Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

28 İyul 2021 12:26

Şəhid ata, şəhid oğul və 27 yaşdan sonra başlayan ömür

Ömür son nəfəslə tamamlanmır...
Ölümdən sonra başlayan ömürlər tarixin yaşdaşı olur. Vətən üçün yaşanılmış bütün ömürlər belə ömürdü. Min illərdi Qazan xan deyirik, Beyrək deyirik, Qaraca Çoban deyirik, ... On illərdi Əlif Hacıyev deyirik, Tofiq Hüseynov, Vəzir Orucov, Yusif Mirzəyev, İsgəndər Aznaurov, Əliyar Əliyev, ..., Mübariz İbrahimov, Çingiz Qurbanov, ... deyirik. Onların hər birinin hər döyüşü xalqımızın taleyindən süzülüb gələn döyüş əzmiydi, qələbə ruhuydu. Bu əzmin, bu ruhun harayına, çağırışına qənşər gedənlər də qəhrəmanlıqla döyüşdü. Döyüşənlərdən neçəsi şəhid oldu; Vətən müharibəsində bütün şəhidlərimiz ruhən döyüşlərdəydi...
Azərbaycan Ordusu Ermənistan ordusunu darmadağın etdi, torpaqlarımız işğaldan azad edildi. İllər çəkən münaqişəni Ali Baş Komandanın döyüş əmri ilə Azərbaycan Ordusu qətiyyətlə həll etdi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciətində Vətən müharibəsinin mahiyyəti haqqında dedi: "İkinci Qarabağ müharibəsi bizim şanlı tariximizdir. Xalqımız bu müharibə ilə bağlı əbədi qürur hissi keçirəcək. Biz müzəffər xalq kimi özümüzü dünyada təsdiq etmişik. Ermənistan isə məğlub edilmiş ölkədir, bizim qarşımızda diz çökmüş ölkədir. Başını, boynunu bükmüş ölkədir və həmişə belə olacaq". Belə bir ölkə qalib dövlətin dinc yanaşı yaşama şərtlərini qeyd-şərtsiz qəbul etməlidir. Bunu hərbi qüdrət də tələb edir, dünyəvi siyasətin mahiyyəti də. Həm də müharibə başa çatıb, üçtərəfli saziş imzalanıb. Ermənistan bu sazişin tələblərinə əməl etmir. Silahlıları bu və ya digər ərazidə Azərbaycan Ordusunun hissələrinə müxtəlif səviyyəli həmlələr etməyə cəhd göstərir, mövqelərimizi atəşə tuturlar. Ordu hissələrimiz düşmənin istənilən tərpənişinə ciddi cavab verir. Ancaq... Ancaq düşmənin snayperləri hələ də marıqdadı, hərbçilərimizi nişangahda saxlayır, məqam düşəndə atəş açır...
Telman Yaqubov Beyləqanda yaşayırdı. Birinci Qarabağ müharibəsində Füzulidə döyüşmüşdü. 1994-cü ildə Füzuli ətrafında gedən döyüşlərdə şəhid olmuşdu. Beyləqan rayonunun Birinci Şahsevən kəndində dəfn edilib. Onda Fərmanın 1 yaşı vardı. Atasını xatırlaya bilməsə də, sonralar Vətən sevgisi, döyüşlərdə iştirakı, döyüşləri, cəsarəti haqqında qohumlarından, atasının döyüşçü yoldaşlarından çox eşitmişdi. Eşitdikləri qəlbinə sevgi kimi axmışdı. Ona da "Vətəni sev" demədilər, dərk etdi, özü sevdi. Çağırışçı yaşına çatdı, hərbi xidmətə gedəcəyi gün atasının ruhuna xitabən "Əsgər gedirəm, ata" deyəcəkdi. Onun sevincini hamı duyacaqdı, ancaq dediklərini heç kim eşitməyəcəkdi...
Fərman öz ömrünü yaşaya-yaşaya atasının ömrünün davamını da yaşayırdı. Böyüdükcə bir ömürdə iki ömür yaşamağın fəzilətlərini də dərk edirdi, məsuliyyətini də. Orta məktəbdə oxuyanda digər həmyaşıdları kimi ona da "Böyüyəndə kimə oxşamaq istərdin?" sualına "Atama" cavabını verdiyinə zərrəcə şübhəm yoxdu. Zəmanətim: Atanın Birinci Qarabağ müharibəsində, oğulun İkinci Qarabağ müharibəsində döyüşməsidi. Zəmanətim həm də Birinci Qarabağ müharibə-sində atanın, İkinci Qarabağ müharibəsində oğulun döyüş yoludu. Ata da, oğul da qələbənin əsgəri olmaq istəyiblər. Ata şəhid olub. Oğul Zəfərəcən döyüşüb, Zəfəri qaliblər sırasında yaşayıb. 2020-ci il noyabr Zəfərinin acısını yaşaya-yaşaya nostalji duyğulara qul olan işğalçı dövlətin snayperinin atdığı güllədən şəhid olub...
Fərman Yaqublu gizir idi. Vətən müharibəsində o da döyüşmüşdü.
Zəfərdən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edilmişdi. Xidmətini “N” hərbi hissəsində davam etdirirdi.
İyulun 24-də Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonu ərazisindən Kəlbəcər istiqamətindəki mövqelərindən snayperlə Azərbaycan Ordusunun giziri Fərman Yaqublunu qətlə yetirdi...
Şəhid Telman Yaqubovun oğlu gizir Fərman Yaqublu şəhid oldu.
Şəhid olanda Telman Yaqubovun 27 yaşı vardı. Şəhid atanın oğlu da 27 yaşındaydı.
Telmanın da, Fərmanın da ömrü 27 yaşda bitmədi; şəhid ömürlərə nəhayət olmur. Belə ömürlər zamanı tarixləşdirir, anlara tarix qüdrəti verir.
Telmanın da, Fərmanın da 27 yaşdan sonrakı ömrü əbədiliyin cığırdaşıdı; şəhidlərimizin ömürləri əbədiyyən yaşayacaq - yaşayan azərbaycanlıların, ruhən azərbaycanlılarla olanların ömründə yaşayacaq!..
 
Rəşid HÜSEYNOV
"Azərbaycan Ordusu"