Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

28 İyul 2021 12:35

Azərbaycanın hərbi səhiyyəsi müasir tələblərə tam cavab verir

Bu gün ordumuz döyüş hazırlığı, silah-sursatı ilə yanaşı, tibb xidməti ilə də dünya orduları arasında ön sıralardadı. Yeni salınan, həmçinin tam təmir olunan hərbi hissələrdə yaradılan şəraitə nəzər salsaq görərik ki, yeni istifadəyə verilən tibb məntəqələri müasir avadanlıqlarla təchiz olunub, müasir standartlara cavab verir. Ordumuzda şəxsi heyətin sağlamlığını təmin etmək, sağlam həyat səviyyəsini qorumaq hərbi hissələrin tibb xidmətlərinin  qarşısında duran başlıca vacib məsələlərdən biridir. Yerləşdiyi yerdən asılı olmayaraq bütün hərbi hissələrdə tibb personalı vəzifə borclarını layiqincə yerinə yetirir. Hər bir əsgərə xüsusi diqqət və qayğı göstərilir. Bu səbəbdən də şəxsi heyətin sağlamlığı dövlət başçımızın və ordu rəhbərliyinin qarşısında duran əsas vəzifələrdəndir. Dövlət və ordu rəhbərliyi bu işdə üzərinə düşən vəzifələri yerinə yetirir, müasir tibb müəssisələri və tibb məntəqələri tikərək hərbi qulluqçuların istifadəsinə verir. Fəxrlə deyə bilərik ki, bu gün Azərbaycanın hərbi səhiyyəsi müasir tələblərə tam cavab verir.
"N" hərbi hissəsində tibb məntəqəsinə də baş çəkdik. Əsgərlərin stasionar müalicəsi üçün lazımi şərait yaradılan, müasir avadanlıqlarla təchiz olunan hərbi hissənin tibb məntəqəsindəki səliqə-sahman diqqətimizi cəlb etdi. Hərbi hissənin tibb məntəqəsinin sanitar-təlimatçısı kiçik çavuş Sərxan Rəhimovun sözlərinə görə, gün növbətçi həkimlərin və sanitar-təlimatçıların qaldırılması ilə başlayır. "Məntəqənin tibbi personalının iştirakı ilə səhər düzülüşü keçirilir. Xəstələr müayinə edilir. Müayinə və müalicə işləri aparıldıqdan sonra xəstələrin ambulator qəbulu aparılır. Tibb xidmət rəisinin və ya tibb məntəqə rəisinin iştirakı ilə konsultasiyalara cəlb olunuruq. Vaxtaşırı bölmələrdə əsgərlərin sağlamlıq qayğıları, gigiyenası ilə yerində maraqlanırıq".
"Hərbi hissə komandirinin göstərişinə əsasən, şəxsi heyətin sağlamlığının qorunması üçün tibb xidməti müntəzəm tədbirlər həyata keçirir", - deyə kiçik çavuş Sərxan Rəhimov söhbətinə davam etdi. - İlk işimiz gənc əsgərlərin sağlamlıq durumunun diqqət mərkəzində saxlanılmasıdır. Hərkəsə məlum olduğu kimi, ölkəmizdə və dünyada COVİD-19 pandemiyası hələ də sona çatmayıb. Aparılan profilaktik tədbirlər nəticəsində hərbi hissəmizin şəxsi heyəti arasında koronavirus pandemiyasına yoluxma halı baş verməyib. Ümumiyyətlə, son illər keçirilən tibbi tədbirlər nəticəsində xəstəliklər minimuma enib. Qurulan yüksək şəraitin, vaxtında göstərilən tibbi müdaxilənin hesabına şəxsi heyət arasında xəstələnmə halları çox az olur. Ona görə ki, hansısa kiçik problemi olan əsgərlər komandirlər tərəfindən dərhal məntəqəyə yönləndirilirlər. İlkin tibbi yardım göstərilən əsgərlər ehtiyac duyulduqda hospitala yerləşdirilirlər.
Tibb məntəqəsində müayinə olunan əsgərlərlə həmsöhbət olduq. Əsgər Xəlil Tağıyev ilk dəfə müraciət etdiyini bildirdi. O qeyd etdi ki, həkimlər və tibb personalı müalicə və müayinə üçün müraciət edənlərə həmişə diqqət və qayğı ilə yanaşır, lazımi köməklik göstərirlər. "Xidmətə başladığımız ilk gündən hərbi hissədə diqqət və qayğı ilə əhatə olunduq. Komandirlərimiz daima bizim sağlamlığımızla maraqlanırlar. Tibb məntəqəsinə ilk dəfədir müraciət edirəm. Burada mənə hər cür tibbi yardım göstərildi, diqqətlə yanaşıldı. Ümid edirəm ki, tez bir zamanda sağalıb xidmətimə davam edəcəyəm."
Tibb məntəqəsində gördüklərimizdən bir daha əmin olduq ki, məntəqədə çalışan həkimlər, feldşerlər, tibb bacıları hərbi qulluqçuların sağlamlığının qorunması, qarşıya qoyulan vəzifələrin yüksək peşəkarlıq və keyfiyyətlə yerinə yetirilməsi üçün bütün imkanlardan lazımınca istifadə edirlər. Vətən torpağını qorumaq müqəddəs və şərəfli olduğu kimi, onun müdafiəçisinin sağlamlığının keşiyində dayanmaq da şərəflidir. Hərbi həkimlər yaradılan şəraitdən səmərəli istifadə edir, hərbi qulluqçulara nümunəvi xidmət göstərirlər. Onlar hərbi qulluqçularımızın, əsgərlərimizin qayğısına qalmaqla həm Azərbaycan Ordusuna, həm də dövlətçiliyimizə xidmət etmiş olurlar.

Leytenant Oruc MUSTAFAYEV, "Azərbaycan Ordusu"
foto çavuş
Rəşad ƏMRAHOVUNDUR