Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

4 Avqust 2021 10:00

Zəfər ruhumuzun bayrağı oldu!

2016-cı ilin Aprel döyüşlərinin, 2020-ci ilin Tovuz döyüşlərinin məntiqi davamı olan, Vətən müharibəsi tarixdən də, xalqımızın yaddaşından da silinməyəcək. Tovuz döyüşlərindən bir il ötsə də, general-mayor Polad Həşimov, polkovnik İlqar Mirzəyev, mayorlar Namiq Əhmədov, Anar Novruzov və digər şəhidlərimiz həmişə ehtiramla anılacaq. Vətənpərvər oğullarımız rütbəsindən, tutduğu vəzifəsindən asılı olmayaraq ön cəbhədə, səngərdə əsgərlərimizlə birlikdə işğalı sonlandırmaq üçün rəşadətlə döyüşüblər.
Düşmənlə sərhəddə yerləşən bölmələrdən birində xidmət edən mayor İlyas İsmayılov bu yerlərin hər qarışında qəhrəmanlarımızın xatirələrinin yaşadığını bildirdi. "Hər birimiz torpağı və qəhrəman oğullarımızın ayaq  basdığı mövqeləri də qoruyuruq. Vətən müharibəsində qələbə şəhidlərimizin ruhuna gözaydınlığı oldu. Onların şəhidliyi Vətən torpaqlarının hər qarışının müqəddəs olduğunu bir daha sübut etdi."
- Bu gün hər bir zabitin qarşısında duran başlıca vəzifələrdən biri də Vətənimizə hazırlıqlı əsgər yetişdirməkdir, - deyə zabit sözünə davam etdi. - Düşmən döyüşdə məğlubiyyətini qəbul etməyə məcbur olsa da, hər an döyüşə hazır olmalıyıq. Tabeliyimizdə xidmət edənlər silah və texnikaların taktiki-texniki xüsusiyyətlərini öyrənir, onlardan düzgün qaydada istifadəni mənimsəyirlər. Döyüşdə hazırlıqlı hərbi qulluqçu ekstremal şəraitdə düzgün qərar qəbul edərək itki vermədən qələbə qazanır.
İsti yay günlərində bölmələrin əsas qayğılarından danışan zabit, hər bir əsgəri günvurmadan və ilanvurmadan qorumaq üçün lazım olan bütün tədbirlərin görüldüyünü dedi. Görülən profilaktik tədbirlər nəticəsində heç bir xoşagəlməz hadisə baş verməyib. Hərbi hissənin tibb xidmətinin zabitləri, feldşerləri müntəzəm olaraq şəxsi heyət arasında maarifləndirici söhbətlər aparırlar.
Ətrafda qəribə sakitlik hökm sürürdü. Sanki Ana Vətən mərd oğullarının müdafiəsində dayandığını hiss edirdi.
Kiçik çavuş Emin Mövsümov heç bir hadisənin baş vermədiyini məruzə etdi. Emin əslən Tovuz rayonunun Əlibəyli kəndindəndir. Uşaqlıqdan güllə səsi eşidən gənc xidmətə başladığı ilk gündən Vətəninə, millətinə şərəflə xidmət edir. Atasının Qarabağ döyüşlərinin iştirakçısı olduğunu deyən hərbi qulluqçu Vətənə xidmət etməyin qürurverici olduğunu bildirdi. "Qarabağ müharibəsində mənfur düşmənin işğalçılıq siyasəti nəticəsində minlərlə soydaşımız doğma el-obalarından didərgin düşmüşdür. Ermənilər xalqımıza qarşı insanlığa sığmayan vəhşiliklər ediblər. İndi azad edilmiş yerlərin qorunması kimi müqəddəs vəzifəni biz yerinə yetiririk. Bunun üçün əlimizdən gələni əsirgəmirik."
- Xidmətə başladığım ilk gündən yaxşı başa düşürdüm ki, müharibə şəraitində olan dövlətin hərbi qulluqçusuyam, - kiçik çavuş Emin Mövsümov dedi. - Buna görə həmişə tabeliyimdə olanların fərdi hazırlığına xüsusi diqqət ayırırdım. Hər an döyüşə hazır olmaq üçün hərbi bilik və vərdişlərimizi təkmilləşdirirdik. Dövlətimizin ərazi bütövlüyü bərpa edilməliydi. Bu, bizim müqəddəs borcumuz idi və yerinə yetirdik. Azərbaycan əsgəri Qarabağ həsrətinə son qoydu. Qarabağımıza qovuşmaq üçün canını, qanını fəda edənləri heç vaxt unutmamalı, onların yolunu davam etdirməliyik. Torpaqlarımızı düşmən işğalından azad etdik. .
Raci Süleymanov bildirdi ki, Vətənə xidmət yalnız əsgəri xidmətdən ibarət deyil. "Dövlətimizin ərazi bütövlüyü, müstəqilliyi təhlükə altında olanda silaha sarılmalı, Vətənimizi qorumağa hazır olmalıyıq. Hərbi xidmət etmək həm şərəflidir, həm də gələcək üçün böyük təcrübədir. Asudə vaxtlarda komandirlərimizin vətənpərvərlik ruhunda söhbətləri Vətən sevgimizi daha da artırır. İstəyirəm ki, bundan sonra da həyatımı hərbi xidmətə bağlayım".
