Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

21 İyul 2021 10:00

“Vətən müharibəsinin iştirakçısı olduğum üçün sevincliyəm”

Tarix boyu ermənilər çirkin niyyətlərindən əl çəkməyərək xalqımızın başına olmazın faciələr gətirib, vəhşiliklər törədiblər. 2016-cı ilin Aprel döyüşlərində, eləcə də Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz istiqamətində gedən döyüşlərdə olduğu kimi, bədnam qonşularımız 2020-ci il sentyabrın 27-də yenə də öz xislətindən əl çəkməyərək cəbhəboyu zonada genişmiqyaslı təxribatlar törətməyə cəhd göstərdilər. Müasir silah-sursat və texnikaya, yüksək döyüş qabilliyyəti və mənəvi-psixoloji hazırlığa malik ordumuz bu təxribatın qarşısını qətiyyətlə aldı. Ulu öndər Heydər Əliyev siyasi kursunun layiqli davamçısı Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin əmri ilə ordumuz əks-hücum əməliyyatına başladı. Düşmənin illər uzunu qurub yaratdığı "keçilməz sədlər" qısa zaman ərzində cəsur Azərbaycan əsgəri tərəfindən darmadağın edildi. Cəmi 44 gün davam edən müharibənin sonunda 28 il düşmən işğalı altında olan tarixi torpaqlarımız öz müstəqilliyinə qovuşdu. Uğurlu əks-hücum əməliyyatlarında qəhrəman oğullarımız doğma Qarabağımızın azadlığı naminə öz canlarından, qanlarından keçərək xalqımıza qələbə sevincini yaşatdılar. Düşmənə və onun havadarlarına, o cümlədən bütün dünyaya bir daha Azərbaycan xalqının birliyini, Azərbaycan Ordusunun güclü və qüdrətli olduğunu sübut etdilər.
44 günlük Vətən müharibəsində qələbənin qazanılmasında payı olan igidlərimizdən biri də qazimiz Kənan Kazımovdur. O, 1996-cı ildə Sumqayıt şəhərində anadan olub. Daha sonra ailəsi ilə birlikdə Rusiya Federasiyasına yollanan Kənan orta təhsilini başa vurduqdan sonra orada İqtisadiyyat və Hüquq İnstitutuna qəbul olub. Lakin müqəddəs övladlıq borcunu ödəmək, Vətən torpaqlarının keşiyini çəkmək məqsədi ilə ali təhsilini yarımçıq qoyaraq Vətənə geri dönüb. Əsgəri xidmət dövründə həm əsgər yoldaşlarının, həm də komandir heyətinin rəğbətini qazanıb. "Uzun müddət ölkəmizdən kənarda yaşamağımıza baxmayaraq, valideynlərim bizi daima Vətəninə, millətinə bağlı övlad kimi tərbiyə ediblər. Bununla yanaşı, onlar daima bizə bədnam qonşularımızın xalqımızın başına açdığı faciələrdən, müsibətlərdən, torpaqlarımızı talan edərək yerlə-yeksan etmələrindən danışıblar. Valideynlərimin söhbətləri məndə daima düşmənə qarşı nifrət hissi oyadırdı".
Kənan Kazımov Vətən müharibəsinin ilk günündən torpaqlarımızın işğaldan azad olunması uğrunda gedən döyüş əməliyyatlarında iştirak edib. "Sentyabrın 27-də Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər İdarəsi tərəfindən yenidən ordu sıralarına çağırıldım. Müəyyən təlimlər keçdikdən sonra "N" hərbi hissəsinin tərkibində torpaqlarımızın işğaldan azad olunması uğrunda gedən döyüş əməliyyatlarında iştirak etdim. Yurdumuzun işğaldan azad olunması hər kəs kimi, məni də qürurlandırır, qələbəyə olan inam hissimi daha da artırırdı. Gərgin döyüşlər gedirdi. Ermənilərdən həm silah-sursat, həm də müasir texnika cəhətdən qat-qat üstün idik. Döyüş meydanında düşmənə göz açmağa imkan vermirdik. Canlı qüvvə sarıdan ciddi itkilərə məruz qalan düşmən ordumuzun gücü qarşısında tab gətirməyərək silah-sursatlarını ataraq geri çəkilməyə başladı. Onlar Azərbaycan əsgərinin silahının hədəfindən yayınmaq üçün çıxış yolunu yalnız qaçmaqda görürdülər".
Söhbət əsnasında Kənanın həm yaralıların, həm də şəhidlərimizin döyüş meydanından çıxarılmasında iştirak etdiyini də öyrəndik. Kənan müvafiq döyüş tapşırığını yerinə yetirərkən düşmən tərəfindən atılan mərminin partlaması nəticəsində sol gicgah nahiyəsindən qəlpə yarası alıb. Döyüş meydanından təxliyə olunaraq hərbi hospitala göndərilib. Daha sonra qazimiz “YAŞAT” Fondunun dəstəyi ilə müalicəsini davam etdirmək məqsədilə Türkiyə Respublikasına göndərilib. Qardaş ölkədə müalicə olunaraq geri dönən qazimiz Vətən müharibəsinin iştirakçısı olduğu üçün sevinc hissi keçirdiyini bildirdi.
Bu gün Kənan kimi 44 günlük Vətən müharibəsində öz igidliyi, qəhrəmanlığı, qələbə ruhu və vətənpərvərlik hissi ilə tarix yazaraq dastana dönən oğullarımızın şücaəti ilə hər bir azərbaycanlı haqlı olaraq qürur duyur. Yazılan bu Qələbə dastanı xalqımızın yaddaşında əbədi olaraq qəhrəmanlıq salnaməsi kimi yaşayacaqdır.
 
 Leytenant Elçin İMANOV "Azərbaycan Ordusu"