Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

28 İyul 2021 12:39

Yaralansalar da yaralıları təhlükəsiz yerə çıxarda bildilər

Cəbrayılın Şükürbəyli kəndi işğaldan azad edilmişdi. Düşmən piyadalarının, kəşfiyyat qruplarının əks-həmlə etmək imkanı ola bilməzdi -  döyüşçülərimiz olduqca ciddi mühafizə şəbəkəsi yaratmışdı. Həzin-həzin meh əsirdi. Uğur üstə olanlarımızı yolundan saxlamağa bu mehin gücü çatmazdı. Bu uğur qalibiyyət uğuruydu...
Mövqe qələbələri qazanılırdı...
Müharibədə istirahət kəlməsi bir qədər qəribə səslənir. Zabit Orxan Qədirovun təklifi ilə döyüşçülər istirahət edirdilər. Əmin idilər ki, sonrakı əməliyyatları da beləcə - uğurla başa çatdıracaqlar, mövqe qələbələri qazanacaqlar, Böyük Qələbəni tezləşdirənlərin sırasında olacaqlar. Bu istirahət qısamüddətli nəfəs dərmək idi - Babək Şirinovun və Alik Yusifovun rəhbərlik etdiyi bölmələr gəlib çatana kimi davam edəcək, döyüş əmri onda veriləcəkdi. Belə məqamlarda vaxt ötüşmür elə bil, elə bil vaxt ləng keçir. Döyüşçülərin hamısı nizamlı-nizamsız düşüncələrin cazibəsindəydi. Bu düşüncələr bir azdan başlayacaq döyüşlərin güllə, mərmi səslərinə can atırdı; bir-birindən xəbərsiz düşüncələr bir-birinə mətərislənmişdi...
Rütbəsindən asılı olmayaraq hamısı veriləcək əmrin döyüşçüsüydü...
Güclənməyə heyi qalmayan mehin qanadları yorulurdu...
Babək Şirinovun və Alik Yusifovun rəhbərlik etdiyi bölmələr gəlib çatanda torpağa uzananlar dirsəkləndi, dirsəklənənlər ayağa qalxdı. Sanılı saniyələr ötüşüncə döyüş əmri verildi. Gedəcəkləri, döyüşə başlayacaqları istiqamətlər bölmələrin komandirlərinə deyilmişdi.  Orxan Qədirovun komandiri olduğu bölməyə avtomobillərlə Şükürbəylidən Maralyandakı zastavaya qayıtmaq, döyüş əmrini orada gözləmək tapşırılmışdı.
Əmrin icrasına başlayana kimi bir nəfəs dərimi vaxt ötüşdü. Yaranan asudəlik anlarında ermənilər artilleriya atəşinə başladılar. Mərmilər yan-yörələrinə sancılırdı. Döyüş başlayanda düşmənin öz bölmələrini artilleriya ilə himayə edəcəyi ehtimalı nəzərə alınmışdı, ancaq məhz bu məqamlarda başlayacağı gözlənilmirdi.  Bu gözlənilməzlik ötəri həyəcan yaratdığı anlarda (bu atış bölmələrin əmri yerinə yetirəcəyi müddəti bir atış qədərincə ləngidə bilərdi) şəxsi heyəti aparmalı olan avtomobillərdən biri vuruldu. Orxan Qədirovla Fuad Nəcəfov yanan maşına tərəf qaçdılar. Çatanda bildilər ki, sürücü yaralanıb, yarası ağır olmasa da təxliyə edilib...
Düşmənin artilleriya atəşi çox çəkmədi...
