Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

28 İyul 2021 12:21

“Qalib ordunun əsgəri olmaqdan qürur duyuruq”

Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin ordu quruculuğu işlərini dövlət səviyyəsində prioritet elan etməsi ilə Azərbaycan Ordusu inkişaf etdi. Bu gün ordumuz daha da güclənməkdə və günümüzün tələblərinə uyğun təkmilləşməkdədir. Ötən il sentyabrın 27-də başlayıb 44 gün davam edən və cəsur Azərbaycan əsgərinin zəfəri ilə başa çatan Vətən müharibəsi Azərbaycan Ordusunun gücünü bütün dünyaya bir daha nümayiş etdirdi. Bu qələbə sübut etdi ki, Azərbaycan əsgərinin qələbə əzminə, tarixinə və xalqına sədaqətinə heç bir kənar qüvvə təsir edə bilməz.
Böyük Qələbə qazanan Azərbaycan Ordusunun müasir standartlara uyğun qurulması və daha da  müasirləşdirilməsi yönündə görülən işlər uğurla davam etdirilir. Müasir silahların arsenalımıza daxil edilməsi, həmçinin silahların modernləşdirilməsi prosesi, dünyanın aparıcı ordularına malik ölkələr ilə qarşılıqlı hərbi əməkdaşlığın gücləndirilməsi və digər hərbi fəaliyyətlər davamlı şəkildə həyata keçirilir. Fəaliyyətlər nəticəsində rəşadətli ordumuzun döyüşaparma, özünümüdafiə qabiliyyəti daha da möhkəmləndirilir. Ali Baş Komandanın tapşırığına və Müdafiə nazirinin təsdiq etdiyi müvafiq döyüş hazırlığı planına uyğun olaraq ordumuzda müxtəlif miqyaslı təlimlər təşkil olunur ki, nəticədə təlim toplanışlarında qoşun və birləşmələrin gücü və hazırlığı sınaqdan keçirilir.
"N" hərbi hissəsində mühəndis-istehkam bölməsinin dərs prosesini izlədik. Şəxsi heyətin qarşıya qoyulan tapşırıqları, nəzərdə tutulmuş normativləri vaxtlı-vaxtında dəqiqliklə icra etməsi bölmənin hazırlıq səviyyəsindən xəbər verirdi. Dərs başa çatdıqdan sonra müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş Şahin Quliyevlə həmsöhbət olduq. "Hər bir qoşun növünün döyüşdə özünəməxsus rolu var. Qoşun növləri təyinatına görə bir-birindən fərqlənsə də, əməliyyat zamanı, döyüşdə də, kiçik döyüş mühiti olan təlimdə də qarşılıqlı fəaliyyət quraraq, bir-birini tamamlayır. Vətən müharibəsində Azərbaycan Ordusu düşməni istənilən göstəricidə qabaqladığını bir daha nümayiş etdirdi. Hər kəs müqəddəs amala çatmaq - torpaqlarımızı işğaldan azad etmək, düşməni itkiyə məruz qoymaq, texnikalarını sıradan çıxartmaq üçün dəmir yumruq kimi birləşdi. Dəmir yumruqla düşmənin başını əzdik, ermənilərə uzun müddət unutmayacağı dərs verdik. Müzəffər Ali Baş Komandanın və xalqımızın yenilməz ordusu olaraq Böyük Qələbəni təmin etdik. Azərbaycan əsgəri bu tarixi yazdı. Şəhidlərimizin, qazilərimizin hər biri başımızın tacıdır, qəhrəmanlıq tariximizə hər biri öz adını ömürlük həkk etdirib. Gələcək nəsil onların qəhrəmanlıq yolunu özlərinə örnək, nümunə biləcək. Hamı xalqımızın qəhrəman xalq olduğuna bir daha əmin oldu", - deyə Şahin sözünə davam etdi.
Mühəndis-istehkam qoşunu olaraq Horadizdən başlayan döyüş fəaliyyətimiz Hadruta qədər davam etdi. Mürəkkəb əməliyyat şəraitində müxtəlif təyinatlı minaların zərərsizləşdirilməsini, keçidlərin açılmasını uğurla icra etdik. Təyinatımız üzrə qarşıya qoyulan tapşırıqların öhdəsindən layiqincə gəlməyə çalışdıq və bunu bacardıq. Mühəndis təminatının yerinə yetirilməsi insandan yüksək nəzəri və praktiki bilikdən savayı, möhkəm iradə və dözüm də tələb edir. Belə ki, ərazinin relyefi, iqlimi və zaman