Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

7 Avqust 2021 14:00

Vətən müharibəsinin tarixini də öyrənirlər

Azərbaycan Ordusu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Dünyada heç bir qüvvə bizi haqq yolundan döndərə bilməz. Dünyada heç bir ölkə bizim iradəmizə təsir edə bilməz. Biz haqq yolundayıq. Biz qalib gəlirik. Biz zəfər çalırıq və biz öz torpaqlarımızı geri alacağıq, ərazi bütövlüyümüzü bərpa edəcəyik" inamını gerçəkləşdirdi. Böyük Zəfər qazanıldı. Vətən müharibəsi Azərbaycan Ordusunun qələbəsi ilə başa çatdı. Bu Zəfər ictimaiyyətin illər çəkən sarsıntılarına son qoydu.
Birinci Qarabağ müharibəsi haqqında atasından, qonşularından, müəllimlərindən eşitdikləri onun da düşüncələrini tərpətmişdi. Yaşından 6 yaş böyük olan Xocalı faciəsi şagird olanda da, tələbə olanda da heysiyyətinin yaxasından yapışmışdı. "Niyə?", "Nəyə görə?" kimi suallar onun da varlığını titrədirdi. Turan Süleymanov da digər həmyaşıdları kimi əsgər olacağı günün tezləşməsini istəyirdi...
Şüvəlan qəsəbəsində yerləşən A.S.Makarenko adına Humanitar Fənlər Təmayüllü Respublika Gimnaziyasında təhsil alanda da, Azərbaycan Kooperasiya Universitetində dostlarıyla söhbətləşəndə də torpaqlarımızın işğalda qalmasından təəssüflə söz açar, Ali Baş Komandan əmr verərsə, döyüşlərə gedəcəklərini deyərdilər. Bu, döyüş əzmi idi. Bu, Vətənə sevginin təzahürü idi...
2020-ci ilin yayında hərbi xidmətə çağırıldı. Hərbi andı bilirdi. İndi Vətəni qoruyanların sırasında  olacaqdı...
Vətən müharibəsi başlayanda onun xidmət etdiyi hərbi hissə döyüşlərə cəlb olunmadı. Onda digər əsgərlər kimi Turan Süleymanov da komandirinə döyüşlərə getmək istədiyini bildirdi. Komandiri döyüş əzmini, Qələbə ruhunu bəyəndiyi əsgərə hərbçinin əmrləri yerinə yetirməli olduğunu xatırlatdı. Onu da dedi ki, ruhən döyüşənlərin sırasında olmaq da döyüşmək deməkdi. Əmr olarsa, biz də döyüşəcəyik.
Vətən müharibəsi qələbə ilə başa çatdı. Zəfər ovqatını hərbi hissədə əsgər sevgiləriylə yaşadılar. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qürurla dediyi "İkinci Qarabağ müharibəsi bizim şanlı tariximizdir. Xalqımız bu müharibə ilə bağlı əbədi qürur hissi keçirəcək. Biz müzəffər xalq kimi özümüzü dünyada təsdiq etmişik. Ermənistan isə məğlub edilmiş ölkədir, bizim qarşımızda diz çökmüş ölkədir. Başını, boynunu bükmüş ölkədir və həmişə belə olacaq" kəlmələri onları da qürurlandırdı. Azərbaycan Ordusunun qüdrəti onların da Vətən sevgisinin haləsinə döndü...
Əsgər Turan Süleymanov dedi ki, əsgər yoldaşım Elvin Atakişiyevin atası Qubadlıdandı. "O, həmişə deyir ki, Qubadlını görməmişəm. Ata yurdumu işğaldan azad edənlərin sırasında olmaq istəyirdim. Atamın necə sevindiyini təsəvvür edirəm. Tərxis edildikdən sonra Çay Tumasa atamla mən də gedəcəm. Ermənilər bizim də ata yurdumuzu dağıdıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev deyib ki, biz bütün dağılmış şəhərləri, kəndləri yenidən quracağıq, həyat qayıdacaq, insanlar qayıdacaq  və biz bütün dünyaya bir daha xalqımızın böyüklüyünü göstərəcəyik. Biz də digər vətəndaşların sırasında", - əsgər Turan Süleymanov belə dedi. Əsgər Sənan Abdullayev dostunun fikirlərini belə tamamladı: "Biz döyüşlərdə iştirak etməsək də, ruhən döyüşənlərin sırasında olmuşuq. Vətən müharibəsi xalqın orduya inamının, ordunun xalqa güvəncinin dönməzliyini də təsdiqlədi. Tərxis olunduqdan sonra xalqın sırasında ordumuza güvəncimizlə quruculuq işlərində biz də iştirak edəcəyik. Turanın fikirləri həm də bizim fikirlərimizdi..."...
Əsgər Turan Süleymanov onu da dedi ki, komandirlərin, hərbi hissənin zabitlərinin rəhbərliyi ilə döyüş və mənəvi-psixoloji hazırlıqlarını daha da artırırlar. Zabit Sərxan Cəlilov Turan Süleymanovun nümunəvi əsgər olduğunu bildirdi. Dedi ki, Turan əmr və tapşırıqları məsuliyyətlə yerinə yetirir, asudə vaxtlarda əsgər yoldaşları ilə birlikdə Vətən müharibəsi haqqında yazılan məqalələri oxuyurlar. Yəni, Vətən müharibəsinin tarixini öyrənirlər. Bu, mənəvi-psixoloji hazırlıq prosesinin tərkib hissələrindən biridir...
Nümunəvi xidmət həm də vətənpərvərliyi əhatələyən təşəbbüslərdir. Bu təşəbbüslər mənəvi-psixoloji hazırlığın göstəricisidir. Əsgər Turan Süleymanov belə əsgərlərdəndir...

Rəşid HÜSEYNOV, "Azərbaycan Ordusu"