Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

4 Avqust 2021 10:00

Cənnətdə ilk ad günün mübarək, şəhidim!

Vətən torpaqlarının azadlığı uğrunda canlarından keçərək qəhrəmanlıq tariximizin şanlı səhifələrini yazan şəhidlərimizin xatirəsi əbədi yaşayacaqdır. Onların döyüş yolu, göstərdikləri şücaət və vətənpərvərlik hər zaman gənc nəsil üçün nümunə olacaqdır. Ümummilli liderimiz Heydər Əliyevin də dediyi kimi: "Vətənin, ölkəmizin müdafiəsi uğrunda şəhid olmuş insanların adı daim qəlbimizdədir, onların xatirəsi bizim üçün əzizdir, onlar bizim üçün unudulmazdır".
Yeniyetmələr gəncləşir, gənclər əsgər gedir. Hərbi xidmət onların Vətən sevgisini daha da dönməzləşdirir. Əsgər kimi mətinləşənlər həm də azərbaycanlı xarakteri ilə mübarizləşirlər. Belə mübarizləşmə hərbi xidmətin mahiyyəti ilə bağlıdır; hərbi xidmət əsgərlərin mənəvi-psixoloji hazırlığını döyüş hazırlığı ilə üzvi şəkildə tamamlayır. Belə tamamlanma ordunun gücü deməkdir...
Unudulmaz şəhidlərimizdən biri də Naxçıvan torpağının yetirməsi olan Pərviz Zahid oğlu Məmmədzadədir. Qəhrəman el oğlumuzun ad günündə evlərində olduq,  məzarını ziyarət etdik.
Pərviz 31 iyul 2001-ci ildə Babək rayonunun Qaraxanbəyli kəndində dünyaya göz açıb. Yaşasaydı, 20 yaşı olacaqdı. 19 il yaşadı. Bu 19 il əbədiyyətin başlanğıcı oldu. Bu 19 il onu tanıyanlar üçün qürur oldu...
Pərviz 2007-2015-ci illərdə Qaraçuq kəndində Vilayət Mahmudov adına 9 nömrəli tam orta məktəbdə təhsil alıb. 2020-ci ildə hərbi xidmətə yola düşüb.
6 noyabr 2020-ci ildə Xocavəndin işğaldan azad olunması uğrunda gedən döyüşlərdə igidliyi və şücaəti ilə seçilən əsgər həmin döyüşlərdə şəhid olub. Qaraçuq kənd məzarlığında torpağa tapşırılıb.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak edən və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının  Prezidenti İlham Əliyevin sərəncamlarına əsasən ölümündən sonra "Vətən uğrunda" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib.

Bəxtiyar ƏLİYEV