Əsgərlər növbəni dəyişməyə hazırlaşırdılar. Şəxsi heyət manqa komandirinin nəzarəti altında silahlarını yoxladıqdan sonra bir cərgə düzüldü. Mövqe başçısı şəxsi heyəti təlimatlandırdıqdan sonra döyüş növbəsi dəyişdi.
Növbədən gələn əsgər Kənan Osmanov Tovuz döyüşlərinin iştirakçısıdır. Qardaşı Ruhan da Vətən müharibəsi başlayanda könüllü olaraq ordu sıralarına qatılıb. Vətən müharibəsində iki qardaş fərqli cəbhədə düşmənə qarşı döyüşüblər.
- Çox sevinirəm ki, əsgəri xidmətim müddətində torpaqlarımızı işğaldan azad etdik. İndi xidmətimin bir hissəsi geridə qalıb. Burada keçən hər gün yaddaşıma həkk olunub. Bölmədə  yüksək nizam-intizam, əsgərə qayğı var. Xidmətimi başa vurduqdan sonra da hər zaman Vətənimin ərazi bütövlüyü naminə döyüşə hazır olacağam. Vətən müharibəsində bir daha bütün dünyaya göstərdik ki, Azərbaycan Ordusu regionun ən güclü ordusudur.
2016-cı ilin Aprel döyüşlərində qazanılan qələbə, Lələtəpə, Bayraqtəpə kimi mühüm əhəmiyyətli yüksəkliklərin düşməndən azad edilməsi, Günnüt qələbəsi düşmənə bir həqiqəti yaşatdı: Azərbaycan Ordusu güclüdür. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Azərbaycan güclü dövlətdir və onun güclü ordusu vardır” kəlamı düşməni işğalçılıq niyyətindən daşındırmalı idi.
Düşmən çox ağır məğlubiyyətə uğradı. Bu məğlubiyyət Azərbaycan Ordusunun böyük Zəfəri kimi tarixləşdi...
Əsgər Vüsal Qadaşov bildirdi ki, komandirlərimiz hərbi biliklərimizin və vərdişlərimizin artırılmasında köməklərini əsirgəmirlər. “Vətən müharibəsində Azərbaycan Ordusu düşməni torpaqlarımızdan qovub çıxararaq nəyə qadir olduğunu göstərdi. Qarabağımız artıq azaddır. Böyüklərdən həmişə Qarabağın gözəlliyi barədə eşidəndə xəyalən sehrli bir aləmə düşürdüm. Hər gün işğaldan azad edilən torpaqlarımıza gedəcəyim günün xəyalını qururdum. İnşallah, tez bir zamanda orada aparılan yenidənqurma işləri sona çatar, tezliklə xarabalığa çevrilmiş el-obalarımızda yenidən toy-bayram sədaları eşidilər”.
Vətənpərvərlik bütün təxribatları, işğalçılıq niyyətlərini məhv etməyə, diz çökdürməyə qadirdir. 2020-ci il sentyabrın 27-də Ali Baş Komandanın əmri ilə əks-hücum əməliyyatı kimi başlayan, Vətən müharibəsi kimi davam edən döyüşlərdə qətiyyətlə iştirak edən, qəhrəmanlıqlar göstərən Azərbaycan əsgəri ərazi bütövlüyümüzü böyük məsuliyyətlə qoruyur; əsgərlərimiz qalib əsgərlərin döyüş yolunu belə davam etdirirlər.
Söhbətimiz zamanı əsgərlərimiz bu zəfərin bəşəri zəfər olduğunu da qeyd etdilər - həm işğal sonlandırıldı, həm də bir terror şəbəkəsi ləğv edildi...
Əsgərlər Elsəvər Zahidov, Emin Əlizadə, Ağayar Məmmədov, Mahir Rzayev, Təbriz Xəlilov və başqaları da bildirdilər ki, ordumuz düşmənin istənilən təxribatının qarşısını almağa qadirdir. “Hər birimiz üzərimizə düşən vəzifənin məsuliyyətini yaxşı dərk edirik. Qürurluyuq ki, torpaqlarımızın işğaldan azad edilməsində biz də iştirak etmişik."
Burada gördüyümüz səliqə-sahman, şəxsi heyətin döyüş və mənəvi-psixoloji hazırlığının yüksək olması bölmədə komandir və əsgərlərin arasında sağlam qarşılıqlı münasibətlərin olduğunu deməyə əsas verir. Savadlı və bacarıqlı komandirlər xidmətə başlayan və xidmət edən əsgərlərin döyüş və mənəvi-psixoloji hazırlığının yüksəldilməsini təmin edirlər.
Onu da qeyd edim ki, qazanılan qələbələr, əsgər və zabitlərin qətiyyətli döyüşü tarixə yazıldı. Bu döyüşlərin mahiyyəti təsdiqlədi ki, Zəfər ruhumuzun bayrağı oldu!

Ruslan HƏSƏNZADƏ "Azərbaycan Ordusu"