Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

24 İyul 2021 15:00

Ən gözəl qafiyə

Adət-ənənələr zaman-zaman müəyyən formada, müəyyən formatda yeniləşə-yeniləşə, təzə məzmunla zənginləşə-zənginləşə yaşadılır. Yaşadılan ənənələr xalqın güzəranında  əbədiləşir. Bu, ruhun qüdrətidi...
Ruh yaşayır və yaşadır...
Min illər əvvəl boy boylayan, soy soylayan Dədə Qorqud el-oba adına qəhrəmanlıq göstərən igidlərə ad verərdi, "Adını mən verdim, taleyini Tanrı versin" deyərdi. Zaman yaşa doldu, oğuzların bu adəti zamanla yaşıd oldu. Dədə Qorqudun ad verdiyi oğullar torpağı qorudu. Vətən kəlməsinin müqəddəsliyi yüz-yüz illərə göz muncuğu oldu. Bilənlər bilirdi ki, dağlar fələkdən, mərdlik xəyanətdən, sevgi heyrətdən, qılınc davadan qocadı. Ona görə dünya arşını əyilənə kimi dağları seçdi, mərdliyi seçdi, sevgini seçdi, qılıncı seçdi - yaşadı. Xalqımız xalq kimi bu fəzilətlərlə formalaşdı. Dədə Qorqud öyüdüncə on illəri yüz illər elədi, adətlər,  ənənələr yaşadıldı...
Sarvan Əli oğlu Mirzəyev 1995-ci ildə Yardımlının Zevin kəndində anadan olmuşdu. Həqiqi hərbi xidmətdən sonra ata-anasının xeyir-duasıyla yenidən hərbi xidmətə qayıtmışdı. Xüsusi təyinatlılar qrupunun tərkibində kəşfiyyatçı-istehkamçı kimi xidmət edirdi.
Dünyanın nizamını pozan da müharibədi, pozulmuşları nizama düzən də...
Vətən müaharibəsi başladı.
İşğalçıları torpaqlarımızdan kürümək üçün oğullar müsəlləhləşdi...
Sarvan Əli oğlu Mirzəyev də döyüşənlərin sırasındaydı. Öndə döyüşənlərin arasında. Arxadan gələn qüvvələrin təhlükəsiz hərəkəti üçün sahələrin minalardan təmizlənməsində, keçidlərin açılmasında o da iştirak edirdi, düşmənin əvvəlcədən yaratdığı maneələrlə də “döyüşürdü”. Vətənə sevgisinin işığında nəzəri biliklərinə, bacarığına, diqqətcilliyinə güvənərək döyüşürdü. Müharibədə mövqe döyüşlərində qələbələrə belə zəmin hazırlanır...
Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Sarvan Mirzəyev Şuşa yaxınlığında döyüş tapşırığını yerinə yetirərkən şəhid oldu. Biləsuvarda dəfn edildi. Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə "Vətən uğrunda" və "Şuşanın azad olunmasına görə" medalları ilə təltif olundu.
Şəhidliyindən az sonra bir qızı gəldi dünyaya. Ailə, ailənin ağsaqqalı Sarvanın dəfnindən tanıdığı, səmimiyyətini gördüyü, duyumuna bələd olduğu Əməkdar İncəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü polkovnik Abdulla Qurbaniyə zəng etdi. Müdafiə Nazirliyinə sayğı kimi. Görəsən, o anlarda kövrəklikmi sevinci üstələmişdi, sevincmi kövrəkliyi? Görəsən, Abdulla Qurbani şəhid atasının qəhərini üstələyən sevincin rəngini duyandamı?..   
- Adını nə qoydunuz?, - soruşub.
- Bunu nə sən unudacaqsan, nə Gəncədə Ələkbərovlar ailəsi, nə də ictimaiyyət. Neçə illərdi Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş Ömər Ələkbərovun övladı olmurdu. Onun üçəm övladı oldu. Ailəyə Müdafiə Nazirliyi adından gözaydınlığını da sən vermişdin, körpələrin adlarını da. Həm də hamının ürəyincə olan adlar vermişdin: Mübariz, Çingiz, Zəhra. Bu üç ad Gəncənin göylərinə şükranlıq kimi yayılmışdı. Sarvanın dəfn günü belə əhd eləmişdim. Mənim nəvəmin də adını sən qoyacaqsan, qardaş. Atasını döyüşlərə uğurladığın körpənin adını sən qoyacaqsan. Şəhid oğlumun nişanəsinə ad ver...
Abdulla Qurbani kövrəlməzdimi? Söz sərrafı olsa da, o anlarda dünənli olmuşların sıxıntısından sıyrılan düşüncələri bu günün, bu gündən sonrakı olacaqların işığına sığınıb. Adları sonulaya-sonulaya handan-hana kövrəkliklə, "Sarvanə" - deyib. "Körpənin adını Sarvanə" qoyun. Şəhid atasını adıyla qoşa yaşatsın. Taleyini Tanrımız versin...". Kövrəkliklə deyib, sevinclə deyib. Onun kövrəlməsinə kövrələn, sevinməsinə sevinən Əli kişi bircə dəfə "Ay oğul!.." - deyib. Sarvanamı müraciətiydi, Abdullayamı? Halal müraciətiydi, zaman anlamında dünənləri sabahlara bağlayan  müraciətiydi...
Azərbaycan Ordusuna, Azərbaycan Ordusunun polkovnikinə bu sayğı Dədə Qorqudluğa sədaqətin nişanəsidi: şəhidin nişanəsinə Dədə Qorqudluğun yaşarılığının nişanəsi...
Nə gözəl qafiyədi!

Rəşid HÜSEYNOV
"Azərbaycan Ordusu"