Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

28 İyul 2021 12:28

Azərbaycan əsgəri qəhrəmanlıq salnaməsi yazdı

Hərbi hissələrdə son döyüşlərin iştirakçıları ilə  görüşüb tanış oluruq. O oğullarla ki, 44 günlük Vətən müharibəsində tarixi torpaqlarımızın hər qarışının azad olunması uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək qazanılan qələbədə pay sahibləri oldular. Onların hər birinin amalı bir olsa da, döyüş xatirələri bir-birindən fərqlənir. Döyüşlər zamanı xüsusi təyinatlılar, kəşfiyyatçılar, aviasiya və hava hücumundan müdafiə bölmələri, motoatıcı bölmələr, artilleriya divizionları, mühəndis-istehkam qoşunları, rabitəçilər və adını çəkmədiyim digər qoşun növləri və bölmələrinin şəxsi heyəti birləşərək dəmir yumruqla düşmənə sarsıdıcı zərbələr endirdilər. 44 günün tamamında darmadağın olunan ordusunu görən erməni siyasi-hərbi rəhbərliyi kapitulyasiya aktını imzaladı. Haqq savaşımız rəşadətli ordumuzun qələbəsi ilə başa çatdı.
Leytenant Adəm Novruzlu da tarixi qələbədə pay sahibi olan hərbçilərimizdəndir. Gənc olmasına baxmayaraq, kifayət qədər təcrübəli və yüksək hərbi intizama malik zabit tabeliyindəki şəxsi heyətin də sevgisini qazanmağı bacarıb. Xidmətinin ən yaddaqalan dövrünün 44 günlük Vətən müharibəsi olduğunu deyən gənc zabit söhbətə döyüşlərdə şəhid olan hərbi qulluqçularımıza rəhmət, yaralı hərbçilərimizə şəfa diləyərək başladı. "30 ilə yaxın müddətdə düşmən işğalında olan tarixi torpaqlarımız bu gün azaddır. 44 günlük Vətən müharibəsi Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu tərəfindən Böyük Qələbə ilə başa çatdı. Bu gün şəhidlərimizin ruhu şaddır, yurdundan məcburi şəkildə didərgin düşən hər bir kəs sevinc göz yaşları içindədir, şəhid valideynlərinin başları dikdir, xalqımız hər bir Vətən oğluna sonsuz minnətdardır. Hər bir azərbaycanlı Vətən müharibəsi ilə tarix boyu qürur duyacaq. Bilirik ki, döyüş itkisiz olmur. Şəhid qanı ilə torpaq Vətənləşir. Bu döyüş tarixən xalqımızın qəhrəman xalq olduğunun isbatıdır. Onlar ölümün gözünə dik baxaraq, əzəli torpaqlarımızı işğaldan azad etmək üçün döyüşlərə qatıldılar. Əminəm ki, xalqımız torpaqlarımız uğrunda şəhid olan qəhrəmanlarımızı hər zaman xatırlayacaq, adını layiqincə yaşadacaq. Onların hər biri bizim başımızın tacı, Vətənimizin xilaskarıdır. Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu baş çavuş Kamil Şıxmuradov Qubadlı istiqamətində gedən döyüşlərdə düşmənin artilleriya atəşi nəticəsində şəhid oldu. Fəxr edirəm ki, şəhid Kamil Şıxmuradov kimi döyüş yoldaşım olub, onun timsalında hər bir şəhidimizlə qürur duyuram. Gələcək nəsil bilməlidir ki, 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Azərbaycan əsgəri qəhrəmanlıq salnaməsi yazdı".
"Bizim bölməmiz də döyüşlərin ilk günündən torpaqlarımızın azad olunması uğrunda gedən savaşa qatılmışdı", - deyə leytenant Adəm Novruzlu sözünə davam etdi. - Füzulidən, Cəbrayıldan, Zəngilandan keçən döyüş yolumuz Qubadlıya qədər uzandı. Hər gün irəliləyirdik. Qələbəyə doğru can atırdıq. Torpaqlarımız qarış-qarış, addım-addım azad olunurdu. Azərbaycan əsgəri şəhidlərin qisasını almaq üçün düşmənə qarşı gecə-gündüz vuruşurdu, xalqın arzusunda olduğu günü tez yetişdirmək üçün vaxtından, vədəsindən, olduğu yerin relyefindən və iqlimindən asılı olmayaraq həvəslə döyüşürdü. Mühəndis-istehkam qoşunlarının fəaliyyəti haqqında məlumatı olan hər bir kəs yaxşı bilir ki, maneələrin dəf edilməsi, bölmələrin hərəkətində fasiləsizliyin təmin olunması üçün adıçəkilən qoşunların üzərinə böyük yük düşür. Düşmənin hərəkətini ləngitmək, manevr imkanlarını zəiflətmək də bizim üzərimizə düşən əsas tapşırıqlardandır. Döyüşlər vaxtı qoşunlarımızın maneəsiz olaraq düşmənin müdafiə xəttini yarmasını təmin etdik, qarşımıza qoyulan tapşırıqların öhdəsindən layiqincə gəlməyi bacardıq. Döyüşlər vaxtı, həmçinin yararsız vəziyyətə salınmış yollarda bölmələrimizin rahat irəliləməsi üçün mühüm tapşırıqları uğurla yerinə yetirdik. Nəhayət, 44 günlük Vətən müharibəsi Azərbaycan Ordusunun şəxsi heyəti sayəsində tarixi zəfərlə başa çatdı. Döyüşlər başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin müvafiq sərəncamlarına əsasən "Qubadlının azad olunmasına görə"  və "İgidliyə görə” medalları ilə təltif olunmuşam.  Bu gün bölməmiz işğaldan azad olunan torpaqlarda mənfur düşmənin basdırdığı minaların axtarılması və onların zərərsizləşdirilməsi üçün çalışır. Müasir avadanlıq və vasitələrin köməkliyi ilə müxtəlif təyinatlı minalar tərəfimizdən aşkarlanaraq zərərsizləşdirilir. Yeni standartlara cavab verən mühəndis avadanlıqlarından istifadə qaydalarını öyrənmək üçün hərbçilərimiz kurslarda iştirak edir, əldə etdiyi bilik və bacarıqları praktiki olaraq uğurla həyata keçirdikdən sonra bölməmizin fəaliyyətində iştirak edirlər.
Bu gün hər bir azərbaycanlı “Qarabağ Azərbaycandır!” deyir. Şanlı Ordumuz ölkəmizin beynəlxalq hüquqla tanınan qanuni torpaqlarını işğaldan azad etmək üçün haqq savaşında qalib gəldi. Şəhidlərimiz, qazilərimiz canlarını, sağlamlıqlarını Vətən üçün fəda etdilər. Bu gün hər birimizin üzərinə düşən əsas vəzifə Vətənimizi göz bəbəyimiz kimi qorumaqdır. Eşq olsun, qalib Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!

Baş leytenant Fuad CƏFƏROV, "Azərbaycan Ordusu"