Dünənki döyüşdə növbəti mövqe ermənilərdən təmizlənmişdi. Erməni zabitləri üçün tikilmiş 3 otaqlı binada yerləşdilər. Bir qədər çılğınlaşmış külək dünənə kimi bu həndəvərlərdə arxayınlıqla gəzişən erməni hərbçilərin ayaq izlərini toz-tomura bələmişdi. Tikililər salamat qalmışdı - əvvəlki döyüşdə ermənilər müqavimət göstərə bilməmiş, qaçmışdı, tikililəri uçurmağa, dağıtmağa macal tapmamışdı. Bəzi kəndlərimiz niyə bu görkəmdədi? - ermənilər kəndləri işğaldan Vətən müharibəsinə qədərki dövrdə uçurub-dağıtmışdılar.
Bura dairəvi səngərlə əhatələnmişdi. Yaxınlıqda hündür müşahidə qülləsi vardı, qərargah da, anbarlar da oradaydı. Gecəni burada qaldılar. Payızın bu uzun gecəsində dan yerinin söküləcəyi anları gözləyirdilər. Yuxusuz olsalar da, heç birinin gözləri yuxuya tamsınmırdı, heç kimin kirpiyi kirpiyinə toxunmurdu. Kimsə zümzüməylə "Gecə yaman uzundu..." - dedi.  Gülüşdülər; gecənin qaranlığına qarışan bu təbəssüm gözəl sevgi şeirinə bəstələnmiş mahnının döyüş ərəfəsində xatırlanmasının təbəssümüydü, yəni, uca göylərin mehrabı olan eşqin də mehrabı var - Vətən sevgisi...
Yol çox tozlu idi. Payız yeli yolun toz-tomurunu döyüşçülərin qənşərinə sərirdi. Onda döyüşçülərdən biri baxışlarını göy üzündən yığıb ağır-ağır dilləndi: "Toz-tomuru üst-başımızdan təmizləyəcəyik. Məqsədimiz bu torpaqları düşmənlərdən təmizləməkdir". Kəlmələr döyüş əzmini də kükrətdi, qələbə ruhunu da.   
Son təlimatlandırma başa çatanda hərəkətə başladılar.
Orxan Qədirovun rəhbərlik etdiyi bölmənin sağıyla Ziya Yusifovun rəhbərlik etdiyi bölmə, soluyla Sirac Siracovun rəhbərlik etdiyi bölmə irəliləyirdi. Gözəllik müharibədə də gözdən yayınmır; gözəl mənzərələri gözlərinə köçürə-köçürə Əmirvarlı kəndinə çatdılar.
Bölmələr bir-birilərini qoruyaraq düşmənin süni yolla qurduğu və mövqeləndiyi qum səddini keçməli, Soltanlı kəndini düşməndən azad etməli idi.
Ormanlıqdaydılar. Sağ tərəfləri sıx kolluğuydu. Sol tərəfləri keçilməz moruqluq. Gün yaxmışdı. Günün bu vaxtlarında, niyəsə, adamın qəlbi bir qədər qubarlanır. Şər qarışırdı. Anlar ötüşdükcə kolların yarpaqları arasına sığınan moruq dənələri görünməz olurdu. Əl uzadıb moruq dərmək istəyənlər də fikrindən daşınırdı. "Əlini kollara yem eləmə, döyüşərik, qələbə qazanarıq, doyunca yeyərsən", - kimsə kiməsə səsləndi; döyüş ərəfəsində bu səmimi zarafat-atmaca, bu atmaca-zarafat hamısının düşüncələrinin qırışığını açmışdı...
Üzümlüyü sürünərək keçdilər. Əmirvarlı kəndinə çatdılar, kəndin sonuncu evinin yanında dayandılar. Ev uçuq olsa da dağılmamışdı.  Sel-su axdığına görə düşmənin tank üçün düzəltdiyi səngəri qamış basmışdı. Düşmənin "val"ı Araz çayı istiqamətiylə, döyüşçülərimizin sağ tərəfi boyunca  yüksəkliyə doğru uzanırdı. Orxanın əmri ilə Dövranla Vətən irəli sızaraq valı müşahidə etməyə başladılar. Düşmən duyuq düşmədi.
