanı silah kronşteyndə qoyulmuş və vertolyotdakı (trenajor) atış rəhbərinin komandası (siqnalı) ilə yerinə yetirilir.  

 

Hərbi xidmətin təhlükəsizliyinin təmin olunması


Hərbi xidmətin təhlükəsizliyi - hərbi qulluqçuların təhlükəli və zərərli amillərin təsirindən həyati vacib maraqların müdafiəsi dərəcəsini əks etdirən hərbi xidmətin vəziyyətidir. Hərbi xidmətin təhlükəsizliyinin təmin edilməsi hərbi qulluqçuların həyat və sağlamlığının qorunub saxlanılmasına, qoşunların həyat fəaliyyətinin bütün növlərinin təhlükəsizlik şəraitinin təşkilinə, eləcə də xidməti vəzifələri yerinə yetirərkən şəxsi heyətin ölümünə və xəsarət almasına səbəb olan amillərin təhlili, proqnozlaşdırılması və təsirinin məhdudlaşdırılmasına yönəlmiş Azərbaycan Respublikasının qanunvericiliyinin, Silahlı Qüvvələrin ümumqoşun nizamnamələrinin, Müdafiə Nazirliyinin müvafiq normativ aktlarının tələblərinin yerinə yetirilməsinə dair vəzifəli şəxslərin və hərbi idarəetmə orqanlarının məqsədyönlü fəaliyyətidir.
Xidməti vəzifələrini (müvafiq işi) yerinə yetirən zaman hərbi qulluqçuların təhlükəsizliyini təmin edən qanunvericilik aktları ilə, normativ-texniki sənədlərlə, qaydalar və təlimatlarla müəyyən edilmiş təhlükəsizlik  tələbləri vardır. Azərbaycan Respublikasının Müdafiə nazirinin qərar və əmrləri, Müdafiə nazirinin müavinləri, qoşun növləri komandanlarının əmr və sərəncamları ilə əlavə təhlükəsizlik tələbləri müəyyən edilir.
Birləşmələrin (hərbi hissələrin) ərazisində və ya çox yaxında yerləşən binalar (qurğular), maşınlar (aqreqatlar, mexanizmlər), sənaye və təbii obyektlər təhlükəli obyektlər sayılır. Həmin obyektlərin içində (onların yanında) şəxsi heyət üçün təhlükəli (zərərli) amillərin olması ehtimalı hərbi qulluqçuların təhlükəsizliyinin təmin edilməsi, onların ölümü və xəsarət almasının qarşısının alınması üçün əlavə tədbirlərin görülməsini tələb edir.
Hərbi qulluqçuların həyat və sağlamlığı üçün real təhlükə yaradan təhlükəli hallar vardır ki, onlara çovğun, tufan, yolların buz bağlaması, dənizdə qasırğa, çayda burulğan, epidemiya və s. hallar aiddir. Qoşunların gündəlik fəaliyyətində təhlükəli amillərin təsiri nəticəsində hərbi qulluqçuların həlak olması və ya sağlamlığına ziyan vurulması (zədələnmə, yaralanma, xəsarətalma) ilə nəticələnən hadisələri azaltmaq üçün vəzifəli şəxslər tərəfindən təhlükəsizlik tədbirləri keçirilir. Hərbi xidmət zamanı hərbi qulluqçuların zədələnməsinin və digər bədbəxt hadisələrin, xəstəliklərin qarşısının alınması və sağlamlığının qorunması məqsədilə onlarla sanitar-gigiyena, epidemiya əleyhinə və müalicə-profilaktika xarakterli işlər aparılır.
Hərbi xidmətin təhlükəsizliyinin obyektlərinə hərbi qulluqçular, yerli əhali və ətraf təbii mühit, subyektlərinə isə hərbi hissələrin və hərbi idarəetmə orqanlarının vəzifəli şəxsləri aiddir.
Hərbi xidmətin təhlükəsizliyinin təmin edilməsi üzrə tədbirlərin əsas məqsədi aşağıdakılardır:
- şəxsi heyət arasında qeyri-döyüş itkilərinin qarşısının alınması;
- hərbi qulluqçular tərəfindən yerli əhaliyə qarşı hüquq pozuntularının qarşısının alınması;
- ətraf təbii mühitə zərər vurmağın maksimum azaldılması.
Hərbi hissədə hərbi xidmət təhlükəsizliyinin təmin olunması sisteminin əsas vəzifəsi - hərbi xidmətin təhlükəsizlik səviyyəsini azaldan mənfi amillərin təsirinin neytrallaşdırılması və gündəlik fəaliyyət prosesində bütün kateqoriyalı hərbi qulluqçuların optimal idarə olunmasının təşkilidir.    
Hərbi xidmət təhlükəsizliyinin təmin olunmasının digər vəzifələri aşağıdakılardır:
- hər bir hərbi qulluqçuda təhlükəsizlik tədbirlərinə və hərbi nizamnamə qaydalarına ciddi əməl olunmasına dair şəxsi məsuliyyətin formalaşması;
- şəxsi heyətdə həm öz həyatının, sağlamlığının, həm də ətrafdakıların həyat və sağlamlığının qorunub saxlanılmasına şüurlu münasibətin formalaşdırılması;
- hərbi qulluqçuların maksimum təhlükəsiz fəaliyyətini təmin edən möhkəm hərbi-peşəkar və mənəvi-psixoloji keyfiyyətlərin formalaşdırılması;
- şəxsi heyətdə mülki əhaliyə hörmətlə yanaşmanın və onlara qarşı normativ hüquqi tələblərin ciddi yerinə yetirilməsinin formalaşdırılması;
- hərbi qulluqçularda ətraf mühitə humanist münasibətlərin formalaşması.
Hərbi xidmətin təhlükəsizliyi aşağıdakı əsas növlərə bölünür:
- döyüş növbətçiliyinin (növbəsi) təhlükəsizliyi;
- qarovul, daxili və qarnizon xidmətinin təhlükəsiz aparılması;
- silah və hərbi texnikanın istismarının təhlükəsizliyi;
- döyüş hazırlığının (o cümlədən, atış çalışmaları, döyüş atışları, taktiki təlimlərin keçirilməsi, döyüş texnikasının sürülməsi) təhlükəsizliyi;
- praktiki və xüsusi məşğələlərin təhlükəsizliyi;
- təsərrüfat işlərinə cəlb edilən hərbi qulluqçuların təhlükəsizliyi.
Hərbi xidmətin təhlükəsizliyin təmin edilməsinə dair komandirlərin fəaliyyətinin vacib mərhələsi tabeçilikdə olan bölmələrdə hərbi xidmətin təhlükəsizliyin vəziyyətinin təhlili və onun təmin edilməsinə dair yekunların keçirilməsidir. Hərbi xidmətin təhlükəsizliyinin təmin edilməsinə dair yekun döyüş hazırlığının, hərbi intizamın, qoşun xidmətinin təhlili və yekunu ilə bir vaxtda keçirilir.
Hərbi qulluqçuların fiziki və psixoloji sağlamlığının qorunması və möhkəmləndirilməsinə qayğı göstərilməsi komandirlərin əsas vəzifəsidir. Məhz onların üzərinə qoşun xidməti, döyüş hazırlığı, döyüş növbətçiliyi (növbəsi), təsərrüfat və hərbi hissənin (bölmələrin) digər fəaliyyət növləri ilə əlaqədar keçirilən müxtəlif tədbirlər zamanı təhlükəsizlik tələblərinin təmin olunmasına görə  böyük məsuliyyət düşür.

İdeoloji İş və Mənəvi-Psixoloji  Hazırlıq İdarəsi