Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

31 İyul 2021 09:54

“Arzumuza qovuşduq, yurdumuzu azad gördük”

Vətən müharibəsinin davam etdiyi günlərdə düşmən üzərində qələbənin qazanılması və torpaqlarımızın işğaldan azad olunması naminə bütün zabit və əsgərlərimiz çiyin-çiyinə verərək cəsarət və hünərlə vuruşdular. Ermənilər nə qədər müqavimət göstərməyə çalışsalar da, bu gücün, bu qüdrətin qarşısında dayana bilməyərək məğlub oldular. Hərbçilərimizin hünəri və qəhrəmanlığı sayəsində 44 gün ərzində 28 il erməni işğalında olan torpaqlarımız azad olundu. Ordumuz üçün böyük uğurlarla başa çatan döyüşlər zamanı canlı qüvvələri ilə yanaşı, erməni qəsbkarlarının zirehli texnikaları, avtomobilləri, artilleriya qurğuları və təyyarələri də məhv edildi. İkinci Qarabağ müharibəsinin iştirakçısı olan kapitan Əsgər Məmmədov döyüşlər zamanı erməni işğalçılarına məxsus iki Su-25 hücum təyyarəsini və bir pilotsuz uçuş aparatını dəqiq atəşlə vurub. Təcrübəli zabit kimi düşmən üzərində qələbənin qazanılması naminə bütün bacarığı ilə döyüşüb.
"N" hərbi hissəsində Vətən müharibəsində böyük igidlik və qəhrəmanlıq göstərən kapitan Əsgər Məmmədovla görüşüb söhbət etdik, cəsur zabitin həm xidmət, həm də döyüş yolu ilə yaxından tanış olduq.
Kapitan Əsgər Zaman oğlu Məmmədov 25 yanvar 1988-ci ildə Bakı şəhərində anadan olub. 1995-ci ildə 31 nömrəli orta məktəbin birinci sinfinə gedib. 2003-cü ildə səkkizinci sinfi bitirdikdən sonra hərbçi olmaq arzusu ilə C.Naxçıvanski adına Hərbi Liseyə qəbul olub. Bu təhsil ocağında ibtidai hərbi biliklərə dərindən yiyələnib. Hərbi liseyi bitirdikdən sonra 2006-cı ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə qəbul olub. Qarşılaşdığı sınaqlardan uğurla keçib. Dörd il ali hərbi təhsil ocağında böyük həvəslə oxuyub, zenit-raket vasitələri ixtisasının sirlərinə yiyələnib.
2010-cu ildə kursant Əsgər Məmmədov təhsilini başa vuraraq leytenant hərbi rütbəsi alıb. 2010-2011-ci illərdə isə Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində zabit ixtisas kursunu bitirib. Arxada qalan bir il ərzində gənc zabit hərbi biliklərini daha da təkmilləşdirib. 2011-ci ildə "N" hərbi hissəsində xidmətə başlayıb.
Erməni təxribatı nəticəsində 27 sentyabr 2020-ci ildə başlayan İkinci Qarabağ müharibəsində kapitan Əsgər Məmmədov  yaxından iştirak edib, ölkəmizin hava məkanının təhlükəsizliyini qoruyub.
Həmin gərgin günlərdən söz açan kapitan Əsgər Məmmədov dedi ki, uzun illərdən bəri torpaqlarımızın ermənilərin işğalında qalması bir zabit kimi məni çox narahat edirdi. “Ən böyük arzum, istəyim yurdumuzun azadlığı uğrunda vuruşmaq, o yerləri azad görmək idi. 27 sentyabr 2020-ci ildə ermənilər yurdumuza hücum etdilər. Həmin gün "Həyəcan" çağırışı ilə əks-həmlə əməliyyatlarına cəlb olunduq. Əməliyyatların ilk günündən Füzuli istiqamətində vuruşmağa başladıq. Düşmənin hücum etməkdə məqsədi yeni ərazilərimizi ələ keçirmək idi. Ordumuzun cəsur zabit və əsgərləri işğalçılara qarşı böyük cəsarət və hünərlə vuruşurdular. Oktyabrın 17-də düşmən Cəbrayıl rayonunun Soltanlı kəndi istiqamətindən hava sərhədimizi pozaraq Su-25 hücum təyyarəsi ilə mövqelərimizi atəşə tutmağa cəhd etdi. Biz bütün güc və bacarığımızı səfərbər edərək bu cəhdin qarşısını qətiyyətlə aldıq. Dəqiq zərbə ilə qəsbkarların təyyarəsini vurduq. Üç gün sonra - oktyabrın 20-də yağıların bir ədəd pilotsuz uçuş aparatını vurub sıradan çıxartdıq. Getdikcə zəifləyən düşmən ordumuzun uğurlu hücumları qarşısında dayana bilməyərək geri çəkilirdi. Artıq Füzuli və Cəbrayıl rayonları erməni qəsbkarlarından azad olunmuşdu. Döyüşlər Zəngilan və Qubadlı rayonları istiqamətində gedirdi. Oktyabrın 24-də düşmənin daha bir Su-25 hücum  təyyarəsini Zəngilan rayonunun Havalı kəndi istiqamətindən vurduq. Hər addımda yağıların zəifləyib gücdən düşdüyünü hiss edirdik. Nəhayət ki, 44 gün davam edən Vətən müharibəsi zəfərlə yekunlaşdı. İllərdən bəri arzusu ilə yaşadığımız günü - torpaqlarımızın işğaldan azad olunduğunu gördük. Çalışacağıq ki, xalqımızı daim qələbələrimizlə sevindirək”.
Vətən müharibəsində göstərdiyi şücaətə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə kapitan Məmmədov Əsgər Zaman oğlu "Qarabağ" ordeninə layiq görülüb.

Vahid MƏHƏRRƏMOV, "Azərbaycan Ordusu"