Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

21 İyul 2021 10:00

Tarix yazan oğullar

“Anamın duaları məni qoruyur”
30 il blokada şəraitində olan Naxçıvanın da Vətən müharibəsində şəhidi və qazisi oldu. Vətəni Vətən edən də onun mərd oğulları, şəhid qanıyla yoğrulmuş torpağıdır.
44 günlük Vətən müharibəsində hər zaman ön sıralarda döyüşən qəhrəmanlardan biri də şəhid Xansu Qurbanovdur. Ailəsini ziyarət etdiyimiz Xansu Elsevər oğlu Qurbanov 2000-ci il sentyabrın 23- də Babək rayonunun Cəhri kəndində anadan olub. 2018-ci ildə orta məktəbi bitirdikdən sonra "N" hərbi hissəsində xidmət edib. Hərbi xidmətini bitirsə də,  Vətənə sevgi, düşmənə nifrət hissi ilə yaşayan Xansu sənədlərini  hazırlayıb  hərbi hissəyə təqdim edir və Naxçıvanda Xüsusi Təyinatlıların dəstəsində kəşfiyyatçı olaraq təlimlərə başlayır.
Qorxmazlığı, çevikliyi və dəqiqliyi ilə seçilən Xansu Vətən müharibəsi başlayanda müharibəyə yollanan ilk könüllülər dəstəsində olub.
Cəbhə bölgəsinə yola düşməzdən əvvəl bəzi əşyalarını götürmək və ailəsi ilə görüşmək üçün iki günlüyə evlərinə gəlib. Anası Yəmən xanımın dili ilə desək, sanki anasına gedərkən öz vəsiyyətini edib. "Ana, mən gedirəm. Hər şey ola bilər. Şəhid olsam da, sən ağlama. Bil ki, ağlasan, qol-qanadımı sındırıb tabuta qoymuş olarsan. Sevin ki, Qarabağımızı azad etməyə gedirəm".
Xansunun atasız bacılarına və anasına necə sahib çıxmasından söz açan Yəmən xanım oğlunun Vətənə xidməti dövründən də qürurla danışdı. Zəhmətkeş, ailəcanlı və dostcanlı olan Xansunun döyüşlərdə göstərdiyi şücaəti, qorxmazlığı, çevikliyi onun döyüş yoldaşları tərəfindən anası Yəmən xanıma minnətdarlıqla danışılıb.
Söhbət zamanı bəzən qürurlanan, bəzən də gözləri dolan ana oğul itkisinə tək təsəllini onun Qarabağın düşməndən azad edilməsində qəhrəmancasına döyüşməsində və hər kəsə nəsib olmayan şəhidlik zirvəsinə ucalmasında tapır.
Müharibədə riskdən çəkinməyən Xansunun etdiklərini görən yoldaşları ona hər dəfə bu qədər özünü təhlükəyə atmamasını söyləsələr də - "Narahat olmayın. Anamın duaları məni qoruyur", - deyərmiş şəhidimiz. Bu səbəbdən də yoldaşları onu ÖLÜMSÜZ adlandırıblar.
Xansunun 43 günlük döyüş yolu Cəbrayıldan başlayaraq Şuşa şəhərində sona çatır. Şuşa ətrafında gedən döyüşlərdə qolundan yaralansa da, yarası sarındıqdan sonra israrla döyüşə davam edən Xansu Qurbanov Şuşa qalasının qapılarından keçən ilk döyüşçülərdən olub.
Xansuya bacısına Xarıbülbül çiçəyini təqdim etmək nəsib olmur. Qələbəyə bir neçə saat qalmış şəhidlik zirvəsinə ucalır.
Xansu Qurbanov Ali Baş Komandan İlham Əliyevin sərəncamları ilə ölümündən sonra "Vətən uğrunda" və "Şuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.
Məkanın cənnət olsun, əziz qardaşımız, sənə və səni yetişdirən anaya bir ömür borcluyuq.

Bəxtiyar ƏLİYEV, Naxçıvan Muxtar Respublikası