Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

24 İyul 2021 15:00

“Əsgərlərimizə böyük sevgilərlə qayğı göstəririk”

Vətən qarşısındakı xidməti vəzifələrini şərəflə yerinə yetirən zabit və əsgərlərimizə tibbi xidmət göstərmək həyatımın mənasıdır, - deyə hərbi hissənin tibb məntəqəsində çalışan Gümüş Hacıyeva söhbətə başladı. - Hərbçilərimizə böyük sevgi ilə qulluq edirəm. Onlar torpaqlarımızın müdafiəçiləri, keşikçiləridirlər. Mən müharibə veteranıyam. Birinci Qarabağ müharibəsi başlayan vaxtlarda hospitalda tibb bacısı kimi çalışmağa başladım. Üzərimə düşən tapşırıqların öhdəsindən bacarıqla gəldim. Onlarla zabit və əsgərin yaralarına məlhəm qoydum. Aradan illər keçsə də, mən ön xətdə yerləşən hospitalda çalışdığıma görə qürur hissləri keçirirəm. Fikirləşirəm ki, Vətənimizin dar günündə mən də bir vətəndaş, bir tibb bacısı kimi əlimdən gələni etmişəm. Bu gün də iş başındayam. Hərbi hissənin tibb məntəqəsində çalışıram. Yenə də yurdumuzun müdafiəçilərinin sağlamlığının keşiyində dayanıram. Təminatımız yüksək səviyyədədir. Tələb olunan dava-dərman və tibbi ləvazimatlarla vaxtlı-vaxtında təmin olunuruq. Çox şükürlər olsun ki, Vətən müharibəsində ordumuz qalib gəldi. Zabit və əsgərlərimizin hünəri və qəhrəmanlığı sayəsində iyirmi səkkiz il yağıların tapdağında qalmış ərazilərimiz işğaldan azad olundu. Ürəyim, qəlbim qürurla doldu. Bu zəfərə görə xalqımızın orduya sevgi və məhəbbəti daha da artdı. İkinci Qarabağ müharibəsində qələbənin qazanılmasında bizim də hərbi hissənin şəxsi heyətinin əməyi oldu. Ölkəmizin hava məkanını düşməndən qoruduq. Bacarıqlı zabit və əsgərlərimiz yağıların təyyarələrini, pilotsuz uçuş aparatlarını məhv etdilər. Bu gün də hərbçilərimizin sağlamlıqlarının keşiyində dayanmaqdan qürur duyuruq. Qazanılan zəfərə görə həmişə onlara minnətdar olacağıq.
Bu minnətdarlığı təkcə tibb işçilərinin deyil, həm də ictimaiyyətin minnətdarlığı bilirəm. Vətən müharibəsində də, Vətən müharibəsindən sonra da bu minnətdarlıq ömürlərə hopub...
Tibb bacısı Afət Kərimova da hərbçilərimizin ünvanına iftixar dolu xoş sözlər dedi:
- On beş ildən çoxdur bu hərbi hissədə çalışıram. Zabit və əsgərlərə tibbi xidmət göstərdiyimə görə yaşadığım ömrü çox mənalı hesab edirəm. Hərbçiyə diqqət və qayğı göstərmək xoşbəxtlikdir. Mən xoşbəxtəm!
Söhbətimiz başa çatandan sonra tibb bacıları əsgərin ayağındakı sarğını dəyişdilər. Əsgər İzzət Rüstəmov tibb bacılarının ünvanına səmimiyyətlə dedi:
- Yenyetməliyimizdə də, çağırışçı olanda da hərbi xidmətə başlayacağımız günü arzulamışıq. Qonşularımızın hərbi xidmətdən  söhbətlərini maraqla dinləyirdik. Bu, hər birimizi hərbi xidmətə hazırlayırdı. İndi hərbi xidmətdəyik. Bəzən bu və ya digər səbəbdən səhhətimizdə dəyişikliklər də olur. Onda tibb işçilərinə müraciət edirik. Məntəqədə çalışan tibb işçiləri zabit və əsgərlərə daim qayğı ilə yanaşırlar. Biz onların xidmətindən çox razıyıq.
Hərbi hissənin geniş həyətinə çıxanda tibb məntəqəsində gördüklərimiz, eşitdiklərimiz üzümüzdə təbəssümə dönmüşdü. Xoş anlar, xoş dəqiqələr yaşadıq.

Vahid MƏHƏRRƏMOV

"Azərbaycan Ordusu"