Valın arxasında tikili varmış. Komandirin göstərişi ilə Rahil Əhədov və Ramil Məmədov reaktiv qumbara ilə düşmənin mövqelərinə - səngərinə atəş açdılar. Qumbaralardan biri tikilinin damına düşdü,  xeyli tələfat verdi. Həmin anlarda bölmələrin verdiyi koordinatlar əsasında artilleriya val istiqamətinə yönləndirildi. Mərmilərin düşmə koordinatlarını öyrənməklə atışlara düzəlişlər verdilər. Orxan Qədirovun göstərişi ilə (və döyüşü idarəetmə mərkəzinin razılığı ilə) val istiqamətində davamlı atəş başladı. Mərmilərin bir neçəsi valın arxasına düşdü...
Düşmən çaşqınlıq içindəydi. Onda Orxan Qədirovun əmri ilə bölmələr açılaraq irəli sızmağa başladılar. Bölmənin snayperi son döyüşdə yaralanmışdı. Onun yerinə yetirməli döyüş tapşırıqlarını zabit Orxan Qədirov öz üzərinə götürdü - snayper tüfəngi ondaydı.  
Valın qarşısına 140-150 addıma qədər sızıb atışmağa başladılar.
Erməni səngərindən erməni dilindən fərqli dildə danışıqlar, bağırtılar eşidilirdi. Düşmənə köməyə gələn muzdlular da məhv edilirdi. Rahil Əhədov, Ülfət Qasımov, Altun Rzazadə sağ istiqamətdə düşmənin valını atəşə tutur, Tural Rəhmanlı, Ziya Fərziyev, Dövran Dadaşov, Orxan Qədirov ön istiqamətə, Namik Nuriyev, Rizvan Osmanov, daha beş döyüşçü sol cinah üzrə atəş açırdılar. Döyüşçülərimiz düşmənin hansı mövqeyindən az atış gəldiyini  - boşluqları müəyyənləşdirərək həmin istiqamətdən zərbə endirirdi. Döyüş getdiyi anlarda Tural Orxana bildirdi ki, oradan bir nəfər atəş açmır,  başını qaldırıb baxır, sonra yox olur, az sonra yenidən görünür. Orxan snayper tüfənginin vasitəsi ilə onu müşahidə etməyə başladı. Gördü ki, Turalın müşahidələri dəqiqdir - düşmən atəş açmır, baxır, görünməz olur, az sonra yenidən görünür. Bildi ki, o, döyüşçülərimizə tərəf açılan atəşlərə düzəlişlər verir. Dərhal onu nişan aldı, barmağı tətiyi sıxdı. Düşmən öldürüldü (sonralar Orxan deyəcəkdi ki, bu məsafədən atəşin dəqiq olacağına şübhəm olsa da, əlimi saxlaya bilməzdim...). Bu, düşmənin valında çaxnaşma yaratdı. Görünür, öldürülən böyük rütbəli zabit imiş.
Döyüşçülərimizə tərəf qarışıq atəşlər açılırdı.
Altun Rzazadənin başına dəyən güllə dəbilqəni yerə atdı (yeri gəlmişkən, müəyyən çəkiyə və sürətə malik olan güllənin xarici ballistikası var və o, sərt, möhkəm cismə dəyəndə  döyüşçünün boynunu qıra da bilər...). Altuna su verdilər. Ölümdən dönmüşdü, yenidən doğulmuşdu sanki.
Gicitikan kolunun içindəydilər. Tərpənmək mümkün deyildi. Artilleriya və snayper atəşləri altına düşəndə hiss etdilər ki, düşmən onların mövqeyini müəyyənləşdirib. Döyüşçülərimiz mövqelərini bir qədər də möhkəmlətdilər.