anlayışı nəzərə alınmaqla, hərbi qulluqçularımızın hazırlığını yüksək səviyyədə təşkil etmək məqsədilə mühəndis şəhərciyində təşkil olunan dərslərdə şəxsi heyətin istənilən şəraitə uyğunlaşması, qarşıya qoyulan tapşırığın öhdəsindən peşəkarlıqla gəlməsi üçün bilik və bacarıqları sınaqdan keçirilir. Bu məqamda qərar qəbul etmək, vəziyyəti düzgün qiymətləndirmək əsas şərtlərdən biridir. Komandirlərimizin rəhbərliyi altında şərti düşmənin mina sahəsində keçidlərin açılması, şərti düşmənin hərəkətinin çətinləşdirilməsi, qarşı tərəfi itkiyə məruz qoymaq və digər fəaliyyətlər istehkamçılarımızın qarşısında duran əsas vəzifələrdən hesab olunur.
Azərbaycan Texniki Universitetini bitirən əsgər Yasin Əmirov təcrübəli komandirlərinin keçdiyi məşğələlər sayəsində hərbi bilik və bacarıqlarını daha da artırdıqlarından danışdı. "Hərb sənətinin özünəməxsus çətinliyinin olması hər kəsə bəllidir. Lakin mühəndis xidməti insandan daha çox səbir, polad iradə, yüksək nəzəri və praktiki biliklər tələb edir ki, bu da işin məsuliyyətindən xəbər verir. Çünki insan amili təlimdə, döyüşdə və əməliyyatlarda ən vacib amildir. Vaxtında aşkar edərək aradan qaldırdığın maneə onlarla, bəlkə də yüzlərlə silahdaşının sağlamlığını təmin edir. Təcrübəli komandirlərimizin keçdiyi çöl  məşğələlərində və sinif dərslərində nəzəri və praktiki biliklərimizi təkmilləşdiririk. Dərsin mövzusuna əsasən qarşıya qoyulan tapşırıqlar müxtəlif olur. Mühəndis qoşunları iqlim və relyefdən, vaxtından asılı olmayaraq istənilən şəraitə hazır olmalıdır. Bunun üçün də təlim mərkəzində təşkil olunan praktiki dərslərdə müxtəlif təyinatlı şərti mina hədəflərinin aşkar edilməsi və zərərsizləşdirilməsi ssenarilərini məşq edirik. Proqrama uyğun olaraq ərazinin kəşfi aparıldıqdan sonra, təchizatımızda olan müasir mühəndis-istehkam cihazları ilə basdırılmış tank və piyada əleyhinə minalar tapılır, partlayış üsulu ilə məhv edilir. Keçirilən müxtəlif miqyaslı təlimlərdə də bölməmiz böyük nailiyyətlər əldə etmək üçün öz üzərində daim çalışır ki, bu da döyüş qabiliyyətini durmadan artırır".
Əsgər Hafiz Nəsirov qazanılan Böyük Qələbədən danışdı, Azərbaycan Ordusunun əsgəri olmaqdan qürur duyduğunu bildirdi. "Vətənin keşiyində dayanmaq mənə də qismət olub. Bölmədə hər birimiz fəxr edirik ki, qalib ordunun əsgəriyik. Torpaqlarımız işğaldan azad olunub. Biz işğaldan azad olunan torpaqlarımızda mühəndis təminatını təşkil edərək Vətən qarşısında övladlıq borcumuzu yerinə yetiririk. Torpaqlarımızda mənfur düşmən müxtəlif cür minalar basdırıb ki, bu da düşmənin nə qədər vəhşi xislətli və antihumanist olduğunun təsdiqidir. Arsenalımızda olan müasir avadanlıqlar sayəsində işimiz yüngülləşib. Hər bir heyət nəfəri üzərinə düşən vəzifənin öhdəsindən asanlıqla gəlməyi bacarır. Ərazidə hərəkətin təhlükəsizliyinin təmin edilməsi, minaların və partlamamış mərmilərin zərərsizləşdirilməsi üçün hər gün çalışırıq.
Digər əsgərlər Əli Qasımov, Şahlar Vəliyev, Sərxan Hüseynov da əsgər yoldaşları ilə həmfikir olduqlarını bildirərək əlavə etdilər ki, hərbi intizam, hərbi bilik və hərbi vətənpərvərlik döyüşdə qələbəni şərtləndirən amillərdəndir. Şanlı ordumuzun yazdığı tarixi salnamə, xalqımıza bəxş etdiyi Böyük Qələbə məhz həmin şərtlər əsasında təmin olundu.

Baş leytenant Fuad CƏFƏROV, "Azərbaycan Ordusu"
fotolar çavuş Namiq PƏNAHOVUNDUR