Rahil vurulanda Orxan onun yanına süründü. Orxan çatana kimi Ülfət Rahilin yaralarına baxış keçirmişdi - iki güllə dəyibmiş. İlkin Rahilə yardım göstərir, yaraları sarıyırdı. Orxanın tapşırığı ilə Ülfətlə Dövran  Rahili döyüşün içindən uzaqlaşdırırdı. Kolluqdan çıxa-çıxda Dövrana snayper gülləsi dəydi. Əməliyyat şəraiti gərginləşəndə Ziyanın rəhbərlik etdiyi bölmə yaralıları döyüşün içindən çıxartdı.
Düşmən çaşqınlıq içindəykən Emin Ahəngari ilə Fuad Nəcəfov düşmənin valına sızaraq qumbara atdılar. O anlarda Orxan Qədirovun əmri ilə bölmə manevr etdi. Sirac Siracov yaralandığına görə onun rəhbərlik etdiyi bölməyə rəhbərliyi də Orxan Qədirov öz üzərinə götürdü.
Sakitlik çökmüşdü. Buna döyüşdə nəfəs dərmə də deyirlər, hücuma hazırlaşma da, komplektləşmə üçün vaxt qazanma da. Kim vaxt qazanırdı? - hücum edən tərəfmi, müdafiə olunan tərəfmi? Müdafiə olunan tərəfə əlavə qüvvə gəlməsi mümkün deyildi. Bu müddət ərzində düşmən o qədər də ciddi olmayan manevr edə bilərdi. Döyüşçülərimiz elə mövqelənmişdilər ki, düşmən manevr etsə, yenə nəzarətdə olacaqdı...
Müharibədə yaranan belə sakitlik döyüşçünün xəyallarının bürüncəyinə dönür...
Yaxınlıqda bir əncir ağacı vardı. "Yayda könlümə əncir düşmüşdü. Zəng edib anamdan xahiş etdim ki, Mərdəkanda bağımızın qonşuluğundakı bağlardan əncir alıb saxlasın, gələndə yeyərəm. Anam əncir alıbmış. Üç gündən sonra qayıdanda əncir qalmamışdı, balalarım yemişdi. Döyüşün içində əncir ağacı, ağacda bol meyvə görəndə anam, balalarım, bir də həmin əncir məsələsi yadıma düşdü. Nə qədər təhlükəli olsa da, əl atıb əncir dərdim. Bu yaşımacan ən dadlı ənciri onda yedim. İşğaldan qurtulmuş ağacın meyvəsiydi axı...", - Orxan Qədirov Zəfərdən sonra döyüşdə yaranmış qısamüddətli sakitliyi belə xatırlayır. Döyüşün içində işğaldan azad edilmiş ərazidə yeyilən bir əncir neçə on illərin həsrətini yumşaltmağa da qadirmiş...
Digər bölmələrimiz yuxarı istiqamətdən hücuma başlayanda düşmənin şiddətli və davamlı atışına məruz qaldılar. Namik, Vətən və Tural yaralananları çiyinlərinə alıb döyüşün içindən çıxardanda aralarına minaatan mərmisi düşdü. Qəlpə yaraları aldılar. Ayaq saxlayıb yaralarını bağlamadılar, yaralandıqlarını yaralı döyüşçülərə də bildirmədilər. Əlli-altımış addımlıq məsafə onları heydən salsa da, büruzə vermirdilər, "canlarını dişlərinə sıxıb" sürünə-sürünə çətinliklə də olsa uzaqlaşırdılar. Əlli-altımış addımlıq yol nə qədər uzun yolmuş! Bu uzun yolu sonacan gedə bilsələr, döyüşçü yoldaşlarını ölümdən qurtaracaqdılar, özlərinə də zəruri tibbi yardım göstəriləcəkdi...
Yaralıları təhlükəsiz yerə çıxarda bildilər...
Döyüşçülərimiz hücumu qətiyyətlə davam etdirdilər. Düşmən çarəsizliklə atışa-atışa geri çəkilirdi...
Soltanlı işğaldan azad edildi.
Oktyabrın 19-u idi...
 
Rəşid HÜSEYNOV əməkdar jurnalist